İŞĞAL OLUNMUŞ ABİDƏ- QARAKÖPƏKTƏPƏ

Fəridə Aslanova
(AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutıı)

Vaxtilə Füzuli bölgəsində olanlar Köndələnçaym sağ sahilində dağ kimi ucalan və Qaraköpəktəpə adı ilə tanınan möhtəşəm təpəni şübhəsiz, görüblər. Adı qədim türk- oğuz dilində “hündür ulu təpə” mənasını verən bu təpə uzaqdan nəhəng bir ehramı xatırladırdı (1, s.59-71). Onun hündürlüyü 50m., diametri şimaldan cənuba 220 metrə qədərdi (2, s.96-102). Maraqlıdır ki, görkəmli tarixçi Abbasqulu ağa Bakıxanovun məşhur “Gülüstani-İrəm” əsərində bu təpə həm Qaraköpəktəpə, həm də Təxti-Tavus adları ilə qeyd olunmuşdur. Tarixi abidələrə böyük diqqət yetirən görkəmli alim vaxtilə bu təpənin bir sıra mühüm ictimai-siyasi hadisələrin şahidi olduğunu da, vurğulamışdı (3, s.110). Tarixi təpə Qarabağın tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin də nəzər diqqətindən yayınmamışdı. Onun dəyərli məlumatlarla zəngin olan “Qarabağnamə” əsərində Qaraköpəktəpənin adı dəfələrlə çəkilmiş, onunla bağlı dəyərli məlumatlar verilmişdi (4, s.l 15-125).

XIX yüzilliyin əvvəllərində Azərbaycan torpaqlarını bölüşdürməyə can atan İran ilə Rusiya arasında ölüm-dirim savaşı gedərkən əlverişli hərbi-coğrafi mövqeyə malik olan Qaraköpəktəpə – Təxti-Tavus rus generalı N.F.Paskeviçin qərargahına çevrilmişdi. Qanlı döyüşlər buradan idarə olunmuşdu (5, s.120). Bununla belə, o vaxtlar heç kəs bilməmişdi ki, yüzlərcə belə canlı savaşların şahidi olmuşdur. Heç kəs bilməmişdi ki, Qaraköpəktəpə qərinələrin, yüzilliklərin yox, minilliklərin sirlərini özündə saxlayan nadir arxeoloji abidədir. Yalnız Rusiya tərəfindən Şimali Azərbaycan torpaqlarının tam işğalı imperiya siyasətinə müvafiq yeni ərazilərin öyrənilməsi zərurətini doğurduqda bu qeyri-adi təpə də diqqətdən kənarda qalmamışdı. Artıq yüzilliyin sonlarında Qaraköpəktəpədə həvəskar arxeoloq, alman E.A.Resler, az sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski tərəfindən ilk arxeoloji axtarışlar – kiçik ölçülü qazıntı işləri aparılmışdı (6). Lakin bu tədqiqatlar əsaslı bir nəticə verməmiş və Qaraköpəktəpə uzun müddət arxeoloji abidə kimi diqqətdən kənarda qalmışdır. Onu da nəzərə çatdırmağa dəyər ki, adları çəkilən hər iki tədqiqatçı təpəni səhv olaraq kurqan-qəbir abidəsi hesab etmiş və o vaxtdan Qaraköpəktəpə elmi ədəbiyyatda kurqan kimi tanınmışdı.

1964-cü ildə arxeoloq Qüdrət İsmayılzadə tərəfindən Qaraköpəktəpədə başlanan və 80-ci illərin sonlarınadək davam etdirilən qazıntı işləri və axtarışlar bu təpə haqqında mövcud fikirləri və təsəvvürləri əsaslı şəkildə dəyişdirmişdi (7, s.74-76). 20 ildən artıq bir müddətdə aparılan geniş miqyaslı qazıntılarla Qaraköpəktəpədə bir neçə minilliyi əhatə edən qalın mədəni təbəqə, müxtəlif dövrlərin tikintiləri və saysız hesabsız maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Hal-hazırda Qaraköpəktəpə Qafqazın ən nadir çoxtəbəqəli arxeoloji abidəsi hesab olunur.

Qaraköpəktəpə abidəsindən tapılan ən qədim maddi mədəniyyət nümunələri Mezolit – Orta daş dövrünə aid edilir. Bunlar 12-10 min il bundan əvvəl çaxmaq və ya dəvəgözü daşlarından hazırlanmış itiuclu alətlərdən ibarətdir. Güman edilir ki, ən qədim dövrlərdən Qaraköpəktəpə vaxtaşırı ibtidai ovçuların sığınacaq yeri olmuşdur (8, s.75).

