Qalatəpə yaşayış məskənində qafqaz albaniyasının Enian şəhərinin izləri

Təfəkkür Əliyev

(AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu)

Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ilin iyul-avqust aylarında bölgədə kəşfiyyat işləri aparmaqla yanaşı, çoxtəbəqəli yaşayış məskəni olan Qalatəpədə qazıntı işlərinə başlamışdır.
Qalatəpə şəhər xarabalığı Ağcabədi rayonunun Salmanbəyli kəndindən 4 km şimal-qərbdə, Qarqarçay və qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir. Abidənin ən hündür yerində – şimal-qərb hissəsində mədəni təbəqənin qalınlığı 25 metrə yaxındır. Yerli sakinlər tərəfındən əsrlərdən bəri bu abidə «Qalatəpə» adlandırılsa da, ilkin qazıntılara qədər onun üzərində qala divarlarının izlərini görmək mümkün deyildi. Lakin ətrafa səpələnmiş çoxsaylı tikinti materialları, xüsusilə müxtəlif ölçülü bişmiş kərpic nümunələri, qalın kül qatı və istehsal tullantıları olan dulusxana izləri, zəngin çeşidli saxsı qab qırıqları əhalinin yaddaşında bu möhtəşəm abidənin «Qalatəpə» kimi qalmasının əbəs olmadığını göstərirdi.
Xarici görünüşünə görə Qalatəpə şəhər yerini iki hissəyə ayırmaq olar: təxminən 2 ha yaxın sahəsi olan içqala (narınqala) və 7 ha-dan çox sahəsi olan bayır şəhər. İçqala abidənin daha hündür hissəsində yerləşir. O, şimal-şərqdən Gavurarxla, şimal-qərbdən Qarqarçayla, digər tərəflərdən isə enli xəndəklə əhatələnmişdir. Qarabağ silsiləsindən (2080 m hündürlükdən) başlanan, uzunluğu 115 km, hövzəsinin sahəsi isə 1500 kv. km olan Qarqarçayın suyu hazırda kəskin şəkildə azalmışdır. Lakin ahıl yaşlı Salmanbəyli kənd sakinlərinin söylədiyinə görə əvvəllər gur sulu Qarqarçayın bir tərəfindən o biri sahilinə keçmək mümkün olmamışdır. Çayın enli və dərin yatağı bu fikri təsdiq edir. Görünür, Qarqarçayın suyu vaxtilə narınqalanın şərq və cənub tərəfindəki xəndəklərə dolaraq onu əhatəyə almışdır. Güman etmək olar ki, qalaya giriş cənub-şərq tərəfdən körpü vasitəsi ilə olmuşdur.
Qalatəpənin yerləşdiyi ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti vilayətinə daxil idi. Kür çayının sağ sahilində yerləşən bu vilayət qərbdə İberiyaya qədər uzanırdı. Cənubda və şərqdə isə Albaniyanın digər vilayətləri olan Arsax və Paytakaranla həmsərhəd idi. Antik yunan coğrafiyaşünası Strabon Uti vilayətinə daxil olan iki şəhərin adını çəkir: Ayniana (yaxud Enian) və Anariaka. O, özünün «Coğrafiya» əsərində yazır: «…deyirlər… aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər» (Strabon, XI, 7, 1). Strabonun informatorlardan aldığı məlumata görə, Ayniana şəhəri hasarlarla möhkəmləndirilmişdi və hansısa qablar hazırlayan ustaları ilə məşhur idi. Bundan əlavə, şəhərdə guya hansısa sərdabələr vardır və bunlar əcnəbilərin diqqətini cəlb edirdi.
Strabonun bu qeydlərini Antik dövr tədqiqatçısı K.Əliyev 1987-ci ildə nəşr olunmuş «Azərbaycan tarixinə dair antik mənbələr» adlı kitabına müfəssəl şəkildə daxil etmişdir (4, səh.24). Lakin, 1997-ci ildə onun F.Əliyeva ilə birgə çap etdirdiyi əsərdə Strabonun Albaniya ərazisində şəhər və ya kənd adını çəkməməsi haqqında fıkir söyləməsi təəccüb doğurur (3, səh.48). Enian şəhəri haqqında bəhs edən tədqiqatçı R.S.Məlikov bu şəhərin xan və ya xanxan adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalmı irəli sürür (9, s. 124-125). Strabonun qeydlərini təhlil edən K.V.Trever isə yazır ki, Enian əslində Xanxan adlanmış və bu şəhər əvvəllər Albaniyanın Uti, sonralar isə Paytakaran vilayətinin tərkibində olmuşdur (13, s.143).

