THEORETICAL ARCHAEOLOGY OF ANCIENT ALBANIA IN THE JUNCTION OF XX-XXI CENTURIES

ANTİK ALBANİYANIN NƏZƏRİ ARXEOLOGİYASI XX – XXI ƏSRLƏRİN QOVUŞUĞUNDA
Mübariz Xəlilov (AMEA Arxeologiya və Etnoqrafiya institutu)
XX əsrin son rübü Albaniya arxeologiyasında özək problemlər üzrə aparılmış elmi diskussiyalar dövrü kimi xarakterizə edilə bilər. Müzakirəyə çıxarılan əsas mövzular sırasına Albaniyada arxeoloji mədəniyyət, onun formalaşma tarixi, arealı, qonşu dövlətlərin mədəniyyətləri ilə müqayisədə inkişaf səviyyəsi, alban dövləti və şəhərlərinin meydana gəldiyi dövr, qəbir tiplərinin etnomədəni mənsubiyyəti məsələləri daxil olmuşdur. Göstərilən problemlərdən yalnız birində Azərbaycan tarixçi və arxeoloqlarının yekdil fikri formalaşmışdır: albanlar mədəni inkişaf səviyyəsinə görə Qafqazdakı qonşularından geri qalmamışlar. Dulusçuluq, hərb sənəti, əkinçilik, maldarlıq və başqa sahələrdə Qafqazda ön mövqe tutmuşlar. Alban mədəniyyətinin, xüsusilə keramika istehsalı ənənələrinin qədim Dağıstan və Sarmatiya əhalisinin yaratdıqları mədəniyyətlərə güclü təsir göstər-məsi Rusiya arxeoloqları tərəfindən təsdiq edilmişdir (l,s.43,47). Lakin bu problemə münasibətdə Azərbaycanda vahid mövqeyin formalaşması keçmiş SSRİ məkanında müəyyən elmi dairələrdə ciddi narahatlıq doğurmuşdu. A.P.Novə-seltsev məsul redaktoru S.Q.Ağacanov olan kitabında tədqiqatların yeni nəticələrini “çox mübahisəli” adlandırırdı (17, s. 168-169). “SSRİ arxeologiyası” seri-yası üzrə 1985-ci ildə Moskvada (Rusiya) nəşr edilən “Qafqaz və Orta Asiyanın ən qədim dövlətləri” fundamental monoqrafiyasında bu diskussiyalara XX əsr üçün yekun vuruldu, bu və ya digər problemə elm tərəfindən qəbul edilmiş baxışlar müəyyənləşdirildi.
Əsərdə belə bir çox mühüm nəticə qeyd olundu ki, Albaniyanın bütün ərazisində lokal variantlara malik vahid alban mədəniyyəti mövcud olmuş, lokal variantlar özünü dəfn ayinlərində daha qabarıq büruzə vermiş, bu variantların formalaşmasına antik dünya ilə əlaqələr də öz təsirini göstərmişdir (4, s.105). Daha sonra əsərdə belə yazılır: “Beləliklə, iki müstəqil arxeoloji mədəniyyət -Yaloylutəpə və küp qəbirləri mədəniyyətlərinin mövcudluğu haqqında fikrə indi yenidən baxılmalıdır” (4, s. 105). Vahid dövlət çərçivəsində qoşa mədəniyyətlər fikrinin elm tərəfindən təkzib edilməsinə, küp qəbirlərin antik dövrdə bütün cənubi Qafqazda yayılmasına, Albaniyada küp qəbirlərinin xronologiyasının küp qəbirləri “mədəniyyəti” dövründən daha geniş olmasına (18) baxmayaraq, Azərbaycan alimlərinin əsərlərində “Yaloylutəpə mədəniyyəti”, “Küp.qəbirləri mədəniyyəti” kimi köhnəlmiş terminlərə indi də təsadüf edilir. “Yaloylutəpə” orfoqrafiya baxımından da səhv termindir. Çünki bu toponimin əsil forması “Yaloqluq təpələri”dir (14, s.3). “Yaloylutəpə mədəniyyəti” termininin parallelled kimi Gürcüstan arxeologiyasında “Alazan-Yaloylutəpə mədəniyyəti” və hətta “Ereti mədəniyyəti” terminləri də tətbiq edilmişdir (20, s.7, 204). Bütün bu qarışıqlıqlara son qoymaq üçün Albaniyanın vahid mədəniyyətini “Erkən alban mədəniyyəti” adlandırmaq məqsədəuyğun olardı. Bu terminlə həmin mədəniyyət Albaniyanın feodal mədəniyyətindən do fərqləndirilmiş olardı. Yaradıcıları məlum olan
bütün arxeoloji mədəniyyətlər dünya elm praktikasında müvafiq etnosun adı ilə adlandırılır. Bu terminoloji ziddiyyətlərdən istifadə edən erməni tarixşünaslığı 1987-ci ildə belə bir ideya irəli sürdü ki, Albaniyada guya parallel mövcud olmuş 2 mədəniyyətdən biri – küp qəbirləri “mədəniyyəti” Kür çayının sağ sahilində formalaşmış və erməni mədəniyyətinin bir ünsürünü təşkil etmişdir. Bu zaman, şübhəsiz ki, küp qəbirlərin, həmçinin Dağlıq Qarabağda aşkar edilməsi (21, s.77) nəzərə alınmışdır. Beləliklə, guya Dağlıq Qarabağın hələ antik dövrdən ermənilərə məxsus olması öz arxeoloji təsdiqini tapmış olur. Azərbaycan tarixçilərinin buna ilk etirazı 1990-cı ildə səsləndi (9, s.25). Bir sıra Azərbaycan tarixçilərinin Dağlıq Qarabağın ilk orta əsrlərdə qeyd edilən Artsax adı ilə antik Orxistena adını eyniləşdirmələri erməni tarixçilərinin işini bir qədər də asanlaşdırır. Çünki I əsrdə yazmış Strabon qətiyyətlə Orxistenanı Ermənistan vilayətlərindən biri kimi təqdim etmişdir (“coğrafiya”, XI kitab, XIV fəsil, § 4). Doğrudur, həmin Azərbaycan tarixçiləri Strabonla razılaşmırlar, lakin bu zaman onun fikrini təkzib etmək üçün uğursuz cəhdlər edirlər (16, s.104; 9, s.210). Son tədqiqatlar göstərmişdir ki, Orxistena Arxestiya (Van) gölü sahilində yerləşmiş və Dağlıq Qarabağa heç bir aidiyyəti olmamışdır (25). Təəssüf ki, indi də bu çox mühüm elmi nəticənin üstündən sükutla keçilir, yenə də əvvəlki kimi Orxistena Azərbaycanda nəşr olunan kitab və dərsliklərdə, xəritələrdə və geniş yayılması nəzərdə tutulan təqvimlərdə Dağlıq Qarabağın yerində göstərilir. Dağlıq Qarabağın erkən alban mədəniyyəti arealına daxil olmasına heç bir şübhə ola bilməz.
