THE METHODS OF VERBAL INTERPRETATION IN TEACHING OF THE PRIMITIVE HISTORY OF AZERBAIJAN
AZƏRBAYCANIN İBTİDAİ DÖVR TARİXİNİN TƏDRİSİNDƏ ŞİFAHİ ŞƏRH METODLARINDAN İSTİFADƏ
İntiqam Cəbrayılov
(Azərbaycan Respublikasının Təhsil Problemləri institutu)
Azərbaycan tarixinin tədrisində şifahi şərh metodlarının özünəməxsus yeri və rolu vardır. Şifahi şərh metodları sırasında isə bir qayda olaraq daha çox nağıletmədən bəhs olunur. Qeyd etmək lazımdır ki, nağıletmə hadisə və proseslər haqqında süjet hekayətidir. Nağıletmə həm qısa, həm də geniş ola bilər. Qısa formada nağıletmə nümunəsini (buna qısa məlumat da demək mümkündür) Azərbaycan tarixindən «Qədim daş dövrü. İlk insan məskənləri» mövzusu ilə əlaqədar aşağıdakı şəkildə təqdim edirik:
«Daş dövrü ibtidai icma cəmiyyətinin erkən mərhələsidir. Daş dövrünün ilkin mərhələsi qədim daş dövrü, yəni paleolit adlanır. Bu dövrə aid Azərbaycanda maddi-mədəniyyət nümunələri tapılmışdır. Azərbaycanda ilk insan məskənləri Qarabağ bölgəsindəki Azıx, Tağlar, Zar mağaraları, Qazax bölgə-sindəki Daş Salahlı, Damcılı mağaraları, Naxçıvan bölgəsindəki düşərgələr olmuşdur».
Nağıletmənin geniş formasını iş təcrübəsi əsasında aşağıdakı şəkildə (yuxarıda qeyd etdiyimiz mövzu üzrə) təqdim edirik: «İbtidai icma cəmiyyəti bəşər cəmiyyətinin ilkin inkişaf dövrüdür. Bu dövr ilk insanların yaranması ilə başlamış, uzun bir inkişaf yolu keçmişdir. Alimlər ibtidai icma cəmiyyətinin Azərbaycanda 1,5 milyon ilə qədər davam etdiyini söyləyirlər. İbtidai icma cəmiyyətinin tarixi arxeoloji dövrləşməyə görə şərti olaraq üç dövrə bölünür: daş dövrü, tunc dövrü və dəmir dövrü.
Daş dövrü üç mərhələyə bölünür:
1. Qədim daş dövrü (paleolit)
2. Orta daş dövrü (mezolit)
3. Yeni daş dövrü (neolit)
Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti bu ərazidə hələ ən qədim zamanlardan – erkən paleolitdən ibtidai insanların məskən salmasına imkan vermişdir.
Azərbaycanda ilk insan dəstələrinin 1,5 milyon il bundan əvvəl məskunlaşdığı barədə elmi faktlar, dəlillər vardır. Bizim ölkəmizdə, Azərbaycanda qədim insanların yaşadıqları düşərgələrə Qarabağ, Qazax və Naxçıvan bölgələrində daha çox rast gəlinmişdir. Qarabağ bölgəsindəki Azıx, Tağlar, Zar mağaralarından çox qiymətli, faktiki materiallar tapılmışdır.
Məlum olduğu kimi, qədim daş dövrünün özünün də üç mərhələsi vardır: alt paleolit, orta paleolit, üst paleolit.
Alt paleolit ilk insan tipinin təşəkkülündən başlamış 130-120 min il bun-dan əvvəlki dövrü əhatə edir. Bu dövr insanlarının yaşayışını öyrənmək üçün Qarabağda, Füzuli şəhəri yaxınlığında, Quruçay dərəsində yerləşən Azıx mağarasında aparılmış tədqiqatların böyük əhəmiyyəti var.
