THE FAMOUS AZERBAIJANI ARCHAEOLOGIST-RAHIM VAHIDOV

AZƏRBAYCANIN GÖRKƏMLİ ARXEOLOQ-ALİMİ RƏHİM MƏCİD OĞLU VAHİDOV

(anadan olmasının 90 illiyi münasibətilə)
Əsgər Əliyev
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya Institute)
Azərbaycanın milli arxeologiya elminin banilərindən biri, görkəmli arxeoloq, Respublikamızda arxeologiya elminin inkişafında böyük rolu olmuş, sözün əsil mənasında gözəl insan Rəhim Məcid oğlu Vahidovun bu il anadan olmasının 90 ili tamam olur.
Ömrünü xalqımızın maddi-mədəniyyətinin öyrənilməsinə həsr etmiş R.M.Vahi¬dovun müstəsna xidməti tariximizin ən mürəkkəb və mübahisəli dövrlərindən biri – Azərbaycanın ilkin orta əsrlər dövrünün tarixi-arxeoloji tədqiqindən, həmçinin Mingəçevirin qədim dövr maddi-mədəniyyətini Cənubi Qafqazda ön sıraya çıxarılmasından ibarətdir. Zaman keçdikcə onun yaradıcılığındakı yeniliklər, əsərlərindəki elmi ideyaların tükənməzliyi daha qabarıq üzə çıxır və bu əsərlərdən faydalanmağa daim ehtiyac duyulur.
R.M.Vahidov 1914-cü il dekabrın 15-də Yelizavetpol quberniyasının Ağdaş qəzasındakı Uçqovaq kəndində sahibkar kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Rəhim müəllim Bakıda dəmir yolu maşinisti kursunu bitirdikdən sonra Gəncə dəmiryolu deposunda ilk əmək fəaliyyətinə başlamış 1935-36-cı illərdə isə Göyçay rayonu Bığır kənd məktəbində müəllim işlədikdən sonra 1937-ci ildə ADU-nun Tarix fakultəsinə daxil olaraq 1941-ci ildə oranı müvəffəqiyyətlərlə bitirmişdir. 1941-1946-cı illərdə Sovet Ordusu sıralarında bölük komandiri kimi xidmət etdiyi vaxt 402 və 216-cı atıcı diviziyalarında ikinci cahan müharibəsində iştirak etmişdir. Rəhim müəllim «Qafqazın müdafiəsi üçün» və «Almaniya üzərində qələbəyə görə» medalları ilə təltif edilmişdir.
R.M.Vahidov 1946-cı ildən Azərbaycan Tarixi Muzeyinin «Arxeologiya» şöbəsində fond müdiri, 1948-ci ildən isə kiçik elmi işçi kimi fəaliyyətə başlayaraq ömrünün axırınadək həyatını elmin çətin və müqəddəs sahəsi olan arxeologiyaya həsr etmişdir. 1946-1953-cü illərdə Mingəçevir SES-in tikintisi ilə əlaqədar orada aparılan arxeoloji qazıntıların fəal iştirakçısı olan Rəhim müəllim görkəmli-arxeoloq Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Ş.M.Qazıyevin müavini kimi su altında qalıb məhv olacaq abidələri xilas etməklə yanaşı bir tədqiqatçı kimi püxtələşmiş və arxeoloji təcrübə qazanmışdır. Onun Mingəçevirdə apardığı arxeoloji qazıntılar müəlliflərlə birlikdə yazdıqları «Qədim Mingəçevir» (Bakı, 1959) adlı fundamental əsərdə öz əksini tapmışdır. Bu əsər Azərbaycanın qədim, xüsusən eneolit, tunc və dəmir dövrü abidələrinin öyrənilməsində böyük əhəmiyyət kəsb etməklə yanaşı bütövlükdə Qafqazın qeyd edilən dövrünün tədqiq olunmasının elmi prospektinə çevrilmişdi. Həmin kitab indi də arxeoloq-alimlərimizin stolüstü kitabı olaraq qalmaqdadır.
Mingəçevir arxeoloji ekspedisiyası böyüklüyünə, tədqiq etdiyi tarixi abidələrin xronoloji çərçivəsinin genişliyinə, respublikamızda ilk arxeoloji dövrləşmənin aparılmasına, maddi-mədəniyyət məcmuələrinin ilk nəşrinə, milli kadrların hazırlamasına görə bu günədək nəinki Azərbaycanda, hətta Zaqafqaziyada ən böyük ekspedisiyalardan biri olduğundan Rəhim müəllim buradakı ilk orta əsrlər dövr abidələri ilə maraqlanmış və onların elmi tədqiqinə böyük əmək sərf etmişdir.
