ABOUT COINAGE OF AZERBAIJAN IN THE VIII- IX CENTURIES
ABOUT COINAGE OF AZERBAIJAN IN THE VIII- IX CENTURIES
Aygun Mammadova
Summary
This article is dedicated to the coinage of Azerbaijan in the 8-9 centuries. The questions connected with the territorical and administative borders of Azerbaijan after its occupation by Arabic Caliphate are also widely researched. The peculiarities of coins found in Azerbaijan take the main place in article.
ОСОБЕННОСТИ МОНЕТНОЙ ЧЕКАНКИ АЗЕРБАЙДЖАНА VIII-IX ВЕКОВ
Айгюн Мамедова
Резюме
В статье исследуется монетная чеканка Азербайджана V11I-IX вв., а также с исторической точки зрения рассматриваются вопросы, связанные с территориально-административными границами Азербайджана, после вхождения его в состав Арабского Халифата. На основе кладов, найден¬ных на территории Азербайджана, а также письменных источников раск¬рываются особенности до и послереформенных монет данного периода.
VIII-IX ƏSRLƏRDƏ AZƏRBAYCANDA SİKKƏ ZƏRBİNİN XÜSUSİYYƏTLƏRİ
Aygün Məmmədova
(AМЕA Tarix Muzeyi)
Sikkə zərbi qədim tarixə malikdir. Siyasi müstəqilliyin hüquqi göstəricisi olan sikkə reqaliyasının tədqiqi və təhlili tariximizin qaranlıq məqamlarının aydınlaşdırılmasına zəmin yaradır.
Azərbaycan numizmatikasında maraq doğuran problemlərdən biri də VIII-IX əsrlərdə sikkə zərbidir. Sikkə zərbinin inkişaf mərhələlərinin izlənilməsi qeyd etdiyimiz dövrün mürəkkəb siyasi proseslərinin təhlili ilə bağlı məqamlara aydınlıq gətirir.
VII əsrin əvvəllərində İran və Bizansın Azərbaycanı işğal cəhdləri, eyni zamanda şimaldan xəzərlərin, şərqdən isə ərəblərin hücumu siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bizans əyalətlərini ələ keçirən ərəblər, VII əsrin 30 ili ərzində bizanslıları Fələstin və Suriyadan çıxardıqdan sonra, bir tərəfdən Mesopotamiya, İran və Azərbaycana hücuma keçmiş, digər tərəfdən isə Misir və Afrikanın şimal sahilləri boyu Hibraltar körfəzini aşaraq Piriney yarımadasını fəth etdikdən sonra hazırkı Fransa ərazisinin cənubuna doğru irəliləmişdilər.
Ərəblər Sasani qoşunlarını ağır məğlubiyyətə uğratdıqdan sonra Sasanilər dövlətinin (224-651) hərbi qüdrəti tamamilə zəifləmiş, mərkəzi hakimiyyətin nüfuzu demək olar ki, tamam itmiş, asılı əyalətlər isə nəzarətsiz qalmışdılar.
Fəth edilmiş ərazilər İslam bayrağı altında birləşən və ciddi nizam-intizamı olan ərəb hakimiyyətinə tabe olurdular. Bu hər şeydən əvvəl məhz Sasanilər dövləti daxilindəki dağınıqlıqla izah olunmalıdır. Mənbələr göstərir ki, son Sa¬sani hakimləri dövründə meydana çıxmış sinfi, milli, dini ayrı seçkilik müxtəlif feodal qruplaşmaları arasında rəqabətin artmasına səbəb olmuş, bu isə ərəblərə layiqli müqavimət göstərmək imkanını zəiflətmişdi. Bəzi yerli feodallar ərəblərə tabe olaraq vergi ödəməyə razılıq versələr də, bəziləri müxtəlif səbəblərə görə (müdafiə istehkamlarının möhkəm olması, bizanslıların və xəzərlərin köməyə gəlməsi və s.) onlara müqavimət göstərməkdə davam edirdilər.
Bunları nəzərə alaraq, ərəblər ehtiyatlı siyasət yürüdərək əvvəlcə Azərbaycan (1), Aran, Şirvan və Ərminiyə sərhədlərinə kəşfiyyat xarakterli səfərlər edir, yerli şəhər feodalları ilə yüngül şərtlərlə müqavilələr bağlayır, yerli məişətə, dinə, şəhər istehkamlarına, xristian, yəhudi kilsələrinə və b. toxunmamağa təminat verirdilər.
