POTTERY PRODUCTION IN AZERBAIJAN IN THE LATE MIDDLE AGES
SON ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA SAXSI MƏMULATLARI İSTEHSALI
Camal Mustafayev
(Azərbaycan Dövlət Neft Akademiyası)
Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər [7, s. 337]. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Bu dövrdə gildən hazırlanmış qabları bişirmək üçün kürələrin meydana gəlməsi, dulus çarxının kəşf edilməsi dulusçuluq sənətinin sonrakı inkişafına ciddi təsir göstərən mühüm nailiyyət hesab edilirlər [5, s. 30].
ilk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması [16. s. 37-38], dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatının istehsalı üçün daha əlverişli şərait yaradırdı.
Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, о cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar aşkar edilmişdir [16, s. 37-38]. Beyləqanda tapılmış 9 dulus kürəsin-dən 8-i saxsı qablar, biri isə kərpic bişirmək üçün nəzərdə tutulmuşdu [9, s. 29].
Azərbaycanın müxtəlif şəhərlərində və digər yaşayış məntəqələrində aparılmış arxeoloji qazıntılar göstərir ki, IX – XIII əsrlərdə dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Su kəmərləri üçün saxsı boruların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalına başlanması da bu dövrlə bağlıdır [9, s. 57].
Monqol işğalları sənəkarlığın digər sahələri kimi dulusçuluğun inkişafına da ağır zərbə vurdu. Onlar ı törətdikləri dağıntılar dulusçuluq istehsalının mərkəzlərindən bir qisminin tamamilə sıradan çıxması, digərlərində isə istehsalın həcminin kəskin şəkildə aşağı düşməsilə nəticələndi. Geriləmə özünü məişətdə işlədilən saxsı qabların istehsalında daha aydın göstərirdi [8, s. 232]. Bununla belə, məişət keramikasının istehsalında yaranmış bu gerilik sonrakı əsrlərdə ti¬kinti keramikasının həcminin artması ilə əvəz olundu. XV – XVII əsrlərdə tikinti işlərinin genişlənməsi bəzək işlərində istifadə edilən dekorativ kərpic və kaşı istehsalının həcminin artmasını zəruri edirdi. XVII əsrdə Azərbaycanda olmuş bir çox Avropa səyyahları burada istehsal edilən saxsı məmulatının yüksək keyfiyyətli olduğunu yazır və onun hətta Fransada istehsal edilən bu tipli məmulatdan üstün olduğunu qeyd edirdilər [8, s. 231].
Əldə olan arxeoloji materiallar göstərir ki, son orta əsrlərdə Azərbaycanda saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə – şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır [15, s.44]. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Arxeo¬loji qazıntılar zamanı Azərbaycanın müxtəlif böləgələrindən bu tipli çoxlu saxsı məmulatı aşkar edilmişdir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi [15, s. 122].
Son orta əsrlərdə Azərbaycan xalqının məişətində şirli qablardan da geniş istifadə olunurdu. Bu tipli qablar sırasına bardaq, güldan, vaza, çıraq, kasa və s. daxil idi. Azərbaycan dulusçuları marqans, mis və kobalt oksidinin köməyi ilə aldıqları şirlər vasitəsilə saxsı məmulatını yüksək zövqlə bəzəməyi bacarırdılar [15, s.125]. XVI-XVII əsrlərdə Azərbaycanda dulusçuluq istehsalının əsas mərkəzlərindən olan Təbrizdə yüksək bədii keyfiyyətə malik saxsı məmulatı, ilk növbədə qablar hazırlanırdı. Belə qablar üzərində həkk olunmuş naxışlarda ot, sümbül və gül təsvirləri verilirdi. Bəzi məlumatlara görə Səfəvi şahları Ərdəbildəki Seyx Səfi məqbərəsində yüksək bədii tərtibatlı saxsı məmulatlarının kolleksiyasını yaratmışdılar [8, s. 231-232].
XVI-XVII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etmiş-di. Bu dövrdə ayrı-ayrı şəhərlərdə sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi. Övliyə Çələbinin məlumatına görə Təbrizdəki hamamların əksəriyyəti Füzulinin əsərlərindən götürülmüş süjetli keramika məmulatları ilə bəzədilmişdi [8, s. 232].
Sənətkarlığın digər sahələr ilə müqayisədə XVIII əsrdə Azərbaycanda dulusçuluq istehsalı haqqında məlumat çox azdır. Bunu bir tərəfdən XVIII əsrin hələlik arxeoloji qazıntıların obyektinə çevrilməməsi, digər tərəfdən isə bu sahənin dərin tənəzzülə uğraması ilə izah etmək olar. XVII əsrin sonlarından başlayan və xanlıqlar dövründə də davam edən ümumi iqtisadi tənəzzül dulusçuluğa da mənfi təsir göstərmişdir. Mülki tikinti işlərinin azalması, tikililərdə bəzək materialı kimi kaşı və digər dekorativ bəzək vasitələrindən az istifadə edilməsi tikinti keramikasının istehsal həcminin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Əlbəttə, XVIII əsrdə dulusçuluğun bu sahəsinin tamamilə sıradan çıxması fikrini də söyləmək olmaz. Çox güman ki, bu dövrdə Azərbaycanın ayrı-ayn şəhərlərində inşa edilən ictimai binalarda, ilk növbədə isə hamamlarda yerli istehsalın məhsulu olan kaşılardan istifadə edilirdi. Lakin yazılmış mənbələrdə hələlik bu barədə heç bir məlumata rast gəlmək mümkün olmayıb. Görünür bu istehsal edilən saxsı bəzək vasitələrinin aşağı keyfiyyətli olması ilə bağlı idi.
