Azərbaycanın Orta Əsr Şəhərlərində Sənətkarlığın İnkişafına Dair

Tarix Dostiyev
(Bakı Dövlət Universiteti)

Fütuhat dövrü hadisələri Azərbaycanda şəhər həyatına ağır zərbə endirsə də, urbanizasiya prosesini tam dayandırmamış, bir qədər sonra sabitliyin bərqərar olması, ümum müsəlman mədəniyyətinə qovuşmaq, İslam dininin hakim ideologiyaya çevrilməsi, ərəb-xəzər qarşıdurmasının Şimal ölkələri ilə intensiv ticarət əlaqələri ilə əvəz olunması, yerli, müstəqil feodal dövlətlərin yaranması və digər ictimai-siyasi proseslər əsasında IX-X əsrlər- də Azərbaycanda şəhər həyatının canlanması, sonra isə sıçrayışlı inkişafı baş vermişdir. Əgər IX-X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI-XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. Hər bir sosial-iqtisadi prosesdə olduğu kimi urbanizasiya prosesinin də əsasında ictimai istehsaldakı dəyişikliklər dururdu. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi. Orta əsrlərdə Azərbaycan şəhərlərinin inkişafının iqtisadi əsasmı sənət istehsalı və ticarət təşkil edirdi. Orta əsr Bakı, Şamaxı, Dərbənd, Şabran, Qəbələ, Bəndovan, Gəncə, Örənqala, Dəbil, Təxti-Süleyman şəhər yerlərində aparılmış arxeoloji qazıntılar zamanı dulusçu, dəmirçi, misgər, zərgər emalatxanaları aşkar edilib öyrənilmiş, müxtəlif sənət sahələri ilə bağlı xeyli əmək alətləri və sənətkar ləvazimatı tapılmışdır.
Metalişləmə sənəti sənətkarlıq sahələri arasında aparıcı mövqe tuturdu. Metalişləmə sənətinin inkişaf səviyyəsi, onun texnoloji təkmilləşməsi bu və ya digər dərəcədə əkinçiliyin, sənətkarlığın, hərb sənətinin və təsərrüfat məişətinin səviyyəsinə təsir göstərirdi (1, s. 127).
Tədqiqatlar dəmirçiliyin metalişləmədə xüsusi mövqeyə malik olduğunu, başlıca əmək alətlərinin və silahların dəmirdən istehsal edildiyini, təsərrüfat və məişətdə, inşaatda dəmir əşyalardan geniş istifadə olunduğunu göstərir. Dəmirçiliklə bağlı istehsalat kompleksinin qalıqları arxeoloji qazıntılarla Şamaxı, Beyləqan, Qəbələ və Şabran şəhər yerlərində aşkar edilmişdi. Şabran şəhər yerində XII əsrə aid dəmirçi kürəsi düzbucaqlı formada olub bir böyük və iki kiçik kameradan ibarət idi. Kürənin altlığı çaydaşları ilə döşənmiş, divarları isə kvadrat formalı bişmiş kərpiclərlə hörülmüşdür. Kürənin salamat qalmış qalıqları onun orijinal quruluşa malik olmasından xəbər verir. Emalatxanada ağırlığı əsasən 1 – 2 kq olan külçələrə də rast gəlinmişdir. Orta əsr Şəmkir şəhər yerində V qazıntı sahəsində XII əsr təbəqəsində külli miqdarda metal pasının tapılması yaxınlıqda dəmirçiliklə bağlı emalatxananın olması ehtimalını irəli sürməyə əsas verir. Dəmirçi emalatxanaları başlıca olaraq yerli xammal əsasında işləyirdi. Bu da maraqlıdır ki, Şəmkir şəhər yerindən tapılmış dəmir məmulatı nümunələrinin atom – absorbsion analizi onların yerli, Çənlibel (keçmiş Çardaxlı) filizi əsasında hazırlandığını təsdiqləmişdir.
