ZOOMORPHIC OBJECTS OF XARABA-GILAN
XARABA-GİLANDAN TAPILMIŞ ZOOMORF ƏŞYALAR
Bəhlull İbrahimov, Sevil Hüseynova, Elvin Əliyev
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Xaraba-Gilan şəhər yerindən və ona yaxın qədim dövrə aid yaşayış yeri və nekropollardan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş zəngin arxeoloji tapıntılar içərisində zoomorf əşyalar diqqəti cəlb edir. Tunc dövründən sən orta əsrlərədək uzun bir tarixi dövrü əhatə edən bu materiallar içərisində quşların, müxtəlif heyvanların, sürünənlərin və hətta dənizdə yaşayan canlıların da fiqurlarına rast gəlmək olur. Bu əşyalar tuncdan, misdən, gümüşdən, qiymətli və yarımqiymətli daşlardan və keramikadan hazırlanmışdır. Onların hazırlanma texnologiyası və təyinatları da müxtəlifdir.
Sən tunc və ilk dəmir dövrünə aid tapıntılar içərisində tuncdan tökmə üsulla hazırlanmış quş fiqurları daha geniş yayılmışdır. Bu quş fiqurlarının içərisi boş, yanları şəbəkələrlə bəzədilmiş olub yuxarısında asmaq üçün ilgəyi vardır. Asma bəzək kimi istifadə olunan bu fiqurlar ən çox kəkliyə, çöl toyuğuna və ördəyə oxşadılmışdır. Belə fiqurların sən tunc və ilk dəmir dövründə geniş yayılması tətomizmlə və ya hansısa bir inancla deyil, ovçuluqla bağlı olmuşdur. Quş fiqurlu asma bəzəklərin daha çox dağlıq və dağətəyi ərazilərdəki arxeoloji abidələrdə aşkar olunması da belə söyləməyə əsas verir. Meşələrdən fərqli olaraq dağlıq yerlərdə ən çox rast gəlinən, ovlanan və əti olduqca ləzzətli quş kəklikdir. Bu quşun davranışı elədir ki, ona insan tam yaxınlaşmamış uçmur və daş, kəl dibində elə oturur ki, ayaqları görünmür. Asma bəzək fiqurlarında da kəklik (tablo 1, 2) məhz belə vəziyyətdə təsvir edilmişdir. Xaraba-Gilan ərazisindəki qədim nekropollar¬dan tapılmış tunc kəklik fiqurlarına oxşar asma bəzəklər Sarıdərə nekropolunda da (Şahbuz rayonu) aşkar edilmişdir (2, tablo XXIV, 2, 19). Fərqli cəhətləri yalnız qanadlarındakı lələkləri bildirən kəsmələrdir. Əgər Muncuqlutəpədə tapılmış fiqurlarda (tablo 1, 2) qanadlar uzunsov kəsmələrlə göstərilmişdirsə, Sarıdərə nekropolundan əldə olunan bir fiqurun üzəri döşün-dən quyruğunadək beş cərgə üçbucaqlarla bəzədilmiş, quşun qanadları isə ayrıca təsvir edilMəmişdir.
Qədim naxışlarda üçbucaq dağ simvolu olduğundan, ehtimal ki, bununla kəkliyin dağda yaşayan quş olduğunu göstərMəyə çalışmışlar. Sarıdərədən tapılan ikinci quş fiqurunun Muncuqlutəpədə aşkar edilmiş quş fiqurlarından fərqi qanadlarındakı uzun lələkləri bildirən kəsmələrin üfiqi vəziyyətdə olmasıdır.
