Bir daha Naxçıvanın orta əsr yaşayış yerləri haqqında

Vüsalə Qasımlı
(AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu)

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ərazisi bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi mədəniyyət abidələri ilə zəngindir. Son illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində bu bölgənin qədim tarixini və mədə-niyyətini öyrənmək üçün böyük elmi əhəmiyyəti olan materiallar aşkarlanmışdır.
Naxçıvan ərazisində ibtidai insanların yaşadıqları mağaralara, kurqanlara, qayaüstü rəsmlərə, istehkam sədlərinə, ilk orta əsr şəhər yerlərinin xarabalıq-larına, körpülərə və s. abidələrə tez-tez rast gəlmək olur. Belə abidələr içəri-sində Şərur rayonundakı yaşayış yerləri xüsusi yer tutur. Şərur rayonu ərazi-sində indiyədək 117 tarixi – arxeoloji abidə aşkar olunmuşdur ki, bunun da 43-ü orta əsrlərin müxtəlif mərhələlərinə aid edilmişdir.
1936-cı ildə Ə.K.Ələkbərovun rəhbərliyi ilə Şərur rayonuna ekspedisiya təşkil olunmuşdur. Bu ekspedisiya rayonun 3 məntəqəsində – Oğlanqala, Şah-taxtı və Şahtəpədə tədqiqat işləri aparmış və bölgənin qədim tarixi ilə bağlı qiymətli arxeoloji materiallar əldə etmişdir.
1958-ci ildə O.H.Həbibullayevin rəhbərlik etdiyi ekspedisiya indiki Sədərək rayonunun cənubunda yerləşən «Şəhər yeri»ni elmi cəhətdən təhlil etməyə çalışmışdır. XX əsrin 70-80-ci illərində V.H.Əliyev, V.B.Baxşəliyev, Ə.İ.Novruzlu, A.Seyidov, Q.H.Ağayev tərəfindən Şərur ərazisində çox sayda maddi-mənəvi abidələri qeydə alınmış və bir qismi tədqiqata cəlb edilmişdir.
Şərur ərazisində (indiki Kəngərli rayonu) mövcud olan arxeoloji abidələr-dən biri -Yurdçu orta əsr yaşayış yeridir. 1983-cü ildə V.H.Əliyev, V.B.Baxşəliyev və Ə.I.Novruzlu tərəfindən Yurdçu kəndi yaxınlığında kurqan tipli qəbir abidələri və orta əsr yaşayış yeri tədqiq edilib, öyrənilmişdir. Ərazidə 10 x 10 m ölçüdə arxeoloji qazıntı işləri aparılarkən, 1,7 m dərinliyində aşkar edilmiş mədəni təbəqədən düzbucaq formalı dulus və dəmirçi emalatxana-larının qalıqları və zəngin maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Buradan şirli və şirsiz saxsı məmulatlar, tikinti keramikası, metal əşyalar və şüşə qab nümunələri aşkar edilərək götürülmüşdür.
Şahtaxtı orta əsr yaşayış yeri Şərur rayonunda eyniadlı kəndin yaxınlığın-da yerləşir. 1983-1985-ci illərdə bu ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, mədəni təbəqə dağıdılmış olsa da, onun az bir hissəsi bu günədək gəlib çatmışdır. Yaşayış yerinin qərb hissəsində aparılan qazıntı işləri nəticəsində (5×5 m sahədə) dairəvi dulus kürəsinin qalığı, şirli qablar, gil fiqurlar, iki ədəd şiş uclu bıçaq tiyəsinin müxtəlif hissələri və digər maddi mənəvi mədəniyyət nümunələri aşkar olunmuşdur. Əldə edilən materiallar Şahtaxtı əhalisinin VII-XIII əsrlərdə əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq və ticarətlə məşğul olduğunu göstərir.
Qarabağlar orta əsr yaşayış yeri kəndin tikintilərinin altında qalmışdır. Qarabağların şəhər tipli yaşayış yeri olması haqqında orta əsr mənbələrində az da olsa məlumat verilmişdir. Bu memarlıq kompleskinin XIV əsrdə inşa olunması haqqında müəyyən fikirlər vardır. Qarabağlar yaşayış yeri yeni tikililərin altında qaldığından burada arxeoloji qazıntı işləri aparmaq nisbətən çətindir. İndiyədək aparılmış kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində ərazidə eramızın ilk və inkişaf etmiş orta əsrlərinə aid gil məmulatı aşkar edilmişdir. Onlar içərisində tikintiyə aid saxsı nümunələri üstünlük təşkil edir. XVIII əsr türk səyyahı Üvliyyə Çələbi Qarabağlar haqqında maraqlı məlumatlar vermişdir. Müəllif yazır ki, şəhərin əsası Mənüçöhr tərəfindən qoyulmuşdur, şəhərin içərisində 40 minarə, bağ, bağça və üzümlükləri olan 10 000 ev, 70 mehrab, 40 minarəli məscid var, vilayət öz dadlı ərzağı və içkiləri ilə məşhurdur.
