ARCHAEOLOGICAL FINDINGS OF YEVLAX AND AGDASH
YEVLAX VƏ AĞDAŞ RAYONU ƏRAZİSİNDƏ TAPILMIŞ ARXEOLOJİ
NÜMUNƏLƏR HAQQINDA
Mikayil Mustafayev (Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Bakı-Tiflis-Ceyhan və Cənub Qafqaz qaz bəm kəmərlərinin inşaatı ilə əlaqədar aparılmış Monitorinq zamanı Ağdaş və Yevlax rayonunun ərazisində, kəmərin boru xəttinin basdırılması üçün 2,5 m dərinlikdə xəndək qazılarkən küp qəbirləri aşkar olunmuşdur.
Ağdaş rayonunun Əmir-arx kəndi yaxınlığında iki ədəd küp qəbri aşkarlanmışdır.
1 saylı qəbirdo ölü, hündürlüyü 1, 20 m, ağız diametri 0, 55 m, oturacağı 0, 30 m olan küpdə dəfn olunmuşdur. Yaxşı mühafizə olunmuş skelet cənub-şərq istiqamətdə idi. Skeletin ayaq tərəfindən 1 ədəd dolça tipli saxsı qab, boyun nahiyyəsindən 8 ədəd muncuq aşkar olundu. Onların hamısı şüşədən hazırlanmışdır. Qəbrin daxilindən həmçinin bir ədəd tunc üzük əldə olundu. Küpün oturacağa yaxın hissəsində dəfn prosesi zamanı deşik açılmışdır. Tədqiqatçıların fikrincə, ölü küpün içərisinə, onun ağız hissəsi sındırılmaqla yerləşdirilmişdir.
2 saylı qəbirdə ölü hündürlüyü 1,40 m, ağız diametri 0,60 m olan küpdə dəfn olunmuşdu. Küpün bir hissəsi dağıdılmışdır. Küp qəbrin ətrafında müxtəlif həcmli saxsı qablar yerləşdirilmişdi. Qəbrin daxilində insan skeleti tamamilə dağıdılmışdır. Onun oturacağa yaxın hissədən bir ədəd dolça tipli qab, pasta və şüşədən hazırlanmış 16 ədəd muncuq aşkar olundu.
Yevlax rayonunun Nərimankənd yaxınlığında boru xəttinin 237-ci km-də 1 ədəd küp qəbir aşkar olunmuşdur. İri həcmli küpün hündürlüyü 1,30 m, ağız diametri 0,50 m, alt hissəsi 30 m-dir. Skelet küpün daxilində dağılmışdır. Skelet cənub-şərq istiqamətindədir. Skeletin ətrafında 1 ədəd küpə və cam tipli qab aşkar olundu, boyun nahiyyəsindən isə 1 ədəd tuncdan hazırlanmış boyunbağı, 2 ədəd sırğa, bilərzik və pasta muncuqlar vardı.
Qəbirlərin avadanlığı içərisində saxsı qablar çoxluq təşkil edir. Onlar müxtəlif tipdə olub, çox yaxşı bişirilmişdir.
1 saylı qəbirdən aşkar olunmuş bardaq tipli qab açıq qırmızımtıl rəngdədir. Ağız hissəsi ilə çiyin hissəsini ilgəkvari qulp birləşdirir. Ağız hissəsi novdanvari formada işlənmişdir, bir hissəsi sınmışdır. Ağzının bütöv tərəfində yapma düyməcik vardır. Boğaz hissəsindən 1, çiyindən boğaza doğru simmetrik olaraq 3 paralel xətt dairəvi formada çəkilmişdir. Boğazla çiyin hissəsi arasındakı xətlər səliqəsiz naxışlarla işlənilmişdir. Qabın çiyin hissəsi rənglənərkən, rənglər gövdəyə doğru yayılmışdır. Əl ilə hazırlanmış süddan tipli qab orta qalınlığa malik olub yastı oturacaqlıdır. Qab yaxşı bişirilmişdir, üzərinə anqob çəkilmişdir.
Qəbirdən tapılmış balaca dopu isə tək qulplu açıq çəhrayı rəngdə olub, ağız hissəsi qırılmışdır. Çiyin hissəsində olan qulp dairəvi formada olmaqla yuxarıya qatlanmışdır. Qabın boğaz və çiyin hissəsi cızma üsulu ilə dalğavari naxışlanmışdır. Əl ilə hazırlanmış gil qab, nazik divarlıdır, yastı oturacaqlıdır. Qab yaxşı bişirilmişdir, üzərinə anqob çəkilmişdir.