IX-X əsr ərəb müəlliflərinin (İbn Xordadbeh, İstəxri, Müqəddəsi və b.) əsərlərində Ayniana-Enian-Xunan şəhərinin adma yeni – «Yunan» şəklində rast gəlirik. Monqol işğalı ərəfəsində Azərbaycanda olan və buradakı yaşayış məntəqələrinin təsvirini verən Yaqut əl-Həməvinin «Mucam əl-buldan» («Ölkələrin əlifba siyahısı») adlı əsərində qeyd edir ki, Yunan Bərdənin yeddi fərsəxliyində olan bir yerdir və ondan Beyləqana da yeddi fərsəx məsafə vardır (8, VIII, 531). Müəllifın bu əsərində ər-Rass – Araz çayı haqqında danışılar-kən başqa bir maraqlı məlumat da diqqəti cəlb edir: «ər-Rass çayı … Bər-zənddən Bərdəyə qədər uzanan Balasacan (Balasakan – T.Ə.) düzünə çıxır. Varsan və Beyləqan şəhərləri də bu düzdə yerləşir. Yenə bu düzdə beş min atılmış kənd vardır. Yaxşı və möhkəm dayağa malik olduğundan onların dağıntıya məruz qalmamış divar və tikililəri hələ də qalmaqdadır. Deyirlər ki, bu kəndlər böyük Allahın Quranda xatırlatdığı ər-Rass hökmdarlarına məxsus olmuşdur» (8, IV, 250-251). Yunan şəhəri haqqında bəhs edən müəlliflər yuxarıda göstərilən düzü «Aran» və ya «Arran» adlandırmışlar. Yaqut əl-Həməvi «Aran» sözünün ərəb mənşəli olmadığını qeyd etmişdir. Azərbaycan dilində isə bu söz hamının çox yaxşı anladığı «düz», «çöl» mənasını verir. Albaniyanın Uti vilayətinin «Aran» adlandırılması hələ VI əsr qaynaqlarından da (Suriya mənbələri, Favstos Buzandın əsəri və s.) məlumdur. Aran isə tarixi rəvayətə görə, e.ə. II yüzillikdə Albaniyanın hökmdarı olmuşdur. Göründüyu kimi, Yaqut əl-Həməvinin əsərindəki «ər-Rass hökmdarları» ifadəsini «Aran hökmdarları» ifadəsi ilə eyniləşdirmək olar.
Qalatəpənin yaxınlığında məşhur Üç təpə kurqanları, Yantəpə yaşayış yeri və antik dövr küp qəbirləri nekropolu yerləşir. Bu abidələr əvvəllər də tədqiqatçıların diqqətini cəlb etmişdir. Hələ XIX əsrin 80-ci illərinin əvvəllərində Rusiya Coğrafiya Cəmiyyətinin tapşırığı ilə Azərbaycana gəlmiş S.Veysenqof Mil-Qarabağ düzənliyindəki qədim abidələr haqqında məlumat vermişdir (5, s.64-69). H.Cəfərov qeyd edir ki, S.Veysenqof Qarabağın qədim abidələrinin səthi də olsa ilk xəritəsini tərtib etmişdir (1, s.6). 1897-ci ildə Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparan Şuşa realnı məktəbinin müəllimi Emil Resler Qalatəpə ətrafında kəşfiyyat işləri zamanı Gavurarxın yatağında küp qəbirləri aşkar etmişdir (7, L, 59-89; 10, s. 155-156).
