PAINTED CERAMICS OF SHAMKIR REGION OF MEDIEVAL AGES
ORTA ƏSR SƏMKİR ŞƏHƏRİNİN BOYALI SAXSI QABLARI HAQQINDA
(2006-cı ilin qazıntıları əsasında)
Namiq Hüseynli (Azərbaycan MEA Arxeoloqiya və Etnoqrafiya İnstitutu)
Orta əsr Şəmkir şəhərinin xarabalıqları indiki Şəmkir rayonunun Muxtariyyə kəndinin kənarında, Şəmkirçayın sol sahilində yerləşir. Şəhər xarabılıqlarının tədqiq olunması məqsədilə 2006-cı ildə abidənin şəhristan hissəsində, 16 kv.m sahədə arxeoloji qazıntılar apanlmış və qalınlığı 2 metrdən artıq olan zəngin mədəni təbəqə aşkar edilmiş və öyrənilmişdir. Müəyyən olunmuşdur ki, tədqiq olunan sahədə yaşayış təqribən VIII əsrin sonlarından monqol işğalına qədər fasiləsiz davam etmişdir. Arxeoloji qazıntılar zamanı xeyli miqdarda metal, şüşə, saxsı, sümük və daşdan hazırlanmış əşyalar tapılmışdır. Digər orta əsr şəhərlərin arxeoloji qazıntılarında olduğu kimi Şəmkirdə də tapılan maddi mədəniyyət nümunələrinin böyük əksəriyyətini saxsı məmulatı təşkil edir. Saxsı məmulatı arasında qırmızı boyalı qab nümunələri də az deyildir.
Qazıntı zamanı əldə edilmiş boyalı qablar, əsasən küp, küpə, qapaq, bardaq, kasa və xeyrə tipli qabların qırıqlarından ibarətdir.
Orta əsrlədə əhalinin məişət həyatında geniş istifadə olunan təsərrüfat tipli qabların biri də küplərdir. Ərzaq məhsullarının saxlanılması üçün istifadə olunan bu küplər müxtəlif ölçülərdə, qulplu və qulpsuz hazırlanmışdır.
Tapılmış boyalı küp nümunələrinin birində ağzının kənarı yana qat-lanmış, ağzmda içəri tərəfdən qapaq üçün gəz düzəldilmişdir. Belə küplər Aran şəhərləri üçün xüsusilə səciyyəvidir. Geniş silindirik boğazlı təsərrüfat küpünün ağzının kənarı, bayır tərəfdən cızma xətt və relyefik qurşaqla bəzədilmişdir. Bu küp dulus çarxında hazırlanmış və qeyri sabit hərarətdə bişirilmişdir. Gilinin tərkibində qum qarışığı vardır. Saxsmm rəngi çəhrayı olub, üzəri qırmızı boya ilə boyanmışdır (şək.l). Bu tip boyalı təsərrüfat küpləri Gəncə, Beyləqan və digər orta əsr şəhər yerlərinin arxeoloji qazıntılarından yaxşı məlumdur. Qədim Gəncə şəhəri yerindən aşkar olunmuş küplərlə Şəmkir şəhərindən tapılmış küplər formaca oxşar olub üzəri yaxşı şüyrələn-miş və qırmızı boya ilə rənglənmişdir. Oxşar küp fraqmentləri orta əsr Beyləqan şəhərindən də aşkar olunmuşdur. Beyləqan qazıntılarından məlum olan 3-4 qulplu boyalı küplər yaxşı şüyrələnmiş, yastı oturacağa malik olub, hündürlüyü isə təxminən 1 metrə bərabərdir (2,s.72). Məlum olduğu kimi, orta əsr Beyləqan şəhərinin küpləri üçün səciyyəvi cəhət onların üzərinin qırmızı rənglə boyanaraq, yaxşı şüyrələnməklə yanaşı, həmçinin ,dayaz relyefli ,müxtəlif rəsmli silindr formalı möhürlər vasitəsi ilə naxışlanmasıdır (3,s.76).
Şəmkirdən aşkarlanmış fraqmentlər üzərinə qırmızı boya çəkilmiş, boğaz yuxarıya doğru genişlənən bardağa aiddir. Bardaq narın, təmiz tünd çəhrayı rəngli gildən dulus çarxında hazırlanmış, sabit hərarətdə bişirilmişdir (şək.7).
