THE WEDDING TRADITIONS OF AZERBAIJANI

TOY ADƏTLƏRİMİZ HAQQINDA
Sevil Yusifova
(AMEA-nın Arxeologiya və Etnoqrafiya istitutu)
Ailə məişətinin tədqiqində toy adətlərinin araşdırılması mühüm yer tutur. Məhz bu adətlərlə ailənin əsası qoyulur, yeni qohumluq münasibətləri formalaşır. Mənbələrə və toplanmış çöl etnoqrafik materiallarına əsaslanaraq demək olar ki, Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da strukturuna görə toy adətləri üç yerə bölünür: toyaqədərki adətlər, toyun özü və toydansonrakı adətlər. Nə dərəcədə oxşar olsa da, ayrıca etnoqrafik zona olmaqla Naxçıvanda toy adətlərinin özünəməxsus xüsusiyyətləri vardır.
Toyaqədərki adətlər öz xarakterinə görə üç hissədən ibarətdir: «Qız bəyənmə», «Elçilik» və «Nişan»
«Qızbəyənmə» dərin tarixi kökləri olan adətlərdən biri kimi xalq arasın-da müxtəlif adlarla tanınır: «gözaltı etmə», «qız seçmək», «qız axtarmaq» və s.
Hələ çox əski zamanlardan oğlan özü qız seçib bəyənərmiş. Bu bizim qədim folklor nümunələrində geniş şəkildə əks olunmuşdur. Xüsusən də «Kitabi Dədə Qorqud» dastanında qızbəyənmə adəti diqqəti cəlb edir (1). Sonrakı inkişaf mərhələsində, xüsusən islamlaşmadan sonra bu vəzifəni daha çox oğlanın atası, anası, bacısı və yaxud başqa qohumları yerinə yetiribdilər. Gözaltı olunan qızın ailə vəziyyəti, səhhəti, xarici görkəmi, xasiyyəti, evdar-lığı hərtərəfli öyrənilirdi. Qızların ərə verilməsində başlıca rolu onun valideynləri, əsasən də atası oynayırdı. Lakin bəzi hallarda oğlan qızı toyda, bulaq başında və ya digər yerlərdə görüb bəyənərdi. Oğlanın ağsaqqal və ağ-birçəkləri onun seçimi ilə razı olsaydılar, qızı və onun ailəsini ətraflı öyrənəndən sonra «söz alma» adətinə əməl edilirdi. Xalq arasında buna «hə alma» da deyilir (2).
«Elçilik». Qız tərəfi qohumluğa razılığını bildirəndən sonra oğlan evinə xəbər verilir ki, elçi gələ bilərlər.
Elçiliyə adətən axşam gedirdilər ki, başqaların bundan xəbəri olmasın. Ənənəvi olaraq hər iki tərəfdən hörmətli ağsaqqallar iştirak edirdilər. Adətə görə qızı ilk elçilik zamanı vermirlər. Bəzən elçilər qız evinə bir neçə dəfə gedirlər. Bir cəhəti də qeyd etmək lazımdır ki, nəticəsindən asılı olmayaraq elçilərə qarşı hörmətsizlik etmək olmazdı, əksinə, onlara nəzakətlə yanaşılırdı.
Razılıq verildikdən sonra ortaya şirniyyat gətirilir. Elçilərə şirin çay verib deyirdilər: «Şirin olsun. Qohumluğumuz axıracan olsun. Qoşa qarısınlar». Burada tərəflər «kəsibiçi», «söz kəsmə» adətinə əməl edirlər, yəni oğlan evinin qız evinə verəcəyi toy xərci müzakirə olunurdu. Bütün razılaşmalar
əldə olunduqdan sonra oğlan anası qızın başına yaylıq bağlayıb və bəzən üzük də verirdi. Bununla da «bəlgə vermə» mərasimi icra olunurdu.
«Nişan taxma», «şirinlik» xalq arasında: «nişan taxma», «şirinlik», «qənd-qırma», «şirin», «şirin içmə», «şərbət» və s. adlarla tanınır. «Nişan taxma» qız evində çox təntənəli surətdə icra olunur. Bəzi yerlərdə bura qohumlar, yaxın adamlar dəvət olunur. Lakin kiçik kəndlərdə bütün camaat iştirak etdiyinə görə «nişan taxmaya» «elcari şirinlik» də deyirlər.
Nişan taxmada adətən qadın və kişi məclisləri bir-birindən ayrı keçirilərdi. Çox şənliklə keçirilən məclisdə dəvət olunanlara gəlinə gətirilmiş paltarlar nümayiş etdirilir. Onun başına yaylıq örtülür və barmağına üzük taxılır. Bütün bunları icra edənə (oğlanın bacısına) xələt verilir.
