THOUGHTS ABOUT THE FROMER DAYS OF MILL PLAIN

MİL DÜZÜNÜN ÖTƏN GÜNLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR
Can evimə sığışmayan arzular Bir dünyada neçə dünya arzular Səməd Vurğun
İşlərimiz səhmana düşmüşdür. Havalar xoş və yağışsız keçdiyindən hər gün Üçtəpəyə gedib gəlirik, fasiləsiz işləyirik. İş saat doqquzda başlanır, beşdə qurtarır. Hər gün bizi günəş qarşılayır, günəş yola salır. Al-qırmızı, gülər üzlü günəş. Bütün günü açıq havada oluruq, onunla birlikdə
Mili seyr edirik.
Mil indi çox gözəlləşmişdir. Arada yağan isti yağışlardan sonra о başdan-başa yaşıl dona bürünmüşdür, təravətlənmişdir. Qol-budaq atan yovşan kolları isə bu zümrüd donu gümüşü tikmələrlə bəzəmişdir. İndi Milin mavi üfüqlərini, bu üfüqlərin arxasından sirli-sirli boylanan bənövşəyi-boz dağları, uzaqlardan gələn Govurarxın parlaq cığırını aydın görmək olur. Hər yanda sakitlik hökm sürür. Səffaf səma parlaq işıq saçır, göz qamaşdırır. Günlər isə yuxu kimi keçir, gah gözəl arzular doğurur, ümidlər verir, gah da gizli bir qüssə gətirir, sanki tənhalıq dünyasının qapılarını açır, həzin mahnılar oxuyur.
Mil heç vaxt belə sirli və sehrkar olmamışdır. İndiki qədər belə kiçik və eyni zamanda indiki qədər belə böyük, ucsuz-bucaqsız görünməmişdir. Kiçik Milə də, böyük Milə də eyni dərəcədə bağlanmışıq. Gözə görünməyən ürək tellərilə.
Bu bir neçə gün ərzində xeyli iş görmüşük. Qazıntı sahəsi az vaxt içərisində gözə çarpacaq dərəcədə dərinləşdirilmişdir. Lakin görüləsi işlər hələ də çoxdur. Qalın torpaq layları altında gizlədilmiş qədim qəbir yerini tapmaq üçün buradan təxminən 10-15 min kub metrədək torpaq çıxarmaq lazımdır. İş bununla bitəcəkmi? Kim bilir? Hələlik isə qazılmaqda olan torpağın hər qarışını böyük səbr, inam və təmkinliklə, üstəlik ehtiyatla yoxlayırıq, qeydlər götürürük, sirlərlə dolu dərin bir ümmana baş vururuq, ümidləri ilə yaşayırıq.
Bu gün təpələrin arasındakı boş sahədə də qazıntı işlərinə başladıq. Burada olan ayrı-ayrı çökək yerlər çoxdan idi ki, Aleksandr Aleksandroviçi maraqlandırırdı. Axtarış zamanı buradan qədim dövrlərə aid küllü miqdarda gil qab qırıqları və dəvəgözü qəlpələri toplamışdıq. Təbii yataqları ancaq yüksək dağlıq zonalarda olan dəvəgözü daşının Mil düzündən tapılması əlbəttə çox maraqlıdır. Yığdığımız nümunələrin əsas hissəsi qara, boz və şəffaf dəvəgözü daşından olan istehsal tullantılarıdır. Onların bəzisinin üzərində əlavə iş izi də aydın bilinir. Görünür ki, təpələr arasındakı sahədə vaxtilə qədim məskən yeri olmuşdur. Topladığımız gil qab qınqlarının əksəriyyəti tunc dövrünün son mərhələsinə aiddir. Güman etmək olar ki, buradakı qədim məskən yeri do məhz bu dövrə məxsusdur. Lakin aydındır ki, onun sakinləri dəvəgözü daşının xassələrinə yaxşı bələd olmuş və ondan özləri üçün elə buradaca müxtəlif əmək alətləri və silah nümunələri düzəltmişdilər. Belə qiymətli xammalı isə onlar şübhəsiz, yay vaxtlarında mal-qaralarını sürdükləri dağlardan gətirmişdilər.
Arxeoloji ədəbiyyatda uzun müddət ənənə şəklində belə bir fikir hökm sürülmüşdü ki, qədim dövrlərdə Cənubi Qafqazı və On Asiyanı dəvəgözü ehtiyatı ilə
təmin edən Ermənistan ərazisindəki Alagöz dağındakı yataqlar olmuşdur. Lakin son illərdə istər On Asiyanın, istərsə də Cənubi Azərbaycanın ayrı-ayrı yerlərindən onlarca belə qiymətli daş yataqlarının tapılması belə bir fikrin əsassız olduğunu sübut etmişdir. Maraqlıdır ki, belə qiymətli daş yataqlarının böyük qismi Kəlbəcər rayonu
ərazisində, Tərtərçayın yuxan axarlarında aşkara çıxarılmışdır. Çox ehtimal ki, Mil düzünün qədim sakinləri də vaxtilə bilavasitə bu dağlıq bölgənin sərvətlərindən istifadə etmişdilər.