Digər fraqment isə darboğazlı bardağın çiyin və boğaz hissəsi olub, qabın gövdəsinə yaxın xaricə tərəf genişlənir.Gilinin tərkibində az miqdarda qum qarışığı müəyyən edilmişdir. tapıntının üzəri yaxşı şüyrələnmiş və qırmızı boya ilə rənglənmişdir. Boğazının diametri 3,4 sm-dir (şək.9).
Başqa darboğazlı bardaq fraqmenti qabın çiynindən boğazına keçən yerinə aiddir. Boğazın aşağı tərəfini əhatələyən (relyefik) qabarıq qurşaq vardır. Çiynində şüyrələnmə izləri qalmış bu qab qırmızı boya ilə boyanmışdır. Gilinin tərkibində qum qarışığı vardır, qeyri sabit hərarətdə bişirilmiş, içəri tərəfi qonur rəngdədir. Boğazının diametri 3 sm-dir (şək.8). Qeyd edək ki, üzəri yaxşı sürtülərək hamarlanmış bu tip qablara Beyləqan ərazisində də rast gəlinmişdir (2,s.92).
Aşkar olunmuş küpə fraqmentlərinin də üzəri yaxşı şüyrələnmişdir. Küplərin üzərinə basma üsulla müxtəlif heyvan rəsmlərindən ibarət naxışlar vurulmuş, sonra isə boyanmışdır. Basma bəzəklərin qabın boyanmasından əvvəl vurulduğu ondan aydın olur ki, naxışlardan kənar hissələr heç də boyanmamışdır. Qeyd etmək olar ki, qırmızı boyalı ,üzərində müxtəlif heyvan rəsmlər olan küpə fraqmentlərinin hamısı tapılmadığından rəsmlərin tam təsvirini vermək və süjeti bütünlüklə bərpa etmək çətindir. Adətən, bu cür naxışlar həmin dövr xalq yaradıcılığı ilə bağlı olub, semantikası çox qədim zamanlara gedən bütöv bir səhnəni xatırladır.
Şəmkir şəhər yenidən aşkar olunmuş küpə fraqmenti qalın divarlı olub, üzəri bir zolaqda cızma üsulu ilə itə bənzər heyvan təsvirləri ilə bəzədilmişdir. Bu it rəsmlərində onların quyruqlarının bellərinə doğru əyilmiş vəziyyətdə göstərilməsi onların çoban iti olduqlarını ehtimal etməyə əsas verir. Şəklin biri tam, digəri isə natamam haldadır. Qabın üzəri yaxşı şüyrələnmiş və üzərinə qırmızı boya çəkilmişdir (şək.2).
Digər küpə tipli qab qırığına isə əvvəlkindən fərqli olaraq, üzərinə basma üsulla bir-birinin ardınca maral təsvirləri vurulmuşdur. Maralların başı aşağıya doğru əyilmiş vəziyyətdədir. Fraqment kiçik halda olduğu üçün təsvirlər natamam haldadır (şək.3). Yəqin ki, bu cür dekorativ naxışları olan küplər xalq içərisində çox yaxşı qiymətləndirilmişdir. Sənətkar nağıllarda söylənən bu və ya başqa bir səhnəni gil qablarda bədii təsvirlər, rənglər və ornamentlərlə verməyə çalışmışdır. Bu təsvirlərdə, adətən, heyvanların bir-birinin ardınca qaçışı və ya adi vəziyyətdə duruşu verilmişdir. A.Qaraəhmədova qeyd edir ki, qədim Gəncədən aşkar edilmiş keramika üzərindəki bu təsvirlərin süjetini qədim dini ayinlərlə bağlamaq və onları qədim tayfaların, həmçinin Qafqaz xalqlarının həyatmı əks etdirən təsəvvürləri ilə izah etmək daha məqsədəuyğundur (4,s.99). Təsvir motivləri arasında ixtio-fauna nümunələri də vardır. Kiçik bir fraqmentin üzərində balıq təsvirinə rast gəlirik. Təsvir basma üsul ilə salınmışdır (şəkil). Buna bənzər təsvirlər orta əsr Beyləqan və Gəncə şəhərlərinin boyalı qablarından məlumdur. Orta əsr Beyləqan şəhər yerindən tapılan küpün üzərində də balıq rəsminə təsadüf olunmuşdur. Balıq rəsmi bəzən növbə ilə heyvan rəsmlərini əvəz edir (2,s.77). Maraqlıdır ki, Gəncədən aşkar olunmuş saxsı qab üzərində qızıl balıq, keçi və əlində quş tutmuş insan təsvirini müşahidə etmək olur (5,s.55).
