THE FAMOUS ORGANIZER OF SCIENCE

TANINMIŞ ELM TƏŞKİLATÇISI Maisə Rəhimova, Səfər Aşurov (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) Görkəmli etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Arif Akim oğlu Abbasov 1937-ci il dekabrın 22-də Azərbaycanın ayrılmaz tərkib hissəsi və gözəl guşəsi olan Naxçıvan şəhərində hərbi qulluqçu ailəsində ana-dan olmuşdur. 1945-ci ildə alman faşizmi üzərində qələbədən sonra döşü orden və medallarla Vətənə qayıdan Akim Abbasov hərbi karyerasını davam etdirmək üçün ailəsi ilə birgə Azərbaycanın paytaxtı Bakı şəhərinə köçür. Elə bu dövrdən də kiçik Arifİn həyatında yeni dövr başlanır. O, 1946-cı ildə paytaxtın 40 saylı orta məktəbinə daxil olur və özünü yüksək ailə tərbiyəsi görmüş bir şagird kimi göstərir. Nizam-intizamlı, qabaqcıl bir şagird kimi o, məktəbin ictimai həyatında fəal iştirak edir. Hələ uşaq yaşlarından atası, peşəkar hərbiçi, general Akim Abbasovun öyüd-nəsihətlərini eşidən, onun tərbiyəsini, nizam-intizamını hiss edən Arifdə vətənə güclü məhəbbət, xalqına, doğma yurduna sevgi hissləri formalaşır. Zəngin tarixi ənənələrə malik bir diyarda qədim Naxçıvanda doğulmuş Arif Abbasov başqa fənlərlə yanaşı tarix fənninə də böyük maraq göstərir. Bu maraq, xalqın qədim tarixini, adət-ənənələrini öyrənmək həvəsi onu 1956-cı ildə Azərbaycan Dövlət Universitetinə gətirib çıxarır. О zaman Respublikada Universitet adlanan bu yeganə elm ocağında təhsil almaq hər bir gəncin arzusu idi. Arif Abbasovun istəyi isə görkəmli alimlər, pedaqoqlar ordusuna malik olan tarix fakültəsi idi. O, bu istəyinə nail oldu. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra böyük ənənələrə malik olan tarix fakültəsi öz qapılarını gənc Arifin üzünə açanda onun sevincinin həddi-hüdudu yox idi. Məşğələlərdə fəal iştirak edən Arif fakültənin ictimai işlərində də seçilirdi. О eyni zamanda tələbə-elmi cəmiyyətinin fəal üzvlərindən birinə çevrildi. Tələbəlik həyatının ilk dövründən parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə müəllimlərin diqqətini cəlb edir. О zamanın tarixçi müəllimləri isə respublika tarixçilərinin gözəl pleyadasını təşkil edirdilər. Akademik İsmayıl Hüseynov, professorlardan Zülfəli İbrahimov, Yusif Səfərov, Qəzənfər Mehdiyev, Mir Yusif Mirhadiyev, Səidə İmanzadə, Xəlil Əlimirzəyev, Oqtay Əfəndiyev, Süleyman Əliyarov və neçə-neçə başqa alimlər gənc tarixçilərin yetişməsində öz bilik və bacarıqlarını əsirgəməmişlər. Başqa tələbələr kimi Arif Abbasov da belə pedaqoqlara yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otağında tələbələrlə təmasda olan müəllim kimi deyil, zaman və gənclik arasında körpü yaradan, öz əxlaq və davranışları ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan şəxsiyyət kimi baxırdı. Arif Abbasov 1961-ci ildə bu elm ocağı və müəllimlərindən ayrılaraq Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna təyinat aldı və ömrünü bir dəfəlik elmi-tədqiqat işinə bağladı. İlk əmək fəaliyyətinə Akademiyanın Tarix İnstitutunda baş laborant kimi başlayan Arif Abbasov bir qədər keç-dikdən sonra