1960-1986-cı illərdə arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə Azıx mağarasında aparılmış qazıntılar nəticəsində 10 arxeoloji təbəqə varlığı müəyyənləşdirilmiş, mədəni təbəqə yatımından ibtidai insanların istifadə etdikləri 10 mindən artıq daş məmulat, külli miqdarda fauna qalıqları aşkarlanmışdır.
Azıx düşərgəsinin alt mədəni təbəqələri (VII-X toboqolor) ibtidai insan-ların Quruçay vadisində 1,5 milyon il bundan əvvəl başlamış ta 700 000 il bundan əvvələ qədərki həyat tərzini əks etdirən maddi qalıqları özündə əks etdirir. Buradan tapılmış çay daşından kobud hazırlanmış alətlər bəsit əməliyyatlar – kəsmə, yonma, doğrama, parçalama və s. əməliyyatları yerinə yetirməyə imkan verirdi: M.M.Hüseynovun təklifi ilə bu mədəniyyət «Quruçay mədəniyyəti» adını almışdır. Quruçay mədəniyyətinin daşıyıcıları ovçuluq və yığıcılıqla məşğul olmuşlar.
İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan dəstələri və ya ulu icma adlanır. Ulu icma şüurlu surətdə yox, kortəbii şəkildə, təbiət qarşısında acı. qalmamaqdan ötrü yaranmışdı. Belə kollektivlər daimi deyildi.
Azıx mağarasında erkən aşel dövrünə aid V mədəni təbəqədə ocaq qalığının aşkarlanması sübut edir ki, insanlar oddan istifadə etməyi do öyrənmişdilər.
1968-ci ildə arxeoloq M.Hüseynov «Azıx» mağarasından V təbəqədə 350-400 min il bundan əvvələ aid qədim insanın alt çənə sümüyünü tapdı.
Alt paleolitdən sonrakı dövr orta paleolit – Mustye dövrü də adlanır. Orta paleolitdə neandertal insan tipi yaşamışdır. Axirət dünyasına inam da bu dövrdə yaranmışdır”.
Nümunədən göründüyü kimi, nağıletmədə vahid süjet xətti var və bu da müəyyən sonluqla bitir. Nağıletmə bir qədər do genişləndirilmiş şəkildə verilə bilərdi. Lakin biz yalnız nağıletmənin mahiyyətini aydınlaşdırmaq üçün çox da geniş olmayan hekayə formasından istifadə etdik.
Nağıletmə zamanı müəllim təkcə dərslik material] ilə kifayətlənmir. Şərhini, öz nağılını daha cazibədar, maraqlı etmək üçün o, tarixi sənədlərdən, monoqrafiyalardan, bədii ədəbiyyatdan, kütləvi informasiya vasitələrindən istifadə edir. Bu zaman müəllim öz şərhində, yeri gəldikcə bədii nağıletmə ünsürlərindən də faydalana bilər.
Məsələn, “Azərbaycanda ibtidai icma cəmiyyəti” mövzusunu keçərkən müəllim arxeoloq Cəfərqulu Rüstəmovun «Qobustan dünyası», Teymur Bünyadovun «Mərd qalalar, sərt qayalar» kitabına müraciət edərək nağıletməni aşağıdakı şəkildə qurur: Qobustanı Azərbaycanda, eləcə də onun hüdudların-dan kənarda məşhurlaşdıran onun qədim qayaüstü təsvirləri və qədim Qobustan sakinlərinin məskənləri olmuş düşərgələrdən ibarət arxeoloji abidələrdir.
Qobustan abidələri kompleksi uzunluğu 15-20 km, eni 2 km olan zolaqvari kiçik bir sahədə yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdağ ərazisindəki qayalar arasındadır. Arxeoloji tədqiqatlarla müəyyən olunmuşdur ki, Qobustan qayaları arasında orta daş dövrünün – mezolitin əvvəllərindən başlanan həyatımin illər ərzində fasiləsiz davam etmişdir. Qobustan sakinlərinin çəkdikləri qayaüstü rəsmlər, onların həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş mədəni təbəqə yatımı tariximizin 10 min ildən artıq zaman kəsiyini öyrənmək üçün çox qiymətli maddi arxivdir.