Alban mədəniyyətinin arealı ilə əlaqədar XX əsrin sonunda elm tərəfindən təsbit edilmiş çox mühüm arxeoloji nəticələrdən birinə görə, Dağıstanın dağlıq hissəsi Albaniya dövləti hüdudlarına (3, s.91-101; 23, s.69) və alban mədəniyyəti arealına daxil olmamışdır (4, s.93). Albaniyaya Dağıstanın Xəzəryanı ərazisinin bir hissəsi daxil olmuşdur. 1937-ci ildə Gürcüstan arxeoloqu, professor Q.K.Nioradzenin Alazan vadisindəki tədqiqatları erkən alban mədəniyyəti arealının qərb hüdudlarının Gürcüstanın Kaxetiya bölgəsini də əhatə etdiyini müəyyənləşdirdi. Bu zonanın əzəli alban torpaqları olması yazılı mənbələrdə də öz əksini tapmışdır (3, s.92-94). 1985-ci ildə “SSRİ arxeologiyası” kitabında Albaniya mədəniyyətinin arealını əks etdirən xəritənin çap edilməsi Azərbaycan arxeologiyasının çox böyük uğuru idi (4, s.94, şəkil 6). Sovet arxeologiyası tərəfindən tanınmış bu xəritədə Albaniyanın vahid mədəniyyətinin nəinki Kür çayının sol sahilində, həmçinin ermənilərin iddia etdikləri sağ sahilində də yayılması göstərilmişdir. Bu areal Albaniyanın tarixi sərhədləri ilə (3; 16) üst-üstə düşür. Güman etmək olar ki, gələcək arxeoloji tədqiqatlar Albaniyanın Xəzəryanı bölgəsində də erkən al¬ban mədəniyyəti abidələrini üzə çıxarmağa imkan verəcəkdir. Hələlik e.ə. IV-II1 əsrlərə aid alban abidələrinin yayıldığı ərazinin ən ucqar şərq hüdudu Pirsaatçay hövzəsidir. Yazılı mənbələrdə albanların Xəzər dənizi sahillərində də yaşadıqları və bu dənizin hətta Alban dənizi kimi parallel adı olduğu göstərilmişdir.
Alban mədəniyyətinin mənşəyi məsələsi – xüsusi tədqiqata ehtiyacı olan problemlərdən biridir. Doğrudur, hələ XX əsrin əvvəllərindən başlayaraq, bir sıra arxeoloqlar alban keramikasının Ön Asiya mənşəli olduğunu qeyd etmişlər (14, s.66). Lakin protoalban mədəniyyətinin On Asiyada formalaşdığı zonanı lokallaşdırmaq hələlik mümkün olmamışdır. Protoalbanların Naxçıvan – cənubi Azərbaycan – Şimali İran etno-mədəni məkanından Kür çayı sahillərinə yayıldıqlarını güman etmək olar. Bu prosesin xronologiyasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Bu baxımdan, diqqətəlayiq cəhətlər sırasında Mingəçevirin alban qəbirlərin-dən (torpaq və küp) və e.ə. VII – V əsrlərə aid torpaq qəbirlərindən aşkar edilmiş antropoloji materialların bir-birindən fərqlənməsini (14a, s.41), Albaniyanın Qəbələ və Şamaxı şəhərlərinin bilavasitə ilk tunc dövrü təbəqəsi üzərində meydana çıxmasını göstərmək olar. Bu şəhərləri salan albanlar yalnız e.ə. IV əsrdən etibarən burada məskunlaşmış və nisbətən qısa bir müddət ərzində öz yaşayış yerlərini şəhərlərə çevirmişlər. Tarixin dar zaman kəsiyində bu işin öhdəsindən yalnız hazır şəhərsalma ənənələrinə malik bir etnos gələ bilərdi və bu ənənələrin də kökü Ön Asiyaya gedib çıxır. Gələcək Albaniyanın Əhəməni imperiyası tərkibin-də olması amili burada müstəqil dövlətin yaranmasından əvvəl e.ə. VI – V əsrlər-də satrap mərkəzləri kimi bəzi şəhərlərin yaranmasına gətirib çıxarmalı idi. Gələcək Albaniya ərazisində məskunlaşmış qəbilələr imperiyanın 2 satraplığına daxil idilər. Sarıtəpə abidəsində (Qazax rayonu) arxeoloji qazıntılar nəticəsində aş-kar edilmiş möhtəşəm saray qalıqları belə satrap mərkəzlərindən biri ilə əlaqələndirilmişdir.