Qazıntılar nəticəsində Qaraköpəktəpə abidəsindən əldə olunan qədim tapıntıların başqa bir hissəsi ilkin əkinçilik dövrü – eneolitlə bağlıdır. Həmin dövrdə Qaraköpəktəpə oturaq həyat tərzinə keçmiş icmalara məxsus yaşayış yerinə çevrilmişdi (9, s.6-8). E.ə. VI-V minillikləri əhatə edən həmin dövrdə mis kəşf olunmuş, əkinçilik əsas istehsal sahəsinə çevrilmiş, icma sənətkarlığında dulusçuluq mühüm yer tutmuşdu. Qeyd olunan dövrün səciyyəvi tapıntılarını ibtidai əkinçiliklə bağlı sümük və ya daş toxalar, oraq dişləri, tərkibində saman qarışığı olan gil qablar və digər qədim maddi mədəniyyət nümunələri təşkil edir.

Qaraköpəktəpədə aşkar olunan mədəni təbəqənin əsas hissəsi erkən tunc dövrünə – “Kür-Araz mədəniyyəti”nə aiddir (10, s.23-24). 7 m qalınlığında olan həmin mədəni təbəqədə daş, çiy kərpic və möhrədən tikilmiş dairəvi və dördkünc yaşayış evlərinin qalıqları, təsərrüfat tikintiləri, məbəd yeri, tunc istehsalı ilə bağlı kürə üzə çıxarılmış, tunc əşyalar, əkinçilik alətləri, üzəri yapma naxışlarla bəzədilmiş qara və boz rəngli cilalı gil qablar, kiçik ölçülü insan və heyvan fiqurları, ocaq qurğuları və digər çoxsaylı tapıntılar əldə edilmişdir. Həmin tapıntılar əsasında müəyyən olunmuşdur ki, erkən tunc dövründə (e.ə. IV-III minilliklərdə) Qaraköpəktəpədə oturaq əkinçi – maldar tayfalara məxsus geniş sahəli yaşayış yeri olmuş, iqtisadi, ictimai və mədəni həyatda əsaslı dəyişikliklər baş vermiş, Ön Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələr xeyli genişlənmişdi. Bu dəyişikliklər eyni zamanda onların sonrakı yüksək inkişaf yolunu müəyyənləşdirmişdi.
E.ə. II minilliyi əhatə edən yeni tarixi mərhələ tunc dövrünün ən yüksək inkişaf mərhələsi olmuşdu. Qaraköpəktəpədə bu dövrə məxsus eni 3 m qalınlığında olan möhkəm daş divarların qalıqları üzə çıxarılmış, müxtəlif maddi mədəniyyət nümunələri: qırmızı rəngli boyalı qablar, bəzəklər, tuncdan hazırlanmış əşyalar, əmək alətləri və elmi əhəmiyyətli digər tapıntılar əldə edilmişdi (11, s.102).

Aparılan geniş arxeoloji tədqiqatlarla öyrənilmişdir ki, Qaraköpəktəpədə sonrakı dövrlərdə də həyat davam etmiş, onun enişli-yoxuşlu yolları olmuşdur. E.ə.VII əsrdə Qara dənizin şimal sahillərindən Şərq ölkələri üzərinə dəhşətli yel kimi hərəkət edən köçəri skif tayfaları Qaraköpəktəpədən də yan keçməmiş, onu oxa tutmuşdular. Qaraköpəktəpənin üstündən indi də skiflərə məxsus çoxlu üç qanadlı tunc ox ucluqlarının tapılması bunu əyani sübut edir (12, s.33). Tədqiqatçı Q.S.İsmayılzadənin yazdığına görə, babalarımızın Qaraköpəktəpənin zirvəsində yandırdıqları məşəl skiflərdən sonra da yanmaqda davam etmişdi (13, s.33).

E.ə. V-IV əsrlərdə təpə antik dövrə məxsus böyük yaşayış yerinə çevrilmiş, onun üstü və yamacları pillə-pillə yaşayış evləri, ictimai binalarla örtülmüşdü. Qazıntılar zamanı burada yanğın zamanı dağılmış sütunlu zalın divarları, üzəri həndəsi və nəbati naxışlarla bəzədilmiş gil qablar, məişətdə işlədilən müxtəlif avadanlıq və başqa maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Güman edilir ki, Qaraköpəktəpədə aşkar olunan saray vaxtilə Makedoniya hökmdarı İsgəndərin Şərq yürüşü zamanı qarət olunmuş və yandırılmışdır(14, s.35).
Əldə edilən çoxsaylı tapıntılarla o da məlum olmuşdur ki, Sasanilərin Azərbaycanda hökmranlığı dövründə Qaraköpəktəpə mühüm strateji məntəqəyə çevrilmişdi. Bəlkə də məhz Sasanilər dövründə Qaraköpəktəpə Təxti-Tavus adı ilə yeni yüksəliş dövrünə qədəm qoymuşdu (15, s.46-47).
Bu mühüm yaşayış yerinin sonrakı çiçəklənmə dövrü, iqtisadi və mədəni yüksəlişi Eldənizlərin hökmranlığı ilə bağlı olmuşdur. Qazıntılar zamanı buradan IX-XIII əsrlərə aid 3 m-dən artıq qalınlıqda mədəni təbəqənin üzə – çıxarılması və həmin mədəni təbəqədən külli miqdarda gözəl sənətkarlıq nümunələrinin – rəngarəng şirli qabların, nəfis şüşə məmulatının, gümüş, şüşə və misdən hazırlanmış üzük və bilərziklərin, zərgərlikdə işlədilən avadanlığın, sümükdən yonulmuş bəzəkli düymələrin və başqa tapıntıların üzə çıxarılması buna sübutdur. Bunlarla yanaşı, qeyd olunan təbəqədə sənətkarlar məhəlləsinin böyük hissəsi, geniş sahəni tutan təndirxana, çay daşlarından və qaya parçalarından inşa edilmiş qala divarları aşkar olunmuşdur (16, s. 76-55). Təəssüf ki, Qaraköpəktəpədəki yeni əmin-amanlıq dövrü də uzun çəkməmişdi. Monqolların Azərbaycana ilk yürüşü zamanı bu yaşayış yeri də onların hücumuna məruz qalmış, xarabalığa çevrilmişdi.