Qobustandakı Kiçikdaş və Böyükdaş, Cingirdağ dağları əlverişli şəraiti və təbiəti ilə 12-15 min il bundan əvvəl insanların diqqətini cəlb etmiş, onlar burada məskən salıb yaşamış, ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuş, qayalar üstündə rəsmlər həkk etmişlər. Qobustanda qayaüstü rəsmlərin yaranma tarixi üst paleolitdən mezolitə keçid mərhələsindən 12-15 min il əvvəldən başlayıb orta əsrlərə, daha dəqiq desək, islam dininin yayılmasına qədər davam etmişdir. Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrin ümumi sayı 6 mindən artıqdır. Buraya insan və heyvan təsvirləri, quş, balıq, ilan və kərtənkələ kimi sürünənlər, boz əqrəb kimi həşərat şəkilləri, qayıq, tor şəkilləri, işarə və damğalar, latın və ərəb əlifbası ilə həkk olunmuş kitabələr daxildir.
Qobustanda kəllə-kəlləyə gələn dağ keçilərinin təsviri, sürü halında on-ların əksi daha çoxluq təşkil edir. Bu yerlərdə əsrlər boyu ov heyvanlarının ovlanması, maldarlıq mədəniyyətinin yaranması və inkişafına əsaslı zəmin yaratmışdır. Onlarla qaramalın ovlanma səhnələri, ayrı-ayrı təsvirləri fikrimizi təsdiq edir. Qoşqu və qida mənbəyi kimi tanınan bu heyvanları nəqliyyat vasitələri kimi ulularımız istifadə etmişlər. Qayanın birinin üzərində əlində oraq təsvir edilən bir nəfər biçinçi taxılçılığın bu yerlərdə varlığını sübuta yetirir.
Qeyd edilən təsvirlər о dövrdə yaşayan qobustanlıların məişətini öyrənməklə yanaşı, kənd təsərrüfatı alətlərinin də tarixinin araşdırılmasına işıq saçır. Yeni fikirlər, maraqlı mülahizələr söyləməyə qol-qanad verir.
Xəzər balıqçılığının tarixinin öyrənilməsində də Qobustanın öz yeri, öz sözü var. Vaxtilə qobustanlılar qarğı-qamışdan düzəltdikləri qayıqlarını Xəzərin qoynunda süzdürmüş, balıq ovuna çıxmışlar. Əsrlər boyu Xəzər öz zəngin və son dərəcə qiymətli balıq növü ilə şöhrətlənib. Qobustanlılar bu əvəz-siz təbii xəzinədən geniş istifadə edib, balıqçılığı özlərinin əsas peşələrindən birinə çeviriblər. Qobustanda, Böyükdaş adlı yerdə zəngin rəsmlərlə təsvir olunmuş və geniş bir səhnə yaratmış 29 nömrəli qayanı biz belə oxuyuruq:
Təsvirə əsaslanaraq söyləmək olar ki, qayıq dənizdən uğurlu səfərdən qayıdıb, bol balıq ovu edilib. Sahildəki adamlar bu münasibətlə şadlıq, sevinc içərisində qayığı qarşılayırlar. Rəqs edir, şadyanalıqla mərəkə düzəldirlər. Ovçuluq təsərrüfatını daha aydın təsəvvür etmək üçün daşlarda təsvir edilən qayıqlar da az rol oynamır. Qayıqlarda insanlar müxtəlif vəziyyətlərdə təsvir edilib, görünür, bu zəhmət onların iş prosesi ilə sıx bağlı olmuşdur, Qayıqlar təkcə ovçuluq deyil, həm də dənizçiliyin tarixi, su-nəqliyyat vasitələrinin tarixini öyrənməyə şərait yaradır. Qayıqların qabaq hissəsində günəş rəsminin təsviri fəza cisimlərinə, göy cisimlərinə inam və günəşə işıqlı bir qüvvə kimi baxılması ilə əlaqədar olduğu aydınlaşır. Qayıqlarda günəşin təsviri fəza cisimlərinin öyrənilməsi məsələsi, onun tarixi köklərinin araşdırılmasına şərait yaradır. Qayıqların qamışdan düzəldilməsi fikri dünyada geniş yayılıb. Əgər belədirsə, deməli, Qobustan qamışlıqları qayıqların hazırlanmasında əsas material kimi işlənmişdir.
