RELIGOUS BELIEF IN ORAL FOLKLORE OF AZERBAIJAN
AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA DİNİ ETİQADLAR
Adil Abdullayev
(Bakı Dövlət Universiteti)
Azərbaycan şifahi xalq ədəbiyyatı azərbaycanlıların qədim inam və etiqadlarını öyrənmək üçün zəngin mənbədir. Folklorumuzda ibtidai icma dinlərindən totemizm, animizm, bəzi heyvanlara sitayiş və s. etiqadlara, inam və ovsunlara dair maraqlı faktlar vardır.
Bunların hər biri müstəqil tədqiqat mövzusudur. Təqdim olunan məqalədə biz yalnız bilavasitə ailə məişəti ilə bağlı bəzi etiqadlar haqqında bəhs etməklə kifayətlənəcəyik.
Şifahi xalq ədəbiyyatında özünü ən çox büruzə verən ibtidai etiqadlar-dan biri totemizm olmuşdur. Totemizm öz mənşəyini müəyyən bir heyvan növü ilə – totemlə bağlayırdı. Totem həmin adamlar üçün dost, qardaş hesab edilirdi (1). Totemizmin bir xüsusiyyəti də bundan ibarət idi ki, guya insan hər vaxt totemə, totem isə insana çevrilə bilərdi (2).
Şifahi xalq ədəbiyyatında at, qoyun, inək, öküz, qurd, ilan, pişik, xoruz və başqa heyvanlara ehtiram daha qabarıq nəzərə çarpır. Bunun müqabilində dastan və nağıllarımızda dovşan və tülkü pislənir. Onlarla adamlar arasında xoş ülfət yaranmır. «Cəlayi-Vətən» nağılında açıq deyilir ki, dovşan tilsimdir, tülkü isə sehirbazdır (3). Demək, onlarla adamların ünsiyyəti mümkün deyil.
Şifahi xalq ədəbiyyatı nümunələrindən göründüyü kimi, azərbaycanlılarda bir vaxtlar qoç və ya qoyun da totem olmuşdur. «Məlikməmməd» nağılında ağ qoç – işıqlı dünya, qara rəngli qoç isə qaranlıq dünyanın simvoludur (4).
Azərbaycan folklorunda bayatı janrının bir növü olan «sayaçı sözlər»də qoyun xüsusi yer tutur:
Qoyunlu evlər gördüm Qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm Qurumuş çaya bənzər
Qoyun var kərə gəzər
Qoyun var kürə gəzər
Gedər dağları gəzər
Gələr evləri bəzər (5). Qədim azərbaycanlıların etiqadında ilan da totem sayılmışdır. İlana etiqad midiyalılarda da mövcud idi (6). «Ovçu Pirim» nağılında ağ və qara rəngli ilan haqqında danışılır. Yuxarıda deyildiyi kimi totemizmdə səciyyəvi cəhət budur ki, insanlar öz əjdadlarını həmin totemlə əlaqələndirirdilər. Ona görə də totemlə insan həyata bağlıdır. Göstərilən nağılda ilanın ağzının suyu
xəstəliyə dərman hesab edilir: məhz ilanın tüpürcəyi Ovçu Pirimə qeyri-adi bacarıq verir, nəticədə о bütün heyvanlar və quşların dillərini bilir (7). «Daş üzük» nağılında oğlan çörək pulu qazanmaq üçün anasının verdiyi yumağı bazarda satıb bir yeşik alır və evdə onu açdıqda içindən ilan çıxır. Məlum olur ki, bu ilanlar padşahının qızı imiş. Bu yaxşılığa görə ilan – qızın atası oğlana bir üzük və bir xurcun qızıl verir (8). Deməli, totem ilan insana kömək edir.
«Ovçu Pirim» nağılında ağ və qara ilandan bəhs olunur. Aydın olur ki, ağ ilan müqəddəsdir. Lakin qara rəngli ilan düşməndir. Ona görə də Ovçu Pirim oxla qara ilanı vurur. Ağ ilan isə onu bədbəxt hadisədən xilas edir (9).
Qeyd etmək lazımdır ki, keçmişdə qadın doğanda başının altına ilan dərisi qoyulurdu. Bu Azərbaycan mifologiyasında da öz əksini tapmışdır. Uşaqların keçmişdə bədnəzərə görə paltarına ilan qabığı tikmək adəti də mövcud olmuşdur. Demək inamlarda ilan qabığı qoruyucu qüvvəyə malik olmuşdur (10).
