İlkin istehsal təsərrüfatı və «neolit İnqllabı»

Şəlalə Bağırova

(AMEA-nın Arxeologiya və Etnoqrafiya institutu)

Bəşəriyyətin hər bir tarixi mərhələsi böyük kəşflər, yeniliklərlə səciyyələnmişdir. Bu cəhətdən neolit dövrü xüsusilə seçilir. Neolit (yunan sözü olub yeni daş dövrü deməkdir) milyon illəri əhatə edən daş dövrünün son və eyni zamanda ən yüksək inkişaf mərhələsi olmuşdu. «Neolit» anlayışının elmə ilk dəfə 1865-ci ildə tanınmış ingilis alimi Lebbok gətirmişdir.

Neolit dövründə ibtidai insanlar daş işləmə texnologiyasında cilalama üsuluna bələd olmuş, böyük məhsuldarlığı ilə seçilən cilalı daş baltalar düzəltməyi öyrənmişdilər. Gildən hazırladıqları qabları odda bişirməklə yeni bir sənətkarlıq sahəsinin – dulusçuluğun əsasını qoymuşdular. Lakin neolit dövrünün ən böyük kəşfi və nailiyyəti əkinçilik – maldarlıq məşğuliyyətinə keçidlə bağlı olmuşdu. Əkinçilik və maldarlığın mənimsənilməsi müstəsna əhəmiyyət kəsb etmiş, mövcud qədim cəmiyyətlərin gələcək inkişaf yolunu müəyyənləşdirmişdi.

Oturaq həyat tərzilə bağlı əkinçilik və maldarlıq iqtisadiyyatına keçid təkcə insanların təsərrüfatında yox, bütün mədəni-tarixi inkişafında dönüş nöqtəsi olmuş, o zamankı idarəçilik sisteminin təkmilləşməsi, əvvəlki dünyagörüş sistemində yenidənqurma prosesinin başlanması ilə nəticələnmişdi.

Minilliklər boyu davam etmiş mənimsəmə – iqtisadiyyatından əkinçilik və maldarlıq kimi yüksək istehsal təsərrüfatına keçid qədim insanları həmişəlik təbiətin asılılığından çıxarmış, onlara sabit qida məhsulları əldə etməyə imkan vermişdi. Təsadüfi deyil ki, tanınmış ingilis arxeoloqu Vir Qordon Çayld bütün bu dəyişiliklərin mühüm əhəmiyyətini nəzərə alaraq onları «neolit inqilabı» adlandırmışdı.

Qədim istehsal təsərrüfatının mühüm isfiqaməti əkinçiliklə bağlı olmuşdu. Əkinçilik təsərrüfatı əsasında yaranmış erkən əkinçilik mədəniy- yətləri və mərkəzləri sonralar ilk sivilizasiyaların əsasını təşkil etmişdi. Onu da qeyd etmək lazımdır ki, il boyu ərzaq məhsulları ilə təminat imkanları bəşər tarixində ilk dəfə ictimai rifah sistemini yaratmış, məişət və təsərrüfat şəraitini əsaslı şəkildə yüngülləşdirmiş, izafi məhsulların yaranmasına əhalinin artmasına səbəb olmuşdu.

Paleodemoqrafik tədqiqatlarla müəyyən edilmişdir ki, əkinçilik və maldarlıq iqtisadiyyatına keçidlə Yer kürəsinin əhalisi 16 dəfə artmış, məhsuldar qüvvələrin inkişafında əsl mənada sıçrayış baş vermişdi. Ön Asiyanın əlverişli torpaq və iqlim şəraitinə, zəruri iqtisadi, ictimai və mədəni inkişaf səviyyəsinə malik regionlarında, Cənubi Qafqazda və digər yerlərdə çoxlu sayda yaşayış yerləri meydana çıxmış, daha yüksək həyat tərzi başlamışdı. Maraqlıdır ki, təkcə indiki Azərbaycan ərazisində 200-dən artıq ilkin əkinçilik təsərrüfatı ilə bağlı qədim kompleks qeydə alınmışdır.

