STATE ATTRIBUTES OF SHIRVANSHAHS
ŞİRVANŞAHLARIN HAKİMİYYƏT RƏMZLƏRİ Sevda Dadaşova
(Şirvanşahlar Saray Kompleksi Dövlət Tarixi Memarlıq Qoruq Muzeyi)
Azərbaycan xalqı hələ qədim zamanlardan ətrafında gördüyü bütün dəyərli olanları keramika və metalda, xalça və parçalarda, taxta və daş üzərində əks etdirməklə unikal sənət əsərləri yaratmışdır. Buna görə də bu şedevrlər xalqımızın tarixinin ayrı-ayrı səhifələrinin öyrənilməsi işində misilsiz mənbədir.
XV yüzillik Şirvanın çiçəklənmə dövrüdür. Biz, müasir azərbaycanlıların yaşadığı bu tarixi ərazidə 1000 il mövcud olmuş dövlət, unikal maddi-mədəni abidələri, о cümlədən Azərbaycanın memarlıq şedevrini – özlərinin sonuncu iqamətgahları olmuş Şirvanşahlar Sarayını bizlərə miras qoymuşdur (1).
Mənbələrdən bizə məlumdur ki, qızılbaşlar – Səfəvi qoşunları 1501-ci ildə bu şah sarayını qarət etmiş, onun zəngin kitabxanasını, xəzinəsini və bütün varidatını Təbrizə aparmışlar, о cümlədən də Şirvanşahların mütləq hakimiyyət rəmzləri olan taxtı, tacı, qılınc və qalxanı, bayraq və hökmdarlıq əsasını (2). Bunlar Şirvanşahların şərəf və şöhrət tarixlərinin, onların yüksəliş və süqutlarının lal şahidləridir:
Taxt – hündür yerdə qoyulan zəngin bəzədilmiş kürsü, rəsmi mərasimlərdə padşahın yeri. Hakimiyyət, hökmdarlıq rəmzi.
Tac – hakimiyyət rəmzi olan baş geyimi. Tiara, diadema, çələng və s. formalarda olurdu. Əsasən qızıldan düzəldilən tac çoxlu daş-qaş və mirvari ilə bəzədilirdi. Azərbaycanda hələ qədimdən məlumdur. Hökmdarlar tacı böyük bay-ram günlərində, mərasim məclislərində taxırdılar.
Qılınc – yaxın məsafəli döyüşdə istifadə edilən dəlici və kəsici soyuq silah. Qılınc adətən zadəganlara məxsus silah hesab edilmiş və hakimiyyət rəmzi sayılıbmış. (Dövlət qılıncı hökmdarın xeyri, ədaləti müdafiə, zülm və şəri isə cəzalandırmaq borcunun rəmzi idi.)
Qalxan – döyüşçünü soyuq və atıcı silahın zərbəsindən qoruyan yaraq. Ağacdan, qamışdan, dəridən, sonralar tunc və dəmirdən hazırlanırdı. Qalxanın forma və ölçüləri ayrı-ayrı xalqlarda müxtəlif (dairəvi, dördkünc, üçkünc, badamvari və s.) idi. Azərbaycan ustalarının hazırladıqları qalxanlardan biri (XVI əsrə aid, Təbriz) Kremlin Silah Palatasında saxlanılır. Bu qalxanın diametri 50,8 sm-dir; bütöv qırmızı poladdan döyülmüş, üzəri isə qızılla xatəmkarlıq üslubunda bəzədilmişdir. Üzərindəki 42 dairəvi cığırda insan təsvirləri, ov, müharibə səhnələri və s. verilmişdir. Bəzi tədqiqatçılar bu qalxanı dünya muzeylərində saxlanılan Şərq qalxanlarının ən gözəl nümunəsi hesab edirlər.
Bayraq – dövlətin rəsmi fərqləndirici nişanı. Üzərində gerb, yaxud digər emblem təsviri olan, 9-cu əsrdən başlayaraq, ağac dəstəyə bərkidilən bir və ya çox-rəngli qumaş parça. XI əsrdən hərbi bayraqlarda gerblərin təsvirləri və müəyyən heraldik rənglər əksini tapmışdır. Bayraqlar bütün ölkələrdə müəyyən ölçüdə, forma və rəngdə parçadan (üzərində çəkilmə, tikmə və basma yazı, təsvir-rəmzlər olur), əsasən metal başlıqdan (ucluqdan), dəstəkdən və lentlərdən, qotazdan və qaytandan, habelə xüsusi nişanlardan ibarət olur. Hökmdarlıq əsası – səlahiyyət sahibliyini, hakimiyyət rəmzini bildirən, adətən
bəzədilən qısa ağac – əsa. Hakimiyyət rəmzlərindən biri (3). Biz -’ Şirvanşahlar Sarayı Kompleksi’ Dövlət tarixi-memarlıq qoruq-muzeyinin elmi heyəti artıq 3 ildən çoxdur ki, saray kompleksinin abidələrində aparılan bərpa işləri ilə paralel olaraq, 500 il bundan əvvəl Şirvanşahların bu iqamətgahından qarət edilib aparılmış varidatın bütün dünya üzrə axtarışlarını həyata keçiririk. Lakin bizim hər gün, hər saat, hər an müraciət etdiyimiz misilsiz mənbə, hələ də bir çox sirr və müəmmaları özündə gizlədən saray kompleksinin özüdür.