Qədim azərbaycanlılarda totem hesab edilən digər ev heyvanı inək olmuşdur. Bəlkə də inək həm də xeyirli ev heyvanı kimi də bu etiqadı gücləndirmişdir.
«Göyçək Fatma» nağılında Fatma inəklə sirdaşdır. Ogey anası həmin inəyi kəsir, lakin Fatma onun sümüklərini yığıb aparıb torpağa bastırır və bu sümüklər qızın toy günü ona bir dəst zərli paltar verir (11). Bu təsvir göstərir ki, inək qədim azərbaycanlılar arasında totem əhəmiyyəti kəsb edirmiş. Çünki, totemizmə görə, totem insanlara çətin anlarda kömək edir, onlara sevinc gətirir. Həmin nağılda bir səhnə də diqqəti cəlb edir. Fatmanın qardaşı bu-laqdan su içəndə qara inəyə, sonra da xoruza dönüb. Bu da məhz totemizmlə bağlı inamdır: insan totemlərə çevrilə bilər.
Nağıllarımızda və başqa şifahi xalq yaradıcılığı nümunələrində itə də xüsusi münasibət mövcuddur. Məlumdur ki, türk xalqlarının təsərrüfat həyatında it mühüm yer tutmuşdur. Qoyun sürülərinin mühafizəsində it insanların yaxın köməkçisi olmuşdur. «Ovçu Pirim» nağılında çobanların 10-15 iti bir sürü canavarı qırır (12). «Sehirli üzük» nağılında qarının keçəl nəvəsi çörək almaq üçün bazara apardığı bir kələf ipi itə dəyişir (13).
Şifahi xalq ədəbiyyatında tez-tez təsadüf edilən digər totem göyərçindir. Məlum olduğu kimi göyərçin indi də azərbaycanlılarda toxunulmaz, müqəddəs quş hesab olunur. Bu səbəbdən də göyərçinin əti yeyilmir. Bu məhz totemizmə xas cəhətdir. Totem insanlara hamilik etdiyinə görə onun ətini yemək yolverilməz, günah sayılırdı. «Daş üzük» nağılında anasının bazarda sat-maq üçün verdiyi yumağı göyərçinə dəyişir. Həmin göyərçin oğlanın sonrakı taleyində mühüm rol oynayır, çətin anlarda kömək edir (14).
Azərbaycanlılar arasında qədim zamanlardan totem səciyyəsi daşıyan di-gər heyvan at olmuşdur. Nağıl və dastanlarda at mühüm yer tutur. At qəhrəmanları çətin anlarda xətadan qurtarır. «Bəxtiyar» nağılında at məhz bir to¬tem kimi təsvir edilir (15). «Qırxqönçə xanım» nağılında at oğlana kömək edir. Ona bir tük bağışlayır və deyir ki, nə vaxt çətinliyə düşsən, bu tükü yandır kömək edərəm. Küpəgirən qarı oğlana paxıllıq edir, özünü gözəl qıza döndərir və oğlanı çətin səfərlərə yola salır, lakin oğlan həmin atın tükünü yandırdıqda at özünü yetirir və onu xilas edir (16).
Aşıq Qərib dastanında Şahsənəmi atasının tüləb etdiyi başlığı qazanmaq üçün Qorib 7 il Hələbdə aşıqlıq etdikdən və başlıq üçün nəzərdə tutulan pulu qazanandan sonra Tiflisə tələsir. Onu yalnız bir ağ at Hələbdən Tiflisə çatdırır(17).
Məlum olduğu kimi keçmişdə ailəyə xətər toxunmaması üçün evlərin görünən yerlərindən, adətən giriş qapılarından at nalı asırdılar. Ehtimal ki, at nalı məhz uzaq keçmişdə atın totem olmasına görə sonralar qoruyucu vasitə hesab edilirmiş.
Şifahi xalq ədəbiyyatındakı at və itə inam öz kökləri ilə «Avesta»ya gedib çıxır. «Avesta»da bu heyvanlara yaxşı münasibət bəsləndiyi aydın görünür. Məsələn, it gecələr Əhrimənin göndərdiyi pis ruhlardan adamları və onların heyvanlarını qoruyur (18). Təsadüfi deyil ki, indi də rayonlarda bağ, bostanlarda payalara at və it kəlləsi keçirilir (19). Eynilə «at muraddır» xalq məsəli do ata inamla əlaqədar yaranmışdır.