Alban şəhərsalma ənənələrinin zənginliyi qədim yunan müəllifi Klavdiy Ptolcmcyin (II əsr) qeyd etdiyi 29 alban yaşayış məntəqəsinin sayının 26 alban qəbiləsinin sayına təqribən uyğun gəlməsi haqqında irəli sürülmüş fikri təkzib edir (6, s.58-59, 178-179). 29 yaşayış məntəqəsi sırasına təkcə şəhərlər deyil, həm də kəndlər daxil idi. Deməli, irəli sürülən ideyaya əsaslansaq, bəzi qəbilələrin mərkəzləri şəhərlərdə, digərlərininki isə kəndlərdə yerləşirdi. Lakin Albaniya qəbilələrinin vahid mədəniyyət çərçivəsində inkişaf səviyyəsinə görə bir-birindən bu qədər fərqlənmələri real görünmür. Albaniyada iri yaşayış məntəqələrinin qəbilə mərkəzləri kimi formalaşması fikrinin əsassızlığını göstərən daha bir mühüm amil ondan ibarətdir ki, K.Ptolemeyin “coğrafi təlimnamə” əsərində (V kitab, XI fəsil, § § 1-7) Albaniyanın yalnız Kür çayının sol sahilindəki yaşayış məntəqələri qeyd edilmişdir, 26 qəbilə isə Kürün hər iki sahilində məskunlaşmışdı.
Ümumiyyətlə, gələcəkdə alban şəhər mədəniyyəti problemi üzrə tədqiqat-ların daha intensiv aparılmasına ehtiyac vardır. Təsadüfi deyildir ki, “SSRİ arxeologiyası” əsərində Qafqaz arxeologiyasının “ağ ləkələri” sırasında Albaniya şəhərləri, xüsusilə şəhər sənətkarlığı, yaşayış tikililəri kimi problemlərlə bağlı materialların məhdudluğu xüsusi qeyd edilmişdir (4, s. 13). Rusiya arxeoloqu G.A.Koşelenkonun obrazlı ifadəsi ilə desək, bu zaman Albaniyada “urbanizasiya partlayışı” baş vermişdi (4, s.l 13). Təəssüf ki, alban şəhərlərinin tədqiqi səviyyəsi bu “partlayışa” uyğun deyildir. Antik Qəbələdə indiyədək aparılmış qazıntı işləri paytaxt şəhər mənzərəsini bərpa etməyə imkan verməmişdir. Gələcək tədqiqatlara Gürcüstanın Alazan vadisindəki alban şəhərgahlarından əldə edilmiş materialların da cəlb edilməsi zəruridir.
Əhəməni imperiyasının süqutundan sonra e.ə. IV əsrin sonunda Albaniyada bir sıra qəbilələrin müstəqil dövlətləri meydana çıxmışdır. Siyasi pərakəndəlik e.ə. III əsrin əvvəllərində də mövcud olmuşdur. Bu hal Patroklun e.ə. III əsrin əvvəllərinə aid hesabatından məlumdur. Məhz belə alban dövlətlərindən birinin hökmdarı Makedoniyalı İsgəndərlə əlaqə yaratmışdır. E.ə. IV əsrin sonu – III əsrin əvvəlində Albaniyada kiçik miqyasda olsa da pul tədavülü mövcud olmuş-dur. Bunu Patrokla əsaslanan Strabon təsdiq edir. “Alban tarixi” əsərindən (I kitab, fəsil 3-4) vahid Alban dövlətinin təqribən e.ə. 192-ci ildə qurulduğu anlaşılır. Müəyyən arxeoloji dəlillər mərkəzləşdirilmiş dövlətin yaranma prosesinin bəzi məqamlarında zor tətbiq edildiyini göstərir. Məsələn, Samexiya şəhərinin qalıqları olan Xınıslı şəhərgahında (Şamaxı r-nu) e.