təcrübə keçmək üçün SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutuna ezam edilir. Görkəmli rus alimlərinin zəngin təcrübəsindən bəhrələnən Arif Abba¬sov Moskvada işlədiyi dövrdə özünü bacarıqlı mütəxəssis kimi göstərə bilmişdir. Moskvadan qayıtdıqdan sonra qiyabi aspiranturada elmi axtarışlarını davam etdirməklə yanaşı inzibati-təşkilatçılıq bacarığı sayəsində Azərbaycan Həmkarlar İttifaqları Mərkəzi Şurasına işə qəbul edilir. Əvvəlcə inspektor, sonra isə mədəni kütləvi işlər şöbəsinin müdir müavini vəzifəsində çalışır. Həmkarlar İttifaqlarında işlədiyi dövrdə Arif Abbasov dəfələrlə xarici ölkələrə gedən turist qrupların rəhbəri kimi Bolqanstanda, İtaliyada, Avstriya-da, Misirdə, Fransada doğma xalqını ləyaqətlə təmsil etmişdir. Arif Abbasov inzibati işlərlə yanaşı mühüm elmi-tədqiqat problemi olan etno-sosioloji və etno-mədəni proseslərin araşdırılması ilə məşğul olmuşdur. Aspirantlıq dövründə elmi axtarışlarını yekunlaşdıraraq, 1974-cü ildə «Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti» mövzusunda dissertasiya işini müdafiə etmiş və tarix elmləri namizədi adına layiq görülmüşdür. Bundan sonra bir müddət Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətində Elm tarixi üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışdıqdan sonra 1978-ci ildə yenidən doğma instituta qayıtmış, bu dəfə Azərbaycan EA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini kimi işə başlamışdır. İşlədiyi dövrdə Arif Abbasov bir sıra elmi ekspedisiyalarda iştirak etmişdir. Tərtər (keçmiş Mirbəşir), Şəmkir (keçmiş Şamxor) arxeoloji, Şamaxı, Mingəçevir, Naxçıvan etnoqrafik ekspedisiyalarının tərkibindəki fəaliyyəti də uğurlu olmuşdur. Gənc alim Arif Abbasov təkcə respublikada deyil, onun hüdudlarından kənarda da keçirilən tədbirlərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Belə ki, Arif Abbasov siyasi cəhətdən savadlı, əxlaq və mənəviyyatca möhkəm bir şəxs kimi azərbaycanlı adını hər yerdə doğrultmuş, Fransa, Türkiyə, İtaliya, Rumıniya, Polşa, Almaniya, ABŞ-da keçirilən tədbirlərdə, beynəlxalq konfrans və konqreslərdə maraqlı, yadda qalan məruzələrlə çıxış etmişdir. Rusiya Federasiyasının Suzdal şəhərində keçirilən Avropa etnologiyası və folkloru beynəlxalq cəmiyyətinin II konqresində Arif Abbasov Azərbaycan elmi ictimaiyyətini layiqincə təmsil etmişdir. Uzun ömürlülük probleminin öyrənilməsinə həsr olunmuş II Sovet-Amerika simpoziumunda (1982, ABŞ) Azərbaycanın uzunömürlüləri haqqın-da çıxış etmişdir. SSRİ-nin türkdilli xalqlarının problemlərinə həsr olunmuş konqresdə (1988, ABŞ), Antropoloq və etnoqrafların beynəlxalq konfransın-da (1988, Zaqreb, Yuqoslaviya), Türkiyənin sosial və iqtisadi tarixinə həsr olunmuş konqresdə (1989, Türkiyə), Azərbaycan-Ermənistan münaqişəsinin həlli yollarına həsr olunmuş konfransda (1989, Fransa), Qafqazda münaqişələrə həsr olunmuş konfransda (1992, İngiltərə) və digər yığıncaqlarda müxtəlif mövzularda çıxış etmişdir. 