Naxçıvan bölgəsinin düzənlik və Arazyanı ərazilərindəki abidələrdən əl-də edilən tunc quş fiqurları daha çox çöl ördəyini xatırladır ki, bu da çayətrafı yerlər üçün xarakterikdir. Bədənlərinin ortadan aşağı hissələri bəzədilmiş bu fiqurların ördəklərə xas olan ayaqları vardır. Naxçıvanda tapılmış ördək fiqurunun qanadları paralel cızma xətlərlə, qanadının lələkləri isə şaquli cızma xətlərlə göstərilmişdir . Kəklik fiqurlarından fərqli olaraq ördək fiqurlarının boynunda həlqə vardır. Ola bilsin ki, bu onların artıq əhilləşdirilməsinin mümkünlüyünə işarədir. Qızılvəng nekropolundan əldə edilmiş ördək fiqur II Kültəpədə tapılmış ördək fiquru ilə eyni biçimdə hazırlansa da ondan fərqlənir. Belə ki, Qızılvəngdə tapılmış ördək fiqurunun qanadları göstərilməmiş, ayaqları isə qarnından azca aralıdır. Kültəpədə tapılmış ördək fiqurunun ayaqları isə demək olar ki, qarnına bitişikdir. Ördək fiqurlarının bədənlərinin yarıdan aşağı hissəsi kəsmə naxışlarla elə bəzədilmişdir ki, ilk baxışda bir dalğavari xətt nəzərə çarpır. Yəqin ki, bu da su simvoludur. Doğrudan da, ördək üzərkən bədəninin yarıdan aşağı hissəsi suda qalır. Beləliklə, qədim sənətkarlar öz işlərində real həyatı fantastik şəkildə deyil, olduğu kimi verməyə çalışmışlar.
Muncuqlutəpədə 6 saylı sərdabənin avadanlığı içərisində gildən düzəldilmiş «dəvəyə oxşar» fiqurun baş hissəsi aşkar edilmişdir. Ümumiyyətlə, e.ə.VIII-VI əsrlərə aid sərdabədən dəvə fiqurunun tapılması olduqca maraqlıdır. Lakin fiqurun bədən hissəsi aşkar edilməmişdir və onu qoyun başına da oxşatmaq olar. İkinci ehtimal həqiqətə daha çox uyğundur. Belə ki, 4 saylı sərdabədə qırmızı gilli dar boğazlı qab içərisində bişirilməmiş gildən üç ədəd qoyun fiqurları tapılmışdır. Bu fiqurların başı və ayaqları yoxdur .
Qeyd etmək lazımdır ki, qoyun və qoç fiqurları, onların müəyyən bədən üzvlərinin – buynuz, baş və yunlarının stilləşdirilmiş formalarına daha çox rast gəlinir. Muncuqlutəpə nekropolundakı 4 saylı qəbrin qurbangahından tapılmış qablar içərisində oval formalı, düz qısa ayaqları olan qoyun fiquru diqqəti cəlb edir. Fiqurun baş tərəfində bir-birilə birləşən üç deşik vardır (tab¬lo 1, 5). Fiqurun profili yunlu, kök qoyunu xatırladır.
Qoç buynuzlarının simvolu olan asma bəzəklər, Naxçıvanın sən tunc və ilk dəmir dövrü abidələrində daha çox rast gəlinir. Bu isə həmin dövrdə qoyunçuluq təsərrüfatının inkişafı ilə əlaqədar idi. Plovdağ nekropollarındakı orta və sən tunc dövrünə aid daş qutu qəbirlərdə qoyunun baş və ayaq sümüklərinin aşkar edilMəsi ondan dəfn mərasimində – qurban-kəsmə və ehsanda da istifadə olunduğunu göstərir. Türk tayfalarında qoç və qoyun qədimdən güc və bərəkət rəmzi olmuşdur. Təsadüfi deyil ki, gəlinə ayaqaçma kimi quzu və ya buzov verilməsi adəti Azərbaycanın bir çox rayonlarında indi də davam edir. Sən tunc və ilk dəmir dövründə qoç buynuzlarının simvolu kimi geniş yayılan asma bəzəklər əzm, güc, qüvvət rəmzi hesab olunurdu. Bu asma bəzəklər qoyunçuluğun inkişaf etdiyi və təsərrüfat həyatında mühüm rol oynadığı bölgələrdə daha geniş yayılmışdı.
Muncuqlutəpə nekropolundakı 8 saylı sərdabənin qazıntısı zamanı dörd-bucaq formalı, ortasında deşiyi olan bir ədəd bəzək əşyası tapılmışdır. Əşyanın dörd bucağından mərkəzə doğru hissəsi nisbətən qabarıqdır. İlk baxışda meduzanı xatırladan bu bəzək əşyası paltarın üstünə bərkidilirmiş. Oxşar tunc bəzək əşyasına S.M.Qazıyevin tapıntılarında rast gəlinir.
