LIFE CERAMICS OF THE NECROPOLIS OF THE RIVER ZAYAM

 

ZƏYƏMÇAY NEKROPOLUNUN MƏİŞƏT KERAMİKASI HAQQINDA

ŞaımilNəcəfov

 

(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Bakı – Tbilisi – Ceyhan (BTC) layihəsi üzrə geniş miqyaslı arxeoloji tədqiqatların aparıldığı abidələrdən biri də Zəyəmçay nekropolu olmuşdur. Nekropol, Şəmkir rayonunun Bayramlı kəndi yaxınlığında, Zəyəm çayının sağ sahilində alçaq, yastı təpələrin üzərində yerləşir. Burada arxeoloji qazıntı işləri 2003-cü ilin aprel-oktyabr aylarında aparılmışdır. Azərbaycan arxeologiyasının son nailiyyətlərindən biri sayılan Zəyəmçay nekropolunun arxeoloji tədqiqi mühüm elmi əhəmiyyət kəsb edir. Nekropoldan tapılan metal əşyalar son tunc – ilk dəmir dövründə bu bölgədə metallurgiya və metalişləmənin vəziyyəti, pasta, şüşə və kauri tipli muncuqlar mədəni-iqtisadi əlaqələr, saxsı qab nümunələri əhalinin məişət həyatı və dulusçuluq sənətinin inkişafı, müxtəlif osteoloji qalıqlar və zoomorf əşyalar əhalinin təsərrüfat fəaliyyətinə dair ətraflı məlumatlar əldə etməyə imkan yaradır.

Nekropolun məişət əşyaları içərisində gil qablar say etibarilə və növ zənginliyi ilə üstünlük təşkil edir. Bu qablar zərifliyi, özünəməxsusluğu və naxışların orijinallığına görə biri-digərindən fərqlənir. Nekropoldan aşkar edilən keramika nümunələri müxtəlif ölçülü və müxtəlif təyinatlıdır. Nekropoldakı qəbirlərin bəzilərində 2,3 saxsı qab aşkar edildiyi halda, 30 və daha artıq müxtəlif təyinatlı saxsı qabların aşkar edildiyi qəbirlərə də rast gəlinmişdir (1). Qəbirlərdən tapılan saxsı qabların saxlanma səviyyəsi eyni deyildir. Onların bəzilərinə çox keyfiyyətli və bütöv halda rast gəlindiyi halda, bəzilərinə isə dağılmış və torpaqdan götürülə bilməyəcək dərəcədə keyfiyyətsiz qalmış vəziyyətdə rast gəlinmişdir. Ümumilikdə nekropoldan, qazılıb tədqiq olunmuş 130-a qədər daş örtüklü qəbirdən 700-dən artıq saxsı qab aşkar edilib götürülmüşdür.

Gil qablar Zəyəmçay hövzəsinin qeyd etdiyimiz dövrə aid bütün qəbir abidələri üçün ən çox tapılan materiallardır. Qəbirlərə qoyulan saxsı qablar adətən meyitin ətrafında yerləşdirilirdi. Bəzən bir-birinin üzərinə qoyulmuş keramika nümunələrinə də rast gəlinir. Zəyəmçay nekropolunun bəzi qəbirlərində bu hal müşahidə olunmuşdur. Qəbirlərə qoyulan qabların miqdarı ehtimal ki, dəfn olunmuş şəxsin sağlığındakı ictimai və iqtisadi vəziyyətindən asılı olmuşdur. Çox hallarda gil qablara boş, bəzi hallarda isə ərzaq qalıqları ilə birlikdə təsadüf edilir. Bu adətin dini inam kəsb etməsi və dəfn adəti ilə bağlılığı şübhəsizdir. Zəyəmçay nekropolunun bəzi qəbirlərində də bu adətin izlərinə rast gəlinmişdir. Bir neçə qəbirin qazıntısı zamanı içərisində sümük qalıqları olan saxsı qablar aşkar edilmişdir.

