THE HISTORY OF THE MUSEUM WORK IN AZERBAIJAN

AZƏRBAYCANDA MUZEY İŞİNİN TƏŞKİLİ TARİXİNDƏN
Fəxriyyə Həvilova (Bakı Dövlət Universiteti)
Xalqımızın çox zəngin mənəvi mədəniyyət tarixi vardır. Əcdadlarımızın yaratdıqları saysız-hesabsız maddi və mənəvi dəyərlər, nəsildən-nəslə keçərək təkmilləşmiş və zəmanəmizə qədər gəlib çatmışdır. Mövcud arxeoloji və etnoqrafik materiallar, əyani surətdə babalarımızın həyat tərzi, adət-ənənələri haqqında qiymətli və dəyərli məlumatlar verir.
Tarixi inkişafın gedişində Azərbaycan xalqı öz maddi və mənəvi mədəniyyətini zənginləşdirərək, dünya mədəniyyəti xəzinəsinə əvəz olunmaz incilər bəxş etmişdir.
Məlum olduğu kimi iqtisadiyyatını, siyasi həyatını, mənəvi-mədəni simasını və elmi potensialını dolğunluqla əks etdirən tarixi əşyalar bir qayda olaraq muzeylərdə toplanılır. Xalqımızın qədim tarixə malik mədəni irsi uzun müddət öyrənilməmiş, xalq kütlələri üçün qaranlıq bir səhifəyə çevrilmişdir. Çarizmin qeyri rus xalqlarına qarşı müstəmləkəçilik siyasəti asılı xalqların milli mənliyinin oyanışının qarşısını alır, onların tarixinin və mədəniyyətinin dərindən araşdırılıb, tədqiq edilməsi işinə maneəçilik törədirdi.
XX əsrin əvvəllərində xalqımızın zəngin mədəni irsinin nümunələri Qafqaz canişinliyinin Tiflisdə fəaliyyət göstərən «Qafqaz muzeyində» toplanılırdı. Və əksər hallarda heç bir əsası olmadan «İran və Türkiyə» mədəniyyətinin nümunələri kimi qələmə verilirdi( 1).
Dünyanın bir çox muzeylərində saxlanılan Azərbaycan muzeylərinə məxsus, onun nadir istedada malik zəhmət adamları tərəfindən yaradılmış sənətkarlıq nümunələri İran və hətta erməni mədəniyyəti nümunələri kimi nümayiş etdirilirdi. Azər¬baycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş nadir tapıntılar xaricə daşınır, Moskvanın, Peterburqun, Londonun və digər xarici ölkə muzeylərində bəşəriyyət tarixinin qiymətli dəyərləri kimi qorunub saxlanılırdı. Arxeoloji tapıntılarla yanaşı Azərbaycan xalq yaradıcılığı nümunələrindən olan xalçalar, bədii parçalar, tikmələr, metal, saxsı, çini qablar və başqa bədii sənət nümunələri do xari¬cə daşınırdı. Azərbaycan milli sərvətinin xaricə daşınmasının qarşısını almaq üçün Azərbaycanın maarifpərvər ziyalıları vətəninə, xalqına, onun tarixinə böyük məhəbbətlə yanaşan qabaqcıl adamlar bu sərvətlərin öz yurdunda, elində, obasında qalması üçün muzeylər yaradılması təşəbbüsü ilə çıxış edirdilər. İlk Azərbaycan diyarşünaslarından Abbasqulu Ağa Bakıxanov, Əhməd bəy Cavanşir, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə və başqa mütəfəkkirlər Azərbaycanın ayrı-ayn bölgələrinin folkloruna, etnoqrafiyasına, arxeologiyasına dair qiymətli materiallar toplamışlar(2). Azərbaycanlı mütəfəkkirlərlə yanaşı diyarşünaslıq işi ilə vətənimizdə yaşayan əcnəbilər do: Bolk, Skinder, Rozenford və başqaları da məşğul olurdular.
Bütün bunlara baxmayaraq Azərbaycanın öyrənilməsi və tədqiqi işləri demək olar ki, əsaslı surətdə aparılmamışdır. Toplanılmış materiallar ya şəxsi kolleksiyalarda yığılır, ya da ölkədən kənara çıxarılırdı. 1890-ci ildə Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadə Naxçıvanın Nehrəm kəndində müəllim işlədiyi zaman maraqlı bir muzey təşkil etmişdi və buna görə ona Xalq Məktəbləri Müdiriyyəti tərəfindən xüsusi təşəkkür elan edilmişdir(3).