Arxeoloji qazıntılar zamanı əldə olunmuş dəmir məmulat əsasən zindan üstündə çəkiclə döyülərək hazırlanmışdır. Kəsici alətlər poladqarışıq dəmirdən hazırlanırdı. Poladqarışıq dəmirin qaynaq üsulu ilə hazırlanması texnologiyası hələ antik dövrdən yerli ustalara məlum idi (2).
XI əsr dəmirçilik sənətini öyrənmək üçün Gəncə darvazasının böyük əhəmiyyəti var. Dəmirçi İbrahim Osman oğlu darvazanın hazırlanmasında döymə, bəndetmə, qaynaq və digər üsullardan istifadə etmişdir.
Arxeoloji qazıntılar zamanı Bakıda çəkic, gürz, maşa, iskənə (3), Dərbənddən zindan, çəkic, maşa, yeyə (4, s. 141), Şəmkirdən və Dəbildən çəkic və iskənə tapılmışdır.
Arxeoloji qazıntılar zamanı tapılan bəzi alətlər polifunksional xarakterli olub təsərrüfatda, məişətdə və sənətkarlıqda istifadə edilirdi. Misal olaraq balta, kərki, çəkic, kəlbətin, mişar, iskənə, qayçı, bıçaq kimi alətləri göstərmək olar. Müxtəlif təyinatlı bıçaqların istehsalı kütləvi xarakter daşıyırdı. Artıq XI – XII əsrlərdə ixtisaslaşmanın dərinləşməsi nəticəsində bıçaqçılıq müstəqil sənət sahəsinə çevrilmişdir. Şəmkir şəhəri yüksək keyfiyyətli bıçaq istehsalı ilə şöhrət qazanmışdır (5, s. 207 ). Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş artefaktlar arasında dəmir məmulatının, o cümlədən, bıçaqların çoxluğu yazılı mənbə məlumatını bir daha təsdiqləyir.
Orta əsrlərdə silahsazlıq müstəqil sənət sahəsi kimi formalaşaraq sənət istehsalında mühüm əhəmiyyət kəsb edirdi və onun daxilində ixtisaslaşma dərinləşməkdə idi. Silahsazlar istər hücum silahları, istərsə də hərbi sursat istehsalı ilə məşğul idilər. Dövrün hücum silahları ox və kaman, nizə, xəncər, qılınc, hərbi bıçaq və döyüş yabası ilə təmsil olunmuşdur. Orta əsr şəhərlərinin arxeoloji qazıntılarından əldə edilmiş ox ucluqlarının demək olar ki, hamısı sulğuncludur. Onlar tiplərə yalnız pərlərinin en kəsiyinə və formasına görə ayrılırlar (6, s. 43 – 54 ).
Arxeoloji qazıntılar zamanı Beyləqanda, Bakıda, Qəbələdə, Şamaxıda və Dəbildə nizə ucluqları üzə çıxarılmışdır. Mizraq nizəyə oxşar silah olub ölçüsünün kiçik olması ilə ondan fərqlənirdi. Mizraq ucluqlarının uzunluğu 4,5 – 9 sm arasında dəyişir. Döyüş yabası nümunəsi Bərdə şəhərinin qazıntılarından məlumdur.
Qədimdə olduğu kimi orta əsrlərdə də başlıca döyüş silahlarından biri qılınc idi. Arxeoloji qazıntılardan tapılan qılınc nümunələri fraqmentar haldadır. Fraqmentlər onların həm iki ağızlı, həm də bir ağızlı olduğunu və poladdan hazırlandığını göstərir. Xəncər ənənəvi döyüş silahı olmaqla bərabər, həm də feodal sinfinin kişi geyiminin vacib elementlərindən sayılırdı. Xəncərləri tiyəsinin formasına görə iki tipə ayırmaq olar. I tip xəncərlərin tiyəsi enli, düz olub uca doğru daralaraq sivriləşir. Belə xəncərlər Bakı, Şəmkir və Dəbil şəhərlərinin arxeoloji qazıntılarından məlumdur. Onların hər iki tərəfi iti olurdu. II tip xəncərlər bir ağızlı olması ilə fərqlənirlər. Döyüş bıçaqları forma etibarı ilə II tip xəncərlərə oxşarlıq təşkil etməklə birağızlıdır.
