THE SETTLEMENT PLOVDAG

PLOVDAĞ YAŞAYIŞ YERİ

Bəhlul İbrahimli
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Plovdağ abidələri Araz çayından 2, 0-2, 5 km şimalda, Gilançayın sol
sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Gilançayın mənsəbini
şərqdən və qərbdən əhatə edən dağlar lay-lay vulkanik daşlardan və boz
rəngli gilli torpaq-dan ibarətdir. Plovdağın daşlan yumşaq tərkibli
tufit daşlar olduğundan həm orta əsrlərdə (qəbirüstü qoç heykəllər
hazırlanarkən), həm də sonralar (Aza körpüsü tikilərkən) bu daşlardan
istifadə olunmuşdur. Nəticədə, qədim dövrə aid siklopik tikililərin bir
hissəsi dağıdılmışdır. Plovdağın zirvəsindən qopub tökülmüş. bir neçə
tonluq nəhəng daşlar isə yaşayış yerinin dağa yaxın olan tərəflərini
dağıtmışdır.
Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərdi
ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin
qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü
konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub
ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində
yerləşir. İkinci yaşayış yerinin divarları iri həcmli dağ daşlarından
(siklopik) hörülmüşdür. Bu yaşayış yeri Gilançaya və əkin sahələrinə
yaxın olduğundan dağıntıya daha çox məruz qalmışdır. Yaşayış yerlərinin
dağın döşünə yaxın olan hissələri isə XX əsrin 60-cı illərində Dəstə
arxı çəkilərkən müasir texnikanın köməyi ilə dağıdılmışdır. Plovdağda
aşkar edilmiş bu iki yaşayış yerin-dən başqa nekropolların yerləşdiyi
ərazilərdə də yaşayış yerinin əlamətləri izlənilir. Xüsusən, ikinci
Plovdağ nekropolunun mərkəzi hissəsində, qəbirlərdən altdakı təbəqədə
əmək alətlərinin, ocaq qalıqlarının və qəbirlər üçün xarakterik olmayan
keramika nümunələrinin və Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan
qulpların aşkar edilməsi burada ilk tunc dövrünə aid yaşayış yerinin
olduğunu ehtimal etməyə əsas verir.
1987-1989-cu illərdə birinci Plovdağ yaşayış yerində bu çox-təbəqəli
abidənin axırıncı tikinti dövrünə aid yaşayış evi kompleksinin bir neçə
otağı təmizlənmişdir (1, s 5-12). Yaşayış yerinin yerləşdiyi ərazidə
külli miqdarda dən daşlarına, sürtkəclərə, əl capacaqlarına və daş
baltalara rast gəlinir. Çay daşından hazırlanmış iri həcmli daş
baltalara ən çox yaşayış yerindən cənub-qərb tərəfdə, nisbətən düzənlik
ərazidə təsadüf edilir. Ehtimal ki, bura qədim xırman yeri olmuşdur.
Yaşayış yeri şərq tərəfdən 80 sm-ə qədər eni olan daş divarla
əhatələnmişdir. Divarın yanı ilə şimal-cənub istiqamətində 2, 5-3, 0 m
eni və 2. 0 m dərinliyi olan yarğan vardır. Otaqların döşəməsi yer
səthindən 2, 0-2, 10 m dərinlikdə yerləşir. Divarlar müxtəlif həcmli
dağ daşlarından gil məhlulu ilə (palçıqla) işlənmişdir. Bir neçə yerdə
qədim bərpa izləri açıq-aydın görünür.
Kompleksin şərq tərəfində yerləşən 1№-li otağın cənub küncləri
düzbucaqlı planda, şimal bucaqları isə əyrimçə (qövsvari) işlənmişdir.
Otağın təqribən, ortasından, cənub divarından başlayaraq şi-mal
istiqamətində arakəsmə divar işlənmiş və otaq iki hissəyə bölünmüşdür.
Divar axıradək işlənməmiş, onun qurtaracağı ilə otağın şimal divarı
arasında qapı yeri qoyulmuşdur. Bu qapı yerindən başqa otağın
şimal-qərb küncünə qədər pilləkən işlənmiş və bununla da otağa
yarımzirzəmi görkəm verilmişdir. Qədim bərpaya qədər otağın qərb
divarında, pilləkənlə yanaşı eni 70 sm olan qapı yeri olmuş, lakin otaq
dağıntıya məruz qaldıq-dan sonra təkrar istifadə zamanı bu qapı yeri
daşla işlənərək örtülmüş və otağa giriş yuxarıda qeyd etdiyimiz
pilləkən vasitəsi ilə olmuşdur. Pilləkən iri həcmli daşlarla
işlənmişdir. Döşəməyə yaxın pillələrin bəzi daşları sökülmüşdür.
Pilləkənin hündürlüyü 1, 0-1, 2 m, eni isə 60-65 sm-dir.
1№-li otağın şimal divarından cənub divarına qədər şərq divarına