Zəyəmçay nekropolunun qəbirlərindən naxışları ağ maddə ilə doldurulmuş və inkrustasiya olunmuş saxsı məmulatı aşkar edilməmişdir.Nekropoldan aşkar edilmiş gil qablar hazırlanma texnologiyasına əsasən iki qrupa bölünürlər:

-dulus çarxında formalaşdırılan qablar; -əldə kobud hazırlananlar;

Bu dövrə aid gil qabların əksəriyyətini dulusçuluq dərgahında düzəl-dilmiş qablar, müəyyən yeri isə əldə düzəldilmiş qablar təşkil edir (2). Zəyəmçay nekropolunda da təsadüfi istisnalar nəzərə alınmasa, saxsı qabların hamısı dulus çarxında hazırlanmışdır (3).

Zəyəmçay nekropolundan tapılan birinci qrupa aid məişət keramikası dulusçuluq dəzgahında hazırlanmış əsasən qara və boz tutqun rəngli gil qablardan ibarətdir. Bu qablar qəbirlərdən əldə edilmiş avadanlığın əsas hissəsini təşkil edirlər. Buraya əsasən enli və ya şar vari gövdəyə malik qulpsuz və yaxud qulplu, bəzən isə qulp əvəzinə qabın boğaz hissəsində göbələk vari çıxıntısı olan (belə çıxıntılar bir və bir neçə ədəd olur) qablar, dar, uzun boğazlı dopular və küpələr, cam və çölməklər, təkqulplu və ya qulpsuz bardaqlar, xeyrələr, küpələr və s. daxildir. Bu tip qablar Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün çox səciyyəvidir. Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinin yayıldığı ərazilərə diqqət yetirsək, onda birinci qrupa aid olan qabların da çox geniş areala malik olduğunun şahidi olarıq. Bu tip qablar bütün Şərqi və Mərkəzi Qafqazı əhatə edirlər (4). Bu qabların üzəri yaxşı cilalanaraq hamarlanmış, çox vaxt batıq xətlər və zolaqlarla, kəndirvari, sünbülvari naxışlarla və novlarla bəzədilmişdir.

Zəyəmçay nekropolunun qəbirlərində ən çox rast gəlinən məişət keramikası xeyrələr və boşqablardır (III tablo). Xeyrələr əsasən tünd boz rəngli, bəzi hallarda isə qara rəngli olub, yaxşı bişirilmişdir. Xeyrələr həcmləri-nə görə boşqablardan böyükdür. Xeyrələrin ağız kənarını bir, bəzən iki basma xətt əhatə edir. Xeyrələrin demək olar ki, əksəriyyəti dulus çarxında mükəmməl hazırlanmışdır. Dulus çarxında formalaşdırılan xeyrlər çox səliqəli hazırlanmış və simmetrik formalara malikdirlər. Bu xeyrələrin üst səthi hamardır, oturacaqları isə düzdür, oturacaqdan başlayaraq yuxarı qalxdıqca bunların divarları genişlənir, ağız hissədə bir qədər daralır və kənar-ları xaricə doğru qatlanır.

Xeyrələrin bəzilərinin ağızdan oturacağa doğru həm xaricdən, həm də daxildən cızma xətlər çəkilmişdir ki, bu da günəşin rəmzidir. Zəyəmçay nekropolundan tapılmış xeyrələr Şəmkirçay və Gəncəçay hövzəsindən əl-də edilmiş xeyrələrlə oxşarlıq təşkil edirlər (5). Xeyrələrin çiyin hissəsində deşikli qulaqcıqlar vardır. Xeyrələr və boşqablar incə hazırlanmış, bəzilərinin üzəri yaxşı cilalanmışdır.