Sən tunc və ilk dəmir dövründə heyvan və quş fiqurlarından müxtəlif məqsədlərlə istifadə olunması ənənəsi antik və orta əsrlər dövründə də davam etdirilmiş və daha da genişləndirilmişdir. Qafqazdan Çinə qədər geniş bir ərazidə yaşayan tayfaların bəzək əşyaları içərisində qiymətli və yarımqiymətli daşlardan hazırlanmış və ya onların istifadə olunduğu bəzəklər xüsusi yer tutur. Bəzək əşyasının hansı formada deyil, onun nədən hazırlanması böyük əhəmiyyət kəsb edirdi. Ona görə ki, qədim insanların təsəvvüründə hər bir daş müxtəlif təsir gücünə malik idi. Məsələn, qədim insanlar güman edirdilər ki, almaz və əqiq ömrü uzadır, ağlı sakitləşdirir, zümrüd qəlbi sakitləşdirir, ilan zəhərini neytrallaşdırır və s. Hətta daşların adında belə onların hansı orqana müalicəvi təsir göstərdiyi əks olunmuşdur. Belə ki, jadeit ispan dilində «böyrək daşı», nefrit yunan dilində «nefros» – böyrək deməkdir və bu daşlar böyrəyin müalicəsi üçün məsləhət görülürdü (7, s.286).
Məlumdur ki, daşlar təkcə müalicə məqsədi ilə deyil, həm də tilsimli muncuq kimi müxtəlif bədbəxt hadisələrdən, xəstəliklərdən, təhlükədən və pis gözdən qorunmaq üçün də istifadə olunurdu (7, s.287).
Antik müəlliflərdən Heredot, Aristotel və Böyük Plininin əsərlərində daş-ların müalicəvi və möcüzəli təsir gücünə dair müxtəlif fikirlər səslənmişdir.
Orta əsr müəllifləri içərisində Əbu Reyhan əl-Biruninin (X əsr) və Nəsrəddin Tusinin fikirləri daha diqqətəlayiqdir.
Xaraba Gilandan orta əsrlər dövrünə aid zoomorf əşyalar içərisində müxtəlif heyvan, quş, dəniz heyvanlarının, sürünənlərin və hətta fantastik heyvan-ların fiqurlarına rast gəlinir. Nazik tunc təbəqədən, azca relyefik, yanları cilalanmış bayquş fiquru hazırlanmışdır. Bayquşun gözləri və dimdiyi dairəvi deşiklərlə, qanadları və qaşlarının üstü paralel xətlərlə göstərilmişdir. Ayaqları arasındakı deşik isə onun paltara yaxşı tikilməsi üçündür.
Tuncdan hazırlanmış, alt tərəfi hamar, üst tərəfi isə relyefik olan kərtən-kələ fiqurundan tilsimli bəzək kimi istifadə olunmuşdur. Qədimdə və orta əsrlər dövründə belə bir inam var idi ki, guya kərtənkələ fiqurlu bəzək ilan və əqrəb sancmasından qoruyur.Tuncdan hazırlanmış zoomorf əşyalar içərisində at ayağı fiquru da vardır. Bu hansısa qabın ayağı olmuşdur. Eyni ilə belə bir ayaq Beyləqan şəhər yerindən tapılmışdır . Hələlik Xaraba-Gilan şəhər yerindən bütün mis qablar əldə edilməsə də, karvansaranın qazıntıları zamanı tapılan mis aftafa lüləsi böyük maraq doğurur (tablo 2, 5). Qab tökmə və lehimləmə üsulu ilə hazırlanmışdır. Ağız hissəsi it ağzına oxşasa da, dörd qulağının olması (ikisi başından yuxarıya, ikisi çənəsindən aşağıya) onun fantastik bir canlıya (ola bilər ki, əjdahaya) məxsus olduğunu söyləməyə imkan verir.