Əlbəttə, burada nağıletmə ilə yanaşı, izahat və təsvir ünsürlərinə də rast gəldik. Ümumiyyətlə, şifahi şərh metodları bir-birindən fərqlənsə də, onlar arasında xüsusi cəhətlər olsa da, hər hansı bir məsələ barədə danışarkən onlar bir-biri ilə qaynayıb-qarışır. Ona görə də müəyyən bir mövzunu keçərkən müəllimin yalnız bir şərh metoduna istinad etməsi və yaxud onun öz şərhini yalnız «nağıletmə» və «izahat» adlandırması düzgün deyil.
Hər hansı hadisə haqqında nağıletmə zamanı müəllimin bədiiliyə üstün yer verməsi və bütün şərhini bədii formada, bədii ifadələrlə qurması özünü doğrultmur. Çünki bu zaman tələbələrdə elmi faktlara ciddi münasibət yaranmır. Təlimin tərbiyəvi əhəmiyyəti, hər şeydən əvvəl, şərh olunan tədris materialının ideya məzmunundadır. Bu məzmunu açıb göstərmək üçün müəllim təkcə həyəcanlandırıcı səhnələr yaratmamalı, eyni zamanda aydın, dəqiq faktlarla material izah olunmalı, mahiyyət tələbələrə çatdırılmalıdır.
Tələbələr üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisələr elə şərh olunmalıdır ki, bu, onların tarixi biliyinin inkişafına, dərinləşməsinə, eyni zamanda tərbiyəsinə güclü təsir etsin. Məsələn, biz qədim qayaüstü təsvirlər haqqında geniş danışmaq üçün Qobustan qayaüstü təsvirləri barədə hekayədən istifadə edə bilərik. Çünki Qobustan qayaüstü təsvirləri özünün əhatə dairəsinə görə, bütün xüsusiyyətlərinə görə başqalarından fərqlənsə də, təsvirlər qədim dövrün ən möhtəşəm qayaüstü təsvirlərindən biridir. Bu barədə tələbələr məlumat əldə etməklə, demək olar ki, bütün qayaüstü təsvirlərin yaranma səbəbləri, mahiyyəti və tarixi nəticələri barədə ümumi təsəvvürə malik olurlar. Bununla da, tələbələr yeni bir tarixi hadisəni öyrənir, onlarda müəyyən dərəcədə idrak fəallığı yaranır, təhlil və ümumiləşdirmə aparmaq bacarığı formalaşır.
Nağıletmənin canlılığı konkretləşdirmənin müxtəlif vasitələri və üsullarının köməyi ilə əldə edilir. Bu vasitə və üsulların tətbiqi adi bir tarixi məlumatı nağıletməyə çevirir.
Konkretləşdirmənin vasitə və üsulları pedaqoji təmayüllü ali məktəblərə tədris olunan Azərbaycan tarixi kursunun idraki və tərbiyəvi vəzifələrinin
həllində, məsələn, konkret tarixi təsəvvürlərin yaranmasına, təhsilləndirici və tərbiyəvi imkanlardan istifadəyə kömək göstərir.
Konkretləşdirmə yolu ilə biz şifahi şərhimizi daha inandırıcı edə, tarixi hadisənin xüsusiyyətini daha yaxşı açıb göstərə bilərik. Ümumiyyətlə, konkretləşdirmə vasitələrinin köməyi ilə tarixi hadisələrin mahiyyətini, əhəmiyyətini və digər cəhətlərini aydınlaşdırmaq mümkündür. Məsələn, nəsli qəbilə icmasından danışarkən, bəzən onu konkret olaraq ana xaqanlığı (matriarxat) adlandırırıq. Yəni nəsli qəbilə quruluşu dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdi. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması ana-xaqanlığı (matriarxat) adlanır.