Dövrümüzədək gəlib çatmış sikkələrə əsaslanaraq Azərbaycanda son Sasa¬ni draxmalarının zərbinin VII əsrin 30-cu illərini əhatə etdiyini qeyd edə bilərik
(2). Çox ehtimal ki, Sasanilər dövlətindəki dağınıqlıq zərbxanaların da fəaliyyətinə zərər vurmuşdu.
Xilafət dönəmində basdırılmış dəfinələrdə II Xosrovun (590-628) hakimiyyəti illərinə təsadüf edən çoxsaylı gümüş sikkələrin olması əhalinin uzun müddət məhz bu sikkələrdən istifadə etdiyini və bununla pul tələbatının ödənildiyini sübuta yetirir.
İlk ərəb fəthlərinin loyal siyasəti tez bir zamanda Azərbaycanın həm cənub, həm də şimal ərazilərinin Xilafətin tərkibinə daxil edilməsi ilə nəticələnsə də Kür çayının şimal əraziləri həb uzun müddət ərəblərlə xəzərlərin münaqişə obyekti olaraq qalırdı. Xəzərlər onilliklərlə bu əraziləri hakimiyyətləri altında saxlamağa nail olmuşdular. Ərəblərin zərbələri Bizansın təsir qüvvəsinin tamamilə yox olması ilə nəticələndi, Qərblə (Bizansla) Şərqin (Sasani İranının) Azərbaycana sahib çıxmaq cəhdləri isə xəzərlərlə ərəblərin mübarizəsi ilə əvəz olundu. Belə keçid mərhələlərində yerli feodallar (Girdiman knyazları) həm bizanslılara, həm ərəblərə, həm də xəzərlərə vergi vermək məcburiyyətində qalırdılar.
Azərbaycanda ərəb hakimiyyətinin möhkəmlənməsi, iri şəhərlərdə onların daimi nümayəndələrinin əvvəlcə öz hakimiyyətlərini yeli feodallarla bölüşdür-məsi, sonralar isə tamamilə tam hüquqlu hakimlərə çevrilmələri ilə nəticələndi. Sasanilərin hakimiyyətindən miras qalmış inzibati-siyasi ərazi bölgüsünü mənimsəyən ərəblər yalnız xırda dəyişikliklər etməklə bu bölgünü saxladılar.
Əməvilər (661-750) sülaləsi dövründəki yeni bölgüyə görə, Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi. Abbasilər sülaləsi (750-1258) dövründə isə yeni islahat keçirildi. 83 əyalətdən ibarət 14 əmirlik yaradıldı. Əmirliklər də kiçik inzibati vahidlərə – nahiyələrə bölünürdülər.
Sasanilərin hakimiyyəti dövründə güclü feodal sülalələrindən olan Albaniya və Ərminiyə çarları ləğv edilmiş, Dərbənd, Partav (Bərdə) və Dvin (Dəbil) kimi iri şəhərlərdə onları Sasani canişinləri əvəz etmişdilər. V əsrin sonlarından Sasani canişinlərinin (mərzbanlarının) iqamətgahının yerləşdiyi Dvin şəhəri böyük əhəmiyyət kəsb edirdi. VII əsrin 30-cu illərindən Sasanilər dövlətinin süqutu nəticəsində Ərminiyənin çox hissəsi (görünür Aranın da müəyyən hissəsi daxil olmaqla) Dvin şəhəri də daxil olmaqla Bizansın, daha sonralar isə ərəblərin hakimiyyəti altına keçir.
VII əsrin II yarısından etibarən Dvində yalnız Ərminiyəni deyil, Aranı və Şirvanı da idarə edən ərəb canişinləri məskunlaşır. Məhz Dvindən Dərbəndədək olan torpaqların vahid əmirlikdə bu cür ümumiləşdirilməsi ərəblər arasında bu canişinlik ərazisinin «Ərminiyə» adlandırılmasına gətirib çıxardı. İbn Xordadbeh «Yollar və ölkələr haqqında kitab»da 4 Ərminiyə barədə söhbət açır (3).
«Ərminiyə» inzibati adının ənənəvi olaraq meydana çıxmasının səbəbləri barədə geniş izahlar təqdim edən N.Volixanlı bu barədə belə yazır: «Bizans imperatoru I Yustinianın (527-565) 536-cı ildə imperiyanın tərkibində olan erməni torpaqlarında keçirdiyi inzibati islahatdan miras qalmış «Ərminiyə» (o cümlədən bu inzibati bölgünün daha kiçik vahidləri I-IV Ərminiyə vilayətləri) adı Yustinian dövründə olduğu kimi yalnız bilavasitə ermənilərin deyil, qonşu xalqların – albanların, gürcülərin, ləzgilərin, türklərin, tatların və b. yaşadıqları əraziləri də əhatə edirdi»(4).