bitişik 60 sm enində və 40-50 sm hündürlüyündə daşla işlənmiş və
üstündə yanı üstə qoyularaq gillə möhkəm bərkidilmiş sal daşlarla
taxçalar düzəldilmişdir. Taxçaların yanlarına qoyulan sal daşlar gillə
o dərəcədə möhkəm bərkidilmişdir ki, uçqun və dağıntı zamanı onlar
yerlərindən belə tərpənməmiş, hətta taxçalara qoyulmuş bir neçə saxsı
qab salamat qalmışdır. Taxçaların hamısının qabağı 8-10 sm hündürlüyü
və 5-6 sm eni olan möhkəm gil qatı ilə tutulmuşdur. Şimaldan başlayaraq
birinci və ikinci taxçalardan qazan fraqmentləri, üçüncü taxçadan isə
tək qulplu, ağzı axırımlı miniatür boyalı qab aşkar edilmişdi. Dördüncü
taxçanın bir neçə daşı sökülmüşdür. Ondan cənuba tərəf yerləşən beşinci
taxçanın içərisindən və ətrafından iri həcmli qazana məxsus fraqmentlər
aşkar edilmişdi. Ətrafa səpələnmiş qazan fraqmentlərinin vəziyyətinə
əsasən, qazanın otaq dağıntıya məruz qaldıqdan sonra taxçadan qazılıb
çıxarıldığını güman etmək olar. Qeyd etmək lazımdır ki, otağın bir neçə
yerində sonrakı dövrlərdə qazılmış çala izləri vardır. Otağın cənub
küncündə yerləşən taxçanın yan daşına söykənmiş vəziyyətdə təkqulplu,
geniş oturacağa malik bir gil qab aşkar edilmişdir. Üç yerdən sınaraq
ağzı üstə düşməsinə baxmayaraq qabın içərisindəki dən tökülməmişdir.
Ehtimal ki, qab yıxılan zaman ağzı dəri və ya parça ilə bağlı olmuşdur.
Taxçaya yaxın otağın
döşəməsindən bir ədəd üçayaq fraqmentləri aşkar edilmişdi. Üçayaq
fraqmentlərindən qərbə tərəf otağın cənub-qərb küncünə yaxın çəhrayı
rəngli iri həcmli küpün ağız və çiyin hissəsindən fraqmentlər
tapılmışdı.
1№-li otağın şərq yarısının təqribən ortasında 70 sm diametri olan bir
təsərrüfat quyusu vardır. Quyunun divarlarında ağzının eni 12 sm olan
küt bir alətin izləri qalmışdır. Tunc dövründə bir qayda olaraq
torpaqda qazılmış quyunun divarları isladılaraq üstü hamar daş alətlə
döyəclənir və içərisində od qalanaraq bişirilərək möhkəmləndirilirdi.
Lakin nə səbəbdənsə bu təsərrüfat quyusu qazıldıqdan sonra divarları
döyülərək möhkəmləndirilməmiş və odda bişirilərək bərkidilməmişdir.
Quyunun ağzı örtülü olmadığından içərisi 30 sm-ə qədər torpaq və küllə
dolmuşdu. Torpaq və kül qatı götürüldükdən sonra altdan (5 kq-dək) dən
daşında üyüdülmüş darı qalıqları aşkar edildi. Maraqlıdır ki, quyunun
ağzı örtülü deyildi və ətrafda da quyunun ağzını örtmək üçün istifadə
edilən sal daş tapılmadı. Qazıntı zamanı otağın döşəməsində quyudan
qapıyadək bir neçə yer-də tala-tala dan qalıqları izlənirdi. Otağın
tavanı uçaraq bu dan komalarının üstünə töküldüyündən yanğın onlara
təsir etməmişdir. Bu mənzərədən belə nəticəyə gəlmək olur ki, yanğın və
uçqundan bir qədər əyvəl və elə həmin vaxt bu otaqdan bəzi şeyləri
çıxarmağa çalışmışlar. Quyudakı dənin bir hissəsi də məhz həmin vaxt
tələm-tələsik quyudan çıxarılmışdır.
Təsərrüfat quyusu ilə 1№-li otağı iki hissəyə ayıran divar arasında,
döşəmə-də iri həcmli qazan fraqmentləri aşkar edildi. Düz oturacaqlı,
şar gövdəli və ağzı azca kənara əyilmiş bu qazanın oturacaq hissəsi
əhənglə təmir olunmuşdur.
Belə ki, bəzi fraqmentlərin üzərində 2-3 sm qalınlığında əhəng qatı
saxlanmışdır.                                       Otağın divarlarımda
yanğın izləri çox azdır. Yanan, əsasən otağın tavam olmuşdur. Otağın
üstünü örtən tirlərin tam yanmamış qalıqları torpaqla, çırpı və küllə
birlikdə döşəmədə 20-30 sm qalınlığında qat təşkil edirdi. 1№-li otağın
qərb yarısına tərəf olan qapının ağzında boz rəngli küpün fraqmentləri
aşkar edilmişdi. Bu fraqmentlərlə otağın döşəməsi arasında 30 sm-lik
torpaq qarışıq kül qatı vardı. Kül qatının içərisindən saxsı qab
sınıqları və düz oturacaqlı, düz divarlı manqal qırıqları tapılmışdır.
Manqalın bir tərəfi rütubətdən çürüyüb ovulmuşdur.