Çiy kərpic memarlığının təşəkkülü, müxtəlif biçimli kərpiclərdən və möhrədən tikilən rahat məişət və təsərrüfat binaları istehsal iqtisadiyyatının möhkəmlənməsi dövründə fəal həyat tərzini şərtləndirən amillərdən olmuşdu. Mövcud qədim, sənət sahələri: toxuculuq, daş və sümük yonma sahəsindəki texnoloji nailiyyətlərlə yanaşı, dulusçuluq və metalişləmə kimi yeni sənət sahələri meydana çıxmışdı.

Möhkəm oturaq həyat tərzi və stabil ərzaq ehtiyatlarının varlığı şəraitində yeni qida növlərinin yaranması bir sıra məişət dəyişikliklərinə səbəb olmuş, məişət xidmətilə bağlı dulusçuluq istehsalının meydana çıxmasını zəruri etmişdi. Çoxlu və müxtəlif əməli əhəmiyyətli gil qablar utalitar tələbləri ödəməklə yanaşı, estetik xaraktləri xüsusiyyətlər də daşımışdı. Arxeoloji qazıntılar zamanı çox sayda üzə çıxarılan müxtəlif biçimli gil qablar ixtisaslaşdırılmış dulusçuluq sənətinin geniş yayıldığını və tərəqqisini əyani əks etdirməklə yanaşı, istehsal təsərrüfatının artıq ilk mərhələsində müxtəlif çeşidli xörəklərin hazırlanması, saxlanılması və istifadə edilməsinə yönəldilən xüsusi məişət sisteminin meydana çıxması haqqında geniş təsəvvür yaradır.

Əldə olan gil qabların düzgün simmetrik və standart formaları öyrənilən dövrdə Ön Asiyanın bir sıra mədəni mərkəzlərində artıq dulus çarxından istifadə olunmasını da təsdiqləyir. Gil qabların çöl, bəzən isə içəri üzünə qara və qəhvəyi rənglərlə müxtəlif naxışların vurulması onların özünəməxsus bədii xüsusiyyətlərini əks etdirir.

Qeyd etmək lazımdır ki, erkən əkinçilik və maldarlıq təsərrüfatının təşəkkülü dövründə sənətkarlıq istehsalındakı ixtisaslaşma prosesi təkcə dulusçuluqda yox, digər sənət sahələrində, o cümlədən yeni yaranan metalişləmə sənətində də başlamışdı. Ön Asiyanın, Cənubi Qafqazın və o cümlədən Azərbaycanın bir sıra arxeoloji komplekslərindən məlum olan əşyalar metalişləmə sahəsində müəyyən vərdişlərin qazanıldığını və nəzərə çarpan nailiyyətlərin əldə edildiyini əyani şəkildə nümayiş etdirir.

Arxeoloji qazıntılarla üzə çıxarılan tapıntılar metalişləmənin ilk mərhələsində təkcə misdən yox, artıq digər metallardan da istifadə olunduğunu göstərir. Metaldan əmək alətlərilə yanaşı, bəzək və silah nümunələri, dini görüşlərlə bağlı xüsusi əşyalar, eləcə də məişət avadanlığı da hazırlanmışdı. Bəzi abidələrdə aşkar olunan ibtidai kürələrin qalıqları və metalişləmə sənəti sahəsində işlədilən müxtəlif əşyalar ibtidai metalişləmə sahəsindəki mütərəqqi inkişafdan xəbər verir.

