GAMES AND ENTERTAINMENTS IN AZERBAIJAN IN MIDDLE AGES (On materials of XII – XIV centuries)

ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA OYUN VƏ ƏYLƏNCƏLƏR (XII – XIV əsrlər materialları əsasında)
Əsgər Əhməd (Bakı Slavyan Umversiteti)
Azərbaycan xalqı hələ qədimlərdə yüksək mənəvi mədəniyyət nümunələri yaratmış və əsrlər boyu yaşatmışdır. Bütün dövrlərdə «xalq oyunları etnik-mədəni sistem daşıyıcılarının gündəlik yaşayış tərzləri ilə hər zaman sıx bağlılıqda olmuş və onun aparıcı istiqamətlərini özündə əks etdirmişdir» (19, s. 66).
Azərbaycan xalqının mənəvi mədəniyyətində müəyyən yer tutan oyun və əyləncələr orta əsrlərdə xalqın həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, onlar orta əsrlərdə xalqın məişətinin bir parçasına çevrilmiş, toy və bayramların əvəzolunmaz tərkib hissəsi olmuşdur. Bu isə insanlar arasında münasibətlərdə mühüm rol oynamışdır. Bəzi oyunlar dəyişilmiş şəkildə də olsa, əsrlərin sərhəddini aşıb gələrək bu günümüzdə də davam etdirilir. Bəzi oyun və əyləncələr isə yalnız orta əsrlərin zaman kəsiyində əriyib yox olmuşdur.
Hər bir cəmiyyətin özünəməxsus oyun və əyləncələri olmuşdur. Qeyd etməliyik ki, oyım və əyləncələr Şərq ölkələrinin əksəriyyətində geniş yayılmışdı. Oyun və əyləncələr hər bir xalqın məişət tərzi ilə bilavasitə əlaqədardır. Məzmunu rahatlığın təminindən ibarət olan oyun və əyləncələr mövcud şərait ilə şərtlənir. Onlar insanlar arasında münasibətləri müəyyən qədər nizama salır, xüsusən də dərdi qəmi unutmaq üçün mühüm vasitədir. Oyun və əyləncələr insanların əhval – ruhiyyəsini yaxşılığa doğru dəyişməyə xidmət edir. Hətta orta əsrlərdə xarici ölkələrdən gələn qonaqlar belə bu cür oyun və əyləncələrə dəvət olunur və bilavasitə iştirakçısına çevrilirdilər.
Orta əsrlərin XII – XIV əsrlərində oyun və əyləncələr haqqında məlumatlarımızın mənbəyini əsasən orta əsr müəlliflərinin əsərləri, arxeoloji qazıntılar və müqayisəli təhlil aparmaq üçün sonrakı dövrlərin miniatür sənəti nümunələri təşkil edir.
Orta əsrlərdə ən çox oynanılan oyun növü çovqan olmuşdur. Təsadüfi deyildir ki, onun adına əksər mənbələrdə rast gəlmək mümkündür. Azərbaycan xalqının mədəniyyət xəzinəsində mühüm yer tutan görkəmli şairlərimizin ədəbi irsində çovqanla bağlı təşbehlərdən məharətlə istifadə edilmişdir. Xaqani yaradıcılığında çovqan, top və meydan sözləri bizə çovqan oyunun-dan xəbər verir (1, s.328). Nəsimi də həmçinin meydan, top, çovqan sözlərini işlətmişdir (2, s.19).
Miniatür sənəti nümunələrində də çovqan oyunu təsvir olunur.
Fiziki qüvvə tələb edən çovqan oyununda yüksək bacarığa, manevr etmə qabiliyyətinə malik olmaq oyunda iştirak edənlər üçün ən əsas keyfiyyətlərdən biridir. Çovqan oyununda topun qapıya ötürülməsi ilə yanaşı, eyni zamanda atı məharətlə idarə etmək bacarığı da tələb olunur. Buna görə də uşaqlar erkən yaşlardan etibarən əvvəlcə atsız çovqan oynamaq təlimi alırdılar. Böyüdükdən sonra isə atla bərabər bu oyunda iştirak edə bilirdilər. T. Məmmədova da uşaqların oynadığı çovqan oyunundan bəhs etmişdir (9, s. 164-165).
Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Göründüyü kimi bir sıra oyunlar sadəcə vaxt öldürmək üçün icra olunmurdu. Onlar əzəldən müəyyən olunmuş vahid daxili qaydalara malik idilər. Bu keyfiyyət oyunların fərqləndirici və dəyişməz mahiyyətinin olduğunu göstərir, səciyyəvi cəhətlərini əks etdirir. Orta əsr müəllifi Tac əd-Din əs – Salmani çovqan oyununun adını çəkmişdir (8, s. 78). Gürcü alimi A. İ. Robakidze çovkan oyununu sasanilərin türklərdən götürdüyünü qeyd etmişdir (14, s. 231).
Cövlan oyununda at vasitəsilə müəyyən məsafəni qət etməklə iti sürətlə at belində cövlan etmək tələb olunur. Xaqani cövlandan bəhs etmişdir (1, s. 230). Nizami yaradıcılığında da ondan söhbət açılır (5, s. 134). Y. Məddah cövlanın adını çəkmişdir (4, s 165). Oyunçular üçün cövlan hünər meydanına çevrilir.
Orta əsrlərdə ovçuluq özü bir oyun və eyni zamanda əyləncə hesab edilirdi. Sürək ovu böyük məharət tələb edirdi. M. Dadaşzadə yazır : «Orta əsrlərdə ovçuluq və eləcə də əl quşu ilə ov etmək bir idman növü kimi geniş yayılmış və inkişaf etmişdi» (10, s. 194). O, mənbələrə əsasən göstərir ki, orta əsrlərdə ovçuluqda məqsəd həmçinin yaxşı ox atmağa vərdiş etmək, çətinliyə qarşı dözümlü olmaq idi. Müəllif onu da qeyd edir ki, Azərbaycanda hökmdarların saraylarında və dövlət təşkilatlarında ovçuluq işlərinə baxan vəzifə də olmuşdur. Müəllif xatırladır ki, orta əsrlərdə əl quşu (tərlan, tiqun, qızılquş, başə, qırğı, piru, balaban, buf, şahin, qaraquş, şonqar, çərxi, humay və s.) ilə ov etmək xalq arasında geniş yayılmışdı. Ovçuluq orta əsrlərdə əyləncə xarakteri daşımışdır.
Şərafəddin Yezdi Teymurun Muğanda ovla məşğul olduğundan bəhs etmişdir (6, s. 18). Xandəmir də Teymurun ovda iştirakından belə yazır: «Cəmşid qüvvəli padişah (Teymur nəzərdə tutulur – Ş. B. ) ov əyləncəsi düzəltmək barəsində əmr verdi. Ceyran, dağkeçisi kimi o qədər heyvan cərgədə cəm oldu ki, o qədər çox olan qoşun ox atmaq və qılınc vurmaqdan fariq olduqdan sonra, ov heyvanlarının bellərini yoxladılar, hansı kökdü onu öldürür, hansı arıqdı onu boşlayırdılar» (16, s. 47).
Masaüstü oyunlardan biri şahmat idi. Vətəni Hindistan hesab edilən şah-mat orta əsrlərdə Azərbaycanda da icra olunurdu. Xaqani şahmatdan bəhs etmişdir. (1, s. 240) Hətta şahmatdakı gediş barədə o belə qeyd edir:
Piyada keçdimi yeddi xanəni
Udmaq çətin olar, çox güman səni (1, s. 55).
Burada şair yeddi xana keçəndə piyadanın vəzir olduğundan danışır. XIV əsr şair Əssar Təbrizi şahmatdan bəhs etmişdir (4, s. 99). Qazi Bürhanəddin də şahmata işarə edərək yazır :
Fili piyadə qddı, atın aldı ruxları,
Fərzinlənüz ol işi ki, bu şəhsuvar edər (4, s. 73).