Müdafiə ləvazimatı başlıca olaraq dəbilqə, zirehli geyim və qalxanla təmsil olunmuşdur. Zireh geyiminin ən geniş yayılmış növü məftildən sıx toxunmuş gödəkcə idi. Arxeoloji qazıntılar zamanı halqalardan toxunmuş zireh geyim fraqmentləri Dərbənddən, dəmir lövhələrdən quraşdırılmış zireh geyim qalıqları isə Beyləqan və Dərbənddən tapılmışdır.
Zəngin mis yataqlarının varlığına əsaslanan, qədim istehsal ənənələrinə malik misgərlik sənəti orta əsrlərdə öz inkişafında yeni mərhələyə daxil oldu. Şamaxı, Gəncə, Naxçıvan, Təbriz, Ərdəbil mis məmulatı istehsalında öncül mövqe tuturdular. Misgər emalatxanasının qalıqları Dəbil şəhərində arxeoloji qazıntılarla tədqiq edilmişdir. Misgər emalatxanalarında tətbiq olunan istehsal texnologiyası ənənəvi olaraq əritmə, isti və soyuqdöymədən ibarət idi. Bundan başqa istehsal prosesində zərbetmə, kəsmə, lehimləmə, məftilçəkmə, deşmə və digər texniki üsullardan istifadə edilirdi. Mis və tuncdan əsasən məişətdə işlədilən qab-qacaq hazırlanırdı.
Metaltökmə sənəti də uğurla inkişaf edirdi. Həm bərk, həm də yumşaq qəliblərdən istifadə edilirdi. Yerli sənətkarların yüksək peşəkarlığını məşhur «Şirvan lüləyəni» əyani nümayiş etdirir. Mis və tunc məmulatı arasında tökmə üsulu ilə hazırlanmış qazanlar, həvəngdəstələr, çıraqlar geniş yayılmışdı. Bakıdan tapılmış çıraq zəngin bədii tərtibatı ilə fərqlənir.
Metalişləmə sənətinin üçüncü başlıca sahəsi zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığı idi. Orta əsr şəhərlərində aparılan arxeoloji qazıntılardan zərgərlik sənəti ilə bağlı xeyli faktik material – gil butalar, qəliblər, metalı süzmək üçün qab, zərgər zindanı, qaşığı, çəkici, iskənə, istifadə olunmuş məhək daşları tapılmışdır. Qəbələnin Qala sahəsində III qazıntıdan tapılan serpantindən hazırlanmış qəlibdən tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfindəki qəlib isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir (7, 1973).
Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol, bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər.