1№-li otağın qərb yansının daxili quruluşu şərq yarısınından
fərqlənir. Qərb yansının ortasında dirək yeri vardır. Dirək aşağıdakı
üsulla basdırılmışdır: otağın döşəməsində çuxur qazılaraq dirək oraya
qoyulmuş və yanları daşla, palçıqla bərkidilmişdir. Dirək yerindən
28-30 sm cənub-qərbə tərəf kiçik həcmli çölməyin bir hissəsi tapıldı.
Çölməkdən bir qədər cənub-şərq tərəfdə üzəri qır-mızı boya ilə
naxışlanmış, düz oturacaqlı, qoşa qulplu bir qabın qırıqları aşkar
edildi. Qırıqların çox hissəsi 65×75 sm ölçülərində bir sal daşın
üstündə idi. Sal daşa yaxın daha bir təsərrüfat quyusu vardı. Çox güman
ki, sal daşdan təsərrüfat quyusunun ağzını örtmək üçün istifadə
olunmuşdur. Təsərrüfat quyusunun diametri 50-70 sm, dərinliyi 80 sm
idi. Quyu təmizlənərkən içərisindən iri həcmli küp qırıqları, yanmış
səbət hissələri, bir ədəd diametri 18 sm olan yumru formada yonulmuş
dağ daşı və iri buynuzlu heyvanın bud sümüklərinin hissələri aşkar
edildi. Təsərrüfat quyusunun yanındakı küpün fraqmentləri otağın
müxtəlif yerlərində tapılır. Quyunun içərisində kül, torpaq və saxsı
qab qırıqları bir-birinə qarışmışdır. Müəyyən edildi ki, quyunun ağzını
örtən sal daş evin üstünün uçmasından bir az qabaq kənara çəkilmişdir,
belə ki, əgər sal daş son-radan quyunun ağzından götürülsəydi bir başa
döşəmənin üstündə üfüqi vəziyyətdə olmazdı. Bütün bu əlamətlər onu
göstərir ki, sakinlər evin tavanı uçmamışdan bir az əvvəl təsərrüfat
quyusundan dəni götürməyə cəhd etmiş, lakin uçqun, yanğın və ya bizə
məlum olmayan başqa bir səbəbdən buna imkan tapmamışlar.
1№-li otağın şımal-şərq küncündə, qapı yerinə yaxın geniş ağızlı, üzəri
qır-mızı boya ilə naxışlanmış qab qırıqları, yanmış noxud, arpa, buğda
və üzüm dənələri aşkar edildi. Qeyd etmək lazımdır ki, 1№-li otağının
hər iki yarısının şimal tərəflərində yanğın izləri daha çox izlənilir.
Yanğın nəticəsində əmələ gəlmiş kül qatı da otağın şimal tərəfində 30
sm-ə qədər, cənub yarısında isə 8-10 sm qalınlığındadır.
1№-li otaqdan qərbə tərəf, bu otağa bitişik daha bir tikili aşkar
edilmişdir. Bu tikilidə yanğın əlamətləri yoxdur. Bu tikilinin şimal
tərəfi 2. 0 m enində və 3. 4 m uzunluğunda işlənmişdir. Qərb tərəfdə
döşəmə səviyyəsindən başlayan bu hörgü şərqə tərəf maili şəkildə 1, 3
m-ə qədər yüksələrək 1№-li otağın yuxanda təsvir etdiyimiz pilləkəni
ilə birləşir. Hörgünün qərb tərəfində, şimal-cənub istiqamətində dağ
daşları ilə 30 sm enində “kanalcıq” işlənmişdir. Hər iki tərəfdən bağlı
olan bu “kanalcığın” hansı məqsədlə işləndiyini müəyyən etmək çətindir.
Bu “kanalcıqla” 1№-li otağın qərb divarı arasındakı sahəyə daş
döşənmişdir. Qazıntı zamanı burada saxsı qazan fraqmentləri və daş
alətlər aşkar edilmişdi. Yanğın əlamətlərinin olmaması və tikilinin
daxili planı qədim bərpa-dan sonra buradan məişət və ya təsərrüfat
xarakterli tikili kimi, xüsusən həyət kimi istifadə olunduğunu ehtimal
etməyə əsas verir.
Plovdağ abidəsində yaşayış evi kompleksinin qazıntısı tunc dövrünə aid
evlərin planı və interyeri haqqında müəyyən fikirlər söyləməyə imkan
verir. Yaşayış evi kompleksinin qədim bərpadan sonrakı dövrü haqqında
daha ətraflı mühakimə yürütmək olar.