Dəvəgözü daşının müsbət xassə və keyfiyyəti hələ qədim daş dövrün-dən insanlara bəlli olmuşdu. Parçalanan zaman iti uclu qəlpələr verən bu qiymətli daşdan ibtidai insanlar neçə-neçə əmək alətləri, neçə-neçə ox və nizə ucluqları düzəltməyi öyrənmişdilər. Əl çapacaqları, qaşov, biz və iti bıçaqlar, ox və nizə ucluqları onların məişətində, bəsit, lakin olduqca ağır təsərrüfatında minilliklər boyu necə də böyük əməli əhəmiyyət daşımışdı. Belə sadə alət və silahların köməkliyiə ulu babalarımız yer qazmış, heyvan ovlamış, ət doğramış, sümük çapmış, dəri aşılanmış, gön kəsmiş, sümük, ağac yonmuş və üstəlik onlarca yeni alət və silah düzəltmişdi. Mis, tunc və dəmir-dən alət və silahlar meydana çıxdıqda belə dəvəgözü öz əhəmiyyətini itirməmiş, müxtəlif əşyaların hazırlanmasında dəyərli xammal kimi qalmaqda davam etmişdi. Bu dövrlərdə ondan əmək alətləri və silahlarla yanaşı müxtəlif bəzək nümunələri də hazırlanmışdır. Qədim Misirdə isə dəvəgözü daşından hətta bütöv heykəllər yonulmuş və başqa incəsənət əsərləri yaradılmışdır. Buna görə də Uçtəpədəki tunc dövrünə aid qədim məskən yerindən də dəvəgözü daşının, ondan hazırlanmış ayn-ayrı əşyaların tapılması təəccüb doğurmur. Əsas məsələ bu qədim yaşayış yerinin xüsusiyyəti və yaxınlıqdakı kurqanlarla əlaqəsini müəyyən etməkdən ibarətdir. Sözsüz, bu gün burada başlanan yeni qazıntı işləri həmin məsələnin aydınlaşdırılma-sına köməklik göstərəcəkdir. Yeni qazıntı işlərini Aleksandr Aleksandroviç leninqradlı həmkarlarımız Yuri Moçanova və Alfred Kolkuşinə tapşırmışdır. Mən isə ideal Nərimanovla birlikdə əvvəlki tək yalnız kurqanın qazıntısına nəzarət edəcəyəm. Qabaqda gərgin axtarışlarla, qanadlı duyğularla dolu günlərimiz var.

Mənimlə tonqal yanında oturmaq üçün buraya gəl, qoy düz küləyi səni yaxşıca tutsun…

Başqalaşmaq istəyirsənsə, buraya-düzə gəl Van Qoq
Bizi hər gün Üçtəpəyə aparan maşın çadırlıdır, böyük yük maşınıdır. Lyessen bir qayda olaraq sürücünün yanında oturur. Bizim yerimiz isə yuxarıdadır, maşının üstündə. Bu heç də pis deyil. Çadırın açıq gözündən Mili yaxşı görmək olur. Arx boyunca uzanan yolun sonsuzluğunu, Milin mavi üfüqlərini, onların arxasında, çох-çох uzaqlarda kölgə kimi qaralan dağlar silsiləsini hər gün böyük bir heyranlıqla seyr edirəm. Kəskin yovşan ətri, torpaq ətri, xəzəl ətri ilə dolu payız havası sinəmə dolduqca qəlbimdə qəribə hisslər, duyğular oyanır, gizli bir həyəcan varlığıma ha¬kim kəsilir, özümdən asılı olmayaraq bu sonsuzluqda itib-batmaq istəyirəm, qurtar-maq bilməyən yollara qovuşmaq istəyirəm…
Son bir neçə gündə Mil birdən-birə xeyli dəyişmişdir. İlk günlərdə gördüyüm cansıxıcı, bürkülü boz düzdən indi əsər-əlamət qalmamışdır. İndi göyün üzünü tez-tez bənövşəyi qara buludlar örtür. Hardasa uzaqlarda göy guruldayır, şimşək çaxır. Son durna qatarları Mili tərk etməyə tələsirlər. Gözlənilmədən onlar sıx buludlar arasında görünür, sanki bu doğma yerləri tərk etmək istəməyərək göyün üzərində bir neçə dairə vurur, həyəcanla qaqqıldaşır, çox keçməmiş ümidsiz bir ayrılıqla göyün ənginliklərində itib-batırlar. Bir müddət Mildə onların yalnız kədərli səsi qalır, əks-sədaya çevrilərək bu geniş düzü gəzir və tezliklə yenidən göyə qalxır.