Y.Paxomov «Ərminiyə» adının həkk olunduğu kufi sikkələri ilə bağlı məlumatlarında onların Azərbaycanın hüdudları daxilindəki Bordodo, yoxsa onun hüdudlarından kənarda olan Dvinclə və yaxud da Dvindən do uzaqda olan ərazilərdə zərb olunması ilə bağlı tərəddüdləri xüsusi qeyd etmişdir (5).
Fəth etdikləri bir çox ölkələrdə ərəblər hakimiyyətlərinin ilk dövrlərində əsaslı dönüşdən ehtiyatlanaraq onlaradək zərb olunan sikkələrin ümumi görünüşünü saxlayırdılar. Xəlifə Əbd əl-Məlikin (685-705) pul islahatınadək Suriya və Fələstində Bizans-ərəb, İranda sasani-ərəb, Şimali Afrika və İspaniyada latın-ərəb sikkələri, daha sonrakı dövrlərdə Təbəristanda və daha sonralar isə Orta Asiya əyalətlərində həm uzun müddət Sasani sikkələrinə oxşar təsvirli sikkə-lor kəsilmişdir. Azərbaycan hüdudlarında isə bu cür ikili növ sikkələrə rast gəlinməmiş və ərəblər burada sikkə zərbinə gec başlamışlar.
Azərbaycanda zərb olunmuş son Sasani sikkələri II Xosrovun varislərinin hakimiyyəti zamanı kəsilmişdir. Bu sikkələrdən əlavə həm də digər zərbxanalarda kəsilmiş müxtəlif zərb tarixli gümüş Sasani draxmalarından da ticarətdə istifadə edilmişdir.
Hətta Azərbaycanda ərəb sikkələrinin meydana çıxması və yayılmasından sonra da uzun müddət dövriyyədə Sasani draxmaları işlədilmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda tapılmış VI və VII əsrin əvvələrinə aid dəfinələr yalnız Sasani draxmalarından ibarətdir. Ərəb sikkələrinin zərbinədək on son olaraq Azərbaycanda kəsilmiş Sasani draxmaları aşağıdakı tarixlərə təsadüf edir: 523; 527; 541; 584; 606; 626; 590-628; 629; 638-ci illər.
Tərkibində VII əsrə aid sikkələrin çox olduğu dəfinələrə təsadüf olunmasa da, VIII əsrə aid bir dəfinədə isə 11 Xosrovun, gürcü-sasani və bir neçə Əməvi dirhəmləri aşkarlanmışdır (sikkələrin kəsilmə tarixi 613-717-ci illəri əhatə edir). Sırf Əməvi və Abbasi sikkələrindən ibarət bir necə dəfinələrin sikkələri¬nin zərb tarixi 771/2 və 782/3-cü illərə aiddir.
Hətta qarışıq sikkələrdən ibarət IX əsrə dair dəfinələrdə də Sasani sikkələrinə təsadüf olunur.
X əsrdə isə artıq Sasani draxmalarının dövriyyəsi müşahidə olunmur.
Dəfinələrin tədqiqi sübut edir ki, VI əsrdən etibarən inkişaf edən pul dövriyyəsi Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq VII əsrin əvvəllərində tənəzzülə uğramış, IX əsrin ilk illərindən isə yenidən canlanmışdır. VII-VIII əsrlər ərzində cənubdan Əməvi sikkəsinin Azorbaycana zəif axını səbəbindən işlək gümüşə olan tələbat Sasani zərbinə mənsub sikkələrlə və yerli zərbxanaların azsaylı istehsalı ilə təmin olunmuşdur. Respublikamızda aşkarlanmış qarışıq sikkə dəfinələri bunu sübut edən faktlardandır..
Xəlifə Əbd əl-Məlikin hicri-qəməri təqvimi ilə təxminən 73-77-ci illərdə (692/3- 696/7) keçirdiyi pul islahatından soma yeni ərəb pul vahidləri – qızıl dinar (4,26 q), gümüş dirhəm (2,98 q) və mis fels (2; 3 q) nominallarından ibarət ərəb «milli» pul-sikkə sistemi təsis olundu.
Bu sikkələrə hər hansı təsvirin zərbi qadağan edilmiş və yalnız əsas İslam ehkamlarının, Quran ayələrinin həkk olunmasına icazə verilmişdi.
