PETROQLIPHES OF DASHLIDAGH
DAŞLIDAĞ PETROQLİFLƏRİ
Nəcəf Müseyibli, Nadir Həsənov (Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya Institute)
Bakı şəhərindən 40 km cənub-şərqdə yerləşən Səngəçal qəsəbəsi yaxınlığında neft-qaz terminalının tikintisi ilə əlaqədar, müəlliflər 2001-2002-ci illərdə hə-min yerdə arxeoloji axtarışlar aparmışlar. Şərqdən Xəzər dənizi (Sənqəçal körfəzi), qərbdən və şimaldan dağlarla əhatə olunan Sənqəçal ərazisi cənubdan Qobustanla həmsərhəddir. Ərazi gil və qum qarışıq torpaqdan ibarət yarımsəhradır. Bitgi örtüyü əsasən yovşan, dəvətikam və bu kimi yarımsəhra kol bitgilərindən ibarətdir.
Axtarışlar nəticəsində terminalın 450 hektara yaxın tikinti sahəsində arxeoloji abidə aşkar edilməsə də bu sahəyə bilavasitə qonşu olan ərazilərdə qədim dövrlərə aid qayaüstü təsvirlər – petroqliflər və orta əsrlərə aid yaşayış yeri aşkar edilmişdir. Terminaldan təqribən 500 m qərbdə yerləşən və yerli əhali tərəfindən Daşlı dağ adlandırılan təpə özünün təbi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu təpənin səthi nəhəng əhəngdaşlarından ibarət qayalarla örtülmüşdür.
Geoloji, tektonik proseslər nəticəsində biri-birinin üzərinə düşmüş bu qayalardan bir neçə yerdə qayaaltı sığınacaqlar əmələ gəlmişdir. Qədim insanlar məhz belə sığınacaqlarda məskən salmış, özlərini istidən, soyuqdan, vəhşi heyvanın hücumlarından qorumuşlar. Daşlı dağın yamacındakı qayaaltı sığınacaqlardan biri digərlərinə nisbətən daha böyük ölçülü olub qədim insanların yaşaması üçün daha əl-verişli olmuşdur. Bu qayaaltı sığınacağın şimal-cənub istiqamətində daxildə uzunluğu 8,7m, eni 6,2 m, hündürlüyü isə 3,5 m- dir.
Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə də heyvandarlıqla məşğul olan insanlar bu qayaaltı sığınacaqdan istifadə etmişlər. Belə ki, sığınacağın hər iki tərəfinin yastı daşlarla hörülməsi, daxildə əmələ gəlmiş mədəni təbəqənin üst qatında orta əsrlərə aid keramika məmulatının tapılması bunu sübut edir. Məhz bu qayaaltı sığı-nacağın şərq divarının daxili səthində qayaüstü təsvirlər həkk edilmişdir. Qayanın səthi minilliklər ərzində aşınmalara məruz qalmış, təsvirlər olan bəzi hissələr də qopmuşdur. Üst qatın qopub töküldüyü yerlərdə sonralar da petroqliflər həkk edilmişdir. Belə bir fakt təsvirlərin birinin digərinə nisbətdə xronoloji ardıcıllığını müəyyənləşdirməyə imkan yaradır.
Buradakı təsvirlər müxtəlif heyvanların yeddi ədəd kontur rəsmindən və bir işarədən ibarətdir. Onlardan dörd heyvan rəsmi qayanın üz qabığında həkk edilmişdir. Alt qatdakı təsvirlərə nisbətən realist üslubda verilmiş bu rəsmlər öküz, maral (?) və iki keçi təsviridir. Burada ən iri ölçülü təsvir öküz rəsmidir. O, digər rəsmlərdə о nisbətən daha canlı göstərilmişdir. Qısa buynuzları irəli yönəlib, ayaqları qoşa xətlərlə ifadə edilmişdir. Qədim rəssam öküzə xas olan bədən quruluşunu böyük məharətlə göstərə bilmişdir. Öküzün arxa ayaqlarının təsvir edildiyi hissə qopub düşmüşdür (1-ci şəkil).