Arxeoloji tədqiqatlar zamanı əldə edilən tapıntılar istehsal təsərrüfatına keçid dövründə iqtisadiyyatla yanaşı, intellektual və bədii yaradıcılıq sahələrində də böyük nailiyyətlərin qazanıldığını əks etdirir. Tətbiqi sənət sahəsindəki uğurlar öz əksini daha bariz şəkildə sümük və daşdan yonulmuş, gildən düzəldilmiş arxeoloji tapıntılarda: kiçik ölçülü heykəllərdə, gil qabların dekorunda, eləcə də qayaüstü rəsmlərdə və digər maddi mədəniyyət nümunələrində tapmışdır. Bəzək və təsvirlərin çoxunda kosmoqonik təsəvvürlərlə bağlı mifoloji süjetlərin əks olunması yeni iqtisadiyyatın təşəkkülü dövründə daha zəngin və rəngarəng mənəvi dəyərlərin meydana çıxmasından və geniş yayılmasından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, erkən əkinçi-maldar cəmiyyətlərində istehsal təsərrüfatının daim artmaqda olan tələbatı insan fəaliyyətinin əhatə dairəsini genişlətməklə yanaşı, onun istiqamətlərini də müəyyən etmiş, mədəni mərkəzlər arasındakı əlaqələrin möhkəmlənməsinə və daha da genişlənməsinə zəmin yaratmışdı. Ümumi nəticədə, ilkin istehsal təsərrüfatının coğrafiyası yayılma ərazisi xeyli genişlənmişdi.

Yeni əkin sahələri mənimsəmək məqsədilə əkinçi tayfaların, hətta əsas mərkəzlərdən çox uzaq olan ərazilərə hicrəti başlanmışdı. Mil-Qarabağ düzündə Leylatəpə qədim yaşayış yerinin, Qazax-Ağstafa bölgəsində Böyük- Kəsik, Poylu və digər komplekslərin açılması buna dəyərli sübutdur.

Bəşəriyyətin mədəni – tarixi inkişafının neolit dövrünə təsadüf edən bütün bu yenilikləri mütərəqqi ingilis alimi Bir Qordon Çayld bilavasitə iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri ilə əlaqələndirmiş və yüksək dəyərləndirmişdir.

Bununla belə nəzərə çatdırmaq lazımdır ki, keçən əsrin 50-80-ci illərində ən qədim əkinçilik mədəniyyətlərinə aid yeni və olduqca zəngin arxeoloji komplekslərin üzə çıxarılması, onların əsasında aparılan dərin elmi araşdırmalar «neolit inqilabı» konsepsiyasının bəzi çatışmazlıqlarını da üzə çıxarmış, ayrı – ayrı məsələlərə münasibətdə tədqiqatçılar arasında fikir ayrılığı doğurmuşdu.

Hal-hazırda tədqiqatçıların bir qismi Qordon Çayld konsepsiyasının əsas qüsurunu keçid dövründə baş verən tarixi prinsiplərə həddindən artıq ümumiləşdirilmiş, qeyri-differensial səpkidə yanaşmaqda görürlər. Onu da nəzərə çatdırmaq lazımdır ki, yüksək iqtisadi, sosial və mədəni nəticələr heç də bütün qədim əkinçilik sistemləri üçün səciyyəvi olmamışdı. Son illərdə yeni arxeoloji komplekslərin kəşfi və hərtərəfli tədqiqi istehsal təsərrüfatına keçidlə əlaqədar prosesləri təkcə ümumi qanunauyğun hadisə kimi yox, müəyyən amillərə əsaslanan konkret tarixi hadisə kimi qiymətləndirməyə imkan vermişdir.