Arxeoloji tapıntılar və otağın daxili quruluşu göstərir ki, iki hissəyə
bölünmüş 1№-li otaqdan ərzaq saxlamaq üçün, ondan qərbə tərəf olan
tikilidən isə həyət kimi istifadə edilmişdir. ət cənubdan və qərbdən
daş divarla əhatə olunmuşdur. Burada daşla işlənmiş “kanalcığın” (bəlkə
do bu axur olmuşdur) olması və yerə daş döşənməsi burada ev
heyvanlarının saxlandığını ehtimal etməyə əsas verir. Həyətin şimal
tərəfində pilləkəni əvəz edən maili hÖrgü nə vaxtsa ikinci mərtəbənin
də olduğunu göstərir. İkinci mərtəbədəki otaqdan yataq otağı kimi
isifadə edilmişdir. 1№-li otağa-yəni ərzaq anbarına giriş ikinci
mərtəbədən, yataq otağının şimal-qərb küncündə, döşəmədə olmuşdur.
1№-li otaqdakı kül qatının üstündə aşkar edilmiş saxsı qab fraqmentləri
və başqa əşyalar da uçqun zamanı ikinci mərtəbədən buraya tökülmüşdür.
Yaşayış evi kompleksinin demək olar ki, hər yerində rast gəlinən qədim
bərpa izləri tikilinin bir neçə dəfə güclü dağıntıya məruz qaldığını
göstərir. Yanğınla müşayət olunan axırıncı dağıntıdan sonra sakinlər
bir daha binanı bərpa etməyə cəhd göstərməmişlər. Axırıncı dağıntının
səbəblərini müəyyən etmək çətin olsa da bəzi arqumentlər bunun zəlzələ
və ya başqa bir təbii fəlakət nəticəsində baş vermədiyini söyləməyə
əsas verir.
Birinci, əgər dağıntı zəlzələ nəticəsində baş versəydi sakinlər
tələm-tələsik təsərrüfat quyularından ərzağı götürməyə cəhd etməzdilər:
əvvəl canlarını qurtarar, zəlzələdən sonra isə gəlib lazım olan
avadanlığı və ərzağı qazıb çıxarar, evi isə təmir edərdilər.
İkinci, arxeoloji tədqiqatlar göstərdi ki, dağıntıdan sonra buraya bir daha heç kim yaxın düşməmiş, burada heç kim yaşamamışdır.
Üçüncü, yaşayış evinin divarlarında zəlzələdən çat əlamətləri yoxdur.
Beləliklə, yaşayış yerinin axırıncı dəfə zəlzələ nəticəsində dağılması
ehtimalı olduqca azdır. Əksinə, Plovdağ yaşayış yerinin axırıncı dəfə
düşmən hücumu nəticəsində dağıdılması və əhalisinin əsir aparılması
ehtimalı isə daha ağlabatandır.
Son tunc dövründə baş vermiş yanğınla müşayət olunan bu dağıntıdan sonra Plovdağda yaşayış olmamışdır.
Naxçıvan ərazisində aşkar edilmiş ilk və orta tunc dövrünə aid yaşayış
yerlərinin böyük əksəriyyəti çaylara yaxın dağ ətəklərində və ya çox da
hündür olmayan təpələrin üzərindədir. Son tunc və ilk dəmir dövründə bu
vəziyyət dəyişməyə başlayır: yaşayış məntəqələri təbii müdafiəyə malik
yerlərdə tikilir və ətrafı daş hasarla möhkəmləndirilirdi ki, bu hal
Cənubi Qafqazın sinxron abidələrində də müşahidə olunur (2, s. 32-33).
Yaşayış məntəqələrinin daxili quruluşuna gəldikdə, hələlik onların
əvvəlcədən düşünülmüş plan əsasında salındığını söyləmək çətindir.
Yaşayış evlərinin çox sıx yerləşdiyi (3, s. 42). və dar küçələri olan
(əgər küçə demək mümkünsə) bu yaşayış məntəqələri təbii fəlakət və
düşmən hücumları nəticəsində dəfələrlə dağıntıya məruz qalmış və hər
dəfə yenidən bərpa olunmuşdur. Naxçıvanın orta və son tunc dövrünə aid
yaşayış evləri, əsasən dördbucaqlı planda olmuşdur.
Plovdağ yaşayış yerinin arxeoloji tədqiqi Naxçıvanın tunc dövrü yaşayış
yerləri haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcəkdir.