Belə ki, Mingəçevirdən aşkar edilən 4 yaşayış yeri, bir neçə qəbristanlıq, istehsal ocaqları, insan fəaliyyətinin bütün sahələrini əks etdirən zəngin maddi-mədəniyyət nümunələrinin toplanmasında Rəhim müəllimin böyük zəhməti olmuşdur. Onun, Kür çayının sol sahilindəki 2 və 3 nömrəli yaşayış yerlərində apardığı arxeo¬loji qazıntıların yekunu «Mingəçevir III-VIII əsrlərdə» adlı çox dəyərli əsərdə cəmlənmişdir. Monoqrafiyada Azərbaycanın ilk orta əsrlər arxeologiyasının bütün problemlərinə bu və ya digər şəkildə toxunulmuşdur. Əslində bu əsərin yazılması ilk növbədə Qafqaz Albaniyası dövlətinin erkən orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri əsasında öyrənilməsidir. Rəhim müəllim elmi faktlarla əsaslanaraq bildirmişdır ki, Mingəçevirdəki 2 və 3 nömrəli yaşayış yerlərində həyat III-IV əsrlərdən başlayaraq monqol yürüşlərinədək davam etmiş, sonradan isə yaşayış Kürün sağ sahilinə 4-cü yaşayış yerinə keçmişdir. O, sübut etmişdir ki, bu abidələr Albaniya ərazisində ticarət və sənətkarlığın mərkəzləşdiyi şəhər tipli iri yaşayış yerləridir. R.M.Vahidov tapıntılara əsaslanaraq sübut etmişdir ki, erkən orta əsrlərdə mingəçe-virlilər əkinçilik, maldarlıq, sənətkarlıq, balıqçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuşlar. Əkinçilikdə dənli və texniki bitkilər, heyvandarlıqda isə davar üstünlük təşkil etmişdir. Sənətlər içərisində isə əsas yeri dulusçuluq və toxuculuq tutmuşdu. Rəhim müəllim tapıntılara əsasən təsdiq etmişdir ki, ərazinin quru və su ticarəti yol-ları üzərində yerləşməsi, yerli əhali ilə qonşu xalqların mədəni və ticarət əlaqələrinin genişlənməsinə, əmtəə-pul münasibətlərinin inkişaf etməsinə səbəb olmuşdur. İlk dəfə Qafqaz Albaniyasında xristian məbədlərini və yazı problemlərini tədqiq edən Rəhim müəllim onlara aid tapıntıların formasını avadanlığını ətraflı təsvir və təhlil etmiş, həmçinin islama qədərki dini görüşlərin qalıqlarını müəyyən qədər qəbir abildələrində əks olunduğunu söyləmişdir.
R.M.Vahidov Azərbaycanda ilk dəfə daş kitabə üzərində Qafqaz Albaniyasının yazılarını aşkar etmişdir. Alban yazılarının aşkarlanması mədəni həyatımızda böyük hadisə idi. Mənbələrdə Qafqaz Albaniyası əlifbasının mövcudluğu göstərilsə də 1937-ci ilədək bu əlifbanın olmasını təsdiq edən inandırıcı sənəd olmamışdı.
1937-ci ildə Y.V.Abuladze Eçmiədzindəki əlyazmalar içərisində 52 hərfli al¬ban əlifbasını aşkar etmiş, akademik A.Q.Şanidze isə onun elmi təhlilini vermişdir. 1948-ci ildə Rəhim müəllim Mingəçevirdə tədqiq etdiyi 4-cü məbədin 3-cü otağından üzərində alban yazısının 62 hərfli yazılı daşı əldə etməsilə Qafqazşunaslıqda böyük sensasiya yaratmışdır. O, bu yazının V əsrdə albanlara məxsus olduğunu sübut etmiş, həmçinin alban əlifbasının xristianlıq dinində erməni monofizitlərlə Xalkedon yığıncağı tərəfdarları arasındakı ziddiyyətin, VII əsrdə alban katalikosu ilə erməni katalikosluğu arasındakı mübarizələrin nəticəsində, eləcə də ərəb işğalından sonra alban əlifbasının zaman-zaman məhv edilməsini elmi faktlarla əsaslandırılmışdır.
1953-cü ildən Azərbaycan EA-nın Tarix və Fəlsəfə institutuna kiçik elmi işçi vəzifəsinə keçirilən Rəhim Vahidov 1960-cı ildə «Mingəçevir III-IV əsrlərdə» adlı namizədlik dissertasiyasını ADU-nun elmi şurasında müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1961-ci ildə Tarix İnstitutunun baş elmi işçisi vəzifəsinə seçilən Rəhim müəllim həmin il «Mingəçevir III-IV əsrlərdə» adlı monoqrafiyasını nəşr etdirmişdir. 1960-70-ci illərdə o, Govurqala (1958), Torpaqqala (1959-67), Araz və Şəki-Zakatala zona ekspedisiyalarına rəhbərlik etmişdir. Muzeydə və Tarix İnstitutunda işlədiyi müddətdə o, Azərbaycanda arxeologiya el-minin inkişafı üçün böyük işlər görmüşdür. 1965-ci ildə o, «Arxeologiya» şöbəsinə, 1972-ci ildən orta əsrlər, 1975-ci ildən ilk orta əsrlər arxeologiyası şöbələrinə rəhbərlik etmişdi. Bu dövrdən R.M.Vahidovun elmi və elmi təşkilatı işlərinin əsas isti-qaməti respublikamızda arxeologiya elminin inkişafına, abidələrimizin öyrənilməsi ilə bağlı çöl tədqiqatlarının mütəşəkkil aparılmasına, elmi kadrların yetişdirilməsinə yönəltmişdir.