Maral rəsmi ehtimal edilən heyvan təsviri bir qədər sxematikdir. Ayaqları qoşa xətlərlə təsvir edilmişdir. Başının üstündən dik qalxan və sonra şaxələnən xətlər onun buynuzunu ifadə edir (2-ci şəkil).
Lakin burada buynuzu ifadə edən təsvir xətlərinin əksəriyyəti silindiyindən onun məhz maral rəsmi olmasını da qətiyyətlə söyləmək mümkün deyil.
Keçi rəsmlərindən biri digərindən realist üslubu ilə seçilir. Ağız hissəsi uzun-sov olub, ayaqları qoşa xətlərlə göstərilmişdir. Qövsvari buynuzları belinin üstünə əyilmişdir. Bəzi xüsusiyyətlərinə görə onun ceyran rəsmi olmasını ehtimal etmək mümkündür (3-cü şəkil).
ikinci keçi rəsmi sxematik üslubda həkk edilmişdir. Buynuzları və quyruğu belinin üstünə sarı yönəlib. Başı yalnız bir düz xətlə göstərilmişdir. Ayaqları qoşa, düz xətlərlə çəkilmişdir (4-cü şəkil).
Daşlı dağ qayaaltı sığınacağı
Yuxarıda qeyd edildiyi kimi, digər dörd ədəd rəsm qayanın səthinin qopub düşdüyü alt qatda qeydə alınmışdır. Onların hamısı sxematik üslubda həkk edilmişdir. Bu rəsmlərdən üçü keçi təsvirləridir.
Keçilərdən birincisi tək və qövsvari şəkildə belinin üstünə əyilən uzun buynuzlu təsvir edilmişdir. Ondan aşağıda keçinin bədəninə paralel iki qoşa xətt çəkilmişdir (5-ci şəkil).
İkinci keçi rəsminin birinciyə nisbətən qısa, lakin qoşa buynuzlan vardır. Quyruğu dik yuxarı qalxmışdır. Çox güman ki, bu keçi rəsmi metal alətlə həkk edilmişdir (6-cı şəkil).
Üçüncü keçi rəsminin bədəninin yalnız yarı (arxa) hissəsi təsvir edilmişdir. Bu rəsmin digər hissələrinin qayanın aşılanması nəticəsində qopub düşməsi ehtimalı istisna edilir (7-ci şəkil).
Alt qatdakı sonuncu rəsm sxematik insan fiqurunu xatırladan işarədir. Bu işarə dairə, ondan aşağıya doğru çəkilmiş düz xətt, həmin xətti dairəyə yaxın yerdə kəsib keçən və sonluqları xətt istiqamətində aşağıya yönəlmiş qövsdən ibarətdir (8-ci şəkil).
Məlum olduğu kimi Sənqəçal Qobustan abidələri kompleksinin arealına daxildir və haqqında bəhs etdiyimiz təsvirlərin Qobustanın digər sahələrində ən yaxın paralelləri mövcuddur. Qeyd etdiyimiz öküz rəsmi bütün xüsusiyyətləri ilə (ölçü, həkketmə üslubu, məzmun) Qobustanın öküz təsvirlərini təkrarlayır. Belə öküz rəsmlərinin əksəriyyəti Qobustanın Böyükdaş sahəsində aşkar edilmişdir. İ.M.Cəfərzadə onları e.ə. VII – V minilliklərə aid etməklə Qobustanın ən qədim təsvirləri sırasına daxil etmişdir (1, s.70-77). Lakin son illər aparılmış arxeoloji tədqiqatlar nəticə-sində Qobustan petroqliflərinin ilk nümunələrinin daha qədim dövrdə – yuxarı paleolit dövründə meydana çıxması faktı sübut edilmişdir. Yeni faklar əsasında həmin rəsmlərin yaşının bir neçə min il qədim olduğu məlum olmuşdur. Qobustanda Qaya-arası düşərgəsində yuxarı paleolitə aid rəsmlərin ən qədim təsvirlər sırasına aid edil-məsi üçün imkan yaratmışdır (2, s. 13.). Haqqında bəhs etiyimiz öküz rəsminin yuxarı paleolit dövrünə aid etmək üçün əlimizdə tutarlı faktlar olmasa da onun e.ə. V minillikdən gec olmayaraq təsvir edildiyini söyləyə bilərik.