ƏDƏBIYYAT:
1.  Azərbaycan SSR EA Tarix İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisiyasının 1987-
ci il hesabatı, . inv. N 503
2. Сеидов М. М. Особенности поселений эпохи поздней бронзы и раннего
железа на территории Нахичевани. Археологические и Этнографические изыскания в Азербайджане (1985)
3. Сеидов А. Г. Памятники Куро-Аракской культуры Нахичевани. Баку, «Би-
лик», 1993
4. Абибуллаев О. А. Энеолит и бронза на территории Нахичеванской АССР.
Баку, «Элм», 1982

THE SETTLEMENT PLOVDAG
Bahlul Ibrahimli

Summary
Plovdagh is situated 2, 5 km northward of the river Araz and on the
riverside of Gilanchay. The place discovered there refers to the Bronze
Age. It was destroyed for several times. The last disintegration which
was accompanied by fire happened at the end of the second millennium
before our epoch. After that the living place wasn’l restored again.

ПОСЕЛЕНИЕ ПЛОВДАГ
Бахлул Ибрагимли

Резюме
Пловдаг находится в устье реки Гиланчай, вблизи ее слияния с рекой
Араке, на территории Нахчыванской АР Азербайджана. Поселение Пловдаг
несколько раз подвергалось разрушению. После последнего разрушения,
сопровождав¬шегося пожаром, поселение было покинуто его обитателями.
Архитектурный стиль и обнаруженные материалы позволяют высказать
мне¬ние, что постройки верхнего слоя относятся к позднему бронзовому
периоду.

Leave a comment

Your comment