1986-cı ildə Azərbaycan EA Tarix İnstitutu İngiltərədə «Azərbaycanın maddi mədəniyyəti» mövzusunda sərgi təşkil etmişdir. Londonda nümayiş etdirilən bu sərginin təşkilində A.A.Abbasovun böyük xidməti olmuşdur. A.A.Abbasovun fədakar elmi fəaliyyəti «Rəşadətli əməyə görə» medalı ilə qiymətləndirilmişdir. Azərbaycan SSR EA Rəyasət Heyətinin 1982-ci il 25 may tarixli qərarına əsasən Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektoru nəzdində «Etnososioloji tədqiqatlar» şöbəsi yaradılmış və şöbəyə rəhbərlik Institutun direktor müavini Arif Abbasova həvalə edilmişdir. O, inzibati, təşkilatı işlərlə yanaşı elmi-tədqiqat fəaliyyətini genişləndirmiş və 1995-ci ildə «Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun gərgin elmi axtarışları nəticəsiz qalmamış və 2001-ci ildə A.A.Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor Arif Akim oğlu Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri vardır. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı ilə bağlıdır. Belə problemlərdən biri müasir Azərbaycan şəhərlərinin formalaşmasında və inkişafında etnik xüsusiyyətlərin təsiridir. Bu problemin elmi cəhətdən həlli Azərbaycan etnoqrafiya elmində yeni bir səhifə açmışdır. A.A.Abasovun elmi araşdırmalarından belə bir qənaətə gəlinmişdir ki, yeni formalaşmış şəhərlərin inkişafında, insanlar arasında yaranan şəxsi münasibətlərdə və s. mühüm məsələlərdə etnik xüsusiyyət iqtisadi, siyasi və sosial amillərlə yanaşı mühüm rol oynayır. Monoqrafiyalarında və çoxsaylı məqalələrində A.A.Abbasov yuxarıda adları çəkilən etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi və siyasi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. «Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin hazırkı durumu və inkişaf perspektivləri» məqaləsində Respublikamızın siyasi müstəqillik əldə etməsi bütün sahələrdə olduğu kimi arxeologiya və etnoqrafiya elmlərinin inkişafı üçün yeni imkanlar, perspektivlər açılmasından, elmi tədqiqatların genişlənməsi, arxeoloji abidələrin qeydiyyatı işinin gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın inkişafı, tədqiqatların nəticələrinin nəşr edilərək ictimaiyyətə çatdırılması qarşıda duran əsas vəzifə kimi xarakterizə edilir. Müasir Azərbaycanda etno-mədəni və etnososial problemlərin öyrənil-məsi də professor A.A.Abbasovun adı ilə bağlıdır. Artıq bütün ölkədə aparılan elmi araşdırmalarda müasir etnoqrafiyada çox vacib məsələlərdən biri olan dəyişən sosial-siyasi şəraitdə etnik mədəniyyətin vəziyyəti və perspektivliyi öz əksini tapmışdır. Bu araşdırmalarda etnomədəni prosseslərə müxtəlif amillərin təsiri göstərilir. Məlum olur ki, iqtisadi və sosial amillərlə ya-naşı etnik mədəniyyətin vəziyyətinə tarixi, təbii və coğrafi amillər də mühüm təsir edir. Məsələn, kənd və şəhərlərin əhalisi, həmçinin dağ və aran kəndlərin əhalisi arasında etnik mədəniyyətin saxlanılma dərəcəsi müxtəlifdir. A.A.Abbasovun elmi araşdırmaları nəticəsində Azərbaycandakı etno-mədəni prosseslərin sistemi və strukturu müəyyənləşdirilmişdir. Arif Abbasov «Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti» mövzusunda namizədlik disertasiyasında, habelə 1980-ci ildə işıq