Üst qatdakı digər təsvirləri – maral və digər iki keçi rəsmlərini Qobustan petroqlifləri sırasındakı analoqlarına əsasən e.ə. IV – III minilliklərə aid etmək mümkündür.
Alt qatdakı üç ədəd keçi rəsmi və bir ədəd işarə, yuxarıda qeyd edildiyi kimi çox sxematik təsvir edilmişlər. Cənubi Qafqazın petroqliflərdən ibarət abidələri sırasında, о cümlədən Qobustanda heyvan təsvirlərinin, xüsusilə də keçi rəsmlərinin həkk edilməsində sxematik üslub əsasən e.ə. II minilliyin ikinci yarısında daha çox üstünlük təşkil etmişdir. Bununla yanaşı, həmin dövrdə keçi rəsmləri say etibarilə də digər təsvirlərdən üstün olmuşdur. Bu, son tunc – ilk dəmir dövründə xırda buynuzlu heyvanların, о cümlədən keçilərin sürətli artımı və onların təsərrüfatda aparıcı mövqeyi ilə izah edilə bilər. Bütün bunlara əsasən haqqında bəhs etdiyimiz üç ədəd keçi təsvirini e.ə. II minilliyin ikinci yarısına aid edə bilərik.
Alt qatdakı dairə və ondan ayrılan xətlərdən ibarət işarə haqqında danışarkən qeyd etmək lazımdır ki, Qobustanda 40-dan artıq belə işarə qeydə alınmışdır. Ümumiyyətlə, Qobustan və ətraf ərazilərin abidələrində belə işarələrə tez-tez rast gəlinir. XV əsrə aid Sənqəçal və XVI əsrə aid Qaraçı karvansaraları divarlarında, orta əsrlərə aid qəbir daşları üzərində belə işarələr qeydə alınmışdır. Belə analoqlar əsasında İ.M.Cəfərzadə Qobustan petroqlifləri sırasındakı belə işarələri orta əsrlərə aid etmişdir (l,s.24.). Lakin sonrakı illərdə aparılmış araşdırmalar bu işarələrin dövrü haqqındakı mövcud fikirlərə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Abşeronda e.ə. II minilliyə aid Dübəndi abidələrində aparılan qazıntılar zamanı aşkar edilmiş daşdan yonulmuş insan bütlərinin üzərində eynilə haqqında bəhs etdiyimiz işarələr təsvir edilmişdir (1, s.51-52; 54-55). insan büstlərinin həcmi biçimində təsvir edilməsi bu işarələrin məhz insanı ifadə etdiyini göstərir. Bu faktlar Qobustanda qeydə alınmış belə işarələrin e.ə. II minillikdən gec olmayaraq meydana çıxmasını (4, s.21.) və Daşlıdağda qeydə alınmış həmin işarənin də həmin dövrə aid olmasını söyləməyə imkan verir.
Beləliklə, Daşlı dağ qayaaltı sığınacağında aşkar edilmiş petroqliflər Qobustan təsvirləri kolleksiyasını daha da zənginləşdirməklə yanaşı burada minilliklər ərzində ardıcıl həyatın mövcudluğunu bir daha təsdiq edir. Şübhə etmirik ki, bu qayaaltı sığınacaqda gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri abidə haqqında, xüsusilə də buradakı petroqliflərin dövrü haqqında daha ətraflı məlumatlara malik olmağa imkan verəcəkdir.
ƏDƏBİYYAT
1. I.M.Cəfərzadə. Qobustan. Bakı, 1999 (təkrar nəşr).
2. C.Rüstəmov. Qobustan – Azərbaycanın qədim mədəniyyət ocağı. Bakı, 2000.
3. И.Н.Алиев, M.M.Сеидов. Антропоморфные стрелы Азербайджана эпохи бронзы. XVIII Крупновские чтения по археологии Северного Кавказа. Кисловодск, 1994.
4. N.Ə.Müseyibli. Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasmda). T.e.n. diss, avtoreferatı. Bakı,1998.