Nekropolun keramika məmulatı içərisində qazanlar kəmiyyət etibarilə ikinci yerdə durur (I tablo). Onların əksəriyyəti yaxşı hazırlanmış və sabit temperaturda bişirilmişdir. Bu tip qabların gilinin tərkibində narın qum qatışığı daha çox müşahidə edilir. Qazan tipli qabların divarının qalınlığı 0,6-1,5 sm arasındadır. Onların əldə edilən nümunələrinin əksəriyyəti dulus çarxında hazırlanmışdır. Bəzilərinin tərkibində iri qum dənələri olduğun-dan, onlar bişirilmə zamanı aşılanmaya məruz qalmışlar. Qazanların səthi son tunc – ilk dəmir dövrünün naxışlanma üslubuna uyğun olaraq çərtmələrlə, kəsmə – kanalvari, dalğavari, sünbülvari xətlərlə cilalama yolu ilə bəzədilmişdir.

Əlavə olaraq onu qeyd etməliyik ki, Zəyəmçay nekropolunun qəbir abidələrindən tapılan qabların üzərindəki naxışlar qonşu şərq rayonlarının ərazisindən tapılan gil qabların naxışlarına nisbətən kobud və kasıbdır. Ümumiyyətlə, Zəyəmçay hövzəsi də daxil olmaqla Qərbi Azərbaycanın, bu dövrə aid keramika nümunələri naxışlarına görə iki qrupa bölünür:

-geometrik naxışlı;

-insan və heyvan təsvirli qablar (6).

Zəyəmçay nekropolunun keramika məmulatı əsasən geometrik təsvirli qablardan ibarətdir. Onlar əsasən üçbucaqlardan, meandrlardan, lentvari və dalğavari naxışlardan, rombvari, ştrixvari, torşəkilli kəsmə, cızma, çərtmə naxışlardan ibarətdir.

Zəyəmçay nekropolundan aşkar edilən küpələr (II tablo, № 1-4) boz, tünd boz, qonur və qara rəngli olub, səliqəli hazırlanmış, üzərləri hamarlanaraq, bəzən zəif cilalanmışdır. Onların bəziləri dar oturacaqlı olub, bikonik formalıdırlar. Küpələrin üzəri yuxarıda qeyd etdiyimiz naxış üslubuna uyğun naxışlanmışdır. Nekropolun qəbir abidələrində üzəri basma dairəvi naxışlarla bəzədilmiş küpələrə də rast gəlinmişdir. Ağız kənarı xaricə qatlanmış şar gövdəli küpələrə də rast gəlinir. Bunların bəzilərinin yuxarı hissəsində göbələk formalı çıxıq və yaxud iki qulpu olur (II tablo, №3). Bəzən qulp ilə birlikdə göbələk formalı çıxıq da saxlanmış qablara təsadüf edilir.

Arxeoloji qazıntılar nəticəsində izafi məhsul saxlamaq üçün istifadə edilən iri həcmli küpələr də aşkar olunmuşdur. Qəbirlərdən çox zaman bütöv halda çıxarılan bu iri həcmli küpələr formaca fərqlidirlər.

Nekropoldakı qəbirlərdən cəmi 7 ədəd çölmək aşkar olunmuşdur (V tablo, №1; 3; 5). Onların çoxusu qara və tünd boz rənglidirlər. Çölməklərin üzərində his qalıqlarına və dərin yanma izlərinə rast gəlinməsi onların qəbirə qoyulmadan əvvəl məişətdə istifadə edildiyini göstərir. Geniş və düz oturacaqlı çölməklər yaxşı hazırlanmış və qeyri-sabit temperaturda bişirilmişlər. Əksəriyyətinin gil tərkibi narın qum qarışıqlıdır.