üzü görmüş eyni adlı ilk monoqrafiyasında Daşkəsən dağ-mədən rayonunun materialları timsalında dağ-mədən rayonu və onun sənaye-sinin qısa tarixi-coğrafi oçerki ilə yanaşı fəhlələrin istehsalat məişətinin əsas cəhətlərindən, ev və ailə məişətindən, ictimai məişətindən və mənəvi mədə-niyyətdən bəhs edir və Respublikada yeni olan bir sıra məsələləri işıqlandırır. Azərbaycanın işıqlı gələcəyi uğrunda mübarizənin önündə gedən fəhlə sinifinin qabaqcıl rolundan danışılır. «Azərbaycanın yeni şəhərlərində həyat tərzi» (Bakı: Elm, 1987) monoqrafiyası Azərbaycanın yeni salınmış şəhərlərində əhalinin mədəniyyət və məişətinin öyrənilməsinə həsr olunmuşdur. Kitabda Sumqayıt, Mingəçevir, Əli Bayramlı. və Daşkəsənin şəhər əhalisinin inkişafı, ona təsir göstərən amillər göstərilir, şəhər əhalisinin məişətində, zəhmətkeşlərin ictimai və mənəvi mədəniyyətində baş verən dəyişikliklərin perspektivləri araşdırılır. Kitabın «Azərbaycanın yeni şəhərlərinin etnomədəni tipologiyası» fəslində şəhər sosial mühitinin tipoloji təsnifi, Azərbaycanın yeni şəhərlərinin meydana gəlməsi və inkişaf tarixi, yeni şəhərlərin əsas struktur xarakteristikası, «Azərbaycanın yeni şəhərlərində fəhlə sinifinin milli dəstələrinin formalaşması xüsusiyyətləri» fəslində Azərbaycanın yeni şəhərləri fəhlə sini¬finin milli dəstəsinin formalaşma mənbə kimi, istehsalat məişəti və kadr hazırlığı sisteminin əsas cəhətləri, «Azərbaycanın yeni şəhərlərində ictimai məişət və mədəniyyətin sərfi» fəslində əhalinin ictimai-siyasi fəaliyyəti, ictimai məişətdə bayramlar və mərasimlər, mənəvi mədəniyyət və asudə vaxt, «Azərbaycanın yeni şəhərlərində ailə məişətinin etno-sosial xüsusiyyətləri» fəslində isə ailənin əsas sosial-demoqrafik səciyyəsi, ailənin maddi təminatı və ev məişəti, ailədaxili münasibətlər və ailə mərasimləri məsələlərindən bəhs olunur. Son illərdə baş verən sosial-siyasi proseslər, etnik özünüdərketmənin dirçəlişi etnoslararası münasibətlərin elmi problem kimi ön plana çəkilməsi-nə şərait yaradır. Etnik baxımdan zəngin olan Azərbaycanda müxtəlif etnik qrupların hərtərəfli öyrənilməsi məsələsini ilk dəfə A.A.Abbasov qoymuş-dur. Hər zaman olduğu kimi, Arif müəllim problemin qoyuluşu ilə yanaşı əlaqəli tədqiqatlar aparır və maraqlı nəticələr əldə edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda məskunlaşan müxtəlif etnosların tarixini, dinini, mədəniyyətini tədqiq etməklə kifayətlənməyən A.Abbasov etnoslararası münasibətlərin bir sistem şəklində öyrənilməsini irəli sürür. «Qardaşlıq şəhəri (Sumqayıtın təşəkkülünün etnoqrafik xüsusiyyətləri və onun əhalisinin formalaşması)» məqaləsində (Ə.Səmədzadə ilə birlikdə) etnik və sosial prosseslərin aydın surətdə ifadə olunmuş xarakteri ilə intensiv millətlərarası ünsiyyət şəraitində Azərbaycanın gənc sənaye mərkəzi Sumqayıtın meydana gəlməsi və təşəkkülündən söhbət açılır. Sumqayıt şəhərinin meydana gəlməsi ilə əlaqədar şərait və səbəblər işıqlandırılır, əhalinin etnik tərkibi və onun formalaşmasının bəzi xüsusiyyətləri xarakterizə edilir, şəhər əhalisinin istehsalat məişətinin beynəlmiləlləşdirilməsinin sosial əsaslarına, millətlərarası (etnik) təmasına və onların təzahürünə baxılır. 