THE TUMULUS OF LATE ENEOLIT OF AGSTAFA
AĞSTAFA RAYONUNDA SON ENEOLİT DÖVRÜ KURQANLARI
Nəcəf Müseyibli
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
XX əsrin 80-cı illərində Azərbaycanın Qarabağ bölgəsində Leylatəpə qədim yaşayış məskənində erkən əkinçi-maldar tayfalara məxsus, digər həm-dövr abidələrindən özünün fərqli xüsusiyyətləri ilə kəskin şəkildə seçilən yeni tip abidə qazılmışdır. Bu abidənin arxeoloji materialları, xüsusilə də yüksək keyfiyyətli, dulus çarxında hazırlanmış keramika məmulatı Mesopotamiyanın Ubeyd mədəniyyətinə aid abidələrində ən yaxın paralellərə malikdir. Leylatəpə ilə eyni bölgədə Çinartəpə, Şomulutəpə, Abdal Əziz təpə kimi abidələrdə də eyni xüsusiyyətlərə malik materialların olduğu müəyyən edilmişdir. Leylatəpənin özünəməxsus, əvvəllər məlum olan eneolit abidələrindən fərqli xüsusiyyətləri tədqiqatçılara yeni bir mədəniyyəti – Leylatəpə mədəniyyətini müəyyən etməyə imkan vermişdir (1). Gürcüstanda Beri Kldeebi qədim yaşayış məskənində də Leylatəpə mədəniyyətini əks etdirən 25 sm qalınlığında mədəni təbəqə aşkar edilmişdir (2).
Bakı-Tiflis-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərləri marşrutunun Azərbaycan hissəsində, Ağstafa rayonu ərazisində 2004-2005-ci illərdə Leylatəpə mədəniyyətinə aid bir sıra qədim yaşayış yerləri aşkar edilərək qazılmışdır. Bunlar kəmərlərin marşrutunun 438-ci km-də I və II Böyük Kəsik, 409-cu km-də I və II Poylu qədim yaşayış yerləridir. Kəmərlərin marşrutu bu abidələrdən I Böyük Kəsik, I və II Poylu yaşayış yerlərini kəsib keçdiyindən həmin abidələrdə arxeoloji qazıntılar aparılmışdır. Kəmərlərin marşrutundan kənarda, I Böyük Kəsik abidəsindən 350 m şərqdə yerləşən, müəllif tərəfindən aşkar edilmiş II Böyük Kəsik yaşayış yerində isə hələlik heç bir arxeoloji qazıntı aparılmasa da buradan yerüstü materiallar toplanmışdır.
Məlum olduğu kimi Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda eneolit dövrünün yaşayış yerlərində qəbir abidələri aşkar edilərək qazılmışdır. I Kültəpədə tədqiq edilmiş 85 qəbir abidələri bilavasitə yaşayış yerinin mədəni laylarında qazılmışdır (3). Eynilə Qarabağda Çalağantəpə, Muğanda Əlikö-məktəpəsi (4), Qazaxda Babadərviş (5) kimi eneolit yaşayış yerlərinin mədəni laylarında qəbir abidələri qazılmışdır. Ümumiyyətlə, Azərbaycanın eneolit yaşayış yerlərində həmin dövrə aid aşkar edilmiş qəbir abidələrinin sayı 130-dan artıqdır (6). Leylatəpə tipli abidələrdə isə körpə uşaqların dəfn edildiyi küp qəbirləri aşkar edilmişdir (7). Azərbaycan da daxil olmaqla bütövlükdə Cənubi Qafqazda eneolit dövrünə aid, yaşayış yerindən kənarda, ayrıca məzarlıq tipli dəfn abidələri məlum deyildi. Bu baxımdan Soyuqbulaq kurqanlarının qeydə alınması böyük elmi əhəmiyyət kəsb edir. Bu kurqanlar bizim tərəfi-mizdən 2004-cü ilin noyabr ayının 27-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən 1 km şimalda neft-qaz kəmərlərinin marşrutu üzərində (432-ci km-də) aşkar edilmişdir. Soyuqbulaq kurqanları Cənubi Qafqazda eneolit dövrünə aid ilk aşkar edilmiş məzarlıq olmaqla yanaşı həm də bu regionda hələlik bizə məlum olan kurqan tipli ən qədim dəfn abidələridir.
