CUSTOMS AND CLOTHES OF SHAMAN
ŞAMAN MƏRASİMİ VƏ GEYİMLƏRİ
Yasəmən Qasımlı
(Bakı Dövlət Universiteti)
Qədim dövrlərdən türk xalqlarının həyatında mühüm rol oynayan şamançılıq zəngin folklor ənənələrini özündə ehtiva edən mürəkkəb inanc sistemidir. Bu baxımdan bir dini ayinləri icra edən şamanın geyimi və digər atributları etnoqrafik material kimi ciddi maraq doğurur.
Sibir şamanları mərasim vaxtı xüsusi geyimdə olmaları ilə fərqlənirlər. Lakin şaman geyiminə artıq rast gəlinmir. Bir çox yerlərdə şaman gündəlik geyimi ilə ayinləri icra edir. Ancaq şamanlığın ilk dövrləri üçün bunu demək olmaz. Quzey Altay xalqlarının bir çoxunda şamanların geydikləri heyvan dərisindən hazırlanmış döşlük ilə önü açıq bir xalat və qara toyuq tükləri sancılmış qırmızı bir başlıqdan ibarətdir.
Bir qayda olaraq şaman geyiminə və atributlarına aşağıdakıları aid etmək
olar:
1. kəmər;
2. sinə, kürək və ya eləcə kəmərdən asılan toli adlı metal lövhəciklər;
3. toxmaqlı qaval, müxtəlif əl ağacları;
4. müqəddəs dirəklər (1).
Təbiidir ki, müxtəlif ərazilərdə yaşayan xalqlarda şamanın mərasim geyimi də bir-birindən fərqli olmuşdu. Ümumi olan cəhət tuman və gündəlik xalatın cübbənin üstündən geyilən qısaqol və ya qolsuz idi. (köynək kimi -redaktor) Uzaq Şərqdə və Cənubi Altayda şaman cübbəsi kətandan hazırlanır. Tək-tək hallarda ipəkdən də hazırlanan bu cübbələrin ətəyi bəzən yerə dəyirdi. Cübbə şamana daha ciddi görkəm verərək, onun ekstaz vəziyyətini stimullaşdırırdı. Cübbənin üzərində şamanı hifz edən saysız-hesabsız ruhların təsvirini sezmək olardı.
Amur şamanlarında dirsək hissəsinə müxtəlif rəngli parça qırıqları, lentlər tikilmiş, ətəyi dizə çatmayan sadə cübbələrdən istifadə olunmuşdu. Bəzən elə həmin nahiyədən sapla dekteçe adlanan ördək və ya toyuq lələyi asılırdı. Hesab olunurdu ki, onlar çalağan və ya qartalı simvolizə edir. Ördək lələyi və ya qanadı şamanın kürəyinə də bənd edilirdi. Təsadüfi deyil ki, nanayların deyimində belə bir həqiqət ifadə olunmuşdur: «ördək qanadını şamanın kürəyinə ona görə bərkidirlər ki, o, uça bilsin». Sayqor adlı bir şamanın sözlərinə görə bu cür qeyri-adi ünsürlərlə tamamlanan cübbələr şamanın özünün sağalmasına xidmət edir (2). Bəzi şamanlar, məsələn, nanay Molo Oninka belə hesab edir ki, şamanlar ilahi himayədardan ərməğan aldıq-ları gözəgörünməz dəmir cübbədə ayin icra edirdilər.
Məlumdur ki, Sibir xalqlarının bir çoxunda şaman ləbbadəsi quşları xatırladır (3). Ola bilsin ki, ördək və toyuq lələyindən və qanaddan istifadənin özü də bu məqsədə xidmət edir.
Cübbənin üstündən həm kişi, həm də qadın şamanlar tetun adlanan köynək və xosian adlanan tuman geyirdilər. Tetunu kətandan hazırlayır, nadir hallarda onun üzərinə köməkçi ruhların təsvirini çəkirdilər. Bəzən tetunun ətəyindən yerə qədər it və ya porsuq xəzindən emal edilmiş saçaqlar sallanırdı. Bəzi məlumatlara görə porsuq və ya dələ dərisindən hazırlanmış xəz haşiyəli tuman upsiyə adlanır və onu qadınlar geyirdi.