Qafqazda geniş profilli muzey canişinliyin paytaxtı sayılan Tiflisdə «Qafqaz muzeyi» adı altında, 1897-ci ildə açılmışdır. O, da əsasən xristian abidələrinə maraq göstərirdi. XX əsrin əvvəllərində Bakıda da bir neçə kiçik həcmli, spesifik xarakterli muzeylər təşkil olunmuşdur. Məsələn: Xalq Məktəbləri Müdiriyyəti Nəzdində Pedaqoji muzey, Umumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsinin nəzdində tərkibində müxtəlif mövzulu 13 şöbəsi olan, qapalı tipli muzey fəaliyyət göstərirdi.
Azərbaycanın Demokratik Cümhuriyyətinin tərəqqipərvər hökuməti tərəfindən Parlamentin binasında «İstiqlal» muzeyi yaradılmışdır. Bu geniş profilli tarix muzeyinə görkəmli diyarşünas Mirzə Camalov müdir təyin edilmişdi. Muzeydə 600-ə qədər müxtəlif tipli materiallar və sikkələr toplanılmışdır. ADC-nin qərarı ilə 1919-cu ilin sentyabr ayında yaradılan Bakı Dövlət Universiteinin tarix-filologiya fakültəsində şərq tarixini və arxeologiyasını sevənlərin Bakı dərnəyi təşkil edilmişdir. Dərnəyin təsisçiləri Gəncə gimnaziyasının müfəttişi C.Rofibəyov, Rəşid bəy Əfəndiyev, Qafqaz tarix-arxeologiya institutunun üzvü İ.A.Belyayev, şərq numizmatikasının bilicisi dos. Y.A.Paxomov və başqalarının təşəbbüsü ilə fakültənin nəzdində xüsusi muzey təşkil olunmuşdur.
Azərbaycan Demokratik Respublikasının süqutundan sonra, 20-ci illərin ilk günlərindən etibarən yeni siyasi ictimai quruluşun məqsədinə cavab verən ilk sovet ali idarələrindən biri Azərbaycan SSR Xalq Maarif Komissarlığı özünün 1920-ci il 24 may tarixli qərarı ilə məktəbdən kənar maarif şöbəsi, müstəqil bir bölməyə çevrilərək ona aşağıdakı vəzifələrin yerinə yetirilməsi tapşırılmışdır: Azərbaycan ərazi-sində olan bütün maddi və tarixi abidələrin (qədim tikililər, məscidlər, saraylar, karvansaralar) qeydiyyatı, onların haqqında hər tərəfli məlumatların toplanılması, ha-belə maddi və mədəni tarix əşyalarının yığılmasının təşkili(4). Bölməni 3 nəfərdən ibarət kollegiya idarə edirdi. Xalq Maarif Komissarlığının 1920-ci il 23 iyun 84№-li qərarı ilə Arslan Kriçinski, Mirzə Camalov və Ağayev kollegiyanın üzvləri təyin edilmişlər (5).
1920-ci ilin iyun ayında Y.N.Staneviç başda olmaqla bir qrup Bakı müəllimlərinin və ziyalılarının təşəbbüsü ilə muzeylərin təşkili, ekskursiyaların aparılması məqsədi ilə diyarşünas pedaqoji dərnək təşkil edilmişdir(6).
Lakin Azərbaycanda ilk kütləvi muzeyin təşkili Azərbaycan İnqilab Komitəsinin qərarı ilə XMK-ğı nəzdində 1920-ci il 15 iyun tarixindən yaradılan muzey-ekskursiya bölməsinin təsis edilməsi hesab edilə bilər. Muzey-ekskursiya bölməsi kollegiyasının elə ilk yığıncağında muzeyin təşkili haqqında qərar qəbul edilmişdir. Qərarda deyilirdi: «Muzey tədris xarakterli olmalıdır. Əsas diqqət doğma diyarın tədqiqinə dair yönəldilməlidir. Lakin bununla birlikdə muzey heç də bu işlə kifayətlənməməlidir. O, həmçinin əmək məktəbləri üçün müxtəlif lazımlı əyani vasitələrin toplanılması işləri ilə də məşğul olmalıdır. Muzey «Doğma Diyarın Tədris Muzeyi» adlandırılır»(7).