Gözəl payız Mildə bayram edir, şənlənir, qanad açıb gah yüksəklərə qalxır, gah da sevincdən most olaraq yerə də, göyə də minbir rəng bəxş edir. Qəribədir, soyuq nəfəsli payız belə anlarda Mili yalnız ilıq rənglərlə, onların minbir çalarları ilə bəzəyir. Bənövşəyi-boz, şəffaf çalarlar göylərə hakim olur, yerə enərək yaşıl, qəhvəyi rənglərin qeyri-adi çalarları ilə birləşir, Govurarxın sahillərini bəzəyən odlu sarı-qırmızı rənglərlə qovuşur.
Payız Milə səs verir, yeni həyat verir. Bayaqdan bəri səssiz-səmirsiz görünən düzü indi hay-küy bürümüşdür. Hər yanda qoyun-quzu mələşməsi eşidilir. Orda-burda gözə çarpan ala bəzək çadırların yanında itlərin hürüşməsi aləmi başına götürür. Hardansa uzaqlardan həzin tütək səsi gəlir, kiminsə gizli nisgilini bu geniş düzə əyan edir…
Təbiətin, Milin belə bir gözəl çağında biz Üçtəpədə inadkar bir maraqla ağır, əzablı işlə məşğuluq. Buldozerlər bir neçə min il bundan əvvəl ulu babalarımızın öz tayfa ağsaqqallarının qəbri üstünə tökdüyü qalın torpaq laylarını yardıqca biz gözümüzü bıçağın altından çəkmirik. Əslində, gözləniləsi şey də yoxdur, çünki qəbrə çatmaq geniş qazıntı sahəsində hələ bir neçə metr qalınlıqda torpaq qatlarını götürmək lazımdır. Min, iki min, beş min, bəlkə də daha çox kub metr həcmdə torpaq…
Qazıntı geniş bir tikinti sahəsini xatırladır. Üç güclü buldozer nərildəyənə-nərildəyə torpağın bağrını yarır, topa-topa torpağı kurqandan yana yayır. İşçi kimi tutduğumuz iyirmidən artıq fəhlə bel, külüng və kürəklə qazıntı sahəsindəki kəsiklərin divarlarını düzəldir. İndi qazıntı 2000 kvadrat metrdən artıq sahəni əhatə edir. Hər yanda qurtarmaq bilməyən hündür torpaq topalan gözə çarpır. Torpaq qurtarmaq bilmir. Bəzən adama elə gəlir ki, bu torpaq topalarının öhdəsindən heç vaxt gələ bilməyəcəyik, onların altında gizlənən sirləri heç vaxt aça bilməyəcəyik. Halbuki, qur¬tarmaq bilməyən bu torpaq laylarını minilliklər arxasında uyuyan müdrik babalarımız əllə ovuc-ovuc tökmüşlər, mavi-düzdə ehramı xatırladan yüksək təpə ucaltmışlar. Neçə-neçə nəsil öz gücünü, zəhmətini bu möhtəşəm təpəni qurmağa sərf etmişdir. Bəlkə onlar heç təsəvvür etməzdilər ki, minilliklər ötəndən sonra bu təpə uzaq keçmişin sirlərini öyrənmək naminə dağıdılacaq, onun torpağı düzə yayılacaqdır. Bəlkə keçmişin sirləri elə keçmişin özündə qalmalıdır.
İş qurtarmaq bilmir. Evə hər gün alaqaranlıqda qayıdırıq. Günlər yaman gödəlmişdir…
Seçdiyim yolda mənim Keçdiyim yolda mənim Başıma daş atılıb, gül atılıb, Od atılıb, kül atılıb. Eşqimə sadiq qalaraq Söz qoşaraq, saz çalaraq Mən yenə addımlamışam….