Müstəqil Azərbaycan xanlıqlarının mövcud olduqları XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafik tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları öz təyinatlarına görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular [10, s. 92]. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü-su daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), su saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahi, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi [7, s. 339]. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar [10, s. 94].
Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhərlərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayırdılar [13, s.389]. Təkcə Şəki şəhərində saxsı səhəng istehal edənlərin sayı 29 nəfərə çatdırdı [I, v.12-13, 83-84].
Digər xanlıqlarla müqayisədə Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birilərini təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı [3, V. 15; 4, v. 14]. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi [18, s. 200]. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var [18, s. 132-133].
Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını irəli sürmək olar. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalı üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində V.N.Leviatov tərəfindən aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən xeyli miqdarda şirli qablar – kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər [17, s. 132-127].
Bütün orta əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuş Gəncədə də bu sənət sahəsi qalmaqda davam edirdi. Mənbələrdən birində Gəncə dulusçularının məhsulları yüksək qiymətləndirilir və onlar “öz işlərini yaxşı bilən” sənətkarlar kimi xarakterizə olunurlar [12, s.391]. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfiyyəti olan saxsı məhsullarına çevrilirdilər [12, s. 391].
Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etməsini yerli hakimlərin bu sahəyə qayğı ilə yanaşmaları ilə izah etmək olar. Onların sənətin bu sahəsinin inkişafı üçün yaratdıqları şəraitin nə dərəcədə əlverişli olduğunu Gəncə dulusçularının 1809-cu ildə rus hakimiyyət orqanlarına yazdıqları şikayətdən də aydın görmək olar: “Xanlıqlar dövründə bu məhsulu başqa yerlərdə istehsal edən saxsı qab ustaları onu satmaq üçün şəhərə gətirirdilər (və) xan onlardan çox cüzi gəlir götürürdü; indi onları (saxsı qabları – C.M.) şəhərdə də hazırlayırlar və keçmiş komendant Koçnev şəhərdə hazırlanan saxsı qablar üçün iltizam təsis etmişdir və iltizamçı hər bir səhəngi 10 qəpikdən alıb 25 qəpiyə satır və yoxsul ustalara sərbəst satışı qadağan edir” [6, s. 490].
Təbriz və Ərdəbil şəhərləri də dulusçuluq istehsalının əsas mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam edirdilər. Bu şəhərlərin ətrafındakı zəngin gil yataqları saxsı məmulatlarının istehsalı üçün əlverişli şərait yaradırdı.
Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Əvvəlki dövrlərdə saxsı qablar istehsalında böyük şöhrət qazanmış Təbrizin yaxınlığındakı Kuzə kunan kəndi bu ənənələri xanlıqlar dövründə də davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər [11, s. 173, 212-213]. Quba xanlığında saxsı qablar istehsalının əsas mərkəzləri Yenikənd, İspik və Möhüc kəndləri idilər [2, v. 271-292]. İ.Şopenin verdiyi məlumata görə Naxçıvan xanlığının ayrı-ayrı kəndlərində 33 nəfər saxsı qab istehsalı ilə məşğul olurdu [20, s. 843-844].
Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məlumatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Yuxarıda adları çəkilən kəndlərin əksəriyyətində daha çox səhəng istehsal edilirdi. Çox güman ki, bu ölkədə mis qablar istehsalının geniş miqyas alması və xarici ölkələrdən çoxlu miqdarda şüşə qabların gətirilməsi nəticəsində kiçik həcmli saxsı qablara tələbatın azalması ilə əlaqədar idi.
ƏDƏBİYYAT
1. Azərbaycan DTA, f. 24, siy. 1, iş 162
2. Azərbaycan DTA, f. 24, siy. 1, iş 342
3. Azərbaycan DTA, f. 24, siy. 1, iş 353
4. Azərbaycan DTA, f. 24, siy. 1, iş 372
5. Azərbaycan tarixi (Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə), Bakı, 1994.
6. AKAK, i.IV, d. 697
7. Ağamalıyeva S.M. Dulusçuluq. Azərbaycan etnoqrafiyası. I c. Bakı, 1988.
8. Гейдаров M.X. Города и городкое ремесло Азербайджана XIII-XVII вв. Баку, 1982.
9. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979 lO.Həvilov НА. Azərbaycan etnoqrafiyası. Bakı, 1991.
11. Огранович И.Л. Провинции Персии: Ардебильская и Серабская. КОИРГО. 1876, №2.
12. ОРВЗК, ч. II, СПб., 1836
13. ОРВЗК, ч. III. СПб., 1836
14. ОРВЗК, ч. IV. СПб., 1836
15.Cəbiyev Q. Azərbaycan keramikası. Bakı, 2003.
16. Левиатов B.H. О типах глазурованной керамики Азербайджана в VII-XV вв.
Известия АН Азерб. ССР, 1946, № 7. 17.Левиатов В.Н. Археологические раскопки 1946г. в крепостной части Баку.
Известия АН Азерб. ССР, 1947, № 4.
18. Статическое описание Нахчиванской провинции. СПб., 1833
19. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852.