Kasa tipli saxsı qablara çox az sayda rast gəlinirsə də onlar öz naxış üslubları ilə seçilirlər. Onların üzəri kəsmə xətlərlə və çərtmələrlə naxışlanmışdır. Təsadüfi hallarda onların boğazını bir və yaxud bir neçə basma xətt

əhatə edir. Qəbirlərin birində tapılmış tünd narıncı-qırmızımtıl rəngli düz oturacaqlı, aşağı hissəsi yumru, orta hissədən gövdəsi daralan kasanın üzəri kəsmə naxışlarla bəzədilmişdir. Mingəçevir (7) və Xanlardan (8) da analoji olaraq bu tipdə keramika nümunələri tapılmışdır. Bu fakt onu göstərir ki, belə qablar çox geniş ərazidə yayılmışdır. Nekropoldakı qəbirlərdən tapılan bardaq tipli saxsı qablar da sayca üstünlük təşkil edirlər (IV tablo. №3-5). Dar və uzun boğazlı, qulpsuz yaxud qulplu orta və kiçik tutumlu bardaqlar əsasən şar gövdəlidirlər. Tünd boz. qonur və qara rəngli bardaqların içərisində bəzən qalın divarlılara da rast gəlinir. Ağız kənarı ilə çiyini birləşdirən en kəsiyi dairəvi olan qulpların yuxarı hissəsi bəzən dirsək vari çıxıntı şəkildə düzəldilmişdir. Nekropoldakı qəbirlərdən çox az hallarda armud vari gövdəyə və dar uzun boğaza malik bardaqlar da tapılmışdır. Bardaqların üzəri bəzən naxışsız, bəzən zəif hamarlanmış və bəzən də dalğa vari batıq xətlərlə və torşəkilli naxışlarla bəzədilmiş olur.

Nekropoldakı qəbirlərdə aşkar edilən kuzələr formasına görə iki cürədir. Onlar uzunsov və şar gövdəli olub, müxtəlif ölçülərə malikdir. Şar gövdəlilər dar boğazlıdırlar. Lakin, bir kuzə düz oturacaqlı olub, oturacağa doğru gövdəsi konusvari forma alır. Kuzələrin (IV tablo. №2) çoxusunda naxışlar yoxdur. Yalnız birində tor şəkilli, cızma, dalğa vari naxışlardan istifadə olunub.

Dopular tünd boz rəngdə olub, keyfiyyətli hazırlanmış, sabit temperaturda bişirilmişlər. Gilinin tərkibi qum qarışıqlı olub, divarın qalınlığı 0,6-1,2 sm arasındadır. Oturacaqları düzdür, armudvari gövdəyə malik olub, ağız kənarları xaricə azca əyintilidir. Üzərində naxışlara çox az halda rast gəlinir (IV tablo, №1).