Qalatəpə şəhər yeri XX əsrin ortalarında Orənqalada və Üçtəpə kurqanlarında arxeoloji qazıntılar aparan tədqiqatçıların da (A.A.Iyessen, I.M.Cəfərzadə, Q.M.Əhmədov və b.) diqqətini cəlb etmişdir. İ.Cəfərzadə 1954-cü ildə nəşr etdirdiyi məqaləsində Orənqalanın Beyləqan şəhərinin deyil, Yunan şəhərinin xarabalıqları olduğunu güman etmişdir (6, s. 135). Y.Paxomov ehtimal etmişdir ki, Yunan şəhərinin qalıqları Beyləqanın şimal tərəfində, Bayatqala və yaxud Qalatəpədə olmalıdrr (12, s.21). Yunan şəhərinə ilk və yeganə məqaləni isə Z.Yampolski həsr etmişdir. O, «Qədim Azərbaycan şəhəri Yunanın öyrənilməsinə dair» adlı məqaləsində Roma, yunan, alban, erməni, Suriya, orta əsr ərəb müəlliflərinin Yunan şəhəri, onun əhalisi, yerləşdiyi qədim vilayət haqqındakı fikirlərini ətraflı təhlil etmiş, gələcək arxeoloji tədqiqatlar zamanı bu yaşayış məskəninin yerinin tapılmasının və müəyyənləşdirilməsinin zəruriliyini bildirmişdir (14, s.366-369). Orənqalada uzun illər tədqiqat aparan tanınmış Azərbaycan arxeoloqu Q.Əhmədov Qalatəpənin Mil düzündə az-çox şəhər xarabasına bənzəyən yaşayış yeri olduğunu vurğulamış, onun Enian adlı şəhərin qalıqları olması haqda mülahizə yürütmüşdür (2, səh.15).
1974-cü ildə Üzeyirkənd yaxınlığındakı Qaraköbər adlı antik dövr küp qəbirləri nekropolunu tədqiq edən F.Osmanov Qalatəpədə yoxlama şurf qoymuş, burada dulus kürəsinin izlərinə və erkən orta əsr saxsı məmulatına rast gəlmişdir. Alimin fikrincə, bu çoxtəbəqəli abidədə eneolit dövründən son orta əsrlərədək həyat davam etmişdir (11, s.23-27).
Qalatəpədə qazıntı işlərinə başlamazdan əvvəl tarixi-arxeoloji mənbələri təhlil etməklə yanaşı, şəhər yeri və ətraf əraziləri, Gavurarx boyu sahələri, bütövlükdə Mil-Qarabağ düzənliyindəki qədim yaşayış məskənlərini nəzərdən keçirib aşağıdakı qənaətə gəldik:
1. Enian (Ayniana, Xanan və ya Yunan) Qafqaz Albaniyasının Uti (Utiya) vilayətində yerləşən qədim şəhər olmuşdur; 2. Enian antik dövrdə ellin mədə-niyyətinin təsir dairəsinə daxil idi; 3. Erkən orta əsrlərdə Uti vilayəti qüdrətli Sasani imperiyasının tərkibinə qatılsa da, qərbdən Roma, Bizans və onların havadarlıq etdikləri erməni hücumlarına, şimaldan köçəri tayfaların aramsız qarətçi basqınlarına məruz qalmış, yalnız alban knyazı Cavanşirin dövründə vilayətdə nisbi sabitlik yaranmışdır. VIII əsrin əvvəllərində ərəblər Albaniyanın daxili müstəqilliyinə son qoydular. Xilafətin dağılmasından sonra, yəni IX-X əsrlərdə qədim Uti vilayəti Enian, yaxud Yunan şəhəri ilə birlikdə orta əsr Azərbaycan dövlətlərinin – Sacilər, Salarilər, axırda isə Şəddadilər dövlətinin hüdudlarına daxil edilmişdir; 4. Beyləqan və Bərdə şəhərlərinin arasında yerləşən Qalatəpə Mil-Qarabağ düzündə Enian şəhərinin təsvirinə və yerinə tam uyğun gələn yeganə şəhər tipli yaşayış məskənidir; 5. Qalatəpədə aparılacaq geniş miqyaslı arxeoloji qazıntıların Azərbaycan tarixinin çox mürəkkəb bir dövrünə aydınlıq gətirəcəyi şəksizdir.
Qalatəpədə ilk qazıntı işlərinə abidənin ən hündür hissəsi olan şimal-qərb tərəfindən başlamağı qərara aldıq. Buradan ətraf əraziləri çox yaxşı müşahidə etmək olur. Qarqarçayın yaşıl örtüklü enli yatağı, Qarabağın dağları, axşamüstü günəşin Murovdağda batması gözəl bir mənzərə yaradır. Qazıntı üçün seçilən 10 m x 5 m ölçülü sahə hər biri 2,5 m x 2,5 m olmaqla səkkiz kvadrata bölündü.