Orta əsr şəhərlərinin arxeoloji qazıntılarından əldə edilən materialların əsas kütləsini saxsı məmulatı təşkil edir. IX – XIII əsrlərin dulus kürələrinin qalıqları Beyləqan, Qəbələ, Şabran, Bakı, Şamaxı, Gəncə, Xaraba – Gilan, Təxti-Süleyman, Bəndovan şəhər yerlərində arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdır. Kürələr, əsasən, ikiqatlı olub ellips, dairəvi, düzbucaqlı və nal formasındadır. Dulus kürələrinin mükəmməlləşməsi, istehsal texnologiyasının təkmilləşdirilməsi yüksək keyfiyyətli məişət və inşaat keramikasını istehsal etməyə imkan verirdi. Saxsı qabların bu dövrdə yeni tipləri meydana çıxır. Saxsı məmulatı şirli və şirsiz olmaqla, iki bölməyə ayrılır. Dulusçuluqda mühüm nailiyyətlərdən biri, heç şübhəsiz ki, şirin tətbiq edilməsidir. Bu isə saxsı məmulatının yüksək bədii tərtibatı üçün geniş imkanlar açırdı. Şirli saxsı məmulatının kütləvi istehsalına IX əsrdən başlanılmış, XI – XII əsrlərdə o, öz inkişafında ən yüksək səviyyəyə qalxmışdır. Keramikanın naxışlanmasında anqob və marqansdan, rəngli boyalardan, cızma xətlərdən, fonu qazaraq naxış işləmələrini üzə çıxarmaq texnikasından, kəsmə və oyma və digər üsullardan istifadə edirdilər. Azərbaycanın şirli saxsı məmulatının bədii tərtibatında tətbiq olunan naxışçəkmə üsullarının əksəriyyəti Yaxın və Orta Şərq dulusçuluq mərkəzləri ilə ümumidir. Bununla yanaşı, sırf Azərbaycan dulusçuluq məktəbi üçün səciyyəvi naxışçəkmə üsulları da vardır. Bunu da qeyd edək ki, ümumazərbaycan keramika məktəbi daxilində XI-XII əsrlərdə ölkədə öz nailiyyətləri və ənənələri ilə diqqəti çəkən keramika məktəbləri formalaşır. Şirvan, Arran, Naxçıvan və Ağkənd (Cənubi Azərbaycan) keramika məktəbləri məhəlli xüsusiyyətləri ilə fərqlənirlər. Arran keramika məktəbi şirli saxsı məmulatı ilə yanaşı, fayans qablar istehsalında da mühüm nailiyyətlər qazanmışdı. Fayans qabların bədii tərtibatında cızma, basma, oyma üsullar ilə salınmış həndəsi və nəbati naxışlar geniş tətbiq olunurdu. Dulusçu rəssamlar istehsal texnologiyasını və naxış çəkmə üsullarını təkmilləşdirmək, mükəmməlləşdirməklə yüksək peşəkarlıq zirvəsini fəth etmiş, Azərbaycan bədii mədəniyyətinin o zamankı yüksək səviyyəsini nümayiş etdirən dekorativ sənət inciləri yaratmışlar.
Orta əsr şəhərlərinin arxeoloji qazıntıları nəticəsində şüşə məmulatının zəngin kolleksiyası əldə edilmişdir. Şüşə məmulatı istehsal edən emalatxana qalıqları Dərbənd şəhərində aşkar edilmişdir. Hündürlüyü 1,5 m, diametri 1 m olan dairəvi biçimli bu kürənin içərisi pasa və tünd göy rəngli şüşə kütləsi ilə dolu idi. Kürə kərpicdən hörülmüş, divarları şüşə ərintisi ilə örtülmüşdü (8, s. 66). Arxeoloji qazıntılardan əldə olunmuş faktik materiallar həm də bizə şüşə istehsalı ilə məşğul olmuş bəzi ustaların adını müəyyənləşdirməyə imkan yaradır. Misal üçün Şamaxı şəhərində aparılan arxeoloji qazıntılar zamanı oturacağına möhür vurulmuş iki şüşə qab qırığından birində «Əməli Xaldun ibn Əli», digərində isə «Əməli Əbu Rəşid Musa» adları yazılmışdır (9, s. 136). Bu dövrün şüşə məmulatı çoxçeşidlidir. Şüşə məmulatındakı standartlıq isə onun istehsalının bazarın tələbatına yönəldiyinə dəlalət edir. Mühüm yeniliklərdən biri pəncərə şüşələri istehsalına başlanılmasıdır. Şəmkir şəhər yerində XI-XII əsrlər təbəqəsindən diskşəkilli, saya və naxışlı pəncərə şüşələrinin nümunələri tapılmışdır. Şüşə istehsalında ustalar sərbəst üfürmə, qəlibdə üfürmə, tökmə, qaynaq etmə, cilalama üsullarından istifadə etmişlər. Şüşə bilərzik və üzüklərin istehsalında dartma, burma, eşmə üsullardan, muncuq istehsalında isə parçalama texnikasından uğurla istifadə edilmişdir. Şüşə məmulatın bəzədilməsində yapma, basma və inkrustasiya üsulları tətbiq edilirdi.