Süleyman Rüstəm
Yaman qəribə gündür. Bütün günü keçmişlə təmasdayam. Uzaq keçmişim, yaxın keçmişim. Uzaq keçmişim əsrlər, minilliklər arxasında qalmışdır. Yaxın keçmişim isə ötən günlərim, aylar və illərimdir. Uzaq keçmişim dumanlı, yaxın keçmişim aydındır. Bəs niyə bu aydınlıqda uzaq keçmişimin sirlərindən daha müəmmalı sirlər var, qüssə var, kədər var, acı xatirələr var. Bəlkə bütün bunlar mənim bu günkü vəziyyətimlə bağlıdır? Səhərdən özümü pis hiss edirəm. Başım dumanlı, ürəyim narahat, düşüncələrim çaş-başdır. Ayaqlarım daş kimi ağırlaşmışdır. Bədənim sanki qurumuş, qanım donmuşdur. Bərk üşüyürəm. Gecə və gündüz əynimdə olan isti sırıqlım da qızındıra bilmir məni. Görünür, bərk soyuqlamışam. Dünən Üçtəpədə qaranlıq düşənədək işlədik. Bütün günü ayaq üstə olduq. Üstəlik, hava çox soyuq və bərk küləkli idi. Qılınc kimi bizi kəsirdi. Əllərimiz, ayaqlarımız donmuşdu. Belə vəziyyətdə işləyirdik, qalın torpaq qatı altında aşkara çıxarılmış iri-iri çay daşların-dan ibarət ikinci örtüyün sahəsini, düzülüşünü müəyyənləşdirmək istəyirdik. Daş örtük dairəvi şəkildə geniş sahəni tuturdu. Daşsız, kəsəksiz Mil düzünə bu iri və ağır daşlar nə vaxt, haradan və necə gətirilmişdir? Bu nə möcüzədir? Daş bir deyil, iki deyil, yüz deyil, min deyil saysız-hesabsızdır. Təxminən hesablamalarımıza görə bir neçə yüz kubmetrdir. Belə daşlar Qarqar çayın yalnız yuxarı axarında vardır. Görünür ki, ulularımız vaxtilə onları oradan götürülmüş, torpağa tapşırdıqları adama böyük hörmət və ehtiram əlaməti olaraq onun qəbri üstünə bir-bir düzmüş, möhtəşəm daş təpə ucaltmışlar. Onlar bu daş təpənin altında hansı sirləri gizlətməyə çalışmışdılar? Kim idi onun altında uyuyan? Hansı əsrlərin, minilliklərin əməlləri, hiss və düşüncələri, arzu və diləkləri bu dilsiz-ağızsız daşların altında donub qalmışdır, gözdən, qulaqdan uzaqlaşdırılmışdır. Bunları tapmaq üçün hələ nə qədər iş görmək lazımdır.
Dinclik bilmədən işləyirdik. Aleksandr Aleksandroviçin özü də lap əldən düşmüşdü. İşin qurtarmasına yaxın hava çiskinləməyə başladı. Göyün üzünü qara buludlar aldı və çox keçmədən Mil qaranlığa qərq oldu. Evə qayıdanda isə azdıq. Hərəmiz maşının külək tutmayan bir küncünə büzüşüb sığındığından onun nə vaxt yoldan çıxdığından xəbərimiz olmamışdı. Gecə yarıdan keçənədək qaranlıq və kimsəsiz geniş düzdə yol axtarırdıq. Orda-burda görünən sönük işıq nöqtələri tez-tez bizi çaşdırırdı. Onlar gözlənilmədən görünür, gözlənilmədən yoxa çıxırdılar. Buna görə də maşını hər dəfə bir istiqamətə yönəltməli olurduq. Tez-tez palçığa düşürdük və maşın dizə qədər palçıqda batıb qalırdı. İstər-istəməz düşüb onu itələməyə başlayırdıq. Yaxşı ki, sürücümüz Aleksandr İvanoviç bacarıqlı və təcrübəli sürücü idi. Bizim köməkliyimizlə o, maşını asanlıqla quru yerə çıxara bilirdi. Üst-başımız bütünlüklə palçığa bulaşmışdı. Soyuq, yorğunluq və aclıq bütünlüklə yaddan çıxmışdı. Bircə evə çatmağı arzulayırdıq. Bilirdik ki, orada indi çox narahatdırlar və səbirsizliklə bizi gözləyirlər.
Yenə də köməyimizə Govurarx çatdı. Sürətlə getdiyimiz bir yerdə gözlənilmə-dən onun üstünə çıxdıq. Aleksandr İvanoviçin sürücü məharəti bu dəfə də bizi təhlükəli vəziyyətdən qurtardı. O, gözləmədiyimiz bir çevikliklə maşını yola çevirdi və arxın lap yanında saxladı. Lakin indi aydın idi ki, bundan sonra yolu tapmaq, bazamızı tapmaq asan olacaqdır. Bununla belə, evə çatanda kəndin xoruzları artıq baş-başa vermişdilər və sanki bizi salamlayırdılar. Biz isə bütünlüklə əldən düşmüşdük. Gözlərimiz qeyri-ixtiyari yumulurdu. Yaş paltarları tez atıb yatağa girməkdən başqa bir səadət ola bilərdimi indi. Yuxuya gedəndə hamımızın yeganə arzusu о idi ki, kaş səhər bərk yağış yağa, biz də evdə qalaq. Təəssüf ki, səhər Aleksandr Aleksandroviç hər birimizi silkələyə-silkələyə yuxudan oyadanda gözlərimizə inanmadıq. Yer də, göy də işıq saçırdı. Artıq xeyli yuxarı qalxmış parlaq və isti günəş otaqlarımızı gur işıqla doldurmuşdu. Bayırda yaşıl otlar zümrüd kimi par-par parıldayırdı.
