FOLLOWING THE TRACES OF CULTURAL HERITAGE

MƏDƏNİ İRSİMİZİN İZLƏRİ İLƏ
İşlədiyim Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə rayon muzeylərinin birindən, eksponatların bərpası üçün müraciət olunanda, elə bildim həmişəki kimi, adi ezamiyyət olacaq.
Lakin bu ezamiyyət о birilərindən fərqli oldu.
Ezamiyyətə getməmişdən əvvəl mərkəzin müdiriyyəti tərəfindən qəzetlərin birinə məlumat verildi, informasiya çap olundu və mənə zənglər vurdular: «Oxuduq ki, Siz Masallının Hişkədərə kəndinin muzeyinə ezam olunmusunuz.
Xahiş edirik, təəsuratlarınızı bizimlə bölüşəsiniz. İş ondadır ki, biz о muzeyin direktoru ilə çoxdandır ki, şəxsən tanışıq, onun çox maraqlı insan olduğunu bilirik, onunla bir neçə dəfə arxeoloji qazıntılar vaxtı görüşmüşük. Onun barəsində yeni xəbərlər eşitmək istərdik…»
Mənə zəng edən şəxs Xəzər universitəsinin tarix departamentinin müdiri, «Azərbaycan arxeologiyası» jurnalının redaktor müavini Roza xanım Arazova idi. Qiyabi tanış olduq və mən söz verdim ki, ezamiyyətdən qayıdan kimi görüşüb söhbət edəcəyik.
Bu məlumat məni çox maraqlandırdı və tezliklə Masallının Hişkədərə kəndinə yollandım. Məni muzeyin gənc direktoru – Əntiqə xanım, çox mehriban, səmimi qarşıladı. Elə bu andan ürəyimə gələn fikri dedim: «Siz Rəhim müəllimin qızısınız?
«Bəli, qızıyam, bəs Siz haradan bildiniz, axı mən bu barədə Sizə hələ heç nə deməmişəm?
Masallının Hişkədərə kəndinin muzeyinin yaradıcısı Tağıyev Rəhim Kərim oğlu 1917-ci ildə bu kəndə anadan olub. Məktəbi bitirəndən sonra müəllimlik kurslarını bitirib, doğma kənddə biologiya və kimya müəllimi işləyib. Zəngin biliyə malik olan bu insan məktəbdə həm tarix, həm coğrafiya, həm ictimaiyyət və həm də hərbi dərsləri deyib. Azərbaycan SSRİ Xalq Maarif komissarlığının göstərişi ilə keçən əsrin 30-cu illərində Lənkəran və Masallı bölgəsində savadsızlığın ləğv edilməsində xeyli işlər görmüşdür. 1930-cu ildə Fin müharibəsində iştirak etmişdir. Müharibədə ağır yaralanaraq, kəndinə qayıtmışdır.
1949-51-ci illərdə Azərbaycan Kommunist Partiyası yanında iki illik partiya məktəbində oxumuş və oranı bitirmişdir.
Sonradan Rəhim müəllim rayonun bir sıra təsərrüfatlarında çalışmış, kəndlərin abadlaşdırılması, yolların çəkilməsində, körpülərin salınmasında xeyli əmək sərf etmişdir. Bütün gördüyü bu işlərə görə о xalqının, el-obasının sevgisini və minnətdarlığını qazanıb. Lakin bu işlərin arasında onun ürəyində ayrıca yer tutan, uca bir zirvədə dayanan, ömrünü dolduran bir arzu var idi. Bu arzuda öz doğma Hişkədərə kəndində muzey yaratmaq idi. 1952-ci ildən kəndləri, obaları özü gəzib xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən müxtəlif əşyalar toplamağa başlayıb. Bu işdə ona yerdi əhali, qohumlar, həmkarlar, müəllimlər, şagirdləri və öz ailəsi kömək edib.
Əvvəllər muzeyin binası olmadığından eksponatlar məktəbin bir guşəsində yerləşib, rayonun di-gər mədəni-maarif salonlarında öz fəaliyyətini aktiv surətdə davam etdirib.
