OUR INTERVIEW

ƏSKİ DAŞ KİTABƏLƏRİN HƏMDƏMİ
Hörmətli Məşədixanım, icazənizlə, müsahibəmizi jurnalımızın ənənəvi sualı ilə başlamaq istəyirəm. Siz kimsiniz?
Mənə elə gəlir ki, sualınız mənim təkcə rəsmi tərcümeyi halımla bağlı deyildir və daha geniş məna kəsb edir. Bununla əlaqədar cavabım da bir qədər qeyri-adi olacaqdır. İlk növbədə mən qadın səadəti üçün zəruri olan bütün anları yaşamış xanımam. Diqqətli və qayğıkeş həyat yoldaşım olmuş-dur. Ülvi analıq sevincini dadmışam. Qəlbləri valideynlərinə sonsuz sevgi və ehtiramla dolu iki övlad anasıyam. Sinəsi nağıllar, həzin bayatılarla dolu ağbirçək nənəyəm. Ali məktəblərdə təhsil alan nəvələrim vardır. Ömrümün ən müdrik anlarını yaşayıram, hər yeni sabahı sevinclə qarşılayıb ulu Tanrıya məhəbbətimi izhar edirəm. Bununla belə uşaqlıq və gənclik illərim ağır və məşəqətli olubdur. Burada mən çox sevdiyim şairə – Məhsəti Gəncəvinin bir rübaisini xatırlatmaq istəyirəm:
Məni kam almağa qoymadı zaman, Gücü çatana kimi elədi divan. Deyəsən əhd etmiş dolandıqca hey Məni də özüylə hərlətsin dövran.
Həyata Bakının köhnə kəndlərindən olan Zabratda göz açmışam. Bu əlamətdar hadisə keçən əsrin iyirminci illərinin ortalarında olmuşdur. Valideynlərimi erkən itirdiyimdən 15 yaşından əmək fəaliyyətinə başlamışam və inamla təhsilimi davam etdirmişəm.
Hörmətli professor, Siz, elmin qadın üçün çox çətin və ağır olan bir sahəsini seçmisiniz, çöl axtarışları tələb edən peşə sahibisiniz, epiqraf-alimsiniz. Ulularımızın daş kitabələrini axtarırsınız, onların sorağı ilə yayından, qışından, istisindən, şaxtasından asılı olmayaraq addım-addım doğma diyarımızı ğəzirsiniz. İndi bu sahədə dünyanın ən tanınmış alimlərindən biri hesab olunursunuz. Eşitdiyimizə görə Siz dünyada yeganə epiqraf – qadın tədqiqatçısınız. Oxucularımız üçün maraqlı olar — incə və zərif bir qız beh çətin yola necə çıxmışdır?
Doğma Zabrat qəsəbəsində onillik təhsilimi başa çatdırdıqdan sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil oldum. Ali təhsilimi bitirdikdən sonra 1948-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunun aspirantura-sına daxil oldum və beləliklə epiqrafikanı özümə peşə seçdim, sirlərlə dolu bir yola çıxdım.
Professor, yolunuz çox uğurlu olmuşdur. Şübhəsiz, nailiyyətləriniz yuxusuz gecələrin, gərgin axtarışların və ağır zəhmətin bəhrəsi olmuşdur. 1954-cü ildə Siz namizədlik, on ildən sonra isə doktorluq dissertasiyasını müdafiə etmisiniz. Belə böyük elmi uğurların qazanılmasında kimləri özünüzə müəllim hesab edirsiniz?