Yer qazılır…..
Bir tarixdir onun hər qatı,
İnsan kimi dilə gəlir torpağın altı.
İgid buba,
Hünərini dedikcə bizə Neçə-neçə sual gəlir ürəyimizə….
Əliağa Kürçaylı
Artıq noyabrdır, payızın son ayı, son günləri. Bürkülü isti günlər arxada qalmışdır. Milə indi soyuqlar gəlmişdir. Gecələr ayaz olur, yerə qırov düşür. Yovşan kollarının üstünə gümüşü zərrəciklər səpələnir. Ay görünəndə Mil sönük bir işıqla bərq vurur. Səhərlər isə torpaqdan buxar qalxır, günəş yuxarı qalxdıqca onun onun ardınca sürünür, çox keçmədən yoxa çıxır.
İndi Milə qəribə sakitlik çökmüşdür. Hər yan səssiz-səmirsizdir. Əvvəllər tez-tez gördüyümüz qoyun sürüləri də yoxa çıxmışdır. Onlar Milin ənginliklərinə çəkilmişdir. Tez-tez küləklər əsir və belə hallarda yerindən qopmuş tikan kolları giyirlənə-giyirlənə bir-birini qovmağa başlayırlar. Mildə külək öz atını dəhşətli bir vıyıltıyla çapır. Gecələr haradasa uzaqlarda canavarlar ulaşır.
Gecələr yaman üşüyürük. Evlərimizin divarları buz kimi soyuq olur. Milin о keçən isti günlərini arzulayırıq. Örənqalada işləyən yoldaşlarımız artıq yır-yığış edirlər. Orada işləmək indi qeyri-mümkündür. Hər yan dizə qədər palçıqdır. Lakin Üçtəpədəki kurqanlarda hələ do qızğın iş gedir. Buldozerlər onun üst örtüyünü dərinləşdirirlər. Onun artıq 12 metr qalınlığında torpaq layı götürülmüşdür. Deməli, qarşıda hələ 2 metr qalınlığında təbəqə qalmışdır. Bu təbəqənin altında hansı sirlər gizlənmişdir? Torpaq dərinləşdikcə səbrimi. də tükənir. Aleksandr Aleksandroviç indi tez-tez qəribə yuxular görür, narahatçılıq hissi keçirir. Görünür ki, əsəbləri lap gərilmişdir. Qarşıda görüləsi işlər də çoxdur. Kurqanın dibinə çatmaq üçün hələ 4 min kubmetrə qədər torpaq çıxarılmalı, kənara atılmalıdır. Görünür, bu mövsümdə işi başa çatdıra bilməyəcəyik, gələn il yenə buraya gəlməli olacayıq. Bu gün səhər Aleksandr Aleksandroviç mənə qazıntı sahəsinin şərq hissəsində şurf qoymağı tapşırdı. İki fəhlə ilə burada kəşfiyyat qazıntısına başladıq. Çox keçmə-dən torpaq qatının altında çay daşları aşkar edildi. Aleksandr Aleksandroviçin sevincinin həddi-hüdudu yox idi. Deməli, altda hələ daş örtük də vardır. Qalın və bərk daş örtük. Güman etmək olar ki, bu daş örtüyünün altındakı qəbir bütövdür, bütün dövrlərdə, əsrlərdə fəaliyyət göstərən qarətçilərin əli buraya çatmamışdır. Lyessen sevinir, ümidləri artır.
Günortadan sonra gözlənilmədən göyün üzü qaraldı, bir anda Milə zülmət çökdü, çox keçmədən narın yağış, sonra isə sulu qar yağmağa başladı. Hamımız maşının çadırının altına cumduq. Aleksandr Aleksandroviç işçi fəhlələri evə buraxmağı lazım bildi. Qazıntı sahəsində özümüz qaldıq. Buldozerlər işləməkdə davam edirdi, biz isə onların bıçağının altından çıxan torpağı izləyə-izləyə oraya-buraya qaçırdıq. İndi qazıntının ən məsuliyyətli vaxtıdır. Torpağın hər qarışına diqqət yetirməliyik.
Evə qaranlıqda, əldən düşmüş vəziyyətdə qayıtdıq. Yolu güc-bəla ilə tapırdıq. On addımlığı görmək olmurdu. Lopa-lopa yağan sulu qar yolun üstünü örtərək bizi tez-tez çaşdırırdı. Yaxşı ki, azmadıq, maşınımız da xarab olmadı.