Orta əsr şüşə məmulatının tərkibinin kimyəvianalitik və miqdari spektral tədqiqi yerli şüşə məmulatının məhəlli əlamətlərini müəyyənləşdirməyə imkan verir. Misal üçün Şabran şəhərinin şüşə məmulatının miqdari spektral analizi məişət təyinatlı qabların əksəriyyətinin Si-Na-Ka əsaslı olduğunu göstərmişdir və onlar başlıca olaraq Si-Al-Na(K)-Ca və Si-Na(K)- Ca(Mg) şüşə tipi ilə təmsil olunmuşdur. Şüşə bəzək əşyalarının hazırlanmasında isə yerli ustalar digər reseptdən istifadə etmişdilər. Şabranın bilərzikləri Si-Na-Pb tərkibli şüşədən hazırlanmışdır (10, 2000).
Təsərrüfat və məişətdə daş və sümükdən hazırlanmış alət və əşyalardan geniş istifadə Azərbaycan şəhərlərində daş işləmə və sümükişləmə sənətlərinin inkişafını şərtləndirmişdi.
Sənətkarlığın yüksək inkişafı onun ixtisaslaşmasını şərtləndirmişdi. İri şəhərlərdə yüzə qədər və daha artıq, orta dərəcəli şəhərlərdə onlarla müstəqil sənət sahəsi vardı. Yazılı mənbələrin məlumatından aydın olur ki, Təbrizdə orta əsrlərdə yüzdən artıq sənət sahəsi mövcud idi. Orta əsr Beyləqan şəhərini tədqiq edən arxeoloq Qara Əhmədov burada XI – XII əsrlərdə 30 – dan artıq sənət sahəsinin olduğunu bildirir (11, s. 52). Əgər IX -X əsrlərdə dulusçular başlıca olaraq şirsiz saxsı məmulat, şirli saxsı məmulat və inşaat materialları istehsalı üzrə ixtisaslaşmışdırsa bu dövrdə onların hər birinin daxilində dar sahələr meydana çıxmışdır. Şirsiz qablar istehsalında küplər, səhənglər, şar – konusvari qablar, çıraqlar üzrə ixtisaslaşma müşahidə olunur. Orta əsr Beyləqan şəhərinin arxeoloji qazıntılarından bizə məlum olan 18 dulusçudan üçü – Əhməd, Fəzlun, Cəfər şar-konusvarı qablar, biri – Ləşkəri saxsı borular-tünglər, üçü – Əli, Əziz, Rüstəm küp, on biri isə (Həzrə, Əmir, Əbülqasım, Bədəl, Həsən, Həmzə, Nəsir, Seyidəli, Xəttab, Xamaru, Yusif) şirli kasalar istehsalı üzrə ixtisaslaşmışdı (12, s. 379).
Şübhəsiz ki, sənətdaxili ixtisaslaşmanın dərinləşməsi istehsalın yüksəlməsinə, tərəqqisinə və standartlaşmanın geniş vüsət almasına imkan verirdi (13, s. 456). Diqqəti cəlb edən cəhətlərdən biri də dekorativ – tətbiqi sənətlərin xüsusilə yüksək səviyyəsidir. Arxeoloji qazıntılar zamanı tapılmış bədii keramika, metal, zərgərlik məmulatı və s. el sənətkarlarının bədii təxəyyülünü və incə zövqünü nümayiş etdirməklə yanaşı, həm də orta əsr Azərbaycan mədəniyyətinin yüksək səviyyəsini təsdiqləyən təkzib edilməz maddi dəlillərdir.
Beləliklə, IX-XIII əsrin əvvəllərində Azərbaycanda urbanizasiya proseslərinin yüksək səviyyəsi öz əksini sənətkarlığın yüksək inkişafında, sənətdaxili ixtisaslaşmanın dərinləşməsində və sənətkarlıq məmulatının standartlaşdırılmasında tapdı.

Leave a comment

Your comment