Universitetdə oxuduğum illər İkinci Cahan müharibəsinin ən ağır, qanlı-qadalı illəri olduğundan məni də böyük çətinliklərlə üzləşdirdi. Bir tikə çörəyə möhtac olduğum günlərdə sevimli müəllimlərim – Mübariz Əlizadə və Fazil Babayev mənə atalıq qayğısı göstərdilər, əlimdən tutdular. Mübariz
müəllim yenicə açılmış Sərqşünaslıq fakültəsinin dekanı idi. Güzaranını yaxşılaşdırmaq məqsədilə o, məni dekanlığa katibə vəzifəsinə qəbul etdi. Az sonra isə Fazil müəllim məni Radio kömitəsinin fars şöbəsinə makinaçı götürdü. Fars dilini yaxşı öyrəndiyimə görə müəllimim Şəfai isə məni sonrakı kurslarda dərslərdən azad etdi və beləliklə mən işləmək üçün xeyli asudə vaxt tapdım. Boş vaxtlarımı qədim yazıların oxunmasına, epiqrafikaya həsr etdim, onu özümə peşə seçdim. Belə bir çətin tədqiqat yolunu seçməkdə Mübariz müəllimin rolu da az olmadı. Onu da deyim ki, Şərqşünaslıq fakültəsində oxuduğum vaxt tələbələr arasında belə söhbət gedirdi ki, təhsili başa çatdırdıqdan sonra onların hamısı İrana səfir gedəcək. Mübariz müəllimin növbəti dərslərinin birində tələbələrdən biri soruşdu ki, müəllim, İrana neçə səfir lazımdır ki, bir belə tələbə burada təhsil alır? Mübariz müəllim təəccübləndi və dedi:
- Nə səfır? Bizim ədəbi irsimizin böyük bir hissəsi fars və ərəb dillərində yazılmışdır. Buna görə də bu sahəyə maraq göstərən alimlər, tədqiqatçılar bu dilləri öyrənməli, onları mükəmməl bilməlidirlər. Hələ daş üzərində yazılmış kitabələrimiz də vardır. Onları da tədqiq etmək lazımdır.
Mən, epiqrafikaya hələ tam bələd olmayan qız, sevimli müəllimimin bu hikmətli sözlərinə dəstək üçün əlimi qaldırdım və dedim ki, müəllim, о abidələri mən tədqiq edəcəyəm.
Hörmətli Məşədixanım, epiqrafik abidə nədir? Xahiş edirəm bu haqda oxucularımıza daha geniş məlumat verəsiniz.
Mən 55 ildir ki, çətin tədqiqat yollarındayam. Azərbaycanın bütün tarixi ərazisini gəzib 2500-dən çox kitabələrin estampını – üzünü çıxarmış, fotosunu çəkmiş, mətnlərini oxuyub Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni, memarlıq, sənətşünaslıq, filologiya, toponimika, etnogenez, islam fəlsəfəsi-sufizm, Azərbaycan ərazisinin bütövlüyü və s. problemlərə dair Azərbaycan tarixşünaslıq bazasını imkan dairəsində zənginləşdirməyə cəhd göstərmişəm. Kitabələr yığcam və konkret mətnlərinə, bədii tərtibatına, əyaniliyinə görə digər yazılı mənbələrdən fərqlənir, bəxş etdiyi estetik zövq, göstərdiyi dərin psixoloji təsirlə adama insanpərvərlik, vətənpərvərlik hissləri aşılayır. Onlara diqqət yetirdikcə elə bil neçə-neçə əsr öncə yaşamış insanların səsini eşidir, müxtəlif hadisələr haqqında söhbətlərini dinləyirsən. Bu səs çox vaxt adi bir insanın, xalça toxuyan qadının, sənətkarın, misgərin, heykəltaraşın, adi daşı gözəl sənət əsərinə çevirmiş xəttatın, nəqqaşın, həkkakın, min illərin gözəl abidələrini yaratmış memarın səsidir. Keçmişimizdən gələn səsləri biz eşidir, kəmala doluruq, mədəniyyətimizi qoruyur, bəşər tarixinə yeni səhifələr əlavə edib, mədəni irsimizi dünyaya tanıtdırırıq.
Vətənə, xalqa məhəbbət məni bu çətin tədqiqat yollarına salmışdır. Uçurumlu yollardan keçmişəm, 40 metrə qədər hündürlükdə Dərbənd kitabələrini, İrəvanın 8km-də olan Cəfərabad kəndindəki 25 metr hündürlükdə olan Qaraqoyunlu abidəsinin, bir çox məscidlərin, türbələrin, karvasaraların,
xanəgahların kitabələrini nərdivan başında və qaldırıcı qurğusu olan maşınlardan istifadə edərək estampını çıxarıb, mətnlərini oxumuşam. Qurşağa qədər ot, qanqal basmış, ilanlar məkanına çevrilmiş orta əsr qəbristanlıqlarında qızmar günəş altında dəridən, qabıqdan çıxaraq işləmişəm.
