NEW FINDINGS OF THE ANCIENT METTALLIZATION IN AZERBAIJAN
AZƏRBAYCANIN QƏDİM METALİŞLƏMƏ SƏNƏTİNƏ AİD YENİ
TAPINTILAR
Bəxtiyar Cəlilov
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)
Azərbaycan arxeologiya elmində son illər əldə olunan nəaliyyətlər digər arxeoloji mədəniyyətlərlə yanaşı Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin tədqiqinə də öz töhvəsini vermişdir. Belə ki, son üç ildə ancaq Azərbaycanın qərb bölgəsində təkcə bəhs olunan dövrə aid onlarla arxeoloji abidə müəyyən edilmiş və onlardan bir neçəsində əsaslı arxeoloji tədqiqat işləri aparılmışdır. Qeydə alınan arxeoloji abidələrdə istər kəşfiyyat, istərsə əsaslı tədqiqat işləri aparılarkən digər maddi mədəniyyət nümunələri ilə yanaşı kəmiyyət etibarı ilə zəngin olan metalişləmə sənətkarlığı məhsulları da aşkar olunub.
Tədqiq olunan metalişləmə sənətkarlığı məmulatları içərisində, Şəmkir su elektrik stansiyası tikilərkən böyük bir hissəsi Kür çayının altında qalmış Hacıvəlilər nekropolundan tapılmış tunc əşyalar özünəməxsusluğu ilə diqqəti cəlb edir. Hacıvəlilər nekropolunda aparılan kəşfiyyat xarakterli tədqiqatlar zamanı, anbarda suyun səviyyəsinin enib-qalxması nəticəsində üstü yuyularaq dağılmış qəbirlərdən müxtəlif qəbir avadanlıqları, о cümlədən metal məmulatları tapılmışdır. Tədqiq olunan metal əşyaların böyük bir qismini isə yerli sakinlər topla-yaraq institutumuzun əməkdaşlarına təhvil vermişlər.
Hacıvəlilər nekropolundan tapılmış tunc məmulatlar öz təyinatlarına görə əmək alətlərinə, silahlara və bəzək əşyalarına bölünür. Tunc əşyaların zənginliyini və müxtəlifliyini nəzərə alaraq biz yalnız silahlardan və öz formasına görə nadir tapıntı hesab olunan tunc bıçaqlardan bəhs edəcəyik. Silahlar tuncdan hazırlanmış xəncərlər, ox və nizə ucluqları ilə təmsil olunur. Aşkar olunmuş xəncərlər tipoloji cəhətdən Xocalı-Gədəbəy mədəniyyətinə məxsus üçüncü tip xəncərlərə aiddir. Bu xəncərlər tiyə vari və saplaqlıdırlar. Onların ucu iti bucaq altında itilənib, saplaqları ağac dəstəni bərkitmək üçün deşiklidir. Tiyələrin geniş, saplağa birləşən hissəsində ağac dəstəyi bərkitmək üçün üzərində deşikləri olan xamut yerləşdirilmişdir. Bu tip xəncərlərin tiyəsinin hər iki tərəfində, orta hissədə, bütün tiyə boyu aydın seçilən çıxıntı – qabırğa vardır. Buna görə də tiyələrin en kəsiyi rombşəkillidir.
Xəncərlərin konusvari və ya kümbəz vari bəzəkli dəstə başlıqları vardır. Düz-bucaqlı və üçbucaqlı kəsmə naxışları olan bu başlıqların bəzəkli hissələrinə ağac və ya sümükdən inkrustasiyalar edilirdi. Xəncərlərin ağac dəstəkləri onların saplağına xamutlar, tunc mıxlar və dəstə başlıqları vasitəsi ilə bərkidilirdi.
Oxşar xəncərlər Mingəçevir (5, s.12; 2, tabl. XIV, 4-14) və Gədəbəy (4, tabl. III) ərazisində daha geniş yayılmışdır. Onlar əsasən e.ə. XI əsr üçün xarakterik olan materiallarla birlikdə rast gəlinir (8, s.126).