Günü-gündən əşyaların sayı artmaqda idi. Rəhim müəllim – narahat insan idi.
Daim axtarışda idi. Toplusunu arxeoloji qazıntılar vaxtı tapılan əşyalarda da zənginləşdirirdi və müxtəlif illər kəndində və ətraf zonalarında gedən arxeoloji qazıntılarda alimlərə, arxeoloqlarla yanaşı şəxsən özü də iştirak edərdi : 1980-1981, 1982-1986-cı illərdə kəndin yaxınlığında Məhimuncuqlu dərə, 1980-90-cı illərdə Məmməd Şah qəbirstanlığında, Xutbaşı və s. arxeoloji abidələrdə.
1963-cü ildə öz xahişi ilə Rəhim müəllim sevimli işi olan müəllimliyə və muzeyə qayıdır. Həmin ildən ictimai əsasla muzeydə direktor işləyir. 1978-ci ildə, nəhayət uzun illər arzusunda olan muzey üçün kənddə bina tikilir və ona dövlət statusu verilir.
Muzeydə Masallının dünəni və bu günü gözümüz önündə canlanır. Eksponatlar qədim, orta əsr, yeni dövrə aiddir. Qədim dövrlərin alət və silahları, qabqacaqlar, etnoqrafik materiallar, çağ sikkələr, sovet və xarici ölkələrin pul əskinazları, Şah İsmayıl Xətai dövrünə aid silah və geyim nümunələri, düymələr, zərbaftalar, boyun-bağlar var. Muzeydə bu günə qədər 18.000-dən artıq eksponat toplanıb. Bu sevgi payı ilə, təmənnasız çalışdığı muzey nəinki respublikamızda, onun hüdudlarından kənarda da tanınmışdır. Buna sübut – bu günlərəcən rəy kitablarında (bir neçə cildlik) muzeyə baxmış 300.000- dən çox insanın 15.000-dən çox rəy və təklifləridir.
İmzalar arasında ümummilli liderimiz Heydər Əliyevin, dövlət və hökümü adamlarının, alimlərin, incəsənət və mədəniyyət xadimlərinin, sadə, zəhmətkeş insanların, gənclərin ürək sözləri vardır. 1997-ci ildə Rəhim müəllimin 80 illik yubileyi ilə əlaqədar olaraq rayon miqyasında təntənəli mərasim keçirilmiş, Rəhim müəllimə titul, fərmanlar, mükafatlar, medallar verilmişdir və ən nəhayət, Hişkədərə kənd tarix-diyarşünaslıq muzeyinə onun adı verilmişdir.
2001-ci il oktyabr ayının 10-da Rəhim müəllim dünyasını dəyişdi.
Bu insan sağlığında özünə el-obanın, xalqının hörmətini qazanıb. Dünyasını dəyişəndən sonra da nəinki öz qohumlarının, yaxınlarının ürəyində, həm de yaşadığı yerlərdən çox uzaqlarda xoş ad, xoş xatirə, xalqın yaddaşından heç vaxt silinməyəcəkdir, çünki öz əməlləriylə, özündən sonra çox yadigarlar qoyub. Xalqa, vətənə namusla, vicdanla qulluq, övladlarını Vətən üçün əsl vətəndaş böyütmək və fəlsəfi suala: “Nə üçün yaşayıram?” öz həyatını nümunə qoyub getdi. Deməli, Rəhim Kərim oğlu Tağıyev həyatı boş mənasız yaşamayıb.
Kəndə çatan kimi muzeyə yollandıq. Muzeyin binası kəndin solalı yerində, gözəl bağın içində yerləşir. Muzey bir neçə otaqdan ibarətdir. Bu günə qədər muzeydə 18.000-dən çox eksponat qeydə alınıb. Bütün dövrlərə aid olan çox maraqlı, nadir əşyalar insanın marağına səbəb olur. Respublikanın, demək olar ki, muzeylərinin çoxuna ezam olmuşam, çox eksponatlar görmüşəm. Lakin Hişkədərə muzeyində heç yerdə görmədiyim əşyalar var. Hər əşyanın arxasında Azərbaycan tarixi, mədəniyyəti, ululuğu, məişəti duyulur.