Bu çətin tədqiqat yollarında mənə vətənini sevən, onun tarixini bilmək istəyən xalqım kömək etmişdir. Xalqımın köməyi olmasaydı əlbəttə mən bu çətin işin öhdəsindən gələ bilməzdim. Çap etdirdiyim epiqrafik abidələr toplusunun birinci cildini elə xalqıma minnətdarlıq hisslərimi bildirməklə başlamışam.
Əlbətdə, bu çətin tədqiqat yollarında irəliləmək uşaqlıqdan zəhmətə alışmaq, əməyi sevmək hisslərinə malik olandan sonra mümkün olmuşdur. Mən isə qeyd etdiyim kimi kəndçi qızı olduğum və uşaqlıqdan ağır yetimlik illəri keçirdiyim üçün bu çətin tədqiqat yollarına tab gətirə bilmişəm.
Mon bu ağır illərimə şerlər də həsr etmişəm. Əmək şerində deyirəm:
Nə böyük qüvvətsən, qüdrətsən əmək İnsana sən gözəl zinətsən əmək Dərya tək qəm olsa aman verməzsən Səni sevənlərə ülvətsən əmək.
Bilməm niyə sənə aşiqəm əmək Kiçik vaxtdan yıxmaq istərkən fələk Həyat girdabının tufanlarından Ağuşuna alıb sən etdin kömək.
Ata qayğısını səndə tapmışam Ana nəvazişini səndən almışam Ən yaxşı dostluğu, həyat nemətini Mən səndən və yenə səndən almışam.

Hörmətli Məşədixanım, müasir gənclərə münasibətinizi bilmək istərdik.
Azərbaycanın gələcəyi olan gənclərin çox az hissəsində qeyd olunan xüsusiyyətləri görürəm. Təhsilə, elmə sevgini kifayət qədər görmürəm. Bizim gəncliyimiz dövründə kitab bizə ən yaxın olan vasitə idi. İndi isə texnika inkişaf edib, internet vasitələrinə malik olmuşuq. Şübhəsiz gənclərin çoxu internetdən istifadə edir. Mənim kitablara aid şerim də var. Əlbətdə bu bizim dövrün gənclərini, ələlxüsus mənim gəncliyimi xarakterizə edir.
Həyatımdır, şöhrətimdir kitablar Qibləgahım, arxam mənim kitablar Hər gün sabah mən yerimdən qalxarkən Səcdəgahım olmuş mənim kitablar Məşəqətli həyat məni yoranda Həm tufanda, həm qarda, həm boranda
Mənə düzgün yol göstərib mayak tək Ümmanlardan, asimandan kitablar Yalqız günlər, fəraq məni sıxanda Yaxşı dostum etibarsız çıxanda Qohum, qardaş dönüb kəc-kəc baxanda Munis olmuş mənə gözüm kitablar Dərya kimi tükənməzdir kitablar.
Seçdiyiniz peşə Sizə nə vermişdir və Siz ona nə vermisiniz?
Seçdiyim peşə mənə həyatda əbədilik vermişdir. Yazdığım əsərlər ələlxüsus 6 cilddə nəzərdə tutduğum Azərbaycanın epiqrafik abidələr toplusunun çapdan çıxmış üç cildi:
I-cild Bakı-Abşeronun ərəb-fars-türk dilli kitabələri (XI-XX əsrin əv.);
II cild Şəki-Zakatala bölgəsinin (XIV-XX əsrin əv.);
III cild Naxçıvan MR-nın ərəb-fars-türk dilli kitabələridir (XII-XX əsrin əv.).