Naxçıvanın bəzi kəndlərində kəllə qəndin başını qırıb çay və yaxud müəyyən olunmuş xələtlərlə oğlana göndərilirdi və pay gətirən bəxşiş alırdı (3).
Şirinlikdən hamı bir tikə qənd götürüb özü ilə evinə aparırdı ki, onun ailəsinin cavanlarına da toy qismət olsun.
Nişan taxmadan sonra nişanlıq dövrü başlanır. Oğlan tərəfi Novruz və Qurban bayramlarında nişanlı qıza pay aparırdı. Təzə meyvələrdən ona nübar göndərilirdi. Muxtar respublikanın Xıdır bayramı qeyd edilən yerlərində gəlin evindən bəyə pay aparmaq indi də bir el adəti kimi qalmaqdadır. Nişanlıq dövründə oğlanı qız evinə qonaq dəvət edirlər. «Ayaq açdı», «Bəyin ayaqaçdısı» adlanan bu adət oğlanın qız evinə sərbəst gedib-gəlməsi üçün edilirdi. Adətən belə qonaqlıqda oğlanın dostları, bəzən onun valideynləri və qızın qardaşları iştirak edirlər. «Ayaq açdı» mərasimindən sonra oğlana yalnız nəzarət altında qızla görüşməyə icazə verilirdi. Nişanlıq müddətində oğlan və qız evi toya hazırlaşırlar.
Toy. Toydan öncə «toy məsləhəti» icra olunurdu. Oğlan və qızın ağsaqqalları toyun hazırlığına dair məsləhətləşmələr aparırdılar. Bu zaman oğlan tərəfinin qız evinə çatacağı toy xərcinin həcmini dəqiqləşdirirlər. El arasında buna «kəsmət kəsmə», «kəsmət etmə», «kəsibiçi» də deyilirdi.
Toy ərəfəsində oğlan və qız evində toy çörəyi bişirilirdi. Qohum və qonşular müxtəlif hədiyyələrlə təbriklər üçün təndir üstünə gəlirlər.
Toyun birinci günü, bəzi kəndlərdə isə toya bir həftə qalmış «paltar biçmə», «parça biçimi», «раrçа араrmа» mərasimi keçirilirdi. «Paltar biçmə» qadınlar tərəfindən icra olunan qədim təmtəraqlı adətlərimizdən biridir. Parça aparmaq üçün oğlan evinin yaxın qohumları, qonşuları çağırılırdı. Dəvət olunanların hədiyyələrini də əlavə edərək xonçalar (tabaqlar) bəzədilib gəlin evinə, bir sıra yerlərdə musiqiçilərin müşayiətilə aparılırdı.
Adətə uyğun olaraq gəlinə paltar biçmədən qabaq dərzi elan edir ki, «qayçı kəsmir, itilənməlidir». Bəy və gəlinin qohumları parçanın üstünə pul atırlar, dərziyə xələt verilir və şənlik davam edir. Naxçıvan toyları bütün Azərbaycanda olduğu kimi payız aylarında başlayırdı və 3-4 gün davam edərdi. Toyun birinci günü «yığıncaq» adlanırdı və çox şux və dəbdəbəli keçirdi. Ordubad şəhərində və ətraf kəndlərdə qadın və kişi toyları ayrı-ayrı olurdu. Digər bölgələrdə isə toylar qarışıq keçirilmişdir. Toyun ikinci günü «xına gecəsi» adlanır. Gündüz şənliklərindən sonra gecə oğlan evindən qıza musiqi ilə xama tabağı aparılır. Xına toy, şadlıq rəmzi daşıyaraq gəlinin əl və ayaqlarına yaxılırdı. Bu mərasim böyük təmtəraqla icra olunur, bəy üçün xına payı göndərilirdi. B.Abdullanın məlumatından aydın olur ki, xına ilə bağlı adətlər Azərbaycanın digər bölgələrində də geniş yayılmışdır (4).
Toyun sonuncu günü şəhərlərdə və hamam olan kəndlərdə bəyin və gəlinin hamama getmə mərasimləri təntənəli surətdə keçirilirdi. Gəlin gələcək ər evinə köçürülmək üçün bəzəkçi tərəfindən bəzədilərdi.