Qədim etiqad və inamlardan danışarkən bəzi meyvə ağac və otlara etiqadın qalıqları da nəzərə çarpır. Bu ibtidai dinlərdən biri animizmdir. Animizm təbiətə onun obyektləri olan, qayalara, sulara biət etməkdən ibarətdir. Elə hesab edilir ki, onların da ruhu var, onlar da canlıdırlar. Bunların içərisində bəzi ağac növləri (dağdağan) və meyvə növləri (alma, nar) də var.
Animizm səciyyəsi daşıyan və folklorda sehirli qüdrətə malik olan belə meyvələrin içərisində alma xüsusi yer tutur. Nağıllarda bəzi hallarda «Qızıl (Qırmızı) alma» ifadəsi də işlənir. Alma insanlara sevinc gətirir, arzusuna çatdırır almanı yeməklə qadın hamilə olur və doğduğu oğlan qəhrəman olur. Maraqlıdır ki, div və alma nağıllarda əks qütblərdə yerləşir. Ona görə də div almanı oğurlayır. «Məlikməmməd» nağılında padşahın bağından almanı oğurlayan da divdir və Məlikməmməd məhz almanı yediyi üçün divi öldürür (20). «Bəxtiyar» nağılında deyilir ki, kim alma yesə, 15 yaşında cavana dönər (21). Nə üçün alma belə fövqəltəbii xüsusiyyətə malikdir? Həmin nağılda bunun cavabı vardır: alma cənnət meyvəsidir. «Sehirli üzük» nağılında xəstə almanı yeyən kimi sağalıb durur (22).
«Axvax» nağılında görürük ki, dərviş almanı cibindən çıxartdı, «əfsun oxudu, pilədi, alma oldu nazənin bir qız» (23).
Alma Azərbaycanın məişətindəki bütün mərasimlərdə əsas yer tutur. Təsadüfi deyil ki, bəzi rayonlarda keçmişdə gəlin ata minib ər evinə yola düşəndə bəy gəlinə bir alma atırdı. Bəy üçün bəzədilmiş xonçalarda mütləq qırmızı alma qoyulurdu. Xəstə yanına gedən hər bir adam keçmişdə xəstə üçün alma aparılırdı. Bu adət indiyədək qalır.
Məhəbbət dastanlarında alma övladsız ər-arvada əlacedici vasitə kimi verilir. «Tahir və Zöhrə» dastanında Qaramanda yaşayan iki qardaşın – Hatəm Sultan və Əhməd Vəzirin ikisinin də övladı olmurdu. Dərviş gəlib bir al¬ma verdi, yarısını öz arvadı ilə bir qardaş, digərini arvadı ilə о biri qardaş ye-dikdən sonra uşaqları olur.
Bir bayatıda oğlandan nişanlı qıza bir xonçadan məhəbbət rəmzi kimi 5 alma göndərilməsindən bəhs olunur:
Oturmuşdum səkidə
Ürəyim səksəkidə
Yardan beş alma gəldi
Bir qızıl nəlbəkidə. Azərbaycan xalq yaradıcılığının bir janrı olan haxıştalarda da alma haq-qında xüsusi bayatı vardır:
Ağ alma, qızıl alma,
Yol boyu düzül alma.
Ya muradımı ver,
Ya məndən üzül alma. Buradan aydın görünür ki, alma «murada çatdıran», «murad verən» vasitə rolunu oynamışdır.
Azərbaycan nağıllarında div ən qorxunc varlıqdır. Divlərin yaşadığı yer haqqında aydın təsəvvür yoxdur. «Məlikməmməd» nağılında təsvir edildiyinə görə div «quyunun dibindən başlanan yer altı saraylarda, yeddi qapısı olan evlərdə» yaşayır (25). Div nəhəngdir, qüvvətlidir, bir neçə başı var, о gələndə yer tərpənir və s. «Sehirli üzük» nağılında divin xarici görünüşü belə təsvir edilmişdir: «qulaqları lavaş boyda, dişləri fil dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi buynuzları qalxır enir, dırnaqları, quyruğu və buynuzları da var, yeddi və ya üç başı var» (26).
Div adam əti yeyir. Lakin insanlarla dostluq edən divlər də vardır. Div göydə uça da bilir. Altı aylıq yolu o, bir saata gedir (27).