Xaraba-Gilandan əldə edilmiş zoomorf tapıntılar içərisində gümüşdən hazırlanmış dəniz ulduzunu xatırladan fiqur da vardır (4, s.116). Dəniz ulduzu təsvirlərinə tunc dövründən başlayaraq keramika üzərində rast gəlinsə do, ayrıca bəzək əşyası kimi Naxçıvan ərazisində ilk tapıntıdır. Nazik gümüş təbəqəsindən iki qat hazırlanmışdır. Altı guşəli bu fiqurun ortasında deşiyi olan yumru düyməcik vardır. Altı hamar olub, üzərinə kiçik dairələr döyülmüşdür (tablo 2, 3). Ehtimal ki, bu dairələr su damcılarının rəmzidir.
Zoomorf bəzək əşyaları içərisində qara şəvədən hazırlanmış meymun fiqurunu xüsusilə qeyd etmək lazımdır. Meymun çönbələn oturmuş vəziyyətdə təsvir edilmişdir (4, s. 119). Ehtimal ki, meymun fiqurundan pis nəzəri yayındırmaq, ondan qorunmaq üçün istifadə olunmuşdur.
Xaraba-Gilandan tapılan bəzək əşyaları içərisində lacüvərddən hazırlanmış fantastik hey van fiquru (öküzə də oxşayır!) da maraqlıdır. Təəssüf ki, fiqurun baş hissəsi sınmışdır və onu tapmaq mümkün olmadı. Üzərində paralel cızıqlar və çox da dərin olmayan deşiklər vardır.
Tuncdan hazırlanan bəzək əşyalarından tamamlanmamış ilan başını xüsusilə qeyd etmək lazımdır. Bu fiqur zoomorf metal əşyaların şəhərin özündə hazırlandığını söyləməyə əsas verir.
Yuxarıda deyilənlərdən aydın olur ki, Xaraba-Gilan orta əsr şəhər yerin-dən və ətrafdakı qədim dövrə aid nekropollardan müxtəlif materiallardan hazırlanmış bayquş, kəklik, çöl toyuğu, ördək, fantastik öküz, qoyun, qoç fiqurları, meymun, əjdaha, at, ilan, dəniz ulduzu, meduza və s. əldə edilmişdir.
Zoomorf bəzəklər, qablar, heykəlciklər və başqa əşyalar əsasən real həyatı əks etdirsə də, lakin onların içərisində elə fiqurlar vardır ki, həmin fantas¬tik canlıların və ya dənizdə yaşayan heyvanların Naxçıvanın coğrafi şəraiti ilə heç bir əlaqəsi yoxdur. Belə zoomorf fiqurlara ən çox orta əsrlər dövründə rast gəlinir və şübhəsiz ki, onlar ticarət əlaqələrinin nəticəsində buraya düşmüşdür.
Müəyyən inanclarla bağlı, yəni pis nəzərdən qorunmaq, xoşbəxt olmaq, müvəffəqiyyət qazanmaq üçün də müxtəlif zoomorf həmayillərdən istifadə olunmuşdur. Təkallahlı dinlər belə təzahürlərlə kəskin mübarizə aparsa da, onun qarşısını ala bilməmişdir. Hətta bəzi antik dövr müəllifləri də buna qarşı çıxmış onu «maqların uydurması» adlandırmışlar.
Fantastik əlaMətlərinə və müxtəlif inanc vasitəsi olmalarına baxmayaraq, zoomorf əşyalar on çox ətraf mühitin canlılar aləmindən insanla bağlı olan, onun həyatında əhəmiyyətli rol oynayan quş və heyvan fiqurlarıdır. Təbii ki, iqtisadi həyat tərzi və ətraf mühit insanın düşüncəsinə, dünyagörüşünə təsir edir, bu da öz növbəsində onun yaradıcılığında, məişətində öz əksini tapırdı.
ƏDƏBİYYAT
1. Асланов Г., Ибрагимов Б., Кашкай С. Древние некрополи Хараба-Гилана. Баку, 2002.
2. Veli Bahşaliyev. Nahçivan arkeolojisi. Istanbul, 1997.
3. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, «Элм», 1982.
4. Ибрагимов Б.И. Средневековый город Киран. Баку – Москва, 2000.
5. Очерки по древней истории Азербайджана. Баку, 1956.
6. Azərbaycanın maddi mədəniyyəti. VU с, Bakı, «Elm», 1973.
7. Красиков С. Легенды о цветах и самоцветах. Москва, 1996.
8. Əhmədov Q.M. Beyləqan orta əsr şəhəri. Bakı, 1979.