Ən qədim istehsal iqtisadiyyatının meydana çıxdığı və özünəməxsus xüsusiyyətlərlə inkişaf etdiyi regionlardan biri sayılan Ön Asiyada bu mühüm tarixi proses hər şeydən əvvəl ictimai inkişafın qanunauyğun nəticəsi, təbiət və sosial faktorların əlverişli uyğunluğu və sıx vəhdətilə bağlı olmuşdu. Təsadüfi deyil ki, müxtəlif yabanı dənli bitkilərə və əhilləşdirilməsi mümkün olan zəngin heyvanat aləminə malik Yaxın Şərq ölkələri, eləcə də Cənubi Qafqaz və tarixi Azərbaycan torpaqları hələ keçən əsrin 20-ci illərində görkəmli genetik alim N.İ.Vavilov tərəfindən ən qədim istehsal, o cümlədən əkinçilik mərkəzləri sırasına daxil edilmişdi. İstedadlı və yorulmaz tədqiqatçı xarici ekspedisiyaların tərkibində iyirmi ilə yaxın bir müddətdə Yer kürəsinin bir çox ölkələrini: Orta Asiyanı, İran və Əfqanıstanı, Koreya və Yaponiyanı, Qərbi və Cənubi Amerikanı və digər ölkələri başdan-başa gəzərək topladığı zəngin materiallar əsasında mədəni bitkilərin mənşəyi və coğrafiyası haqqında indiyədək öz elmi əhəmiyyətini itirməyən xüsusi təlimini yaratmış, ilkin əkinçilik mədəniyyətlərinin yeddi mühüm mərkəzini, o cümlədən Qafqazın və Azərbaycanın daxil olduğu Cənubi-Qərbi Asiya müstəqil mərkəzini müəyyən etmişdi. Onu da qeyd etmək lazımdır ki, görkəmli alim Qafqaz, həmçinin Azərbaycan ərazisini yabanı buğda və çovdar bitkilərinin rəngarəng və orjinal növlərinə görə dünyanın mühüm mərkəzlərindən biri kimi qiymətləndirmişdir.

Diqqətəlayiq cəhətlərdən biri də ondan ibarətdir ki, tanınmış selek-siyaçı alim İ.D.Mustafayev hələ keçən əsrin 50-60-cı illərində Azərbaycanın ayrı-ayrı bölgələrində bir sıra mədəni dənli bitkilərin indiyədək qalmaqda olan yabanı formalarını üzə çıxarmış, onların tarixi köklərini müəyyənləşdirmişdir.

İkinci dünya müharibəsindən sonra tarixi Azərbaycan torpaqlarında üzə çıxarılan və öyrənilən ən qədim istehsal kompleksləri bu ərazinin Ön Asiyanın mədəni-təsərrüfat sistemində xüsusi yer tutduğunu göstərmişdir. İlk arxeoloji komplekslərdə Urmiya gölü hövzəsindəki Göytəpə və Naxçıvan şəhəri yaxınlığındakı Kültəpə çoxtəbəqəli abidələrdə aparılan tədqiqatlar zamanı aşkar olunan tikinti qalıqlarında, əldə edilən ibtidai əkinçilik alətlərində və dulusçuluq nümunələrində Ön Asiya ənənələrilə sıx bağlı olan silsilə oxşar xüsusiyyətlər qeydə alınmışdı.

Azərbaycan ərazisində sonrakı tədqiqatlar zamanı üzə çıxarılan yeni abidələr ən qədim istehsal formalarına aid komplekslərin coğrafiyasını xeyli genişlətmiş, problemlə bağlı arxeoloji materialları daha da zənginləşdirmiş, yeni tədqiqat və araşdırmalar zərurətini doğurmuşdur. Kür boyunda, Naxçıvan ərazisində, Mil-Qarabağ düzündə, Muğanda, Gəncə-Qazax bölgəsində, Urmiya gölü hövzəsində, Quruçay və Köndələnçay vadisində xeyli sayda məişət təsərrüfat kompleksləri və qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Diqqətəlayiq haldır ki, onların çoxunda ən qədim istehsal təsərrüfatına aid müxtəlif qalınlıqda mədəni təbəqələr qeydə alınmışdır. Belə komplekslərin üzə çıxarılması qədim istehsal təsərrüfatının təkcə yaranma tarixini yox, onun ardıcıl inkişaf mərhələlərini, səciyyəvi xüsusiyyətlərini və

lokal qruplarını öyrənməyə əsas vermiş, mövcud təsəvvürləri xeyli dəyişmişdir.

Leave a comment

Your comment