1998-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bir qrup müəllifin iştirakı ilə «Azərbaycanlılar» (Bakı: Elm, 1998,300 səh.) adlı fundamental monoqrafiya çapdan çıxmışdır. Baş redaktoru tarix elmləri doktoru, professor A.A.Abbasov olan bu tarixi-etnoqrafik oçerk respublikanın mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin 75 illiyinə həsr olunmuşdur. Kitabın «Azərbaycanda milli azlıqlar» adlı IV fəsli və «Müasir etno-mədəni prosseslər. Problemlər və ənənələr» adlı IX fəsli Arif Abbasovun iştirakı ilə yazılmışdır. Ümumiləşdirilmiş xarakter daşıyan bu kitabda Asiyanın ən böyük xalq-larından biri olan azərbaycanlıların etnoqrafiyasından bəhs edilir. Kitabda qədim zamanlardan zəmanəmizə qədər Azərbaycan ərazisində baş verən tarixi hadisələrin qısa xülasəsi verilir, etnik proseslər, XIX-XX əsrlərdə azərbaycanlıların say dinamikası, onların məskunlaşma arealı, Azərbaycan xalqının formalaşmasının mərhələlərinə baxılır. Azərbaycanlıların ənənəvi mədəniyyətinin müxtəlif baxışlarına, yüz illər ərzində təşəkkül tapmış təsərrüfat vərdişlərinə, əkinçilik, heyvandarlıq, sənətkarlıq, ailə və ailə münasibətlərinə xüsusi yer verilmişdir. Hər bir xalqın etnoqrafiyasında mənəvi mədəniyyət böyük əhəmiyyət kəsb edir. Ona görə də ənənəvi etiqad, həyat fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olan adət və ənənələr, azərbaycanlıların xalq bayramları kitabın müvafiq bölmələrində öz əksini tapmışdır. Kitabın sonunda Azərbaycanda baş verən müasir sosial-mədəni” prosseslərdən və onların Azərbaycan xalqının etnik mədəniyyətinə təsirindən danışılır. Azərbaycan etnosunun spesifikliyini, komponentlərini öyrənən elm kimi etnoqrafiya Azərbaycanda on illər ərzində təşəkkül tapmışdır. Böyük bir pleyada təşkil edən Azərbaycan etnoqraflarının bir neçə nəslinin səyləri ilə Azərbaycanın maddi, ənənəvi-məişət mədəniyyətinin hərtərəfli öyrənilməsi sahəsində xeyli iş görülmüşdür. Heç şübhəsiz Azərbaycan etnoqrafiyasının zəngin, şərəfli pleyadasında, kəhkəşanlar içində parlayan ulduzlardan biri də professor Arif Abbasovdur. Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi həmişə tarixçi alimlərin diqqət mərkəzində olmuşdur. Bu dövrün qaranlıq səhifələrinin açılmasında arxeologiya və etnoqrafiya elmlərinin xüsusi yeri vardır. Məhz bu zərurətdən də 1974-cü ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya sektoru yaradıldı. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlarının genişlənmə-sinin və qədim dövrün aktual problemlərinin araşdırılmasının vacibliyini nə-zərə alınaraq 1993-cü ildə məlum sektor əsasında Arxeologiya və Etnoq¬rafiya İnstitutu təsis olundu. Bu müddət ərzində İnstitut maddi-texniki baza və kadr potensialı cəhətdən xeyli inkişaf etmiş, tədqiqat sahələri genişlənmiş, araşdırılan problemlərin sayı artmışdır. Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyəti Azərbaycan Dövlət müstəqilliyinin bərpası və mərhum prezident Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bir vaxta düşür. Bu illər respublikamızda dövlətçiliyin möhkəmləndirilməsi məqsədyönlü islahatların aparılması ilə səciyyələnir. Həmin islahatlar nəticəsində İnstitutda struktur dəyişiklikləri aparılmış, fəaliyyət istiqaməti və araşdırılacaq elmi problemlər müəyyənləşdirilmişdir. Tarix İnstitutu nəzdindəki kiçik bölmə A.A.Abbasovun rəhbərliyi ilə məhsuldar, yaradıcı kollektivə malik böyük bir elm mərkəzinə-Arxeologiya və Etnoqrafiya institutuna çevrilmişdir. 2003-cü ildə institutun on illiyi qeyd olundu. Bu müddətdə öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirən professor A.A.Abbasov «Arxeologiya və Etnoqrafiya institutu 10 il (1993-2003)» adlı məqaləsi ilə institutun, onun əməksevər kollektivinin keçdiyi yola ekskurs etdi. Ümummilli liderimiz H.Ə.Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri reallaşmaqdadır. Müvafiq olaraq Arxeologiya və Etnoqrafiya institutu Arif Abbasovun rəhbərliyi ilə əsas ixrac neft kəmərinin keçəcəyi ərazilərin arxeoloji abidələrinin tədqiqi ilə bağlı fəaliyyət istiqaməti müəyyənləşdirmiş və həyata keçirməkdədir. 2002-ci ilin oktyabr-noyabr aylarında Goranboy rayonunun Borsunlu kəndindəki «Dərə yeri» kurqanında, 2003-cü ilin aprel-oktyabr aylarında isə Şəmkir rayonundakı Zəyəmçay nekropolunda və qədim yaşayış yerində geniş miqyaslı arxeoloji tədqiqatlar xalqımızın qədim tarixinin e.ə.II-I minilliklərə aid mərhələsini əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsinin aşkara çıxarılması ilə nəticələnmişdir. 2004-cü ildə Samux rayonunun Seyidlər, Goranboy rayonunun Faxralı, Yevlax rayonunun Səmədabad, Tovuz rayonunun Əlimərdanlı, Aşağı Ayıblı, Həsənsu, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndləri ərazisində yerləşən arxeoloji abidələrdə geniş tədqiqatlar aparılmış və nəticədə tariximizin e.ə. IV-e. I minillikləri əhatə edən dövrləri üçün mühüm əhəmiyyət kəsb edən arxeoloji materiallar aşkar edilmişdir. «Bakı şəhərində İçəri şəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında» (17 fevral 2003-cu il), «Çıraqqala tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında» (23 iyun 2003-cu il), «Şabran şəhəri tarix və mədəniyyət abidəsinin qorunması haqqında» (27 sentyabr 2003-cü il) sərəncamlarla Arxeologiya və Etnoqrafiya institutunun qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmasının və həyata keçirilməsinin də rəhbəri məhz A.A.Abbasovdur. A.A.Abbasovun Azərbaycanın arxeoloji abidələrinin beynəlxalq miqyasda tanınması üçün fəaliyyəti də qeyd olunmalıdır. Respublikanın müxtəlif bölgələrinə beynəlxalq ekspedisiyalar təşkil edilmiş, Şəmkir qalasında, Sərkərtəpə qədim yaşayış yerində ABŞ-Azərbaycan, Kiş məbədində Azərbaycan-Norveç, Naxçıvan və Muğan bölgəsində Azərbaycan-Avstraliya birgə arxeoloji ekspedisiyaları fəaliyyət göstərmişdir. Hazırda institutda 11 şöbə və 8 qrup fəaliyyət göstərir. Araşdırılan elmi problemlər Azərbaycan tarixinin bütün dövrlərini əhatə edir. Buraya Azərbaycanda ibtidai icma və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji tədqiqi; orta