Üzərində balıq rəsmi olan saxsı qab fraqmenti orta əsr Gəncə və Beyləqandan tapılmış qablara oxşardır.
Başqa bir fraqment küpəyə aiddir. Qırmızı boya ilə rənglənmiş fraqmentin üzərində qabarıq ornamental kəmər vardır. Onun üstü həndəsi tor şəklində naxışlar içərisində qabarıq nöqtələrlə bəzədilmişdir. Ornamental kəmərin eni 1,3 sm-dir (şək.4).
Qazıntılar zamanı kassa tipli qab fraqmentinə də rast gəlinmişdir şək.10). Kasaya içəridən və bayır tərəfdən ağzının kənarına və gövdənin üst hissəsinə qırmızı boya çəkilmişdir.
Tapıntılar arasında üzəri qırmızı boyalı bardaq və ya səhəng tipli qabın fraqmenti də vardır. O, gilinə az miqdarda qum qatılmış yastı oturacaqlı, oturacağa doğru daralan gövdəyə malik dulus çarxında hazırlanmış və sabit hərarətdə bişirilmiş qaba məxsusdur (şək.5).
Orta əsr Şəmkir şəhər yerindən əldə edilmiş tapıntılar içərisində qapaqlar bir nümunə ilə təmsil olunmuşdur. O, diskşəkilli, orta ölçülü qapağın fraqmentidir. Qapaq bikonik formaya malik olub, üstündə mərkəzi hissədə batıq vardır. Onun alt və üst səthinə qırmızı boya ilə zolaq çəkilmişdir (şək.6).
Beləliklə, Azərbaycanda eneolit dövründən məlum olan, tunc dövründə geniş yayılan boyalı qablar istehsalı ənənəsinin (3,s.l7) orta əsrlərdə də davam etdiyinin şahidi oluruq. Boyalı qablar istehsalı Aran keramikası o cümlədən, Şəmkir şəhəri üçün xüsusilə səciyyəvi olmuşdur.
ƏDƏBİYYAT
1. Əhmədov Q.M.Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı,I959
2. Əhmədov Q.M.Örənqala.Bakı,1962
3. Əliyev V. Azərbaycanın tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı, 1977
4. Карахмедова А. Отражение древнего религиозного воззрения в средневе¬ковой художественной керамике. Mingəçevir arxeoloji ekspedisiyasının 60-illiyinə həsr olunmuş elmi konfransın materialları. Mingəçevir, 2006.
5. Джафарзаде И.М. Историко-Археологический очерк Старой Гянджи. Баку, 1949.
6. Левиатов В.И. Украшения на карсах из Старой Гянджи.// Изв.АН.ССР 1945 № 8
КРАШЕНАЯ КЕРАМИКА СРЕДНЕВЕКОВОГО ГОРОДА ШАМКИР
Намиг Гусепнли
Резюме
В 2006 году в результате археологических раскопок городища Шамкир, было выявлено значительное количество образцов крашеной керамики. В данной статье эти материалы автором были проанализированы, а также прове¬дены параллели с материалами из других средневековых городов Азербайд¬жана.
В итоге было установлено, что производство крашеной керамики, корнями уходящая в эпоху энеолита и получившая широкое развитие в эпоху бронзы, продолжалось и в эпоху средневековья. Производство крашеной керамики являлось неотъемлемой частью Арранской керамики.
PAINTED CERAMICS OF SHAMKIR REGION OF MEDIEVAL AGES
Namiq Huseynli
Summary
An archeological expedition, the aim of which was studying the remains of the medieval town of Shamkir located not far from Mukhtariya village in Shamkir region was organized in 2006. The result of the expedition was the discovery and further survey of 2 meter depth cultural layer. It was found out that the life in the given area had been uninterruptedly continuing from the end of the 8th century till the invasion of Mongols. The archeological materials of Shamkir and other medieval towns were mainly represented by both painted and unpainted ceramics.
The author of the article analyzed the sample of the painted ceramics found in Shamkir and drew parallels with the material of the other medieval towns of Azerbaijan. As a result it was shown that the production of painted ceramics dating back to the epoch of neolith and having its booming development in the epoch of bronze continued during the medieval ages as well. The production of painted ceramics was an integral part of Aran school of ceramics.