Şaman geyimlərinin hazırlanması prosesini özü nanaylarda xüsusi bir şaman ayininin icrası demək idi. Yenicə tikilmiş paltarı taxtın üzərinə sərir, daha sonra donuzu kəsir və başını taxtın üzərinə qoyurdular. Onların upsiyəyə bənd etdikləri müxtəlif rəngli lentlərin hər birindən şaman tərəfindən mərəzdən xilas olmuş nə azı 9 ziyarətçinin verdiyi parça qırıqlarının sallandığını görmək olardı (4). Bununla da lent şamanın sağlamlığı üçün mühüm əhəmiyyəti olan magik bir şəfaverici güc qazanırdı. Bəzən şaman ayin zamanı lentlərdən birini xəstə uşağa əta edərdi.
Şamanların. döşlükləri də müalicəvi əhəmiyyətə malik idi. Döşlüyün daha uzun hissəsi sinəni tutur, qalan hissəsi isə kürək nahiyəsinə atılırdı. Döşlüyün uc hissəsi ilan başı şəklində biçilir və onun üzərində müxtəlif hami-ruhların təsviri əks olunurdu. Əgər bir döşlük kömək etməzdisə, şaman daha bir neçə belə döşlük geyər, onların sayını 9-a, hətta bəzən 18-ə çatdırardı.
Şaman geyiminin çox vacib bir ünsürü cübbənin üzərindən vurulan yangpan adlı kəmər idi. Nanaylar və ulçlar onu 12-18 sm enində dəridən hazırlayırdılar. Bu kəmərə bir neçə cərgə xırda qayışcıqlar bənd edilirdi ki, bunlardan da konusvari metal lövhəciklər, təbilciklər, zınqırovlar, güzgü hesab edilən kiçik ölçülü metal dairəciklər asılardı. İtirilmiş əşyaların əvəzinə hər hansı metal hissəciyi, hətta bəzən çox ağır maşın hissələri, cəftə və s. asılırdı. Kəmərin ümumi ağırlığı 4-5 kq-a çatırdı. Dini ayinlər zamanı rəqs edən şamanın çıxartdığı cingiltilər bununla bağlı idi. Ehtimal olunur ki, bu cingiltilər şamanın ruhunu yüksəldir və şər qüvvələri qovurdu (5).
Yanqpana maral dərisindən 3,5-4,5 m-ə çatan qayış da bərkidilirdi. Ayin zamanı şaman yeraltı səltənətə «yola düşərkən» bir neçə nəfər bu qayışdan yapışardılar. Hesab edilirdi ki, əgər qayış əldən çıxarsa, şaman о dünyaya gedər və qayıtmaz.
Şaman geyiminin tamamlayıcı ünsürlərindən əlcəkləri qeyd etmək olar. Parçadan və ya balıq dərisindən tikilmiş bu əlcəklərin üzərində kərtənkələ, ilan, qurbağa və hörümçək təsvirini görmək olardı ki, bunlar da yenə hamı ruhların rəmzi idi.
Xüsusi şaman ayaqqabısı haqqında çox az bilirik. Məsələn, bilirik ki, şaman Çolo Dyatala 1959-cu ildə ayin icra edərkən adi nələyin geymişdi. Ulç şamanı A.Kotkin üzərində himayədar ruhların təsviri yerləşdirilən adi nəleylərin ona göy üzünün sahibi Ba edeni tərəfindən əta olunduğunda israrlıdırsa (6), deməli, şamanların özünəməxsus bir ayaqqabısı olmamışdır.
Rus tədqiqatçısı Y.A.Lopatin şamanın baş örtüyü olan çalami (çalma-red.) təsvir edir.