Hal-hazırda muzeyin binası köhnəlib, zəlzələdən sonra tavanda, döşəmədə və divarlarda çoxlu çatlar əmələ gəlib. Kəndin subtropik iqlimi öz işini görüb, binanın divarları uçulmaq təhlükəsindədir, yeni binaya ehtiyac var. Lakin atasının işini layiqincə davam edən Əntiqə xanım və oğlu Cəmil bütün çətinliklərə baxmayaraq, təmir üçün daxili imkanlardan istifadə edir, vəsait və eksponatlar axtarır, daxildə olan səliqə-səhmana can yandırırlar. Binanın bayır və içini kosmetik təmir edib, eksponatalara maksimum nəzarət və qulluq edirlər.
Muzey əməkdaşlarındada öz işlərinə sevgi və ürək yanğısı hiss olunur. Bu işin sirlərinə dərindən yiyələnmək, biliklərini artırmaq. həvəsi duyulur. Lakin zaman, iqlim öz işini görür və əşyalar da insanlar kimi «özünü pis hiss edir», «xəstələnir», “məhv olur”, cücülər və həşaratlar tərəfindən zədələnir.
Bütün eksponatları diqqətlə nəzərdən keçirdim, bərpaya ehtiyacı olan bərpaya ehtiyacı olan eksponatları siyahıya alıb, Bakıya, bərpa mərkəzinə gətirilməsinə dair məsələhətlər verdim. Bərpaya ehtiyacı olan eksponatlar üç qrupa bölündü:
1-ci kateqoriya – təcili bərpaya ehtiyacı olan eksponatlar
2-ci kateqoriya – müəyyən müddət öz növbəsini gözləyə bilən eksponatlar
3-cü kateqoriya-xeyli vaxt keçdikdən sonra bərpaya ehtiyacı olan eksponatlar.
Qərara aldıq ki, bu ilin əvvəlində 1-ci kateqoriyalı eksponatlar bərpa üçün Mərkəzimizə gətirilsin. Sözsüz ki, eksponatları bərpaçılarımız yüksək peşəkarlıqla bərpa edib, muzeyə qaytaracaqlar.
Iş arası kəndin gözəl yerlərinin seyrinə də çıxdıq, füsnkar təbiəti və gözəl insanlarla tanış olduq. Biləndə ki, Bakıdan gələn muzeyə ezam olunub, Rəhim müəllimin necə şəxsiyyət olduğundan, muzey üçün gördüyü işlər haqqında danışdılar. Rəhim müəllimin ailəsi ilə yaxından tanış oldum və bu nəticəyə gəldim ki, işindəki kimi evində də gözəl insan, tələbkar və ciddi ata idi.
Ezamiyyətin bu cürə keçməsindən xoşhallandım. Çünki, Rəhim Tağıyev barəsində, onun necə insan olduğundan, yaxından tanış oldum. Ona baş əyib, qəni-qəni rəhmət dilədim, fəxr etdim ki, Azərbaycanın belə qeyrətli oğulları var. Nə yaxşı ki, var, nə yaxşı ki, çoxdur, nə yaxşı ki, gənc nəsillərə örnəkdir.
Xahiş edirəm, Masallı rayon icra Hakimiyyətindən, rayon Mədəniyyət şöbəsindən həmişə olduğundan da artıq köməklərini Hişkədərə Tarix-diyarşünaslıq muzeyindən əsirgəməsinlər, yeni, geniş bina barədə fikirləşsinlər və muzeyin gənc kollektivinə dayaq olsunlar.
Muzeyin müdiriyyətinə isə arzum bu oldu – Rəhim müəllimin həyat və yaradıcılığına geniş guşə təşkil etsinlər. Biz isə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi həmişəki kimi çalışacağıq ki, öz vəzifə borcumuzu layiqli yerinə yetirək, böyük və müdrik xalqımızın mədəniyyətini, tarixini, incəsənətini nəsildən-nəsilə çatdırmaqdan ötrü körpü salaq.

Leave a comment

Your comment