ə. IV-III əsrlərdə ölüləri quyu qəbirlərdə dəfn edən alban qəbiləsinin məskən saldığı müəyyənləşdirilmişdir. Təqribən c.ə. III əsrin sonu – II əsrin əvvəlində şəhərgahda güclü yanğın və dağıntılar qeydə alınmışdır. Məhz bu zamandan etibarən ölüləri küp və torpaq qəbirlərdə dəfn edən alban qəbilələri də şəhərdə məskunlaşmışlar. Görünür, bu, müxtəlif alban dövlətləri arasındakı toqquşmaların əksidir. Torpaq və küp qəbirlərin daha geniş yayılması bu abidələrlə bağlı alban qəbilələrinin daha güclü, çoxsaylı olmasını və vahid dövlətin yaranma prosesinin məhz bu alban qəbilələri ilə bağlı olduğunu göstərir. Sonrakı quyu qəbirlərdə ölünün yarım küpün içində dəfn edilməsi halı müxtəlif qəbilələrin bir-birinə daha sıx yaxınlaşması prosesin-don xəbər verir. Mərkəzləşdirilmiş dövlətin yaranma tarixi vahid mədəniyyətin formalaşma dövrü ilə üst-üstə düşməyə də bilər. Vahid erkən alban mədəniyyəti e.ə. IV – y.e. III əsrləri arasında mövcud olmuşdur. Vahid mədəniyyət dövlət quruluşu olmayan bir şəraitdə də yarana bilər. Məsələn, Kür-Araz ilk tunc dövrü mədəniyyəti, cənubi Qafqazın mərkəzində son tunc – ilk dəmir dövrü mədəniyyəti çox geniş əraziləri əhatə etsələr də, həmin dövrlərdə cənubi Qafqazda hər hansı bir dövlətin mövcudluğu müəyyən edilməmişdir. Vahid mədəniyyətin yaranmasına gətirib çıxaran qəbilələr arası əlaqələrin intensivliyi başqa amillərdən də asılı ola bilər. Məsələn, alban qəbilələrinin Əhəməni imperiyası tərkibində olması onları sıx yaxınlaşdıran bir cəhət olmuşdur. Vahid mədəniyyətin formalaşması tarixi çox güman ki, alban etnosunun genezisi prosesinin başa çatması tarixi ilə üst-üstə düşmüş və e.ə. IV əsrlə bağlıdır. Doğrudur, albanlar hələ e.ə. IV əsr-dən xeyli qabaq fəaliyyət göstərmiş əfsanəvi Yason və arqonavtlarla əlaqədar yazılı mənbələrdə xatırlanmışlar. Lakin albanların əfsanəvi deyil, e.ə. IV əsrdə baş vermiş real hadisələrlə əlaqədar xatırlanması daha önəmli olub, onların etnik formalaşma prosesinin məhz bu zaman başa çatdığını göstərir.
E.ə. IV əsrdən başlayaraq, Albaniya ərazisində vahid mədəniyyət çərçivəsində torpaq, küp, quyu, saxsı təknə qəbirlərinin yayılması, onların müxtəlif alban qəbilələrinə mənsub olması fikri artıq XX əsrin sonunda elmdə qəbul edilmişdir (4, s. 101-102). Saxsı təknə qəbirlərin Parfiya ilə etnik əlaqələri əks etdirməsi ideyası (2, s.200-201) bu fonda fərziyəsi çərçivəsi hüdudlarını aşa bilməmişdir. Saxsı təknə, küp, daş qutu və s. qəbir tiplərini başqa bir mədəniyyət – zərdüşt mədəniyyəti ilə bağlamaq cəhdləri edilmiş və bu şeylər indi də davam etdirilir (19, s.70-71). Ümumiyyətlə, bir çox qədim xalqlarda mövcud olmuş oda inamı bütün hallarda zərdüştilik ilə əlaqələndirmək böyük xətadır və Albaniyanın daş qutu qəbirlərinə