Konkretləşdirmə vasitələrini bir neçə yerə bölmək olar:
1) tarixi hadisələrin baş verdiyi vaxtı səciyyələndirən cəhətlərin konkretləşdirilməsi;
2) tarixi hadisələrin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləş-dirilməsi;
3) məişət materialından istifadə;
4) rəqəm materiallarından istifadə;
5) bədii ədəbiyyatdan istifadə;
6) tarixi sənədlərdən, xatirə ədəbiyyatından istifadə;
7) yerli (tarixi) materialdan istifadə.
Konkretləşdirmənin yollarını isə aşağıdakı şəkildə göstərə bilərik: 1) adamların fəaliyyətini göstərmək yolu ilə nağıletmənin konkretləşdiril-məsi;
2)tipik epizodun, tipik tərcümeyi-halın, səciyyəvi cəhətin tətbiq olunması;
3) şəxsləndirmə və səhnələşdirmə;
4) vasitəsiz nitqin tətbiq olunması.
Vasitəsiz nitqin tətbiqilə əlaqədar belə bir nümunə göstərmək olar (T.Bünyadovun «Mərd qalalar, sərt qayalar» əsəri üzrə): 1981-ci ildə (yayda) dünya şöhrətli səyyah və alim, norveçli Tur Heyerdal Qobustanı gəzərkən demişdi: «Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir?».
T.Bünyadov və C.Rüstəmov deyirlər ki, biz ona qayaların dibində apardığımız arxeoloji qazıntılardan aşkar edilən təsvirləri göstərdik. Gözlərinə inanmadı. Sevincək əllərini qaldırdı və «Bax, indi mən təslim. Bu qaya təsvirləri dünya mədəniyyətinin beşiklərindən olan Beynəlnəhrdən də (İkiçay-arası-İ.C.) qədimdir ki. Görünür, Azərbaycan da belə qədim ocaqlardan biri olub. Bu yadigarlardan sonra şübhələnməyə dəyməz», – dedi.
Və yaxud, vasitəsiz nitqin tətbiqi ilə bağlı digər bir nümunəyə diqqət yetirək. Azərbaycan tarixindən «İbtidai icma cəmiyyəti» mövzusunu keçərkən müəllim, Qobustan barədə məlumat vermək üçün Səməd Vurğunun sözlərindən faydalana bilər: «Üzərində tarixi qeyd, nəql və ya təsvir olan hər bir qədim daş, vaxtı ilə canlı yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq və gələcək nəsillərin sifətində həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq».
Əlbəttə, yuxarıda qeyd etdiyimi metodik vasitələr və yollar heç də mütləqləşdirilə bilməz. Yəni bu yolların hər biri məqsədəuyğun şəkildə, müəllimin bu və ya digər vaxtda tətbiqi ilə həyata keçirilsə, səmərəli nəticələr verər. Bundan başqa, həmin metodik vasitələr və yollar heç də son hədd kimi başa düşülməməlidir. Müəllimin öz işinə yaradıcı şəkildə yanaşması nəticə-sində yeni vasitə və yolların axtarılıb tapılması mümkün və vacibdir. Məhz Azərbaycan tarixinin tədrisinə bu cür yanaşma tərzilə təlim keyfiyyətini yüksəltmək, tələbələrin şəxsiyyətini formalaşdırmaq olar.
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi.7 ci cilddə, 1-ci cildə, Bakı: Elm, 1982.
2. Bünyadov T.Mərd qalalar, sərt qayalar. Bakı: Azərnəşr,1986
3. Hüseynov M. M. Uzaq daş dövrü. Bakı,1973
4. Talıbov Y., Ağayev Ə., Eminov A., İsayev İ. Pedaqogika . Bakı,2003
5. Paşayev T. Tarixin todrisi metodikasının müasir problemləri. Bakı: ADPU-nun nəşri, 2005 .
6. Rüstəmov C. Qobustan dünyası. Bakı, 1994.
7.Гусейнов М.М.Древний палеолит Азербайджана. Баку, 1985. 8. Джафарзаде И.М. Гобустан. Баку, 1973