Zəyəmçay nekropolunun məişət keramikası içərisində böyük maraq doğuran nümunələrdən biri də, sayları çox az olan nehrələrdir. Onlar boz rəngli olub, ölçü və formaca yaxındırlar (II tablo, №6). Onların divarları nisbətən qalındır. Onların çiyinində üfiqi birləşdirilmiş qulpun yanında adətən 1 ədəd dəliyi olur. Nehrələrin boğazının daxili səthində barmaq enində kobud dalğa vari xətlər çəkilmiş, oturacağın içəri tərəfindən barmaqcıqlar bərkidilmişdir. T.Bünyadova görə onlar yağın alınması prosesini artırmaqla bağlı olmuşdur (9). Bəzi nehrələrin xarici səthi yuxarıdan aşağı cilalama üsulu ilə çəkilmiş ornamentlərlə) örtülüdür. Ümumiyyətlə, bu dövrün gil nehrələri təxmini olaraq iki qrupa bölünür: qulpsuz və qulplu nehrələr. Lakin, onların hər ikisi eyni dövrün məhsulu olub, eyni quruluşa malikdirlər. Son tunc – ilk dəmir dövrünə aid belə gil nehrələrə Azərbaycanda Mingəçevir, Ağcabədi, Gəncə, Qəbələ və Qazax rayonlarında, Gürcüstan ərazisində isə Trialeti, Samtavr və s. rast gəlinmişdir (10). Zəyəmçay nekropolunun qəbirlərində silindr formalı qablar bir neçə nüsxə ilə təmsil olunurlar. Birinci, qara rəngli qabın üzəri müxtəlif istiqamətli kəsmə xətlərlə bəzədilib. Digərindən fərqli olaraq ağzı dar olan qabın iki qulpu vardır. Boz rəngli, ikinci belə bir qabın ağız kənarı xaricdən pillə vari olub, orta hissələri daralmışdır. Səthi cilalı olan boz rəngli bu qabların oturacağının altı kəsmə xətlərlə naxışlanmışdır (11). Zəyəmçay nekropolunun məişət keramikası içərisində gildən hazırla-nan zoomorf qablar xüsusi yer tutur (I tablo, №6; II tablo, №6). Əsasən küpə tipli saxsı qabların çiyin hissəsində yapma qoç başına rast gəlinmişdir ki, bu da Zəyəmçayın qədim sakinləri arasında qoyunçuluğun inkişafı və maldar əhalinin mühüm gəlir mənbəyi olması ilə əlaqəli ona olan dini etiqadla bağlıdır. Bəzi qəbirlərdə qoyun və ya keçi skeletlərinin tapılması da buna bir sübutdur. Arxeoloji materiallar xırdabuynuzlu heyvanları daha çox olan Qafqaz xalqları içərisində qoyuna sitayişin daha geniş yayıldığını sübut edir.

Nekropolun ikinci qrupa aid olan məişət keramikasına əsasən kiçik boğazlı qablar, xeyrələr, qazanlar, küpələr, çölməklər aiddir. Bu qablar əldə çox kobud formada hazırlanmışdır. Belə qabların üzərindəki naxışlar dalğa vari sınıq xətlər, çərtmə, cızma, üçbucaqlı, nöqtə və s.-dən ibarətdir ki, be­ta naxışlar digərlərinin eynidir. Küpə və qazanların ağız kənarı geniş olub, azca xaricə qatlanmışdır. Gilinin tərkibində qum qarışığı çoxdur.

Bütün bu qeyd etdiklərimiz – keramika nümunələri Zəyəmçay sakinlərinin məişət və təsərrüfatında müxtəlif məqsədlər üçün işlədilmişdir. Onların formaları həmin qabların hansı məqsədlə işlədildiyi haqda aydın təsəvvür yaradır. Yuxarıda sadaladığımız qablardan məişətdə ərzaq saxlamaq, xörək bişirmək, su doldurmaq, taxıl və başqa dənli bitkilər yığmaq, qurut-maq və s. məqsədlər üçün istifadə edilmişdir.

 

 

 

ƏDƏBİYYAT

1. Müseyibli N.Ə., Zəyəmçay nekropolunda arxeoloji qazıntılar. // Azərbaycan Arxeologiyası və Etnoqrafıyası. Bakı, 2004, №2, s. 60.

2. Кесаманлы Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского района. Баку, 1999, с. 130-131.

3. Müseyibli N.Ə. Göstərilən əsəri, s. 60.

4. Гусейнова M.A. Керамика Восточного Закавказья эпохи поздней бронзы и раннего железа XIV-IX вв. до н.э. Баку, 1988, с. 10.

5. Quseynova М.А., göstərilən əsəri, s. 53-62.

6. Yenə orada, s. 56-60.

7. Фоменко В.П. Грунтовое погребение №63 из Мингечаура.МКА, III, 1958, с.78.

8. Гуммель Я.И. Археологические очерки. Баку, 1940, с. 54.

9. Bünyadov Т. Azərbaycanda maldarlığın inkişafı tarixindən. Bakı, 1969, s. 117-118.

10. Bünyadov Т., göstərilən əsəri, s. 119-120.

11. Müseyibli N.Ə. göstərilən əsəri, s. 62.

 

 

Leave a comment

Your comment