Hacıvəlilər nekropolundan tapılmış ox ucluqları arxeoloji ədəbiyyatda Cənubi Qafqaz tipi adını almış ox ucluqlarından ibarətdir. Onlar üçbucaq biçimli sallaq qanadlıdırlar. Tiyələrinin orta hissəsi qabarıqdır. Saplağın birləşdiyi his-sənin hər iki tərəfində ox ucunun şiş qanadları yerləşmişdir. Belə ox ucluqlar Cənubi Qafqazda geniş yayılmışdır. Analoji ox ucluqları Gədəbəydən, Mingəçevirdən (5, s.ll, tabl. 13, 15, 18, 19), Gəncəçay rayonundan (9, s.92, tabl. 16, 1-3), Şəmkir və Zəyəmçayları hövzəsi abidələrindən (11, s.98) və digər abidələrdən əldə edilmişdir. Bu tip ox ucluqları Cənubi Qafqazda uzun müddət istifadə edilmişdir. Onlar təxminən e.ə. II minilliyin ikinci yarısından I minilliyin ortalarına qədər olan bir dövrü əhatə edir. Tapılmış tunc silahlar içərisində bir ədəd nizə ucluğu vardır. Nizə ucluğu qəlibdə tökmə üsulu ilə hazırlandıqdan sonra üzərində əlavə işlər görülmüşdür. Ucluğun enli qanadları uca doğru sərt yığılır. Borulu dəstəyində iki dairəvi qabarıq xətt, onların arasında isə bir deşik vardır. Belə nizə ucluqları e.ə. II minilliyin ikinci yarısında Cənubi Qafqaz ərazisində geniş yayılmışdır. Analoji nizə ucluqları Gəncəçay rayonu (9, s.90, tabl. XIV), Gədəbəy (11, s.107, tabl. XII), Muğan (3, tabl. XXI), Samtavr qəbirstanlığı (1, tabl. XXI), Tliy qəbirləri (10, s.68) və Leninakandan (7, s.123, ris. 49) məlumdur.
Hacıvəlilər nekropolundan tapılmış metal əşyalar içərisində tunc bıçaqlar öz forma və təyinatlarına görə nadir tapıntılar hesab olunur (12, s.54). Bıçaqlar ikiağızlı və saplaqlıdırlar. Saplaqları kiçik ölçülü olub, ortasında ağac dəstəklərini bərkitmək üçün istifadə olunan tunc mıxlar üçün bir deşik açılmışdır. Bu bıçaqların digər ikiağızlı bıçaqlardan fərqli cəhəti onların tiyəsinin uc hissəsinin haçalı olmasıdır. Tiyənin haçalanmış uclarının ön və yan tərəfləri də itilənmişdir. Yalnız iki haçanın ortası enləndirilmiş küt haldadır. Bıçaqların bəzilərinin tiyəsinin hər iki tərəfinin orta hissəsində dairəvi, sərt çıxıntılı qabırğa onun saplağından uc hissəsinədək uzanır. Bəhs olunan bıçaqların indiyədək analoji nümunələrinin tapılmadığı və onların özünəməxsus qeyri-adi quruluşları, bu bıçaqların hansı məqsədlərlə istifadə olunduğunu söyləməyə çətinlik yaradır.
Qeyd olunan bıçaqların nisbətən oxşarları Mingəçevir qazıntılarından aşkar edilmişdir (2, tabl. XII, 5, 6). Lakin Mingəçevir bıçaqlarının tiyəsinin uc hissəsi haçalı deyil, yarımdairəvi küt sonluqla bitir. Yeni tapıntılar bu bıçaqların uc his-səsinin sınması ehtimalını da irəli sürməyə imkan verir.
Qədim Mingəçevir abidəsinin tədqiqatçıları bu əşyaların təyinatı haqqında iki müxtəlif fikir söyləmişlər. Bir qrup hesab edir ki, о xəz dərili heyvanların ovlanması üçün ox ucluğu kimi istifadə oluna bilər. Onlar bunu onunla əsaslandırırdılar ki, xüsusi kütləşdirilmiş ucluq heyvana dəyərkən onun dərisinin korlamamaq üçün edilmişdir. Lakin bu zaman yanları iti olan ülgücün hansı əhəmiyyət kəsb etməsi müyyənləşdirilməmiş qalır. Digərləri hesab edir ki, bu əşya yüngül kəsici əl aləti funksiyasını yerinə yetirmişdir. Bunu tiyənin hər iki ağzının işlənməsinin təsirindən nazilməsi də göstərir (2, s.77). Hacıvəlilər nekropolundan tapılmış analoji bıçaqların istifadə təyinatından bəhs edərkən V.Kvaçidze onların ritual xarakter daşıdığını qeyd edir. Onlardan ritual adət, ənənələrin yerinə yetirilməsində, həmçinin bağçılıq təsərrüfatında istifadə olunması fikirlərini söyləyir (6, s.268).