Bir tarixi-memarlıq abidəsi kimi sarayın qiymətli olması əsrlər boyu bir çox alim və səyahətçilərin diqqətini özünə cəlb etmişdir. Onun haqqında çoxlu sayda əsərlər, məqalələr yazılmış, yüz minlərlə təsvir və fotolar çəkilmişdir. Lakin o, bu gün də bizim hamımızı heyrətləndirmək və heyran etdirməkdə davam edir.
Sirvanşahlar Sarayının abidələr kompleksi demək olar ki, özünün monumentallığı, memarlığının sakit əzəməti, naxışlarının mükəmməlliyi ilə hökmdarların – şirvanşahların zənginliyini, güc və qüdrətlərini, möhkəmliklərini ifadə edən ideyaya xidmət edirdi. Memarlığının orijinallığı, özünəməxsusluğu ilə Şirvanşahlar Sarayı bütün Yaxın Şərqdə özünün analoquna malik olmayan bir abidədir. Kompleksin bütün abidələrində gözəl zövq, yüksək daşyonma texnikası, memarın orijinal plan həlli müşahidə edilir.
Sarayın şimal tərəfində, ona çox yaxın ərazidə kompleksin ən klassik abidəsi – Divanxana yerləşir. O, üç tərəfdən sütunlu tağlı qalereya ilə əhatələnmiş kvadrat şəkilli kiçik həyətdən ibarətdir.
Həyətin ortasında rotonda ucalır. Rotondanın mərkəzi hissəsi – səkkizguşəli zal 6 çatmatağlı kiçik qapı keçidinə malikdir; onlardan beşi onu əhatələyən, metrəyarımlıq qalınlığı olan böyük kürsülük üzərindəki qalereyaya aparır, 6-cı qapı keçidi isə vestibülə çıxır. Qərb tərəfindən rotonda onun damı üzərindən yüksəklərə ucalan düzbucaqlı baş portala malikdir. Daş üzərində oyma xalça ornamentləri ilə zəngin bəzədilmiş portal fövqəladə dərəcədə gözəl və cazibədardır. Burada rənglərdən istifadə edilməmişdir, işıq və kölgənin harmoniyası sayəsində bədii təəssürat yaradılmışdır. Kölgə daş üzərində açılmış dərin oymalara düşərək, işıqlanmış qabarıq hissələri nəzərə çarpdırır və bütövlükdə zəngin ornamentli xalça təəssüratı yaradılır (4).
Düzbucaqlı pannonun mərkəzində Divanxananın əsasən yüksək, çoxplanlı relyeflə işlənmiş portalının yuxarısında, daş hörgünün sıx naxışlarını canlandıran, mənzərəli yerləşmiş işıq ləkələrinin zəngin harmoniyasını yaradan çatma, elipsvari formalı medalyon həkk edilmişdir (şəkil 1). Onun naxışlarının kompozisiyası stilizə edilmiş kiçik budaqlar, gül və yarpaq təsvirləri ilə bol-bol örtülmüş, bir-birinə sarınmış şəbəkədən ibarətdir. Qalınlığı cəmi 3-4 mm çatan kiçik budaqlar burada bir-birinin içərisindən görünməyə başlayan spiralvari buruqlar şəklində verilmişdir (şəkil 2). Medalyonun üfüqi xətt üzrə şiş uclu təpəsində taca oxşar ornamental hörgü bizim diqqətimizi cəlb etmişdir. Divanxananı inşa etmiş memar böyük rəssam olmuşdur və yəqin ki, şirvanşahın tacını dəfələrlə görmüş, buna görə də onu naxış şəklində hörməklə, əsrlərin yaddaşına həkk etməyi qərara almışdır. Kompleksin abidələrindən biri – Divanxana üzərində aşkar edilmiş bu tac (5) (şəkil 3) bir daha sübut edir ki, dövrümüzə gəlib çatmış bu tarixi məkan məhz Şirvanşahların saray iqamətgahı olmuşdur. Bu taciri analoqu Şirvanın tarixə ‘ Bayıl qəsri’ adı altında daxil olmuş daha bir unikal abidəsində mövcuddur.