Yeri gəlmişkən, qeyd etməliyik ki, I və II Böyük Kəsik yaşayış yerləri və Soyuqbulaq kurqanları qərbi Azərbaycanda Kürün sol sahilində ilk qeydə alınmış eneolit abidələridir.
2005-ci ilin yanvar-fevral ayları ərzində Soyuqbulaqda son eneolit dövrünə aid altı kurqan bizim tərəfimizdən qazıldı. Onları birləşdirən ümumi cəhətlər torpaq qatışıq çay daşlarından qurulmuş kurqan örtüyünün və aşkar edilən materialların eyniliyidir. Qəbir kameralarının quruluşu və dəfn üsulları isə fərqlidir. Qəbir kameraları müxtəlif ölçülü olub oval, dördkünc, küncləri oval düzbucaqlı formalara malikdir. Onların hamısı materikdə qazılıb. Yalnız bir qəbir materikin üstündə ovalvari düzülmüş çay daşları ilə qurulmuşdur (3№-li kurqan). Həmin qəbirdə gil qablardan ibarət avadanlıq aşkar edilsə də insan skeletinin izlərinə rast gəlinmədi. Digər qəbirlərdə meyitlər arxası və yanı üstdə dəfn edilmişdir. 2№-li kurqanın qəbir kamerasından isə ümumiyyətlə heç bir arxeoloji material aşkar edilmədi. 5 №-li kurqanın dəfn kamerasında eneolit dövrü üçün nadir əşyalardan olan misdən hazırlanmış xəncər tapılmışdır (şəkil 4). 2005-ci ilin sentyabr-oktyabr aylarında isə Soyuqbulaqda daha 12 kurqan qazılmışdır.
Qəbir kamerasının quruluşu etibarilə 1 №—li kurqan daha maraqlıdır (şəkil 1). Buradakı digər kurqanlar kimi 1 №-li kurqanın da üstü texnikanın köməkliyi ilə silindiyindən onun örtüyünün ölçüləri barədə dəqiq fikir söyləmək mümkün deyil. Qazıntıdan əvvəlki vəziyyətdə torpaq qarışıq çay daşlarından ibarət qəbirüstü örtük şimal-cənub istiqamətində 3,5 m, şərq-qərb istiqamətində 2,5m olmuşdur. 70 sm dərinlikdə qəbirin üstü gil qatışıq bərkidici məhlulla nazik (2-3 sm) təbəqə ilə örtülmüşdür. Ölülərin üstünün gil məhlulla suvanması faktı I Kültəpənin eneolit dövrü qəbirlərində qeydə alınmışdır (8). Materikdə, 1 m dərinlikdə qazılmış qəbir kamerası 50x30x10 sm ölçülü, saman qatışıqlı çiy kərpicdən ibarət üçqat hörgü ilə qurulmuşdur. Hörgüdə sarı gildən bərkidici məhlul kimi istifadə edilmişdir. Qəbir kamerası 2,4 m (şimal-cənub) 1,5 m (şərq-qərb) ölçüsündə olmuşdur.
Qazıntı zamanı skeletin üstündə və ətrafında ağac çürüntülərinə rast gəlinirdi. Çox ehtimal ki, dəfn zamanı bilavasitə ölünün üstü ağaclarla, daha sonra çay daşları və torpaqla örtülmüşdür. Çox çürümüş skelet arxası üstdə, ayaqları şimal istiqamətində uzadılmış vəziyyətdə aşkar edilmişdir. Sümüklərin nizamı pozulmuş, qol sümüklərinin bəzi hissələri qurşaqda və ayaqların ətrafında tapılmışdır. Kəllə sümüyü isə ümumiyyətlə aşkar edilmədi. Skeletin quruluşundakı bütün bu nizamsızlığı vaxtilə qəbirin qarət olunmasının əlamətləri kimi qiymətləndirmək olmaz. Çünki qəbirin üstünün 70 sm dərinlikdə gil suvaq qatı toxunulmaz qalmışdır. Burada təkrar dəfn və ya parçalanmış meyitin dəfni faktlarından danışmaq daha düzgündür. Skeletin ayaq sümüklərinin altında onların sabit vəziyyətdə qalması məqsədilə düzülmüş çay daşlarının aşkar edilməsi də burada parçalanmış meyitin və yaxud təkrar dəfn edilən meyitin sümüklərinin hissələr şəklində düzüldüyünə dəlalət edir.