Çalam ancaq başın təpə hissəsində otururdu. Arxadan quyruq sallanırdı. Çalam ilan, qurbağa, kərtənkələ və mozalan təsvirləriylə bəzədilirdi. Onun lap mərkəz hissəsinə isə ququ quşunun rəmzini bərkidərdilər (7).
Dini ayin icra edərkən şamanlar nadir hallarda baş örtüyündən istifadə edir, yəni ovsunu başı açıq aparırdılar. Lakin baş allaha – Ulu Toyona tərəf qalxanda onların çalamə mütləq ehtiyacı olurdu. Bu ayı quyruqlu börk daçiqda adlanırdı.
Diqqəti cəlb edən bir cəhət də baş örtüyünün şaman iyerarxiyasında fərqli cəhətləri göstərməsidir. Nanay şamanlarının ali rütbəlisi hesab edilən kasatanın çalması onu sadə şamanlardan ciddi surətdə fərqləndirirdi. Belə ki, bu çalmanın əsasını təpə hissədə bir-birinə culğaşan metal lentlərin üzərində bərkidildiyi metal halqa təşkil edirdi. Metal lentlərin arasında qırmızı və göy parça tikililəri olurdu. Bəzi örtüklərin əsasında parça ilə bir-birinə tikilmiş çubuq karkas dururdu. Belə karkas papağı hündürləşdirirdi. Lakin bu örtüklər çox az hallarda hazırlanırdı.
Çalmanın hazırlanmasında tülkü, ayı, canavar, yenot, porsuq və b. heyvanların dərisindən istifadə olunurdu. Kiçik xəz dərili heyvanlardan, eləcə də pələng və samurdan istifadə qadağan idi. P.P.Şimkeviç qoldlar arasında tədqiqat apararkən bunu həmin heyvanlara yerli xalqın böyük əhəmiyyət verməsi ilə əlaqələndirir (8).
Smolyak isə belə bir nəticəyə gəlmişdir ki, bu heyvanlar, yəni dərisi istifadə edilən heyvanlar təmizdirlər; tam təminat var idi ki, belə çalmalara şər qüvvələr yaxın düşməyəcəklər (9). Buradaca qeyd edək ki, adı çəkilən müəllifin gətirdiyi dəlil çox qüvvətlidir. Əgər nəzərə alsaq ki, islam şəriətinə görə də möminin papağı və ya əmmaməsi təmiz heyvanın dərisindən hazırlanmalıdır, о halda dini qadağaların tam qanunauyğunluğu ilə üst-üstə düşdüyü faktı açıq qalır. Bu sahədə məşhur tədqiqatçı Ştenberqin açıqlamaları da fikrimizi təsdiq edir (10).
Şaman mərasimlərinin ayrılmaz atributlarından biri də ayinlərin icrası zamanı bəlkə də ən vacib hesab edilən bu alət şaman geyiminin bu gün aradan qalxdığı yerlərdə belə özünü qoruya bilmişdir.
Türk xalqlarında şaman qavalının hissələri, hazırlanması, istifadəsi və dəriyə çəkilən şəkillərlə bağlı bilgilər kifayət qədərdir. Şaman qavalının adı Radlovda tünür, tüngür və ya türdür. Anoxin isə tünür və ya sadəcə olaraq çalu adını hallandırır. Radlov öz sadaladığı hər üçü adın monqolcadan gəldiyini söyləyir (11).
Tədqiqatçıların əksəriyyətinin fikrincə qavalın forması ovalvarı olmuşdur. Lakin mahiyyətcə qavalın formaları müxtəlif türk xalqlarında dəyişmişdir. Belə ki, Cənubi Amur ərazisində Sibir şamanlarının qavalından fərqli olaraq yuvarlaq formaya rast gəlinməkdədir. Şorlarda qavalın hər iki formasından istifadə olunmuşdur. Nanay şamanlarının qavalları Koreya həmdinlilərinin eyni alətilə yaxınlıq təşkil etsə də, mancurlarda o, çox enli sağanağı ilə fərqlənir (12).