Gəlin atası evindən çıxmamışdan öncə bəyin qardaşı və ya atası onun belini üç dəfə bağlayırdı. Atası qızına xeyir-dua verir. Gəlinin oğlan evinə aparılması «gəlin араrmа», «qız köçürmə» adlanırdı. Gəlin köçən zaman «qapı kəsmə» icra olunur və adətə görə qapı kəsənə «qapı pulu» verilir. Gəlinin ata ocağının başına dolanmaq, onun üzünə güzgü (ayna) tutmaq, toyuq və çıraq vermək, başına buğda, pul, şirniyyat, alma atmaq, qucağına oğlan uşağı oturtmaq deyilən mərasimin əsas atributlarındandır. Xalqımızın inamlarına görə bütün bunlar dini-magik mahiyyət daşıyaraq yeni ailə quranların xoşbəxt, dövlətli, çoxuşaqlı olmalarına xidmət edir.
«Duvaq», «duvaq qapma» mərasimi toydan sonrakı adətlərə daxildir. Toyun səhərisi gəlinin başından örpəyi (duvağı) oğlan uşağı qaparaq onu barlı ağacın üstünə atardı. Bu təzə gəlinin tezliklə ana olması mənasını daşıyır.
Bir sıra kəndlərdə duvaq günü qızın cehizləri oğlan evinə gətirilir. Toydan 3 gün sonra cavanlar «üzə çıxma», «əl öpmə» adətinə uyğun olaraq qızın ata evinə qonaq çağırılırlar.
Muxtar respublikanın ərazisində aparılan etnoqrafik müşahidələr göstərir ki, son onilliklərdə azərbaycanlıların ailə məişətində mühüm dəyişikliklər baş vermişdir. Bu baxımdan diqqəti cəlb edən məsələlərdən biri evlənənlərin nigah mərasimidir.
Müasir toy adətlərinin tərkib hissəsi və yaddaqalan anlarından biri olan evlənənlərin nigahlarının VVAQ şöbələrində qohum, dost və yaxın adamların iştirakı ilə təntənəli surətdə qeydə alınmasıdır. Müasir dəbdəbəli toy paltarı geyinmiş gəlin və bəy bir-birlərinin barmaqlarına nişan üzüyü taxırlar. VVAQ nümayəndəsi, yaxındakılar onları təbrik edir, xoşbəxtlik, ailə səadəti arzulayırlar. Onlara tər gül dəstələri təqdim olunur, şirniyyat paylanır. Ənənəvi olaraq mərasim iştirakçılarının fotoşəkilləri çəkilir. Sonra rəngli lent güllərlə bəzədilmiş avtomobillərə əyləşib bu əlamətdar hadisəni qeyd etmək üçün səs-küylə qız evinə yollanırlar.
Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, Qafqaz və türk xalqlarının toy adətlərində oxşar cəhətlərlə yanaşı özünəməxsus ənənəvi xüsusiyyətlər də mövcuddur. Bu mənada bu və digər Şərq xalqları arasında azərbaycanlıların da xüsusi yeri vardır. Lakin araşdırmalarımız göstərir ki, son dövrlər Azərbaycanda, о cümlədən Naxçıvanda adət-ənənələrimizin transformasiyası nəticəsində toylarımızın milliliyini simvollaşdıran bəzi cəhətlər aradan tamamilə çıxmışdır. Bu baxımdan bəy və gəlinin toy paltarı xüsusi diqqəti cəlb edir. Bununla əlaqədar aşağıdakı təklifləri vermək yerinə düşərdi.
Yaxşı olardı ki, toyla bağlı geyim və bəzəklərdə milli cəhətlərə üstünlük verilməklə bir sıra xoşagəlməz hallar aradan qaldırılsın. Toylarda kütləvi milli rəqslərə, xalq musiqisinə və aşıq məclislərinə xüsusi diqqət yetirilsin. Ümumiyyətlə mərasimin keçirilməsində və bütün toy adətlərinin icra olunmasında Azərbaycan milli ruhu açıq-aşkar hiss olunmalıdır.
Nəticədə qeyd etmək lazımdır ki, toy adətlərimiz xalqımızın uzaq keçmişində formalaşmış, onların müsbət cəhətləri ənənəyə çevrilib qorunub saxlanılmalıdır.

ƏDƏBİYYAT
l.Kitabi Dədə Qorqud. Bakı, 1988, s. 54-56.
2.Qədirzadə Hacı Qədir. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnoqrafik əlaqələr. Bakı, 2003, s.47.
3. Qədirzadə Hacı Qədir, göstərilən əsəri, s.53.
4. Бахлул Абдулла. Азербайджанский обрядовый фольклор и его поэтика.
Баку, 1990, с. 143.

Leave a comment

Your comment