Marağalı Əhvədi nərdlə şahmatın adını çəkmişdir (4, s. 233). Nəsimi şahmatdakı gedişə işarə edərək belə söyləmişdir:
Oynamaz şətrənci — eşqin atını
Bilməyən bu zövqi-eşq şahmatını (2, s. 611).
Orta əsr müəllifi Şərafəddin Yezdi də nərdin admı çəkmişdir (13, s. 9). Masaüstü oyun növü kimi nərd daha geniş yayılmışdır. Xaqani «Könlüm nərd oyununda düşmüşdür şeşxanaya»-deyir (1, s. 131). Göründüyü kimi şah-mat və nərd kimi zehni inkişafa səbəb olan oyunlar orta əsrlərdə geniş yayılmışdı.
Hoqqabazlıq qədim dövrlərdən məlum olan oyundur. Xaqani hoqqabaz-lıqdan söz açmışdır (1, s. 66). M. Beyləqani isə belə yazır:
Fələk həm oğru və həm hoqqabaz, oyunbazdır,
Çıxar o yüz oyun ilə bir anda mərəkədən (3, s. 314).
Nəsimi «Kəbəteyni gör ki, atar hoqqabazın tasinə»- deyərkən hoqqa-bazların oyun nümayiş etdirərkən tasdan istifadə etdiklərinə işarə etmişdir (2, s. 53).
Oyunlar və əyləncələr özlərində yumor, zarafat, gülüş və xoş əhval ruhiyyəni ehtiva edir. Tamaşa göstərən oyunçular isə təqlidlər edirdilər.
Aydındır ki, Teylorun da göstərdiyi kimi, oyunların çoxu ciddi həyati işin təqlidini özündə əks etdirir. (22, s. 44) Lakin bununla kifayətlənməyərək tamaşalar mahiyyətində incə məqamları da açıqlayır. Zamanın gərdişinə, dünyanın və təbiətin müxtəlif hadisələrinə, ailə və məişət münasibətlərinə toxunmaqla incə mizah hissinin olması əyləncələri daha da fərqləndirir. Təsadüfi deyildir ki, «Sirlər xəzinəsi»ndə «Nizami «Pərdə arxasında şəbədə oynadan bu pərdəni sənin başına əyləncə üçün bağlamayıb» – deməklə göstərmək istəmişdir ki, hər bir tamaşanın məqsədi kütlələri təkcə əyləndirmək deyil, eyni zamanda onları tərbiyələndirməkdir, pisə gülərək yaxşını qiymətləndirməyə sövq etməkdir, həyatda baş verən bu və ya digər hadisədən onları agah etməkdir. Bu xüsusiyyət oyunların böyük əxlaqi-tərbiyəvi əhəmiyyətini söyləmək üçün əsas verir.» (5, s. 131) Bu baxımdan bir ünsiyyət vasitəsi kimi oyun və əyləncələr xalqın mənafeyinin ifadəsinə çevrilir.
M. Allahverdiyev göstərir ki, Nizaminin əsərlərində adı çəkilən « «Ho-qeyi-kavus», «Mehrikan», «Arayişi-Xurşidi», «Şəbdiz», «Kini-Səyavuş», «Kini-İyrəc», «Baği-Şirin» və i.a. adicə nəğmə deyil, lirik, ibrətamiz xarakterli tamaşalardır. Onların hamısı da musiqi və rəqslə müşayiət olunurmuş» (7, s. 45). Nizaminin yaradıcılığında şəbədə, mücəssəmə, məsxərə, gözbağlıca, kilimarası kimi əyləncə xarakterli tamaşaların nümayişindən bəhs edilir (5, s. 129-130). Bundan əlavə «Xəmsə»də kəndirbazlıq, güləş, gəlincik, üzük-üzük, xəyal oyunu kimi oyunlardan da söhbət açılır. (5, s. 135-136) Bunların əksəriyyəti meydan oyunları kimi məlumdur. Tarixdən də bəllidir ki, «qədim türk tayfalarının şifahi repertuarında meydan tamaşaları xüsusi yer tuturdu» (18, s. 82).