Qalatəpənin ilk – I qazmtı sahəsinin üst təbəqəsində tikinti qatının 0,7 m olduğu müəyyən edilmişdir. Bu təbəqədə əsasən bişmiş bozumtul kərpic qırıqlarından ibarət tikinti materiallarına, seyrək halda IX-X əsrlərə aid şirli və şirsiz saxsı məmulatına, iri və xırda buynuzlu mal-qara sümüklərinə, tuf daş parçalarına rast gəlinir. VI və VIII kvadratlarda 65-70 sm dərinlikdə yerləşən döşəmənin bir hissəsi aşkar olunmuşdur. Qalınlığı 20 sm olan döşəmə qatı ağ və qırmızımtıl gilli torpaqdan (Qarqarçayın yatağındakı kəsiklərdə belə gil qatları aydın görünür), tuf daş qırıntılarından düzəldilmiş, sonra üzərinə kirəc suvaq çəkilmişdir. Döşəmənin cənub-şərq küncündə kül qalığı və yanmış ağac qırıntıları olan ocaq yeri vardır.
Qalatəpənin üst mədəni təbəqəsindən diametri 1 sm, uzunluğu isə 2 sm olan daş muncuq (II kvadrat), 20 x 20 x 5 sm və 30 x 30 x 6 sm ölçülü bişmiş kərpiclər (birinin üzərinə barmaqla qövsvari oyuq çəkilmişdir), şirsiz saxsı qab qırıqları və çoxlu istehsal tullantıları aşkar olunmuşdur. Qazıntı sahəsində mərhumun üzü qibləyə dəfn olunduğu üç sallama qəbirə də rast gəlinmişdir. Heç bir yerüstü əlaməti olmayan bu müsəlman qəbirlərinin Qalatəpədə həyatın sönməsindən bir neçə yüz il sonraya (son orta əsrlərə) aidliyini güman etmək olar. Ahıl yaşlı yerli sakinlərin burada nə vaxtsa qəbiristanlıq olması haqqında məlumatsızlığı da bunu deməyə əsas verir.
Üst mədəni təbəqə təmizləndikdən sonra qazıntı sahəsinin şimal-qərb kənarı istisna olmaqla, qalan üç kənarında çiy kərpicdən hörgü aşkara çıxdı. El arasında «ay balası» adı ilə məşhur olan bu çiy kərpiclərin ölçüsü 50-55 x 50-55 x 15-17 sm-dir. Kərpiclər aralarına palçıq qoyulmaqla hörülmüşdür. Qazıntı sahəsinin şimal-qərb kənarında isə (III kvadratda) çiy kərpicdən eni 1,5-1,6 m olan divar qalığına rast gəlindi. Onun 2,2 m hündürlüyündə olan 14 cərgə hörgüsü açıldı (3,6 m dərinliyədək). Növbəti tədqiqat ilində bu divarın alt qatdakı hissəsini açıb ümumi hündürlüyünü müəyyənləşdirməyi nəzərdə tuturuq. Bu divarın qala divarı olması şəksizdir. Maraqlıdır ki, bu divardan 0,6 m solda (Qarqarçay tərəfə) paralel ikinci bir divar qatı da üzə çıxarılmışdır. Onun eni 1 metrə yaxın olub aralarına palçıq və kirəc məhlulu tökülməklə tuf daş parçalarından hörülmüşdür. Divarlar arası boşluq isə torpaqla dolu idi. Bütövlükdə isə, Qalatəpədə ilk qazıntı sahəsinin şimal-qərb kənarı boyunca 10 m uzunluğunda açılan üçqat qala divarının ümumi eni 3,2 metrə yaxındır. Onu da qeyd edək ki, ikinci – bayır divarın hörgüsündən tapılan kvadrat formalı ağ tuf daşın üzərinə çəkilən kirəc qatında yazıya (?) bənzər işarələr vardır.