Dün kaşı kuzəni daşlara çaldım Sərxoşdum, bilmədim əlimdən saldım Kuzə dilə gəlib dedı ki: «Mən də Sənin kimi idim, bu günə qaldıın!»
Məhsəti Gəncəvi
Mildə yağışlar yağır, narın gözə görünməyən aramsız yağışlar. Neçə gündür ki, göy də, yer də boz rənglidir. Hər yan sudur, üstəlik palçıq. Bir həftədir ki, evdən bayıra çıxa bilmirik. Aydındır ki, arxeoloji axtarış və qazıntı haqqında da söz ola bilməz. Biz – üçtəpəlilərin əlində hələlik müəyyən bir tapıntı olmadığından bütün günü boş gəzirik. Əlbəttə, əgər belə demək mümkündürsə, çünki gəzmək üçün yerimiz də yoxdur. Buna görə də bütün günü pəncərəyə söykənib çölə baxırıq. Özümüzlə gətirdiyimiz kitabların hamısını oxuyub qurtarmışıq. Söhbətlər üçün isə sanki söz qalmamışdır. Otaqların hamısı sükut içərisindədir. Doğrusu, bu sükut arabir pozulur. Leninqradlı həmkarımız Alfred Kolkuşin ingilis dilini öyrənmək qərarına gəldiyindən indi danışıq qaydalarına yiyələnir, özü özülə söhbət edir, özü özünə qəribə suallarla müraciət edir.
Axşam radio ilə yeni mahnı öyrədirlər. Belə iş indi dəbdədir. «Nəcib və ismətli» adlandırdığımız qızlarımızı fədakar əməyə, əmək qəhrəmanlığına ruhlandırmaq məqsədilə indi mahnıya keçiblər… Diktor aramla mətni deyir, sonra tanınmış müğənni (çox güman ki, yalnız təəssüf hissilə) mahnını oxuyur:
.. .Sevgilimdir erkən çıxan yol üstə, yol üstə Əli gəzir yarpaq üstə, kol üstə, kol üstə Belə qızdan pambığı da bol istə, bol istə A… bol istə…..a bol istə…..
Radionu bağlayıb otaqdan çıxıram. Sübh tezdən tarla adlanan çölə çıxan, qaranlıq düşənədək çatçat olmuş, qansızan barmaqları ilə pambıq yığan sevgili qızdan nə qədər istəmək olar!? Örənqalalılara baş çəkirəm. Onların vəziyyəti bizə nisbətən yaxşıdır. Tapıntılar çoxdur və buna görə də işlə məşğuldurlar. Qazıntı zamanı əldə edilən tapıntılar bir qayda olaraq elə buradaca yuyulmalı, qurudulmalı, nömrələnməli və qeydiyyata salınmalıdır. Soma isə kağıza bükülməli və yeşiklərə yığılmalıdır. Əslində bütün bu işlərin əsas icraçıları həmkarlarımız Vera Fomenko və Firuzə Muradovadır.
Vera təcrübəli və bilikli həmkarlarımızdandır. Uzun müddət Mingəçevir qazıntılarında iştirak etmiş və bacarıqlı arxeoloq kimi tanınmışdır. Öz işinə ürəkdən bağlıdır və öhdəsinə düşən işi böyük məsuliyyətlə yerinə yetirir. Hal-hazırda Azərbaycanda orta əsr şüşə sənətkarlığı tarixi üzrə tədqiqat işi yazır. Vera gülər üzlü və xoş sifətlidir. Mütaliəni çox sevir. Özü ilə buraya bir topa kitab gətirmişdir.
Vera çətin və ağır həyat yolu keçmişdir. İndi də onun həyatı şirin deyildir. Lakin yenə də həyatı sevir. Payızın xəfif mehinə və qızılı rənglərinə, Milin mavi göylərinə, torpağın sirlərinə heyrandır.
- Bilirsənmi, həyat nə qədər ağır və iztirablı olsa da, yenə də yaşamaq yaxşıdır, yaşamaq gözəldir, – onun çox sonralar, sağalmaz xəstəliyə düçar olarkən dediyi bu sözləri yaddaşıma həmişəlik həkk olunmuşdur….