Orta əsrlərdə iri ticarət və sənətkarlıq mərkəzinə çevrilən Qarabağlar, həmçinin müəyyən vaxtlarda inzibati mərkəz rolunu oynamışdır. Şəhərin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Onun inkişaf etmiş dövrü IX-XVII əsrlərə aiddir.
Şərur rayonu ərazisində mövcud olan, e.ə. V-I minilliklərə aid edilən yaşayış yerlərindən biri də Oğlanqaladır. Mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır, aşkar olunmuş nümunələrin əksəriyyəti boz və çəhrayı rəngli saxsı məmulatlardır. Oğlanqaladan e.ə. I minilliyin II yarısı, eramızın I-II əsrlərinə aid, tut ağacından hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və s. maddi mədəniyyət nümunələri də aşkar olunmuşdur. Ərazinin əlverişli təbii-coğrafı və strateji mövqedə yerləşməsi Oğlanqaladan uzun müddət müdafiə qalası kimi istifadə olunduğunu göstərir. Tədqiqatlar nəticəsində Oğlanqalanın əsas fəaliyyət dövrünün e.ə. IX-IV əsrlər olduğu müəyyənləşdirilmişdir. Yaşayış yerinin müasir dövrədək saxlanmış qala divarları e.ə. I minilliyin əvvəllərində tikilmiş və antik dövrədək istifadə olunmuş-dur.
Naxçıvanın tarixi-arxeoloji abidələrlə zəngin olan bölgələrindən biri də Şahbuz rayonudur. Bölgə Naxçıvan şəhərinin şimal şərq hissəsində dağlıq ərazidə yerləşir. Burada eneolit, tunc, dəmir, antik dövr və orta əsr yaşayış yerləri; həmçinin qəbir abidələrinin topoqrafiyası göstərir ki, Şahbuz bölgəsində həyat bütün tarixi dövrlərdə ardıcıl inkişaf prosesi keçmişdir. Ə.İ.Novruzlu, V.B.Baxşəliyevin 1992-ci ildə nəşr olunan «Şahbuz bölgəsinin arxeoloji abidələri» adlı kitabında rayonun 51 tarixi-arxeoloji, memarlıq abidələri haqqında məlumat verilmişdir ki, onların da 22-si orta əsrlərə aiddir.
Şahbuz orta əsr yaşayış yeri, rayonun eyni adlı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində yerləşir. 1990-cı ildə Ə.İ.Novruzlu və V.B.Baxşəliyev tərəfindən qeydə alınan yaşayış yerinin sahəsi 15 min m-dir. Mərkəzdən kənara doğru mədəni təbəqənin qalınlığı tədricən azalır. Yaşayış yerinin bir hissəsi yeni salınmış evlərin və yolun tikintisi zamanı dağıdılmışdır. Şahbuz yaşayış yerində aparılmış arxeoloji tədqiqatlar sayəsində müəyyən olundu ki, kəhriz sistemindən sutüngüləri vasitəsilə yaşayış yerinə su çəkilmişdir.
Şahbuz rayonu ərazisində mövcud olan, orta əsrlərə aid yaşayış yerlərindən biri də Köhnəqaladır. 1990-cı ildə Ə.İ.Novruzlu və V.B.Baxşəliyev tərəfindən qeydə alınan XIV-XVIII əsrlərə aid edilən yaşayış yerindən çox sayda gil qab hissələri, metal əşyalar, şirli və şirsiz saxsı məmulatları, şüşə qabın qırıqları tapılmışdır.
Vayxır – Babək rayonununda yerləşir, orta əsrlərə aid yaşayış yeridir. 1961-ci ildə Naxçıvan arxeoloji ekspedisiyasının apardığı tədqiqat işləri zamanı aşkar edilmişdir. Köhnə Vayxır adlandırılan yaşayış yeri olduqca əlverişli bir yerdə salınmışdır. Abidənin sahəsi 4-5 ha olub, əsrlər boyu axan güclü dağ seli nəticəsində əmələ gəlmiş dərə onu 2 hissəyə bölmüşdür. Yaşayış yerinin mədəni təbəqəsindən abidənin dövrünü müəyyən etməyə köməklik edən çoxlu sayda şirli və şirsiz saxsı məmulatı parçalan əldə edilmişdir.