Lakin xalq divə qalib gəlməyin yolunu da müəyyən etmişdir. Divin cam bir şüşədə olur. Həmin şüşəni sındırmaqla folklor qəhrəmanları divə qalib gəlirlər. Həmin nağılda deyilir ki, divin cam şüşədə quş kimidir. Bu quşu boğmaqla divi məhv etmək olur. Divlər, adətən, zağalarda (mağaralarda) yaşayırlar. Divlərə qarşı mübarizədə insanlara kömək edən zümrüd quşudur. Bu quş xeyirxahdır. «Məlikməmməd» nağılında Məlikməmməd zümrüd quşunun yumurtalarını yeyən əjdahanı öldürdüyünə görə zümrüd quşu onu işıqlı dünyaya gətirir. Nağıl yaradıcılarının təsəvvürünə görə bu quş nəhəng quşdur. Məlikməmməd hətta onun belinə minir. Bu quşun tüpürcəyi də şəfa verir (28). M.H.Təhmasib «Azərbaycan xalq ədəbiyyatında div surəti» adlı məqaləsində yazır ki, nağıllarda divlər həm mənfı, həm də müsbət surətlərdir. Divlər Zərdüşlükdən çox-çox əvvəl xeyirxah varlıqlar kimi təsvir olunmuşdur. Sanskrit dilində div «işıq allahı» deməkdir. Lakin «Avesta»da div Hörmüzdün və Günəşin düşməni elan edilmişdir (29).
Şifahi xalq ədəbiyyatından aydın olur ki, qədim azərbaycanlıların öləndən sonra insanın taleyi haqqında təsəvvürləri çox bəsit olmuşdur. Onlar güman edirdilər ki, yerin altında «o dünya» deyilən başqa bir dünya da mövcuddur. «Məlikməmməd» nağılında deyilir ki, yerin altında, 40 ağac dərinlikdə ölkə vardır: oranın da padşahı vardır (30). О vaxtkı insanların fikrincə, yeraltı dünyaya yol da quyudan, ya da bulaqdandır. Əqidəyə görə, о dünyada da heyvanlar yaşayır və orada da dəniz var (31). Göründüyü kimi yerin altında eynilə bu görünən və müşahidə olunan dünyaya bənzər başqa bir dünya mövcuddur. Aydındır ki, bu islamdan qabaqkı dini görüşlə bağlıdır.
Qədim azərbaycanlılarda təbiət hadisələri də canlı hesab edilirdi. «Göyçək Fatma» nağılında Günəş «Yel baba» adlandırılır və müqəddəs sayılır (32). Həmin nağılda Günəşə canlı varlıq kimi müraciət edilir:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür qaç. Şifahi xalq yaradıcılığından gətirilən bu nümunələr qədim azərbaycanlı-ların ailə məişətinə dair onun dünya görüşünün çox mürəkkəb olduğunu göstərir.
Azərbaycan xalq inamlarında öküz mühüm yer tutur. Öküz totem olmaqla yanaşı həm də məhsuldarlıq simvoludur. Çünki, öküzlə yer şumlanır, bar-bəhər hasil olunur. Azərbaycan şifahi xalq ədəbiyyatının bir janrı olan holavarlar buna yaxşı sübutdur. Holavarlarda öküz təriflənir (33). Öküz, öküz, xan öküz! Boynu qızıl qan öküz. Çək çayır-çəraəndən Sənə can qurban, öküz. Azərbaycan folklorunda öküz üçün qoşulmuş 16 holavar məlumdur. Holavar əkin, biçin və səpində qoşqu qüvvəsi kimi işlənən öküzü işə həvəsləndirmək məqsədilə ifa edilmiş mahnıdır. Bəzi tədqiqatçılara görə, «holavar» sözündəki «hə» sözü «heyvan» deməkdir. Öküzün əkinçi ilə deyişməsinə dair şerlər aydın göstərir ki, öküz həm də totemdir. Aşağıdakı şerlərdən aydın olur ki, öküz yiyəsinə can-başla kömək edir (34). Əkinçi:
Sarı öküz, səndən budur diləyim, Bir günlüyü tamam gərək əkəsən. İstəmirəm axşamadək çəkəsən
El töhmətini üstümüzə tökəsən.
Öküz:
Sən havaxtda mənim gördün işimi. Qoymayırsan dinc saxlayım başımı. Qoyundan, keçidən ver yoldaşımı. Gör mən onlar ilə necə çəkərəm (35). Folklor nümunələrindən aydın olur ki, azərbaycanlıların qədim totemlərindən biri də canavar olmuşdur.
Cavad Heyət qədim türklərdə boz qurda inam haqqında yazır ki, «türklər totemizm dövründə yaşadıqları zaman boz qurd onların totemi olmuşdur. Dastanlarda boz qurd həyat və savaş gücünü təmsil edir. Əvvəllər bir tanrı kimi sitayiş edilən boz qurda xalqın cəddi kimi baxılmış, qəhrəmanları da ona bənzədilmişdir» (36).