Qəbirdəki dəfn avadanlığı iki ədəd gil qabdan ibarətdir. Onlardan nisbətən iri ölçülü küpə qəbir kamerasının şimal-qərb küncünə söykədilmişdir. Qabın yıxılmaması üçün onun ətrafı xırda çay daşları ilə əhatələnmişdir. Küpə narıncı-boz rəngli olub uzunsov gövdəyə malikdir. Əldə kobud hazırlanmış küpənin gilinin tərkibinə qum qatılmışdır. Səthinə bitki qatışıqlı gil məhlul çəkilmişdir. Zəif bişirilmişdir. Ağız kənarı qıfşəkilli, altı isə yuvarlaqdır. Gövdəsi tam dairəvi olmayıb ikitərəfli sıxılmışdır. Küpənin hündürlüyü 34,5 sm, ağzının diam. 14,5 sm, gövdəsinin diam. 26,5-28 sm-dir (şəkil 2).
İkinci gil qab qəbirin cənubi-qərb küncündən 30 sm aralıda, qərb divarına söykədilmiş vəziyyətdə aşkar edilmişdir. Bu, kiçik ölçülü, şar gövdəli, narıncı rəngli küpədir. Gilinin tərkibi qum qatışıqlı olan, əldə kobud hazırlanmış küpə yaxşı bişirilib. Ağız kənarı qıf şəkilli, altı yuvarlaq olub, səthi anqoblanmışdır. Səthində qara ləkələr müşahidə edilir. Küpənin hündürlüyü 13 sm, ağzının diametri 8,2 sm, gövdəsinin diametri 13 sm-dir (şəkil 3).
Soyuqbulaq kurqanları bir çox göstəriciləri ilə yerli eneolit mədəniyyətlərinin qəbir abidələrinin bəzi əlamətlərini xatırlatsa da əsasən, kökləri ilə Mesopotomiyanın Ubeyd mədəniyyətinə daha çox bağlıdır. Dəfn abidələrinin və arxeoloji materialların müqayisəli təhlili bunu deməyə əsas verir.
Ubeyd mədəniyyətinin sonlarına aid, yaşayış yerlərindən kənarda məzarlıq tipli qəbir abidələri aşkar edilərək qazılmışdır. Lakin onların heç birinin kurqan örtüyü yoxdur və bu məzarlıqlarda yalnız yaşlı insanlar dəfn edilmişdir. Uşaqlar isə əvvəlki kimi yenə də yaşayış yerlərində, evlərin döşəməsi altında dəfn edilmişdir (9). Soyuqbulaqda isə böyüklərin dəfn edildiyi qəbirlərin kurqan örtüyü vardır. Həmin kurqanların örtüyündə və onların arasındakı sahələrdə isə, yaşayış yerində olduğu kimi körpə uşaqların dəfn edildiyi küp qəbirlərinə rast gəlinir.