münasibətdə belə bir mövqe (10, s.59, 71) ciddi tənqidə məruz qalmışdır (7, s.81). Zərdüştilik üçün, adətən, meyidin əvvəlcədən təmizlənmiş sümüklərinin nizamsız topa şəklində dəfn edilməsi xarakterik olduğu halda, Albaniyada cəsədi torpaqdan ayıran qəbir tiplərində skelet sümükləri anatomik düzülüşə malikdir. Bundan başqa, küp, saxsı təknə, daş qutu kimi qəbirlərin ilk nümunələrinin meydana gəlməsi tarixi zərdüşti dininin formalaşmasından çox-çox əvvəllərə aiddir və onların yayıldığı ərazi İran hüdudlarından qat-qat genişdir. Yazılı mənbələrdə zərdüşti dininin Albaniyada geniş intişar tapması haqqında heç bir məlumat yoxdur. Albaniyada küp və saxsı təknə qəbirlər etno-mədəni pora-kəndəliyi deyil, alban qəbilələrində eyni dini inama əsaslanan dəfn ayinində müxtəlif tipli saxsı dəfn qablarından istifadə edildiyini göstərir. Erkən alban mədəniyyətinin formalaşma prosesinin başa çalmasından xeyli sonra yayılmış çiy kərpic sərdabələrin arxeoloji qazıntılarını aparmış Y.Hummel bu abidələrin yerli əhaliyə mənsub olması fikrinə daha çox üstünlük vermişdir, lakin bu zaman hə-min abidələrin yunan-Roma koloniyası ilə bağlılığını da istisna etməmişdir (12, s.160). Bəzi çiy kərpic sərdabələrdə dəfn küplərinin yerləşdirilməsi (13, s.54) mədəni inkişaf istiqamətlərinin kəsişməsindən xəbər verir. Çiy kərpic sərdabələrin Albaniyadan cənubda – Parfiya ərazisində yayılmasına diqqət yetirilmişdir (21, s.106). XX əsrin 90-cı illərində bu abidələrin Albaniyaya cənubdan köçmüş əhali ilə əlaqədar olması ideyası irəli sürülmüşdür (23, s.74; 11). E.ə. IV-I əsrlər-də Albaniyada molum olmayan katakomba qəbirlərinin I əsrdən başlayaraq Qərbi Albaniyada yayılması daha qızğın diskussiyalar doğurmuşdur. Bu qəbirlərin şimal köçərilərinin təsiri altına düşmüş yerli əhaliyə (8, s.30,32), alanlara (15, s.44), cənubdan gələn mədəniyyətin təsiri altına düşmüş albanlara (21, s. 101,103) məxsus olması haqqında ideyalar irəli sürülmüşdür. Son tədqiqatlar axırıncı fikrin reallığını təsdiq etmişdir. Məlum olmuşdur ki. taxta qutulu katakombalar və habelə taxta qutu qəbirlər Albaniyaya cənubdan yayılmış və gəlmə əhaliyə mənsub olmuşdur. Dəfn küplərinin yerləşdirildiyi katakombalar isə albanlara məxsus olmuşdur (23, s.71-74). XX əsrin sonunda katakombalarla bağlı belə bir fikir elm-do qəbul edilmişdir ki, həmin qəbir abidələri Albaniyaya cənub istiqamətindən yayılmış və albanların bir qisminin də dəfn ayinlərinə daxil olmuşdur (4, s.102-103). Lakin qeyd etmək lazımdır ki, çiy kərpic, katakomba, taxta qutu qəbirlərinin e.ə. IV-III əsrlərə aid nümunələri gələcəkdə aşkar olunarsa, həmin abidələrin albanlar üçün də əvvəldən xarakterik olması fikri irəli sürülə bilər.