Bakı limanının cənubi-qərb hissəsində (Paris kommunası adına zavədun ərazisində) 1306-cı ildə güclü zəlzələ zamanı suyun altında qalmış və dağılmış kiçik orta əsr abidəsinin qalıqları görünür. Əvvəllər o, 15 yarımdairəvi bürcü bir-biri ilə birləşdirən divarlarla əhatə olunurdu. Tədqiqatçıların bir qismi bu abidəni karvansara, qəsr, xanəgah, gömrükxana, bəziləri isə dənizkənarı istehkam adlandırırlar. Bizim fikrimizcə isə, bu, orta əsrlərdə Xəzərdə güclü donanmaya malik olmuş Şirvan hökmdarlarının dəniz qərargahının qalıqlarıdır. Bu abidə daha bir özünəməxsus xüsusiyyətə malikdir.
Dağılmış divarların daşları arasında çoxlu sayda kitabələr aşkar edilmişdir ki, onların üzərində fars dilində relyefli yazılar və barelyef təsvirlər həkk olunmuşdur. 1940-62-ci illərdə bu daşlar (699 ədəd) Şirvanşahlar Sarayına gətirilmiş və hazırda onlar sarayın həyətlərində qorunub saxlanır. Bütün tapılmış daşlar ha-mardır. Onların hündürlükləri eynidir, təxminən 70-71 sm, enləri 25 sm-dən 50 sm-dəkdir. Daşlar nəbati ornamentlərlə, insan başları, real, fantastik və stilizə edilmiş heyvan, quş təsvirləri ilə bəzədilmişdir (6).
Şirvanşah, Vəzidin (799-801) adı və anfas insan başı həkk olunmuş kitabə-də tac təsviri vardır ki, о da Divanxananın portalında bizim tərəfimizdən aşkar edilmiş tacla eyniyyət təşkil edir (şəkil 4).
Bu istiqamətdə görülən işlər hələ də davam edir və öz tədqiqini gözləyir.
Belə rəvayət edirlər ki, Əmir Teymur Siz şəhərində alimlərlə görüşmək istəmiş, onları düşərgəsinə dəvət etmişdi. Alimlər ölkələr fəth etmiş bu böyük cahangirin düşərgəsinə daxil olanda, Əmir Teymur başındakı tacı çıxarıb kənara qoyur. İçəriyə daxil olan alimlər yerə yıxılıb onun əlini öpmək istəyirlər. Əmir Teymur, – bunlar alim deyildirlər, – deyə görüşdən imtina edir.
Görünür orta əsrlərdə yaşamış bu dahi şəxsiyyət – Əmir Teymur haqlıymış. Çünki alim təkcə intelektlə məhdudlaşmamalıdır. Alimlik həm də daxili qürur, ləyaqət, mənlik, alicənablıq kimi fəzilətləri ziyalı deyilən məfhumda bir tam şəklində birləşdirən məqamdır, dərəcədir.
Biz, xarici ölkələrdə elmi ezamiyyətdə olan bütün ziyalı alimlərimizi ixtisaslarından asılı olmayaraq, Şirvanşahların dünya muzey və kitabxanalarına səpələnmiş varidatının aşkarlanması istiqamətində kollektivimizlə birgə çiyin-çiyinə fəaliyyət göstərməyə dəvət edirik.
ƏDƏBİYYAT
1. С. Ашурбейли. Очерки средневекового Баку. Баку, 1964.
2. S.B. Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, 1996.
3. Islam Ansiklopedisi. Istanbul, 1988,c. 12; Azərbaycan dilinin izahlı lüğəti.h.IV. Бакы,1987,с.141; Советский энциклопедический словарь.
Москва, 1988,с.388,633.
4. М.Гусейнов, Л.Бретаницкий, А.Саламзаде. История архитектуры Азербайджана. Москва,1963, с.192-194.
5. Е.Aslanov. Azərbaycan miniaturunun tacı.»Qobustan»№4,1988,s.8-14; R.Əfəndiyev. Azərbaycan geyimləri tarixindən (XVI əsr geyimləri) Azərbaycan SSRİ Elmlər Akademiyasının məruzələri, XV,№9,1959,s.879-883.
6. Ə.Salamzadə. Bayıl qəsri. »Elm və həyat»,№12,1974,s. 16; Р. Эфенди. Декоративно – прикладное искусство Азербайджана. Баку, 1976. с.23