Ordubad rayonu ərazisində aşkar edilmiş arxeoloji abidələr içərisində -Xaraba Gilan orta əsr yaşayış yeri özünəməxsus yer tutur. Yaşayış yeri Ordu-bad şəhərindən 16-17 km qərbdə Naxçıvan – Ordubad avtomobil yolunun şimalında, Gilançayın sol sahilindədir. İbn Əl-Əsir (XIII əsr), Məhəmməd ibn Həmdullah Naxçıvani (XIV əsr), Zeynəddin Qəzvini (XIV əsr) və s. əsərlərində Gilanın vaxtilə Azərbaycanın qədim və əzəmətli şəhərlərindən biri olması haqqında məlumat verilir. Karvan yolu üzərində yerləşən sənətkarlıq, ticarət, əmtəə-pul əlaqələri geniş inkişaf etmişdir. «Giran» adı ilə gümüş və mis sikkələr kəsilmişdir. XIV əsrin ikinci yarısında Əmir Teymur Gilanı dağıtmış, I Şah Abbas dövründə isə şəhər tamamilə tənəzzülə uğramış, əhalisi Aşağı və Yuxarı Aza Dər kəndlərinə köçürülmüşdür. Gilanın xarabalığı xalq arasında Xarabagilan adı ilə tanınmışdır. Sahəsi 100 ha-dan çox olan abidənin qərb tərəfində e.ə. II-I minilliklərə aid nekropol aşkar edilmişdir. Buradan daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, sənətkarlıq ocaqları və s. tikinti qalıqları, həmçinin çoxlu maddi mədəniyyət nümunələri, şirli və şirsiz gil qablar, şüşə və metal məmulatı, sikkələr, Roma imperiyasının qızıl pullan və s. tapılmışdır.
Xaraba Gilan ərazisində erkən antik dövrdə şəhər mədəniyyəti formalaşmış, orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, şəhər monqol istilaları zamanı dağıdılmış, Gilan şəhərinin xarabalığı olduğu aydınlaşdırılmışdır.
1993-cü ildə V.B.Baxşəliyev və Ə.İ.Novruzlu «Culfa bölgəsinin arxeoloji abidələri» adlı əsərlərini çap etdirdilər. Onlar Culfa abidələrinin əksəriyyətin-də kəşfiyyat xarakterli qazıntılar aparmış, eyni zamanda yerüstü materialları toplamaqla abidələri səciyyələndirməyə çalışmışlar. Onlar Culfa rayonunda 60
abidəni qeydə almış, onlardan 51-i haqqında geniş məlumat vermiş və 40-nı orta əsrlərə aid etmişlər.
Qazançı – Culfa rayonunun eyni adlı kəndi ərazisində orta əsrlərə aid yaşayış yeridir. Abidənin əsas hissəsi müasir tikililərin altında qalmışdır, mədəni təbəqə dağıdılmış, şirli və şirsiz gil qab qırıqları ətrafa səpələnmişdir. Tapıntılara, əsasən, yaşayış yeri IX-XVIII əsrlərə aid edilir.
Culfa rayonunda mövcud olan arxeoloji abidələrdən biri də Saltax yaşayış yeridir. Culfa rayonunda eyniadlı kəndin şərqində, Əlincə çayın sol sahilində yerləşir. 1991-ci ildə Ə.İ.Novruzlu və V.B.Baxşəliyev bu ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparmışlar. Qazıntı zamanı uçub tökülmüş daş yığınları, bişmiş kərpic sınıqları, 1 m uzunluğunda saxlanmış divar qalığı aşkar olunmuşdur. Saltax yaşayış yerinin X-XVI əsrlərə aid olması ehtimal olunur.

Once again about early middle age settlements of
Nakhchivan
Vusala Gasimly
Summary
Nakhchivan is one of the regions of Azerbaijan rich with historic-archaeological monuments. The author notes that during archaeological others led by V. Aliyev, S. Ashurov, V. Bakhshaliyev, B. Ibrahimli and many in Sharur, Shahbuz, Ordubad, Julfa and Babek districts of Nakhchivan rich samples of material culture have been revealed.

Снова О Поселениях Нахчывана В Раннем Средневековье
Вюсала Гасымлы
Резюме
.Нахчыван является одним из регионов Азербайджана с богатым историко-археологическими памятниками. В этой статье сообщается о раннесредневеко-вых поселениях Нахчывана, о выявлении материально-культурных образцов во время археологических раскопок, проведенных в Шарурском, Шахбузском, Ордубадском, Джулфинском и Бабекском районах экспедициями, которыми руководили В.Алиев, С.Ашуров, В.Бахшалиев, В.Ибрагимли, А.Новрузлу, А.Сейи-дов, Н.Мусеибли и Г.Агаев.

Leave a comment

Your comment