«Dədə Qorqud» dastanında Qazan xan evinə basqın edildiyi vaxt ailə və ordusunu axtaranda yolda boz qurda rast gəlir və «qurd üzü mübarəkdir» deyərək ondan soruşur:
Ordumın xəbərin bilürmsın, degil bana, Qara başım qurban olsun, qurdum, sana – dedi (37). Bu parçadan görünür ki, boz qurd qədim azərbaycanlılarda totem sayılmışdır. İnama görə boz qurd onu totem sayanların dediyinə qalmalıdır. Misal gətirilən parçada hətta ordunun vəziyyətindən də xəbərdar olmalıdır və bu yaxşılığa görə Qazan xan ona qaravaşını, yeni qulluqçusunu qurban deyir.
Qurd totemi tək azərbaycanlılarda deyil, başqa türk xalqlarında da vardır. Lakin azərbaycanlılarda qurda inam qalığı ailə məişətində də qalmışdır. Məsələn, körpə uşağa göz dəyməyə qarşı keçmişdə onun yaxasına qurd tükü və qurd dişi tikilirdi. Südəmər uşağı olan qadının döşü şişəndə qurdun pəncəsini üç dəfə döşə vurmaqla sağaldırdılar (38). Keçmiş inama görə uşağı ol-mayan qadını içinə ilan qabığı, qurd kəlləsi salınmış su ilə çimizdirəndə o, uşağa qalır (39).
Yuxarıda bəhs olunan faktik materiallar azərbaycanlıların qədim, ibtidai icma dinləri haqqında tam təsəvvür yaratmasa da, bu nümunələr ənənəvi ailə məişətinin bir sıra ümdə məsələlərinin, xüsusilə ailənin mənəvi həyatının araşdırılmasında müstəsna əhəmiyyət kəsb edir.
ƏDƏBİYYAT:
1.Соколова З.П. Культ животных в религиях. Москва, 1972, с. 19-20.
2.Токарев С.А. Религии в истории народов мира. Москва, 1964, с. 61.
3.«Cəlayi-Vətən» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı,1985,s.258.
4. Yenə orada, «Məlikməmməd» nağılı, s. 20.
5.Azərbaycan folkloru antologiyası, I cild, Bakı, 1968, s. 15-18.
6.Yenə orada, s. 16.
7.Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı, 1985.
8.Yenə orada, «Daş üzük» nağılı, s. 123.
9.Yenə orada, «Ovçu Pirim» nağılı, s. 27.
10.Azərbaycan mifoloji mətnləri, s. 174.
11.«Göyçək Fatma» nağılı, Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar.
12.Yenə orada, «Ovçu Pirim» nağılı, s. 36.
13.Yenə orada, «Sehirli üzük» nağılı, s. 44.
14.Yenə orada, «Daş üzük» nağılı, s. 123.
15.Yenə orada, «Bəxtiyar» nağılı, s. 145.
16.Yenə orada, «Qırxqönçə» nağılı, s. 150.
17.«Aşıq Qərib» dastanı. Azərbaycanın məhəbbət dastanları. Bakı, 1980. 18.Маковельский А.О. Авеста. Баку, 1960, с.
19.Абдуллаев Б. Азербайджанский обрядовый фольклор и его поэтика.
Москва, 1990, с. 19.
20.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16.
21.Yenə orada, «Bəxtiyar» nağılı, s. 140.
22.Yenə orada, «Sehirli üzük» nağılı, s. 60.
23.Yenə orada, «Axvax» nağılı, s. 191.
24.Azərbaycan folkloru antologiyası. I cild, s. 135.
25.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16.
26Yenə orda, s. 45.
27.Yenə orada, «Hatəm» nağılı, s. 93.
28.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 16-19. 29.Təhmasib M.H. Azərbaycan xalq ədəbiyyatında div surəti. «Vətən uğrunda» jurnalı, № 1, 1946.
30.«Məlikməmməd» nağılı. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, s. 61.
31.Yenə orada, «Оххау» nağılı, s. 65.
32.Yenə orada, «Göyçək Fatma» nağılı, s. 38, 43.
33Azərbaycan folkloru antologiyası. I cild, s. 135.
34.Yenə orada, s. 9-11.
35.Yenə orada, s. 11.
36.Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990, s. 45.
37.Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 45. 38.Azərbaycan mifoloji mətnləri. Bakı, 1988, s. 174.
39.Yenə orada, s. 174.