Firuzə ilk arxeoloq qızlarımızdandır və artıq iki ildir ki, bu çətin elmin ağır yükünü öz çiyinlərində gəzdirir. Firuzə də bizim universitetin tarix fakültəsini bitirmişdir və о da özünü və həyatını arxeologiyaya, ulu babalarımızın ulu tarixini öyrənməyə həsr etmək qərarına gəlmişdir. Firuzə indi böyük qətiyyət, səbr və inamla bu elmin sirlərini mənimsəyir, çətin anlarda belə öz qərarından dönmür. Arxeologiya isə yalnız və yalnız belələrini sevir, belələrini sevindirir. Bəlkə də elə buna görə Firuzənin ilk addımları müvəffəqiyyətlidir, ümidvericidir. Oronqaladan tapılan maddi mədəniyyət nümunələrinin əksəriyyəti saxsı məmulatından ibarətdir. Müxtəlif rəngli, müxtəlif naxışlı və müxtəlif çalarlı şirli camlar, dolçalar, kasalar, kuzələr, nəməkdanlar, çıraqlar və sairə onlarca, yüzlərcə gil əşyalar. Onların böyük qismi Məhsətinin, Nizaminin yaşadığı dövrdə hazırlanmışdır. Mən belə qabları çox sevirəm. Mənə elə gəlir ki, bunlar saxsıya dönmüş dağ çiçəkləridir, bu çiçəklərin sözsüz mahnılarıdır. Kim bilir, kövrək qəlbli Məhsəti bəlkə də elə bu kaşı kuzəni əlində tutmuşdu? Həyatda nələr olmur!!! Ola bilməzmüdahi Nizami məhz bu gözəl camdan su içmiş, onu hazırlayan ustaya əhsən demişdir.
Həmin dövrdə Beyləqan şəhərində dulusçuluq sənəti sahəsində doğrudan da bacarıqlı ustalar işləmiş və onların hər birinin özünəməxsus dəsti-xətti olmuşdu. Zaman məvhumu altında gizlənən uzun əsrlər, qərinələr xoşbəxtlikdən belə usta-ların adlarını itirə bilməmişdir. Usta Fəzlun, usta İbrahim və başqaları Beyləqanın tanınmış dulus ustaları olmuşlar. Onların yazılarına və möhürlərinə neçə-neçə gil qabda təsadüf olunmuşdur. Neçə-neçə kasada, kuzədə, dolçada onların barmaqlarının izi qalmışdır.
Bu ustaların kaşı qablar istehsalı sahəsindəki nailiyyətləri daha böyük olmuşdu. Məhz onların dövründə Beyləqanda şirli qablar istehsalı özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdı.
Arxeoloji qazıntılarda öyrənilmişdir ki, qədim Beyləqan şəhərində ilk kaşı qablar hələ VIII-IX əsrlərdə meydana çıxmışdı. İlk vaxtlar bunlar bəsit şəkildə
işlənmiş və əslində Beyləqan ustaları bu dövrdə şirə əvəzinə anqob adlanan xüsusi gil məhluldan istifadə etmişdilər. Əlbəttə, о dövrdə bu məhlul anqob adlanmamışdı. Anqob sözü belə məhlula verilən elmi addır.
Anqob əsasən ağ rəngdə olmuşdur. Lakin Beyləqan sənətkarları qırmızı anqob da hazırlamağı bacarmışdılar. Anqob çəkildikdən sonra gil qabın keyfiyyəti xeyli artırdı; onun səthi daha hamar olur və su keçirmək xassəsi çoxalırdı.
Vaxt keçdikcə Beyləqan dulusçuları əsl şirə istehsal etməyi öyrənmişdilər. İlk şirə qurğuşundan alınmış və şüşə kimi şəffaf və parıltılı olmuşdu.
Şirə maye halında olurdu və yalnız yüksək hərarətə məruz qaldıqdan sonra şüşə kimi bərkiyirdi. Şirə gil qabın səthinə bir qayda olaraq qab müəyyən qədər bişirildikdən sonra çəkilirdi. Bundan sonra həmin qab oda qoyulur və nəticədə onun səthi nazik şəffaf təbəqə ilə örtülürdü. Beyləqan ustaları bir çox hallarda gil qabı ağ və qırmızı anqobla naxışlayır və yalnız bundan sonra onun səthini şirə təbəqəsi ilə örtürdülər. Beyləqanda belə qablar əsasən IX-X əsrlərdə meydana çıxmışdı. Elə buna görə də onun həmin əsrlərə aid təbəqəsində belə qab nümunələrinə tez-tez təsadüf olunur.
Qədim Beyləqanda gil qabların naxışlanmasında marqans oksidindən də geniş istifadə olunmuşdur. Vera və Füruzə bayaqdan bəri ondan artıq belə qab nümunələrini nömrələmiş, kitaba salmışlar. Bunlar geniş ağızlı dairəvi buludlardır. Onların ağ anqoblu səthi marqansla bəzədildikdən sonra şəffaf qurğuşun şirəsi ilə örtülmüşdür. Rəsm və bəzəklər müxtəlifdir və hamısı da şabalıdı rənglərlə bərq vurur.