Qəbirdən tapılmış tunc üzük halqavari formada olub, incə işlənmişdir. Şüşədən hazırlanmış muncuqlar öz rənglərinə, ölçülərinə görə müxtəlif olub, hamısı dairəvi formadadır.
2 saylı qəbirdən tapılmış süddan biçimli bardaq açıq sarımtıl rəngdədir. Ağız hissəsi sınmışdır. Qabın boğaz və gövdənin üst tərəfi dalğavari cızma üsulu ilə naxışlanmışdır. Əl ilə hazırlanmış bu qab nazik divarlıdır və yastı oturacağa malikdir. Qab yaxşı bişirilmişdir.
Açıq çəhrayı rəngə malik cam tək qulpludur, yastı oturacağa malikdir, əl ilə hazırlanıb, nazik divarlıdır, yaxşı bişmişdir, üzərinə anqob çəkilmişdir.
Qəbirə qoyulmuş iri həcmli küpələrin içərisindən heyvan sümükləri də aşkar olunmuşdur. Açıq qəhvəyi rəngdə iri həcmli küpənin ağız hissəsi novdanvaridir, hər iki tərəfdən lentvari qulplu ağızla çiyin hissəsini birləşdirir. Əl ilə səliqəli hazırlanmış, qalın divarlı və yastı oturacaqlıdır. Qabın boğaz hissəsi dalğavari xətlə cızma üsulu ilə naxışlanmışdır. Yaxşı bişirilmiş və anqobla örtülmüşdür.
Açıq qırmızımtıl rəngli küpə iri həcmlidir. Görünür, təsərrüfatda işlənilib. Ağız his-səsi novdan formadadır, yana çox qatlanmışdır. İki qulplu-dur. Qulplar hər iki tərəfdən, qabın çiynindən ağız hissəsinə doğru lentvari formada birləşdirilmişdir. Birinin üzərində simvolik şəkildə 7 ədəd sünbül naxışlanmışdır. Qabın boğazı boyunca, cızma üsulu ilə iki paralel dalğavari xətt çəkilmişdir. Qabın çiyni ilə gövdəsi arasında 4 tərəfdən üçbucaqlı formasında, içəridən basılmış Məməcik çıxıntılarla əhatə olunmuşdur. Əl ilə hazırlanıb, nazik divarlıdır, yastı oturacaqlıdır. Yaxşı bişirilmiş, üzərinə anqob çəkilmişdir .
Açıq qəhvəyi rəngdə lentvari təkqulplu süddan biçimli qab. Qabın ağız hissəsi novdanvari formadadır. Hər iki tərəfində iki düymə şəkilli bəzək yapışdırılmışdır. Qabın qulpu çiyinlə ağız hissəsini birləşdirir. Qulpun üzərində 3 sıra, kənarlarda 6, 7, ortada isə 12 ədəd cızma xətlə naxış vurulmuşdur. Qabın boğazında iki paralel olaraq kobud dalğavari xətlər işlənmişdir. Qab hər tərəfdən müxtəlif yerlərdə çıxıntılı məməciklərlə əhatə olunmuşdur. Qab əl ilə hazırlanıb, nazik divarlıdır və yastı oturacağa malik olub. Yaxşı bişirilmişdir və anqobla örtülmüşdür.
3 saylı qəbirdən tapılmış bəzək əşyaları içərisində tuncdan hazırlanmış bilərziklər üstünlük təşkil edir. Bilərziklərin bir qismi orta hissədə içəriyə doğru əyilmiş formada hazırlanmışdır. Bu tip bilərziklər küp qəbirləri üçün səciyyəvidir.
Halqaları nisbətən kobud hazırlanmış bilərziklərdə naxışlara təsadüf edildiyi halda, ayaq halqalarında bunlar yox dərəcəsindədir.
Tuncdan hazırlanmış boyunbağı kobud, ucları spiralvari formada olmuşdur.
Küp qəbirlərindən tapılmış maddi mədəniyyət nümunələri Azərbaycanın müxtəlif bölgələrində – İsmayıllı, Mingəçevir, Muğanlı və s., ərazilərində aşkar olunmuş arxeoloji materiallarla oxşarlıq təşkil edir.
Bəhs olunan küp qəbirlərindən aşkar olunmuş maddi mədəniyyət nümunələri e.ə. II-I əsrlərə aid edilir.