Burada kurqan örtüyünün tarixi ilə əlaqədar bir məsələni qeyd etməmək mümkün deyil. Elmi ədəbiyyatda Cənubi Qafqazda, o cümlədən Azərbaycan-da qəbirlər üzərində kurqan qurmaq adətinin Şimali Qafqazdan gətirilmə olduğu, kurqan qurmaq ideyasının Maykop mədəniyyəti daşıyıcılarına məxsus olduğu barədə fikirlər irəli sürülmüşdür. Bunun üçün Maykop kurqanlarının Cənubi Qafqazın e.ə. III minilliyə aid kurqanlarından daha qədim olması fikri əsas götürülürdü (10). Əvvəllər Soyuqbulaq kurqanları elmə məlum olmadığından bu fikri tənqid etmək məqsədimiz yoxdur. Bununla belə qeyd etmək vacibdir ki, son eneolit dövrü Soyuqbulaq kurqanlarının qazıntısı göstərdi ki, qəbirlər üzərində kurqan ucaltmaq adəti ilk dəfə Cənubi Qafqazda – Azərbaycanda meydana çıxmış və sonralar buradan köçərək Şimali Qafqazda məskunlaşan Maykop mədəniyyəti tayfaları tərəfindən geniş tətbiq edilmişdir.
Ubeyd mədəniyyətinə aid məzarlıqlarda adi torpaq qəbirlərdən əlavə çiy kərpiclərdən qurulmuş qəbir kameraları da mövcud olunmuşdur (11). Soyuq-bulaqda hər iki tip qəbirlər təmsil olunmuşdur.
Ubeyd mədəniyyətinə aid qəbirlərdə dəfn arxası üstdə, uzadılmış vəziyyətdə icra olunduğu halda bu mədəniyyətin lokal variantı olan Şimali Ubeyd mədəniyyətinə aid istər yaşayış yerlərindəki qəbirlərdə (12), istərsə də ayrıca məzarlıqda isə ölülərin böyük əksəriyyəti bükülü vəziyyətdə dəfn edilmişdir. Burada təsadüf edilən arxası üstdə uzadılmış dəfnlər isə Mesopotamiyanın cənubundan köçüb gələn tayfalara aid edilir (13). Bundan əlavə Ubeyd mədəniyyətinə qədərki I və II Yarımtəpə abidələrində – Xassun və Xalaf mədəniyyətlərinə aid qəbirlərdə parçalanmış meyitlərin dəfni aşkar edilmişdir (14). Sol və ya sağ yanı üstdə, bükülü vəziyyətdə ölülərin dəfn edilməsi Azərbaycanın və eləcə də bütün Cənubi Qafqazın eneolit dövrü dəfn adətinin başlıca xüsusiyyətidir. Yuxarıda qeyd edildiyi kimi Soyuqbulaqda hələlik az sayda kurqan qazılmasına baxmayaraq burada, haqqında bəhs edilən dəfn qaydalarının hamısını izləmək mümkündür. Bu günə qədər Soyuqbulaqda 18 kurqanın qazıntısı başa çatdırılmışdır.
Qazıntısı başa çatdırılmış, kəmərlərin dəhlizindəki Soyuqbulaq kurqanlarının arxeoloji materialları bir ədəd misdən hazırlanmış xəncər istisna olmaqla, keramika məmulatından ibarətdir. Onlar yuvarlaq altlığa, qıfşəkilli ağız kənarına malik olub forma etibarilə Ubeyd mədəniyyətinin, mənşəyi ilə bu mədə-niyyətə bağlı olan Leylatəpə mədəniyyətinin , o cümlədən Maykop mədəniyyətinin (15) analoji materiallar ilə eyniyyət təşkil edirlər. Onlardan yalnız bir ədəd qab (5 №-lİ kurqan) yastı oturacaqlıdır.