Qazıntı sahəsinin şimal-şərq kənarı boyunca 70-80 sm dərinlikdən başlayaraq açılan çiy kərpic divarın 1,8 m hündürlüyündə və 12 cərgə hörgüdən ibarət olması müəyyənləşdirilmişdir. Həmin divar 2,6 m dərinlikdə çiy kərpic döşənmiş sahəyə qədər davam edir. 3 x 4 m ölçüdə olan bu döşəmənin funksiyası böyük maraq doğurur. Onun mərkəzində 1,0 x 0,8 m ölçüsü olan sahədə üzərinə suvaq çəkilmiş qamış izləri vardır. Hələlik bu tikilinin gözətçi məntəqəsi olduğunu ehtimal edirik. Bəhs olunan döşəmənin yanından – IV kvadratın mərkəzindən yaşayış məskəninin içərisinə açılan qapı yeri də aydın görünür. Onun hündürlüyü 1,8 m, eni isə 1 m-dir. Belə bir qapı yeri cənub-qərb divarda da vardır.
Kərpic döşəmə ilə («gözətçi məntəqəsi») abidənin yuxarıdan aşağıya II -erkən orta əsrlər təbəqəsinin başa çatdığını güman etmək olardı. Lakin qazıntı davam etdirilərkən məlum oldu ki, döşəmədən altda da kərpic hörgü davam edir. Onun 1 m hündürlüyündə olan altı cərgəsi açıldı. Amma bu hörgünün hələ alt qatlara doğru davam etdiyi aydın görünürdü.
Qazıntı sahəsinin lm-dən 3,6 m dərinliyə qədər olan mədəni təbəqəsindən müxtəlif ev heyvanlarının sümüklərinə, yanmış oduncaqlara, bişmiş və çiy kərpic parçalarına, dulusçuluqla bağlı istehsal tullantılarına rast gəlinmişdir. Təxminən 3 m dərinlikdə nisbətən çox maddi qalıqlara təsadüf olunmuşdur. İki nümunə daş məmulatına aiddir. Onlardan birinin yuxarı hissəsində hər iki tərəfdən oyuq açılmış, lakin axıra qədər deşilməmişdir. Yastı və uzunluğu 9,5 sm olan bu alətin, eləcə də çay daşından digər nümunənin üzərindəki izlər onlardan əsasən sürtgəc kimi istifadə olunduğunu göstərir.
Keramika nümunələrinə gəldikdə isə, onların çoxunun müxtəlif ölçülü qabların yan divarlarının hissələri olduğundan forma vermədiyini qeyd etmək lazımdır. Hələlik isə alt mədəni təbəqənin dövrünü müəyyənləşdirməkdə köməkçi olan bir neçə nümunə əldə edilmişdir. Onlardan ikisi bozumtul rəngli qabların dodaqvarı ağız hissələrindən qırıqlardır. Birinin üzərində yapma üsulla düzəldilən göz də vardır. Bu nümunələri antik və erkən orta əsrlərə aid etmək olar. Qazıntının alt qatından tapılan 3 ədəd gili təmiz və yaxşı bişirilmiş, üzərinə qırmızı boya çəkilən nümunələr isə ellinizm dövrünün maddi mədəniyyəti ilə səsləşir.
Tədqiqat zamanı Qalatəpədən orta əsrlərin başlanğıcına və IX-X əsrlərə aid xeyli yerüstü keramika nümunələri toplanmışdır. Onların arasında qırmızı rəngli, çox möhkəm divarlı, ağız kənarında və çiyin hissəsində müxtəlif üsullarla (çərtmə, qazıma, cızma, deşmə və s.) naxışlanmış fraqmentlər seçilir.
Qalatəpədə aparılan ilkin tədqiqat bu abidənin üst qatlarının antik, ilk orta əsrlər və IX-X əsrlərə aidliyini göstərir. Mil-Qarabağ arxeoloji ekspedisiyası bu abidədə tədqiqatları davam etdirməyi və genişləndirməyi planlaşdırır.