İlk Əməvi sikkələrinin anonimliyinin səbəbini V.Tizenqauzen (6) qızıl və gümüş sikkə kəsmək hüququnun yalnız xəlifəyə məxsus olması ilə izah edir. Əməvi dinarlarında zərbin həyata keçirildiyi şəhər adının olmaması isə bütün qızıl sikkələrin həmin dövrdə Xilafətin uzaq Qərb əyalətləri olan Afrika və Ən-dəlus (İspaniya) sikkələri istisna olmaqla Əməvilərin paytaxtı – Dəməşqdə kəsilməsi ilə izah olunsa da, Azərbaycan ərazisində aşağıdakı şəkildə təsvir edilmiş dinarın aşkarlanması bu fikri inkar edir. Bu dinar Abbasi xəlifəsi Harun ər-Rəşidin (786-809) hakimiyyəti dövründə onun Arana canişin təyin etdiyi Xuzeymə ibn Xazim ət-Təmiminın (7) adından kəsilmişdir.
Gümüş sikkələrə gəlincə isə, Əbd əl-Məlikin islahatına əsasən 2,97 q çəkili yüksək əyarlı gümüş dirhəm əsas çəki vahidi olaraq qəbul edildi. Lakin sürtülməmiş və tam formasını saxlamış ərəb sikkələrinin çəkilməsi zamanı onların bu çəki vahidindən bir neçə milliqram aşağı olduğu müəyyənləşir. Dirhəmlərin diametri 26-28 mm, qalınlığı 0,4-0,5 mm-ə yaxındır.
Əməvilərin mis felsi görünüşü, yazılarının məzmunu və çəkisi ilə dinar və dirhəmindən tamamilə fərqlənir. Mis felslərin bəzilərinə ərazi, bəzilərinə isə şəhər adı zərb edilmiş, bir hissəsinə zərb olunma tarixi, digərinə isə yerli əmirlərin adları həkk edilmişdir.
Bir çox ərəb sikkələrinə şəhər adının əvəzinə, ərazi adı, məs: Təbəristan, Azərbaycan, Ənniniyə, Aran və b. həkk edilmişdir. Belə sikkələrin əsasən həmin ərazinin baş şəhərində kəsildiyini ehtimal etmək düzgün olardı. Lakin başqa bir mülahizə də vardır. Belə ki, həmin dövrün sikkə zərbi texnikasının sadəliyi onu nəinki yerli zərbxanalarda, həmçinin hökmdarın sikkə möhürü də aparılmaqla onun müvəqqəti dayanacaq yerlərində də həyata keçirməyə imkan verirdi. Xilafət dönəmində zərb olunmuş dirhəmlərdə «Bərdə-Ərminiyə» və ya «ol-Haruniyə-Ərminiyə» və s. zərbxana adlan buna misal ola bilər.
Ümumiyyətlə, xilafətdə 150-dən çox zərbxana fəaliyyət göstərirdi. О cümlədən Azərbaycanda tapılmış sikkələrə əsaslanaraq Əl-Bab (Dərbənd), Bəlx əl-Bəydə, Ərz əl-Xəzər, əl-Yəzidiyyə (Şamaxı), Cənzə (Gəncə), Bərdə, əl-Mütəvəkkilliyə (Şəmkir), «Aran», «Ərminiyə» və «Azərbaycan» adlı 10-dan artıq zərbxanada sikkə kəsildiyi sübuta yetirilir.
Yazdı mənbələrdəki məlumatlar və respublikamızın ərazisində aşkarlanmış sikkələrin təhlili sübut edir ki, Azərbaycanın mədəni dünyanın ən böyük teokratik imperatorluğu olan Ərəb Xilafətinə daxil olması onun ictimai-siyasi və mədəni həyatında önəmli dəyişikliklərə zəmin yaratmış və «islamlaşma» ilk növbədə məhz pul dövriyyəsində özünü büruzə vermişdir.
ƏDƏBİYYAT
1. Ərəblər hazırkı İran İslam Respublikasını (Cənubi Azərbaycanı) «Azərbaycan»,
şimal hissəni isə «Aran» adlandırırdılar.
2. Пахомов EA. Монеты Азербайджана. Баку, Изд. АН Аз.ССР, 1959. с. 36
3. Ибн Хордадбех. Книга путей и стран. Пер. с араб., коммент., иссл., указ. и
карты Н.Велихановой. Баку, Элм, 1986, с. 49-50
4. Vəlixanlı N. Ərəb Xilafəti VƏ Azərbaycan. Bakı. Azərbaycan Dövlət nəşriyyatı,
1993, s. 34
5. Пахомов E.A. Yenə orada, c. 41
6. Тизенгаузен В. Монеты Восточного Халифата. СПб, 1873, с. XV
7. Из соч. Я’куби. «История». Текст и перевод с арабск.: П.К.Жузе. Вып. IV,
Баку, Изд. Обшества Общ. и изуч. Азербайджана, 1927, с. 12