Leylatəpə mədəniyyətinin xronoloji çərçivəsi barədə elmi ədəbiyyatda dolğun, inamlı fikirlər söylənilsə də (16) son tapıntılar (Böyük Kəsik, Poylu, Soyuqbulaq abidələri) bu istiqamətdə daha geniş araşdırmalara ehtiyac olduğunu göstərir. Radio karbon analizlərin nəticələrinə əsasən Ubeyd mədəniyyəti e.ə. V minilliyin sonlarına, bu mədəniyyətin şimal variantı isə e.ə. IV minilliyin əvvəlinə aid edilmişdir (17). Bu faktlar əsasında da Leylatəpə abidəsi tədqiqatçılar tərəfindən e.ə. IV minilliyin I yarısına, onun final mərhələsi isə bu minilliyin ortasına aid edilmişdir (18). I Böyük Kəsik yaşayış yerinin mədəni təbəqəsinin qalınlığı 170 sm-ə çatır. Burada 150 sm dərinlikdən götürülmüş kömür 2005-ci ildə Mayamidəki Beta Analitik Radio karbon Dövrləşdirmə laboratoriyasında analiz edilmiş və aşağıdakı rəqəm alınmışdır: e.ə.3970-3780-cı illər. Bu, Leylatəpə mədəniyyətinə aid ilk və hələlik yeganə radio karbon analizdir. Xronologiyaya dair yuxarıda qeyd edilənlər əsasında Soyuqbulaq kurqanlarının e.ə. IV minilliyin II rübündən gec olmayaraq meydana çıxdığını söyləmək mümkündür.
Beləliklə, Azərbaycanın qərbində qısa bir müddətdə Leylatəpə mədəniyyətinə aid bir sıra abidələrin aşkar edilməsi bu mədəniyyətin lokal xarakter daşımadığını, daha geniş əraziləri əhatə etdiyini bir daha sübut etdi. Bu mədəniyyətə aid abidələrin, o cümlədən kurqanların gələcəkdə Gürcüstanın cənubi-şərq bölgəsində də aşkar ediləcəyi istisna deyil.
Məhz Leylatəpə mədəniyyətinə aid yeni abidələrin aşkar edilməsi ilə Yaxın Şərq – Qafqaz (Mesopotamiya – Ubeyd Cənubi Qafqaz – Leylatəpə – Şimali Qafqaz – Maykop) etnik-mədəni əlaqələrinin tarixinin arxeoloji materiallar əsasında öyrənilməsi üçün daha geniş imkanlar yaranmışdır.
ƏDƏBİYYAT
1.Нариманов И.1 ., Азимов М.С., Алиев Н.1 . Работы первого отряда Мильско -Карабахской экспедиции в 1985 году. АЭИА (1985), Баку, 1986. с. 10.
2.Глонти Л.И., Джавахишвили А.И. Новые данные о многослойном памятнике эпохи энеолита – поздней бронзы в Шида Картли – Бери Клдееби. КСИА, 1987, № 192.
З.Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982, с. 51.
4.Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого
населения Азербайджана. Баку, 1987, с. 168.
5.İsmayılov Q.S., Əliyev V.H. Babadərviş qədim yaşayış yerində qəbir abidələri.
AMEA-nın Xəbərləri. 1972, №2, s. 38-51.
6.Mahmudova V. Azərbaycanın ilk oturaq əkinçi-maldar tayfalarının qəbir abidələri.
Bakı, 2003, s. 52.
7.Алиев Н.Г., Нариманов И.Г. Культура Северного Азербайджана в эпоху
позднего энеолита. Баку, 2001, с. 17-18.
8.Həbibullayev O.H. Göstərilən əsəri, s. 39.
9.Массой В.М. Первые цивилизации. Ленинград, 1989, с. 87. Ю.Ахундов Т.Н. Древнейшие курганы Южного Кавказа. Баку, 1999. И.Ллойд С. Археология Месопотамии. Москва, 1984, с. 49.
12.Мерперт Н.Я., Мунчаев Р.М. Поселение Убейдской культуры Ярымтепе III в
Северной Месопотамии. Советская археология, 1982, № 4, с. 143. 13.Массой В.М. Первые цивилизации, с. 87.
14.Мунчаев Р.М. Мерперт Н.Я. Раннеземледельческие поселения Северной
Месопотамии. Москва, 1981, с. 208. 15.Кореневский С.Н. Древнейшее оседлое население на среднем Тереке. Москва,
1993.
16. Алиев Н.Г., Нариманов И. Культура Северного Азербайджана с. 76-78.
17.Массон B.M. Восточные параллели Убейдской культуры. КСИА, 1962, вып. 91,с.8.
18.Алиев Н.Г., Нариманов И. Культура Северного Азербайджана с. 76.