əsrlər dövrünün arxeoloji tədqiqi; Azərbaycanda epiqrafik və numizmatik tədqiqatlar; Azərbaycanda arxeoloji xidmət: tarixi-analitik tədqiqat, ar¬xeoloji abidələrin külliyyatı, yeni tikinti sahələrinin arxeoloji tədqiqi, ölçü-layihə işləri daxildir. Hazırda Arxeologiya və Etnoqrafiya institutunda AMEA-nın 3 həqiqi üzvü, 4 müxbir üzvü, 20 elmlər doktoru, 85 elmlər namizədi fəaliyyət göstərir. Arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində Azərbaycanın qədim və orta əsrlər tarixinin qlobal problemlərinin öyrənilməsinə imkan verən və tarix elmini zənginləşdirən olduqca mühüm nailiyyətlər əldə edilmişdir. A.Abbasov Azərbaycan etnoqrafiyasında ilk dəfə olaraq sosioloji metodlardan geniş istifadə etmiş və bu metodları yerli xüsusiyyətlərə uyğunlaşdırmışdır. Bu sintezin nəticəsində etnoqrafiyada yeni bir istiqamət etnososiologiya yaranmışdır. İndi bu sahədə geniş tədqiqatlar aparılır. Professor Arif Abbasov Azərbaycanın görkəmli etnoqrafı olmaqla bərabər, həm də elmin əvəzsiz təşkilatçısı idi. A.A.Abbasov 1978-ci ildən Tarix institutunun direktor müavini, 1993-cü ildən isə onun təşəbbüsü və səyi nəticəsində yaranmış Arxeologiya və Etnoqrafiya institutunun direktoru vəzifəsində çalışmışdır. Bilavasitə onun rəhbərliyi altında çoxsaylı arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil olunmuş, institutun beynəlxalq əlaqələri genişlənmişdir. İnstitut Arif Abbasovun bilavasitə rəhbərliyi altında dəfələrlə beynəlxalq elmi konfranslar təşkil etmiş və öz növbəsində institutun əməkdaşları xarici ölkələrdə keçirilən elmi yığıncaqlarda iştirak etmişlər. «Qafqaz almanları», «Qafqazın dağ yəhudiləri», «Qafqazın arxeologiyası və etnoqrafıyası» mövzularında yüksək səviyyəli beynəlxalq elmi konfranslar keçirilmişdir. Professor Arif Abbasovun gərgin əməyinin nəticəsi olaraq institutun arxeoloqları və etnoqrafları ABŞ, İngiltərə, Almaniya, Fransa, Norveç, Türkiyə, İran, İsrail, Rusiya, Gürcüstan və s. dövlətlər ilə elmi əməkdaşlıq etmiş, onlarla birgə tədqiqat işləri aparmış və bu iş indi də davam etdirilir. İnstitut YUNESKO-nun «Böyük İpək yolu» üzrə proqramında və İNTAS-2000 proqramında yaxından iştirak edir. Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri şəhər ərazisində müstəqil fəaliyyət göstərən Arxeoloji muzeyi vardır. Bu muzey vaxtı ilə hörmətli Prezidentimiz Heydər Əliyevin göstərişi ilə yaradılmış və açılışında onun özü şəxsən iştirak etmişdir. İndi bu muzeydə minlərlə maddi-mədəniyyət nümunəsi nümayiş etdirilir. Bununla yanaşı institutun ayrıca arxeoloji fondu fəaliyyət göstərir ki, burada da 5 mindən artıq arxeoloji materiallar saxlanılır. Bütün bu nailiyyətlərin əldə edilməsi, institutun kollektivinə, aspirant və dissertantlarına atalıq qayğısı göstərən və onların böyük məhəbbətini qaza-nan AMEA-nın müxbir üzvü, professor Arif Akim oğlu Abbasovun adı ilə bağlıdır. Gözəl alim və təşkilatçı, qayğıkeş insan, ürəyi vətən sevgisi ilə döyünən Arif Akim oğlu Abbasov 21 aprel 2005-ci ildə əbədi olaraq bizləri tərk etdi. Allah rəhmət eləsin!

Leave a comment

Your comment