1972-ci ildə o, Qəbələ rayonu ərazisindəki Kilsodağda apardığı qazıntılar nəticəsində Qafqaz Albaniyasının VI-VII əsrlərinə aid dairəvi xristian məbədini aşkar edib, öyrənmişdir. Naxçıvanda, Ağstafada, Qaxda Torpaqaları tədqiq edən Rəhim müəllim 1973-cü ildə Ağdam rayonu ərazisindəki Govurqala abidəsində, 1974-cü il-də Şəmkir su qovşağı ərazisində, Tovuz rayonundakı Torpaqqalada arxeoloji tədqiqat işləri aparmışdır. Sonuncu yaşayış yerini Bərdə-Tiflis yolu üzərində yerləşən qədim Xunan şəhərinin qalığı olduğunu müəyyənləşdirmişdir.
R.M.Vahidov Azərbaycan arxeologiyasının müxtəlif səpgili problemlərindən bəhs edən 50-dək elmi əsərin müəllifidir. Bu əsərlər içərisində müxtəlif dövr və müxtəlif xarakterli abidələrin tədqiqi ilə yanaşı, Azərbaycan arxeologiyası tarixşünas-lığına həsr edilmiş məqalələr də mühüm yer tutur. Rəhim müəllimin əsərləri dərin məzmunu, yeniliyi və dəqiqliyi ilə fərqlənir. Tələsmədən keyfiyyəti əsas götürən Rəhim müəllim kəmiyyət dalınca qaçmazdı. O, yazdıqlarını dəfələrlə oxuyaraq süzgəc-dən keçirdikdən sonra üzə çıxarardı. Məhz buna görə də onun elmi əsərləri elə bil bu gün yazıldığı üçün köhnəlmir, bizimlə yaşayır. Onun məqalələrindən «Azərbaycanda küp qəbirlər mədəniyyətinin bəzi məsələlərinə dair», «Govurqalada arxeoloji qazıntılar», «Torpaqqalada dulus kürəsi», «Mingəçevirin orta əsrlər yaşayış yerləri» və s. hər birinin elmi dəyəri mübaliğəsiz demək olar ki, bir kitaba bərabərdir.
Ərəb əlifbasından istifadə edən, milli dildə yazılmış arxeoloji ədəbiyyatın yaradılmasında xüsusi yer tutan Rəhim müəllim həm də səriştəli redaktor idi. O, 20-dək kitab və 100-dən çox məqaləni redaktə etmişdir. Təkcə 1972-1976-cı illərdə o, 105 həcmində müxtəlif əsərləri redaktə etmişdir. Onun başçılıq etdiyi şöbədə 2 doktorluq, 6 namizədlik dissertasiyası müzakirə olunaraq müdafiəyə buraxılmışdır. R.M.Vahidov bir sıra beynəlxalq və respublika miqyaslı elmi-sessiya, konfrans, simpoziumların iştirakçısı və təşkilatçısı olmuşdur. Onun təşkilatçılıq bacarığı 1965, 1985-ci illərdə Bakıda keçirilən Ümumittifaq arxeologiya və etnoqrafik sessiyaların işində, 1974-cü ildə arxeologiya və etnoqrafiya sektorunun yaradılmasında özünü göstərmişdir. O, həmçinin tarixi abidələrin bərpası üzrə metodoloji Şuranın şəhər-qoruqlar üzrə komissiyanın üzvü kimi də fəaliyyət göstərmişdir. Rəhim müəllimin şəxsi keyfiyyətləri hər bir insan üçün nümunə idi. Xüsusilə iş şəraiti, təminat, təmizlik, sağlamlığı qorumaq, çöl tədqiqatları zamanı gözəl yoldaşlıq etmək Rəhim müəllimin həyat devizi olmuşdu. O, vüqarlı, təmkinli, hədsiz dərəcədə tələbkar, təmiz-kar, sözündə bütöv, nikbin alim idi.
Şübhəsiz, gələcək nəsillər respublikamızda və ondan kənarda tanınmış Rəhim müəllimin elmi irsini öyrənməklə uzun müddət onun əsərlərindən bəhrələnəcəklər.

Leave a comment

Your comment