Bakı müəllimlərindən S.Savelyev muzeyin direktoru təyin edilmişdir. 1920-ci ilin iyul ayında H.Z.Tağıyevin malikanəsində (indiki Azərbaycan Tarixi Muzeyi) bir neçə otaq muzey üçün ayrılmışdır. Öz qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirilməsi məqsədi ilə muzey-ekskursiya bölməsi ilk növbədə aşağıdakı işləri görməli idi: «İstiqlal adlı Doğma Diyar muzeyi»; «Auditoriya ilə birgə dərs vasitələri muzeyi»; Əyani tədris vasitələrinin hazırlanması üçün xüsusi emalatxana; Eks-kursiya bürosu; Qədim incəsənət abidələrinin qorunması üzrə komissiya; Doğma diyarı tədqiq edib öyrənən Cəmiyyət; Qiraət zalı olmaqla böyük kitabxana; Nəşriyyat bürosu və Dəftərxana.
Qarşısına qoyulan vəzifələrə müvafiq olaraq Doğma Diyar Muzeyi nəzdində təbiət elmləri (biologiya, geologiya, astronomiya, meteorologiya) antropologiya, etnoqrafiya, coğrafiya, arxeologiya, tarix və başqa şöbələr təsis edilməli idi. Bölmə eyni zamanda əyalətlərdə də yerli muzeylərin təşkilinə köməklik göstərməli idi. Muzeyin ekskursiya bürosu müxtəlif məzmunlu ekskursiyaların təşkili və aparılması ilə də məşğul olmalı idi. Muzekskursun nəzdində Doğma Diyarın Tədqiqi Cəmiyyəti yaradılmışdır. Nizamnaməyə görə Cəmiyyət elmi və mədəni maarif təşkilatlan ilə sıx əlaqədə işləməli, əhalinin maariflənməsinə kömək göstərməli idi. Nəzərdə tutulmuşdu ki, Cəmiyyətin elmi əsərləri «Xalq maarifi» jurnalında azərbaycan (türk) və rus dillərində çap olunsun. Muzekskursun nizamnaməsi bölmənin 24 iyun 1920-ci il kollegiyasında təsdiq olunmuşdur. Muzeyin qəbul etdiyi əsasnaməyə görə onun əsas vəzifələri muzey üçün müxtəlif dəyərli tarixi əşyaların toplanılmasından ibarət idi(8). Bu məqsədlə muzey Xalq Maliyyə Komissarlığının bankların və seyflərin təftişi komissiyasına müraciət edir ki, «arxeoloji və elmi əhəmiyyət kəsb edən bütün sikkələr və silahlar, həmçinin başqa şeylər «Doğma diyarın tədrisi muzeyi»nə göndərilsin» (9).
İlk günlər muzeyin struktur quruluşu tam müəyyən edilməmişdir. Lakin 1920-ci ilin 2-ci yarısında muzey ekskursun həm fəaliyyət dairəsi müəyyənləşir, həm də onun struktur quruluşu aydınlaşır. Belə ki, muzekskursun nəzdində tarixi-arxeoloji, tarixi-arxeoqrafik, coğrafi etnoqrafik, bioloji, geoloji seksiyalar və kitabxana fəaliyyət göstərirdi. Sonralar həmin seksiyaların sıralarına foto və canlı eksponatlar seksiyası da əlavə edilmişdir. Muzekskursun tərkibində incəsənətin mühafizəsi üzrə komissiya və doğma diyarın öyrənilməsinin Azərbaycan cəmiyyəti də yaradılmışdır (10).
İlk dövrlərdə muzekskursun strukturu aydın müəyyən edilmədiyindən, onun işçiləri müxtəlif sahələrdə çalışırdılar. Onun işçiləri bir gün arxeoloji abidələrlə məşğul olur, sabahısı gün arxiv sənət materiallarının toplanılması ilə, başqa bir gün isə muzeyşünaslıq işləri ilə məşğul olurdular(l 1).