Ümumiyyətlə, Albaniyada cərəyan edən etnik proseslər XX əsrin sonunda Qafqaz arxeologiyasında fəal diskussiya mövzusu olan problemlər sırasında qeyd edilmişdir (4, s. 12). Yuxarıda qeyd olunan “SSRİ arxeologiyası” əsərinin Rusiya və Qafqaz arxeoloqları tərəfindən yazılmış giriş hissəsində belə deyilir: ‘Türkdilli xalqların buraya nə vaxt gəlməsi ən mübahisəli məsələdir. Qəbul edilmiş fikrə zidd olaraq, bəzi tədqiqatçıların nöqteyi-nəzərincə, qədim Azərbaycanın əhalisinin əsas hissəsi türkdilli olmuşdur” (4, s.13). Beləliklə, bu problemlə bağlı mövqedə bir irəliləyiş nəzərə çarpır. Əvvəllər bu ideyanın irəli sürülməsi elmdən uzaq bir hal kimi xarakterizə olunurdusa, XX əsrin sonunda bu problemə “mübahisəli məsələ” statusu verilmişdir. Həmin fundamental əsərin G.A.Koşelenko tərəfindən yazılmış nəticə hissəsində Albaniyanın geniş köçəri xalqlar dünyası ilə əlaqələrinin çox böyük rol oynaması etiraf edilmişdir (4, s. 108). Albanların köçəri xalqlarla etnik mənşə cəhətdən qohum olması haqqında antik və ilk orta əsr müəlliflərinin məlumatlarına son vaxtlar bir sıra arxeoloji arqumentlər də əlavə olunmuşdur. Bunların sırasına öldürülmüş düşmənlərlə bağlı dəfn ayinini, alban daş heykəllərini və s. aid etmək olar (22; 24). Albaniyanın 26 qəbiləsinə heç də eyni parametrlə yanaşmaq olmaz. Alban qəbilə ittifaqına etnik alban qəbilələri ilə yanaşı bir sıra Qafqazdilli qeyri-alban qəbilələrin də daxil olduğu şübhəsizdir. Məsələn, udinlər XVIII əsrin əvvəlində “biz ağvanıq, milliyyətimiz udindir” deməklə, etnik mənşələrinin albanlardan fərqli olduğunu qabartmış, yalnız Albani¬ya əhalisinin bir hissəsi kimi alban adlandırıldıqlarını bildirmişlər. Qeyri-alban əhalinin sayı və məskunlaşdırdığı ərazi albanlarla müqayisədə məhdud olmuşdur. Bunu Strabon da təsdiq edərək yazır ki, alban və iber qəbilələrini çıxmaq şərti ilə digər Qafqaz qəbilələri çox kiçik ərazilərə malikdirlər (“coğrafiya”, XI kitab, II fəsil § 19). Deməli, buna müvafiq olaraq həmin Qafqaz qəbilələri azsaylı etnik qruplardan ibarət olmalı idilər. Bunu Plutarx (I-II əsrlər) da təsdiq edərək yazır ki, Qafqazda ən çoxsaylı qəbilələr albanlar və iberlərdir («Ротреу», XXXIV). Lakin Albaniyada Qafqazdilli əhalinin sayı onlara vahid alban mədəniyyətinə yiyələnməkdə maneə ola bilməzdi və bu mədəniyyətin təşəkkülünə onların da müəyyən töhfə verdiyi şübhəsizdir.
Gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar erkən alban mədəniyyətinin real inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Bəzi tədqiqat əsərlərində bu prosesi qabaqlamaq üçün edilən cəhdlərə, əlbəttə ki, ehtiyac yoxdur. Məsələn, bir sıra hallarda Azərbaycan antikvarlarına məxsus maddi-mədəniyyət nümunələri Albaniya mədəniyyəti ilə bağlı problemlərin həllində mənbə kimi istifadə edilmişdir (5, s.8,11). Lakin bu halda həmin antik əşyaların Azərbaycana başqa ölkələrdən yaxın zamanlarda gətirilə bilməsi imkanı nəzərə alınmamışdır. Şübhəsiz, belə tədqiqat üsulları yolverilməzdir və bunlara son qoyulmalıdır. Hələlik erkən alban mədəniyyəti yerli əhalinin aşağı və orta təbəqələri səviyyəsində aşkar edilmişdir. Halbuki həmin səviyyənin özü də kifayət qədər yüksəkdir. Kübar alban mədəniyyətinin üzə çıxarılması yalnız alban hökmdar nəsli və zadəganlarının qəbirlərinin tapılmasından sonra mümkün olacaqdır.

ƏDƏBİYYAT
1. Абрамова М.П. К вопросу о связях населения Северного Кавказа сарматского времени. – СА, 1979, № 2.
2. Алиев Играр, Османов Ф.Л. Бассейн рек Геокчай-Гирдманчай-Ахсучай в античное время. – СА, 1975, № 1.
3. Алиев Кемал. Кавказская Албания (I в. до н.э. – I в. н. э). Баку, 1974.
4. Археология СССР. Древнейшие государства Кавказа и Средней Азии. Москва, 1985.