Orta əsrlərin məhz XIV əsrində yaranan Qaz yallı adlı oyun haqqımda məlumatda deyilir : «XIV yüz ildə yaşayan tarixi şəxs Qazı xanın adı ilə bağlı olan bu oyunda 20-30 ifaçı düzənliyə çıxır, əl-ələ verib dairə şəklində dururdu. Bir əlinə qamçı və ya çubuq almış yallı başı oyun zamanı cibindən növbə ilə dəsmal, zər, daraq, corab, bıçaq, kəmər və s. əşyalar çıxarır. O biri iştirakçılar isə, bu vaxt onu yamsılamalı idilər. Kim bunu etməsəydi, cəzalanırdı. Uşaqların ifa etdiyi həmin məzmunlu oyuna «yallı oyunu» deyilirdi» (17, s.46).
Oyuncaqlar uşaqların inkişafında mühüm rola malikdir. Burada qeyd etmək yerinə düşür ki, islam dininin yayılması ilə dünənki etiqad mənbəyi olan bütlər də bir oyuncağa çevrilir (15, s 128). Qadınların məharətli əllər ilə hazırlanan fiqurlar, gəlinciklər orta əsrlərdə istifadə olunan oyuncaqlar olmuşdur. Bu oyuncaqlar vasitəsilə uşaqlar məişəti daha yaxşı qavraya bilmişlər. Körpə uşaqların təbiətində oyuncağa qarşı bir maraq vardır. Yeni bir əşya görüncə uşaqlar onu öyrənməyə, diqqətlə süzərək rəng və həcmini yadda saxlamağa çalışırlar. Bəzən isə onların ən çox sevdiyi bir oyuncağı olur ki, ondan ayrı dayana bilməzlər. Ümumiyyətlə, oyuncaqların hazırlanmasında əsasən gil, sümük, ağac, dəri, müxtəlif parçalar, metal və kağız kimi materiallardan istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı aşkar olunan
uşaq oyuncaqları da deyilənlərə maddi sübutlardır. Mingəçevirdən tapılan «oyuncaqlar başlıca olaraq şaxşaxalardan, kiçicik qab-qacaqlardan və heyvan fiqurlarından ibarətdir» (11, s. 49). Hətta «orta əsr misgərləri uşaq oyuncaq-ları da istehsal edirdilər. XIV əsrə aid mis şax-şax bunu təsdiqləyən tapıntıdır. O bikonik formalı olub iki konusvari hissənin qarşı-qarşıya qoyularaq lehimlənməsi ilə hazırlanmışdır» (12, s. 137).
Müasir tamaşa sənəti ilə qədim xalq oyunları arasında üzvi əlaqə olduğunu xüsusilə bayramlar zamanı göstərilən oyunlar bir daha nümayiş etdirir. Azərbaycanda mÖvcud olan meydan aktyorları «feodal mühitində istismar olunan xalqın istək və arzularını, kədər və qəzəbini ifadə etmiş, orta əsr özbaşınalığına, dini ideologiyanın gətirdiyi mənəvi əsarətə, mütiliyə, tənbəlliyə qarşı ictimai nifrət hissi oyatmışdır» (7, s. 4-5).
Deyilənlərə yekun olaraq qeyd edə bilərik ki, oyun və əyləncələr yarandığı tarixi cəmiyyətin aynasıdır, öz ictimai – iqtisadi quruluşuna uyğundur. Onlar insanlar arasında gərəkli ünsiyyət vasitəsidir. Bir sıra oyun və əyləncələr xalqın mənafeyinin ifadəsinə çevrilir. Mövcud vəziyyəti düzgün qiymətləndirmək, bacarıq, əqli tərbiyə kimi keyfiyyətləri aşılayan oyun və əyləncələr insanların dünyagörüşünün inkişafında da faydalıdır. Bu anlamda da onların mütərəqqi rolu ortaya çıxır. Kollektiv və fərdi məharət oyunların əsas göstəricisi olmuşdur.

Leave a comment

Your comment