Muzeyin əyani vəsaitlərlə kompleksləşdirilməsi nəğd pul hesabına baş verirdi. Muzey tərəfindən nəğd pulla alınması xəbərini eşidən əhali saxladıqları, müəyyən mədəni dəyəri olan əşyaları özləri gətirib muzeyə təhvil verirdilər. Muzey üçün alınan bütün ‘ əşyalar fəhlə-kəndli müfəttişliyinin nümayəndəsinin iştirakı ilə muzeyin idarə heyyəti tərəfindən qiymətləndirildikdən sonra satın alınırdı.
Hər bir əşya satın alındıqda onun üçün xüsusi akt tərtib edilirdi. Muzey ekskur¬sun təşkilinin ilk günlərindən, onun fəaliyyətinin əsasını pedaqoji diyarşünaslıq işləri təşkil edirdi. Hələ muzeyin dəqiq adı da müəyyənləşdirilməmişdi. Şərti olaraq ona gah «Doğma diyarın tədris muzeyi», gah da «Əyani vəsaitlər muzeyi», bəzi hallarda isə «İstiqlal» muzeyi adlandırırdılar. Muzeyin gələcəkdə hüquq və vəzifələrinimüəyyən edib, daha da genişləndirmək məqsədi ilə muzekskursun kollegiyası 1920-ci il oktyabr ayının 21-də onu «Azərbaycan SSR Dövlət muzeyi» adlandırmaq haqqında qərar qəbul etdi. Bununla da muzeyin statusu ölkənin dövlət idarələri səviyyəsinə qədər qaldırdı.
Muzeyin tarix və arxeologiya seksiyasının müdiri Y.Paxomov idi. Seksiyanın əsas vəzifəsi maddi-mədəniyyət əşyalarının toplanılması, Azərbaycan tarixi baxımdan öyrənilməsinin təşkilindən ibarət idi. Muzeyin arxeologiya seksiyası ilə yanaşı, etnoqrafiya seksiyasının əməkdaşları, Bakıdakı bir çox antik əşyalar mağazalarına baxış keçirərək XIX əsrin sonlarına aid bir çox yerli musiqi alətlərinin, qab-qacaq, qadın və kişi paltarlarının nümunələrini əldə etmişlər. 1920-ci ilin yanvar-mart aylarında muzeyin arxeologiya və etnoqrafiya şöbəsinə 4578 ədəd tarixi əşya daxil olmuşdur. 21-ci ilin axırlarına qədər, yəni son 9 ay ərzində əlavə olaraq 2774 ədəd əşya gətirilmişdir(12).
1922-ci ilin fevral ayında keçmiş muzekskurs Respublikanın ilk Dövlət Muzeyi şəklində öz qapılarını təntənəli surətdə xalqın üzünə açmışdır. Dövlət muzeyində arxeologiya, tarix və etnoqrafiya, habelə biologiya seksiyaları nümayiş etdirilirdi.

ƏDƏBİYYAT
1. SA.Əmirxanov, İ.H.Hüseynov. «Dünya muzeyləri və tarixi mədəniyyət abidələri» Bakı,1996, s. 5
2. В.Я.Гарник. Очерки истории музейного строительства в Азербайджанской ССР (1920-1964 гг.) Сб. Очерки истории музейного дело в СССР. Москва, 1971, с. 246
3. Б.М.Нифталыйев. Культурное строительство в Нахичеванской АССР (1921-1925 гг.) Кировабад, 1957, с. 6
4. Azərbaycan Respublikası Dövlot Arxivi (ARDA) f. 57, siy. 1, iş 71, s. 1-2
5. Yenə orada f. 57, siy. 1, iş 87, s. 61
6. Е.А.Пахомов. Монетная коллекция Азгосмузея. Материалы Азербайджанского Государственного Музея. 1928, том II.
7. ARDA f. 57, siy. 1, iş 87, s. 7
8. П.А.Азизбекова. Музей Истории Азербайджана. Azorbaycan tarixinə dair materiallar. Т.VIII, Bakı 1973, s. 35
9. Azərbaycan Tarixi Muzeyinin Elmi Arxivi. Iş 9, iş 308, s. 6 10.ARDA. fond 57, siy. 1, iş 85, s. 9-12
11.ARDA. fond 57, siy. 1, iş 87, s. 61
12.ARDA. fond 167, siy. 1, iş 1, s. 163; iş 60, s. 165

Leave a comment

Your comment