Bizim fikrimizcə bu tip bıçaqlar yalnız lokal sənətkarlıq və ya peşə ilə bağlıdır. Bu alətlərin ancaq Kür çayının sahilində aşkar edilməsi onlardan balıqçılıqda istifadə edilməsi qənaətinə gəlməyə də imkan verir. Bu alətlərdən bağçılıqda istifadə edilməsi də mümkündür. Həmçinin bıçaqlar yalnız bu ərazidə yaşayan tayfaya məxsus olmaqla təbii-coğrafi təsərrüfat zəminində formalaşaan universal əmək alətidə ola bilər.
Bu tip bıçaqları və Hacıvəlilər nekropolundan onlarla kompleks halında tapılmış başqa maddi mədəniyyət nümunələrini, digər həm dövr abidələrin, о cümlədən Mingəçevir materiallarının analogiyası əsasında e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərinə aid etmək olar.
Hacıvəlilər nekropolundan tapılmış metal əşyaların AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji texnologiyalar laboratoriyasında aparılan spektral və kimyəvi analizlərinin nəticələri onların yaxınlıqda yerləşən Gədə-bəy mis filizi yataqlarından istifadə olunmaqla yerli istehsala mənsub olduğunu göstərir (cədvəl 1).
Tunc əşyaların kimyəvi analiz cədvəlindən göründüyü kimi bıçaqların eyni tərkibli qarışığa malik olması bir daha onların eyni metalişləmə ocağında istehsal olunduğunu və lokal xarakter daşıdığını özündə əks etdirir. Ümumiyyətlə tunc əşyaların cədvəldə əks olunan kimyəvi tərkibi qeyd olunan dövrdə, Azərbaycanda, həmçinin bəhs olunan ərazidə metal emalı sahəsində tam təkmilləşmiş metallurgiya mərkəzlərinin və metalişləmə sənətinin bütün sirlərinə yiyə-lənmiş ustaların mövcud olduğunu bir daha sübut edir.
ƏDƏBİYYAT
1. Абрамишвили P.M. К вопросу о датировке памятников поздней бронзы и
широкого освоения железа, обнаруженных на Самтаврском могильнике. Вестник Гос. Музей Грузии /Тбилиси, 1957.
2. Асланов Г.М., Ваидов P.M., Ионе Г.И. Древний Мингечаур. Баку, 1959.
3. Джафарзаде И.М. Элементы археологической культуры на древней Мугани:
Оружие и керамика //Известия АН Азербайджанской ССР, 1946, № 3
4. Ивановский А.А. По Закавказью. Москва, 1911.
5. Qazıyev S.M. Mingəçevirdən tapılmış bəzi silahlardan /AMM II c, Bakı, 1951.
6. Квачидзе В.А. Два бронзовых ножа с побережья Шамкирского водохранилища
/Azərbaycan tarixi muzeyi. Bakı, 2003.
7. Мартиросян А.А. Армения в эпоху бронзы и раннего железа. Ереван, 1964.
8. Минкевич-Мустафаева Н.В. О датировке хронологических этапов некоторых
памятников Азербайджана эпохи поздней бронзы и раннего железа. /МКА, вып. IV, Баку, 1962.
9. Nərimanov l.H. Gəncəçay rayonunun arxeoloji abidələri. Bakı, 1958.
10. Техов Б.В. Позднебронзовая культура Лиахвского бассейна. Сталинград, 1957.
11. Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələr. Bakı, 1959.
12. Cəlilov B.M. Yeni tikinti sahələrində aparılan arxeoloji qazıntılardan tapılmış metal məmulatları. /2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları/. Bakı, 2005.
13. Müseyibli N. Ə. Hacıvəlilər nekropolu. 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tətqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2005.