Ardıcıl qazıntı işləri Qaraköpəktəpənin sonrakı tarixi mərhələlərini də bərpa etməyə imkan vermişdi. Monqol hücumlarından sonra təpənin üstündəki yaşayış yeri bir müddət tənəzzül dövrü keçirsə də Hülakülər dövründə yenidən dirçəlmiş, Azərbaycanın ictimai-iqtisadi həyatında mühüm rol oynamışdı. Şərq tarixçisi Rəşidəddinin yazdığına görə, həmin dövrdə monqol süvari qoşunları qışı əksər hallarda Arazboyu düzlərdə keçirər, yayda isə Aladağın və Qarabağın yüksək otlaqlarına qalxardılar. Bununla bağlı ehtimal olunur ki, dağlarla Aran arasındakı yol ayrıcında yerləşən Qaraköpəktəpə belə şəraitdə Hülakü maldar əyanlarının iqamətgahı, var-dövlətlərinin, tükənməz sərvətlərinin qorunduğu yer olmuşdu (17). Qaraköpəktəpə- Təxti Tavusun sonrakı və bu günə qədər ki dövrləri də keşməkeşli olmuşdu.

Ölkələri fəth edən Teymurləng də, yurda başçılıq etmək arzusunda olan Qaraqoyunlu, Ağqoyunlu da bu yerə biganə qalmamış, dəfələrlə buradan öz hökmlərini dünyaya car etmişdilər (18, s. 36-37).

İndi Qaraköpəktəpə düşmən əlindədir. 1993-cü ildə Füzuli bölgəsini işğal edən riyakar erməni qonşularımız Qaraköpəktəpəni də ələ keçiriblər. Deyilənlərə görə, hal-hazırda Qaraköpəktəpə onların gözətçi məntəqəsidir. Bununla belə, şübhə yoxdur ki, onlar bu ulu təpədən hər zaman yollara böyük təşviş və qorxu ilə baxır, gec-tez üfüqlərdə igid Azərbaycan oğullarının görünəcəyini yaxşı bilirlər.

OCCUPIED MONUMENT- GARAKEPEKTEPE
Farida Aslanova
Summary

Present article is dedicated to unique multilayer monument Garakepektepe located in Fizuli, Garabakh occupied since 1993 year by Armenian warriors separatist. According to archaeological excavation started in the middle of 60-x year and lasted till 1993 year displays an cultural strata till to earlier middle ages have been found. Duration of military condition began as paying polygon duration Russian-Persian war in the beginning of XIX century. There was situated general state which is belonged to the Russian general conquer I. F. Paskevich. In present time Garakepektepe, by its scientific specification belong to the whole humankind, but unfortunately remains occupied and its very difficulties to reconcile.

ОККУПИРОВАННЫЙ ПАМЯТНИК- ГАРАКЕПЕКТЕПЕ

Фарида Асланова
Резюме

Настоящая статья посвящена уникальному многослойному памятнику Гаракепектепе вблизи города Физули, который с 1993 года остаётся оккупированным воинствующими армянскими сепаратистами. Археологическими раскопочными работами, начатыми в середине 60-х годов и продолжавшимися до конца 80-х годов прошлого столетия, на памятнике установлены культурные наслоения огромного отрезка времени – от мезолита до позднего средневековья. Гаракепектепе, представляющий собой высокий холм, ещё в ходе последних военных действий был превращён в полигон и тем самым подвергнут опасности и разрушению. По иронии судьбы схожая печальная для него учесть была предназначена ему ещё во время русско-персидских войн начала XIX века. На вершине холма был расположен штаб русского генерала завоевателя И. Ф. Паскевича.

В настоящее время холм Гаракепектепе, бесценный памятник древности Азербайджана, принадлежавший своей исторической значимостью всему человечеству, ещё остаётся оккупированным и с этим очень трудно примириться.

Leave a comment

Your comment