IV cild Quba-Xaçmaz bölgəsinin (Cənubi Dağıstan, Dərbənd kitabələri də buraya daxildir) ərəb-fars-türk dilli kitabələri (XI-XX əsrin əv.) çapa hazırlanır.
Ona görə də deməyə haqlıyam ki:
Var idim izim qaldı Od idim közüm qaldı Əsrin daş yaddaşında Mənim də sözüm qaldı.
İnsanlara, çağdaşlarınıza münasibətiniz.
Mənim insanlara münasibətim bir mənalıdır. Vətəni, xalqı sevməliyik, əgər bu məhəbbət, sevgi varsa həmkarlarımıza yaxşı münasibətdə olmalıyıq. Bu ölkəmizi demokratiyaya aparan əsas amillərdən biridir. Bir-birinə hər cəhətdən bacardığımız qədər kömək etməliyik.
Məşədixanım, Vətən, doğma torpaq anlayışları Sizin üçün nədir?
Vətən və doğma torpaq anlayışına baxımım tarixçi kimi məni həmişə narahat etmişdir. Bir tədqiqatçı kimi bu barədə əsərlər də yazmışam.
Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarının İran və Rusiya arasında iki yerə bölünməsi, Rusiyanın Türkiyəni Türk dünyasından ayırmaq siyasəti nəticəsində ermənilərin Türkiyə və İran torpaqlarından Azərbaycana köçürərək, ən məhsuldar torpaqlarda yerləşdirməsi və bu siyasətin şura hökuməti tərəfindən davam etdirilərək Qərbi Azərbaycan torpaq-larında Ermənistan respublikası yaratması, Dağlıq Qarabağa Muxtariyyat statusu verilməsi və nəhayət Azərbaycan torpaqlarının 20 faizinin yenidən
işğal altında saxlanması məni həmişə düşündürmüş və buna bir neçə əsərim də həsr olunmuşdur. Qırx il bundan öncə mən Ordubadda işləyərkən Dəmir yol vağzalında oturmuşdum. Yayın isti günü idi. Bizim tərəfdən Araza sahil boyu tikanlı məftillər çəkilmişdi. Çiyinlərində ağır mis səhənglər olan qadınlar gözləyirdilər ki, əsgər sərhədçilər məftillər arasındakı ara yolu açsınlar ki, onlar Arazdan su götürə bilsinlər. İran tərəfdə isə Araz sahilində tikanlı məftillər yox idi. Mal-qara maneəsiz çaya düşür, su içib gedirdi. Mən ağladım, göz yaşlarım dərdli Araz kimi sinəmdən axıb keçdi. Arazla söhbətə başladım. İndi bu acı söhbəti «Azərbaycan arxeologiyası» jurnalının oxucularına ərməğan edirəm.
Həzin-həzin axma Araz Kor, peşiman baxma Araz Ayrı saldın eli-eldən Yandırıban, yaxma Araz Həzin-həzin axaram mən Kor, peşiman baxaram mən Ayrılığı mənmi saldım? Yanıban həm yaxaram mən. Əlin əlimdən üzmə Araz Ayrılığa dözmə Araz Göz yaşını incilər tək Boynumuza düzmə Araz Əlin əlimdən üzmərəm mən Ayrılığı dözmərəm mən
Xudafərin kəmərimdir Gəlin-gedin gözlərəm mən. О taydasan arxadaşım Anam, bacım, qan qardaşım Haraydayam illərdir ki, Atam bəlkə hicran daşın Вахmа, kükrə, kişnə Araz Kəc dünyanın işinə Araz Ayrılığı nə sən, nə mən Saldı yadlar, kişnə Araz Əlini ver keçim Araz Bol suyundan içim Araz Bakı-Təbriz nisgilini Lap kökündən biçim Araz
Əziz Məşədixanım, gözəl və mənalı sÖhbətə görə Sizə jurnalımızın bütün əməkdaşları və oxucuları adından minnətdarlığımızı bildirirəm. Sizə möhkəm can sağlığı və yeni yaradıcılıq ugurları dihyirik.
Müsahibəni apardı: Nigar İsmayılzadə

Leave a comment

Your comment