Sonrakı əsrlərdə Beyləqanın şirli qablarında rəng çalarları daha da artmış və xeyli zənginləşmişdir. Artıq XII əsrdə Beyləqan dulusçuları marqans, dəmir, mis oksidlərindən geniş istifadə edərək qəhvəyi və qırmızı, sarı və yaşıl rənglərin göz oxşayan saysız-hesabsız çalarlarını ala bilmişdilər. Lakin bu ustaların bacarığı təkcə bununla məhdudlaşmamışdı. Onlar gil qabların naxışlanmasında bu rənglərdən yerli-yerində istifadə edərək özləri bilmədən əsil incəsənət nümunələri yaratmışdılar. Məişət üçün nəzərdə tutulan adi bir qab istər-istəməz gözəl incəsənət əsərinə çevrilərək insanların zövqünə oxşamış, onlara sevinc və fərəh gətirmişdi. Belə qablar şübhəsiz, orta əsr bazarlarının bəzəyi olmuş, əldən-ələ gəzmiş, gözəl və qiymətli bir töhfə kimi qorunub saxlanılmışdı. Qazıntılar zamanı Beyləqan xarabalıqlarından hələ о vaxtlar təmir olunmuş çoxlu şirli qabların tapılması buna əyani misaldır.
Beyləqanın şirli qablarındakı naxışlara da laqeyd baxmaq olmur. Onlar müxtəlif rəngli, müxtəlif mövzulu, müxtəlif üsulludur. Nəbati və həndəsi naxışlar üstünlük təşkil edir. Mövzulu rəsmlər isə nisbətən azdır.
Bəzi hallarda sənətkar bir qabı bəzəmək üçün müxtəlif üsullardan istifadə etmiş, bişmiş gilin öz gözəl keyfiyyətini, təbii rəngini göstərməyi də unutmamışdır. Belə hallarda kəsmə naxışlara üstünlük verilmişdir.
Bəli, Beyləqanın şirli qabları çox gözəldir, nəfisdir. Bəlkə də elə buna görə bu qabları bədii qablar, bədii keramika da adlandırırlar. Bəs bu tapıntıların elmi əhəmiyyəti nədədir? Niyə həmkarlarım hər bir saxsı parçasına böyük diqqət yetirir, onu böyük bir dəqiqliklə təsvir edib çöl-tədqiqat kitabına salırlar?
Hər şeydən əvvəl Beyləqanın bədii gil məmulatı bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Beyləqan dulusçularının istehsal etdikləri ayrı-ayrı qab nümunələrini başqa yerlərin gil məmulatı ilə heç cür qarışdırmaq olmaz. Götürək elə XII əsrin kasalarını və buludlarını. Bu qablar necə də böyük ustalıq və məharətlə hazırlanmışdır. Yaşıl kaşı zolaqla haşiyələnmiş qabarıq nəbati naxışlar bu qablara nə qədər də nəfislik, incəlik verir. Bəs marqans rəngli gil qabın üzərində cızılmış qeyri-adi incə bəzəklər və ya ayrı-ayrı qablar üzərində çox rəngli naxışlar? Başqa qədim şəhərlərdə və ya yerlərdə belə qablara rast gəlinmişdirmi? Əsla yox! Görünür ki, bütün bunlar bilavasitə Beyləqan ustalarının yaradıcı məhsulu olmuşdur. Sözsüz, belə yüksək bədii keyfiyyətli qablar Beyləqan dulusçularının tətbiqi incəsənət sahəsində əldə etdikləri böyük nailiyyətlərin təzahüründən başqa bir şey deyildir. Bütün bunlarla yanaşı Beyləqanın dulus istehsalı da qapalı xüsusiyyət daşımamışdı. Belə ki, bu şəhərin bədii dulusçuluq sənəti səciyyəvi xüsusiyyət daşımaqla yanaşı eyni zamanda bir tərəfdən Cənubi Qafqazın ayrı-ayrı yerlərinin – Ermənistan və Gürcüstanın, digər tərəfdən isə İran və Beynəlnəhrin dulusçuluq istehsalı ilə sıx təmasda inkişaf etmişdi. Lakin Beyləqanın yerli ustaları heç vaxt öz sənət qardaşlarını kor-koranə təkrar etməmişdilər. Bəlkə də elə buna görə onların yaratdıqları hər bir cam, hər bir dolça, hər bir bulud, hər bir kuzə xalq incəsənətinin əsil incisinə çevrilmiş, hər bir evdə bayram əhval-ruhiyyəsi yaratmışdı. Bəlkə də elə buna görə Milin ürəksıxıcı bu çiskinli-yağışlı günlərində onların ən kiçik qırığı belə otaqlarımıza bahar fəslinin təravətini, yay günlərinin gur işığını, payızın qızılı rənglərini gətirir, gözlərimizi oxşayır, qəlbimizi fərəh hissi ilə doldurur.
Qüdrət İsmayılzadə Mil düzü, Kəbirli kəndi.

Leave a comment

Your comment