THE TRACES OF CAUCASUS ALBANIAN CITY ENIAN AT
GALATAPA

Tavakkul Aliyev
Summary

In 2008 Mil-Karabagh archaeological expedition began excavations in ancient settlement Galatapa near the village Salmanbeili of Aghdjabedi region.
That territory in antique period and early Middle Ages was the part of Uti province of Caucasian Albania. Strabon notes here the cities such as Enian (or Ainian) and Anariaku. In first writing of Arabian authors the city Enian is called “Junan”. Yagut AI-Hamavi notes that Yunan’s territory is situated in 7 farsakhs from Barda and from that place to Balkans there are 7 farsakhs. The ancient settlement Galatapa exactly is located on between this area.
There construction materials, stone bead, glazed and unglazed vessels dated back to IX-X centuries have been found during the excavations on the higher layer of Galatapa. After refınement of this layer there were found layings of different buildings as well as remains of fortress walls made of mudbrick. The total width of the three-layered fortress lies approximately 3.2 meters.
Remains of material culture are found at a depth of 3 meters. There is an ornament like an eye on one of the rims with a short outlet. Such ceramics relates to antique and early Middle Ages. Three of these colored ceramics have something in common with material cıılture of ellinistic epoch.

Следы Городища Кавказской Албании Эниан На Поселении Галатепе

Таваккул Алиев

Резюме

Мильско-Гарабагская археологическая экспедиция в 2008 году приступила к раскопкам на многослойном поселении Галатепе вблизи с. Салманбейли Агджабединского района.

Данная территория в античный период и раннесредневековье входила в состав провинции Утий Кавказской Албании. Страбон упоминает здесь города Эниану (или Айниан) и Анариаку. В сочинениях арабских авторов город Эниан называется «Юнан»ом. Йагут аль-Хамави отмечает, что Юнан – это местность в семи фарсахах от Барды, от нее до Байлакана 7 фарсахов. Городище Галатепе находится именно в этой середине.

Во время раскопок на верхнем слое Галатепе были выявлены строительные материалы, каменная бусина, образцы глазурованных и неглазурованных сосудов относящиеся в 1Х-Х векам. После очищения этого слоя были обнаружены кладки различных строений, в том числе, остатки крепостных стен из сырцового кирпича. Общая ширина трехслойной крепостной стены доходит до 3,2 м.

Остатки материальной культуры больше встречаются на 3-метровой глубине. На одном венчике с коротким сливом имеется орнамент в виде глаз. Подобные образцы керамики относятся к античному и раннесредневековому периодам. Три образца крашеной керамики перекликаются с материальной культурой эллинистической эпохи.

Leave a comment

Your comment