Qavalın sağanağı qayın və ya sidr ağacından hazırlanırdı. Bu ağac təmiz, zədələnməmiş olmalı, ona insan əli dəyməməli və hətta heyvan belə yaxınlaşmamalıdır. Qavalın dərisi maral və ya dağ keçisi dərisindən hazırlanır, yeni qavala müqəddəs bir xüsusiyyət vermək üçün şaman onu ardıc tüstüsünə tutar, üstünə kımız səpərdi.
Şaman ölərkən qavalı parça-parça edilərək məzarının yanındakı bir ağacdan asılırdı.
Beləliklə, Amurboyu şaman ayinlərinin qeyd etdiyimiz bir çox ünsürləri Sibirin bütün türkdilli xalqlarının ayinləri ilə oxşarlıq təşkil edir. Buraya onu da əlavə edək ki, kunqru adlı altay termini nanay mənşəli konqo koqoroya yaxındır (13).
Bu qartal simvolu Altay xalqlarında qavala, nanaylarda isə kəmərə bənd edilirdi (14).
Şaman geyimində təsvir olunan vo nanayların insan həyatı ilə bağlı morso ağacı haqqında təsəvvürləri də altay və yakutlardakı kimidir(15).
Şaman geyim atributlarının bir çoxu yalnız Amur xalqları üçün xarakterikdir. Məsələn, yalnız Amur şamanlarında dyörpü adlanan «əkiz» zınqırovların istifadəsini görürük. Amurda yaşayan xalqlar, о cümlədən nanaylar məhz şamanın şəxsi mülahizələrini də çox mühüm atribut sayırdılar. Bundan əlavə, Amurboyu xalqlarda, hətta şaman olmayanlar da öz evlərində müxtəlif ruhların fiqurlarını saxlayırdılar. Onların bəziləri uzun illər qorunub saxlanılıb, bəziləri isə yalnız bir dəfə dini ayin icra etmək üçün yararlı imiş. Onları əvvəlcə tayqada açıq hava şəraitində saxlayan Amur xalqları sonralar bu məqsədlə anbarlardan istifadə etməli olmuşdular. Rus tipli evlərin yayılması ilə bağlı olaraq sonralar bu bütlərin qorunub saxlanması üçün yaşayış binalarının damı məqsədəuyğun sayılmışdır.
ƏDƏBİYYAT
1.Смоляк А.В. Шаман; личность, функции, мировоззрение. Москва,1991,с. 220. 2.Yenə orada, s. 222.
З.Прокофьева Е.Д. Шаманский костюм народов Сибири. Сб. МАЭ. Ленинград,
1971, с. 27. 4.Смоляк А.В. Göstərilən əsəri, s. 224.
5.Токарев С.А. Религия в истории народов мира. Москва, 1964, с. 147.
6.Смоляк А.В. Göstərilən əsəri, s. 227.
7.Лопатин И.А. Гольды. Владивосток, 1922, с. 264.
8.Шимкевич П.П. Материалы для изучения шаманства у гольдов. Хабаровск,
1896, с. 13. 9.Смоляк А.В. Göstərilən əsəri, s. 230.
Ю.Штенберг Л.Я. Гиляки, гольды, орочи. Хабаровск, 1933, с. 495-496. П.Радлов В.В. Опыт словаря тюркских наречий. Москва, 1963, т. III, с. 207. 12.Ионова Ю.В. Шаманство в Корее (XIX-начало XX вв.) // Символика культов
и ритуалов народов Зарубежной Азии. Москва, 1980, с. 13. 13.Штернберг Л.Я. Культ орла у сибирских народов. Сб. МАЭ. т. V, вып. 2,
Ленинград, 1925, с. 735. 14.Смоляк А.В. Göstərilən əsəri, s. 250.
15.Чанчиева А.В. О современных религиозных пережитках у алтайцев. Эт¬нография народов Алтая и Западной Сибири. Новосибирск, 1978, с. 93-94.