5. Бабаев И.А. Памятники глиптики Азербайджана античной эпохи и раннего средневековья. Автореферат кандидатской диссертации. Баку. 1965.
6. Бабаев И.А. Города Кавказской Албании в IV в. до н.э. – III в. н.э. Баку, 1990.
7. Гаджиев М.С. Погребальные памятники Южного Дагестана позднеалбанского и ран несредневекового времени (I-VII вв.). – В сборнике статей: Обряды и культы древнего и средневекого населения Дагестана. Махачкала, 1986, с. 71-89.
8. Qazıyev S.M. iki küp və iki katakomba qəbiri. – AMM, III c, Bakı, 1953, s.5-35.
9. Qeybullayev Qiyasəddin. Qarabağ. Bakı, 1990.
10. Геюшев Р.Б. Христианство в Кавказской Албании. Баку, 1984.
11. Гошгарлы Гошгар. Античная Кавказская Албания в системе международных от-
ношений в Y-I вв. д.н.э. – Международная научная конференция “Этнокультур¬ное наследие Кавказской Албании”, Баку, 2001.
12. Гуммель Я.И. Археологические очерки. Баку, 1940.
13. Ионе Г.И. Мингечаурские кувшинные погребения с оружием. — КСИИМК, вып. 60. Москва, 1955, с.54-62.
14. Исмизаде О.Ш. Ялойлутепинская культура. Баку, 1956.
14а.Касимова P.M. Антропологическое исследование черепов из Мингечаура. Баку, 1960.
15. Кузнецов В.А. Новые данные по аланской культуре Северного Кавказа и ранне-
средневековый Дагестан. – Тезисы докладов на научной сессии Института ИЯЛ им. Г.Цадасы Даг. Филиала АН СССР, посвященной археологии Дагес¬тана. Махачкала, 1959, с.43-45.
16. Мамедова Фарида. Политическая история и историческая география Кавказской
Албании (III в. до н.э. – YIII в.н.э.). Баку, 1986.
17. Новосельцев А.П. Генезис феодализма в странах Закавказья. Москва, 1980.
18. Нуриев А.Б. Новые данные о датировке культуры кувшинных погребений Азер-
байджана. – Материалы СПИАЭИ в 1964 г. в СССР. Баку, 1965, с. 114-115.
19. Osmanov F.L. Azərbaycanda küp qəbirlərinin meydana gəlməsi və yayılması məsə-
ləsinə dair. – AMM, X c. Bakı, 1987, s.69-96.
20. Труды Кахетской археологической экспедиции (1965-1966гг.), I. Тбилиси, 1969.
21. Халилов Дж.А. Материальная культура Кавказской Албании (IV в.до н.э. – III
в.н.э.). Баку, 1985.
22. Халилов М.Дж. Каменные изваяния Азербайджана (II пол. I тыс. до н.э. – I тыс.
н.э.). Автореферат кандидатской диссертации. Москва, 1988.
23. Халилов М.Дж. Сарматия-Кавказская Албания: границы, контакты (I в. до н.э. -
II в.н.э.) .- В сборнике: Античная цивилизация и варварский мир, ч. I. Новочер¬касск, 1992, с.68-75.
24. Халилов Мубариз. О происхождении одного погребального ритуала албанов. -
Международная научная конференция “Этнокультурное наследие Кавказской Албании”, Баку, 2001.
25. Xəlilov Mübariz. Strabona Artsax məlum idimi? – “Tarix”, 7 mart 1991.

Comments (1)

THOMASSeptember 9th, 2010 at 11:38


CheapTabletsOnline.Com. Canadian Health&Care.No prescription online pharmacy.Special Internet Prices.Best quality drugs. Low price drugs. Order drugs online

Buy:Soma.Zithromax.Viagra Soft Tabs.Viagra.Super Active ED Pack.Cialis Professional.Cialis Soft Tabs.VPXL.Tramadol.Viagra Super Active+.Propecia.Viagra Professional.Viagra Super Force.Cialis.Levitra.Cialis Super Active+.Maxaman….

Leave a comment

Your comment